Mastopatiya süd vəzinin fibroz-kistoz xəstəliyi olub dishormonal proseslə əlaqədar yaranır. Süd vəzi ilə yumurtalıqların funksional pozulmaları və qalxanabənzər vəzi arasında sıx əlaqə vardır. Hər hansı birində dəyişiklik yaranarsa digər orqanların da yoxlanması zəruridir.
Süd vəzi kistaları və süd vəzi fibroadenomalarına hal hazırda çox rast gəlinir. Süd vəzi kistaları içi maye ilə dolu, hamar sərhədli, hərəkətli xoşxassəli dəyişikliklərdir. Kistalar adətən süd vəzi axacaqlarında inkişaf edir.
Kista ve fibroadenomaların əmələ gəlmə səbəbləri olduqca müxtəlifdir:
— ginekoloji problemlər
— endokrinoloji problemlər
— irsi faktor
— sonsuzluq
— stress
— abort
— süd vəzidə daha öncə cərrahi əməliyyatın icra olması
— piylənmə və s.
Süd vəzidəki hər hansı düyünü xanımlar öz əlləri ilə də aşkar edə bilərlər. Bunun üçün hər ay aybaşı bitəndən sonraki həftə, duş qəbul edərken əlləri sabunlu halda hər iki süd vəzini palpasiya (əllə müayinə) etməlidirlər.
Ələ gələn hamar səthli, hərəkətli düyünlər xoşxassəli deyişiklikləri göstərir. Əgər əlinizə bərkimiş, hərəkətsiz, sanki dəri ilə bitişik törəmə gələrsə bu daha ciddi prosesin olduğunu göstərir. Hər iki halda Mammoloqa müraciət etməyiniz məsləhətdir.
Süd vəzi kistalarının xərçəngə keçmə halları çox az təsadüf olur. Lakin vaxtında qarşısı alınmazsa iltihablaşması cərrahi əməliyyata gətirib cıxarır, ölcüsünün büyüməsi isə punksiyaya (şprislə kistadan mayenin çəkilməsi) səbəb olur.
Süd vəzi fibroadenomaları isə xərçəngə çevrilə bilən, kistalara nisbətən daha çox əməliyyata gərək duyan düyünlərdir. Süd vəzi fibroadenomalarının ölçüsü 2 sm-dən böyük olarsa, daxilində kalsinatlar, damarlar görünərsə, sərhədləri kələ-kötür olarsa bu zaman daha ciddi nəzarət gərəkir və çox halda cərrahi əməliyyatla nəticələnir.
El arasında belə səhv məlumat var ki, mastopatiya müalicə olunmur. Buna aydınlıq gətirmək istərdim. Süd vəzidəki hər bir dəyişiklik başqa bir orqandan qaynaqlanan nəticədir (bura zob, ginekoloji problemlər, nevroloji pozğunluqlar, qaraciyər problemləri, şəkər, piylənmə və daha çox xəstəliklər aiddir). Əgər həkim bu səbəbləri aşkar etmədən müalicə edərsə müalicə effektsiz alınar, yaxud düyünlər təkrar bir də əmələ gələ bilər.
Vaxtında aşkar olunduqda süd vəzi kistaları və fibroadenomaları konservativ (dərmanla) müalicə oluna bilir. Ona görə hər bir xanım hər ay mütəmadi olaraq özü özünü yoxlamalı, 6 aydan bir USM müayinəsindən keçməlidir. Sağlam olun!
Kəmalə Rəhimova
mammoloq-onkoloq