Bir çox insan gənclik, yetkinlik yaşına çatanda məcburiyyət qarşısında tərk edə bilmədiyi çevrədən çıxıb başqa insanlarla tanış olur, özünə uyğun şəxsləri seçir və öz çevrəsini yaradır. Bəzən yaratdığımız çevrələrə elə öyrəşirik ki, sanki hər zaman bu çevrələrdə olmuşuq. Bu çevrələrin rahatlığına, tolerantlığına elə adaptasiya oluruq ki, reallıqla rabitəmiz zamanla itir. Elə zənn edirik ki, çevrəmizdən kənarda da hər şey elə çevrəmizdəki kimidir.
Məsələn masturbasiya hər kəs üçün adi bir şeydir, yengə adətinə hər kəs iyrənc bir şey kimi baxır və bu adət qalsa-qalsa ancaq ucqar dağ kəndlərində qalar, təhsilli, yetkinlik yaşında dünya görmüş dediyimiz adamlar bu adəti təhqir kimi qavrayarlar. Düşünürük ki, insanlar rahat evlənə, boşana bilirlər, ailələrin müdaxiləsi bir o qədər deyil və s. Lakin reallıqda bu, hələ ki arzudur.
Bizim üçün artıq dövrünü başa vurmuş bir sıra adət-ənənlər hələ də cəmiyyətimizdə dəyər halındadır. Oxucuda sual yarana bilər ki, əgər sən özün də o tolerant çevrədəsənsə, necə bilirsən ki, ölkədə bu şeylər hələ də dəyər halındadır. Biz bəzən ailələrimizin, qohumlarımızın yaratdığı mühitdən uzaqlaşa bilirik, lakin əgər işimiz insanların həyat hekayələrini dinləyib analiz edərək onun beynindəki düyünləri açmaqdan ibarətdirsə, nəyi eşidib-eşitməyəcəyimizi özümüz seçə bilmirik. Pasiyentlərin danışdığı həyat hekayələri ilə tanış olduqca cəmiyyətimizdəki insanların yaşayışının çevrəmizin yaşayışı qədər rahat, güllük-gülistanlıq olmadığı həqiqəti adamı oyadır. Bu yazıda cəmiyyət olaraq dəyər dediyimiz şeylərin insanımızın taleyinə, psixikasına təsiri haqqında yazmaq istəyirəm. Bəzi məqamlarda etik kodeksin tələb etdiyi kimi anonimliyi qoruyaraq pasiyentlərimin problemlərində dəyərlərin rolundan danışacam.
Təəssüflər olsun ki, bu möhtaclıqdan uşağı böyüdən kəslər özlərinə sərf edən tərzdə istifadə edirlər. Özlərinin düşüncələri, davranışlarını birbaşa və ya dolayı yolla uşağa mənimsətməyə çalışırlar. Uşaqların cəmiyyətin sosial qayda-qanunlarını, normalarını dərk etməyə başlamasıyla vicdan hissi yaranır. Onları böyüdən kəslərin vicdani hisslərinə necə təsir etməsi o uşağın gələcəkdə məsələlərə yanaşmasını, reaksiyalarını formalaşdırır. Cəmiyyətin dəyərləri ona elə yeridilə bilər ki, böyüyüb, fiziki və maddi asılı olmayan şəxs olanda da, o dəyərlərdən əziyyət çəksə belə, vicdan hissindən dolayı onu böyüdən adamların dediklərinə zidd davrana bilməz. Bu, şəxsiyyət üçün olduqca ağırdır. Çünki daxili qarşıdurma yaşayır. Əgər şəxs bu qarşıdurmaya uyğun müdafiə mexanizmini yarada bilirsə, bu əzabdan bir az da olsa, qurtula bilər. Vay o gündən ki, şəxs müdafiə mexanizmi yarada bilmir, bax onda xəstəliklər yaranmağa başlayır.
Sadə nümunə ilə izah edim. Məsələn cəmiyyətimizdəki “namus/qeyrət/kişilik” məhfumları ilə böyüdülən bir oğlan ona qarşı hissləri olan evli, uşaqlı qadına aşiq olur, çox sevir. Lakin nə başqa birinə xəyanət faktoruna görə münasibəti davam etdirə bilir, nə də cəmiyyət, ailəsi ərini sevməyən qadının boşanıb sevdiyi adamla birlikdə olmasına yaxşı baxmadığı üçün qadının boşanmasına və onunla birlikdə davam etməsinə razı ola bilir. Bu tipli qarşıdurma yaşayan adamlar bu ağrını keyitmək üçün, adətən, başlarını qata biləcək, günah hissindən xilas edəcək nə iləsə məşğul olurlar: ya təhtəlşüurları hansısa çətinliklə dolu həyat ssenarisi quraraq günahkarlıq hissindən xilas olmasına çalışır (bədəl ödəyir), ya eqosu o qadının özünə uyğun olmadığını, pis qadın olduğu qəlibini yaradaraq şəxsi çarəsizlikdən, ağrılardan xilas edir, ya da hər hansısa sahədə özləri də fərqində olmadan uğurlu olacaq qədər işləyirlər ki, düşünməyə vaxtları qalmasın və s.
Həkimlərin bəziləri bir çox xəstəliyin psixoloji yaranma ehtimalını ixtisaslarına kölgə düşməsindən qorxaraq rədd edirlər. Lakin, deyərdim ki, çox halda xəstəliklər psixolojidir. Ola bilər ki, oxucu üçün daha sağlam mənbələr lazımdır, o zaman bu barədə Z.Froyddan tutmuş Valeri Sinelnikov, Louise Hay-ə qədər bir çox həkimin araşdırmalarını, kitablar və məqalələrini oxuya bilərlər.
Bir də bir qrup xəstəliklər var ki, onların tibbi hər hansısa qaynağı və diaqnozu yoxdur, lakin pasiyent özündə əlamətlər hiss edir, buna psixosomatik xəstəliklər deyirik. Məsələn bir pasiyentim var idi, bölgələrin birindən anasıyla gəlirdi, həkim mənə çarəsizlikdən yönləndirmişdi. Pasiyentin böyrəklərində, sidik kanallarında, prostat vəzində heç bir problem yox idi, lakin uzun müddət idi ki, sidik ifrazatı normal deyildi, qırılmalarla, ağrılarla olurdu, qalaq-qalaq analiz kağızları, fərqli həkimlərin reseptləri və çarəsiz qalan həkimlərin “ciddi heç nə yoxdur” sözləriylə gəlmişdi. Deməli, psixosomatik idi. Oğlan artıq tam gənc adam idi, lakin tək gəlməmişdi və birinci anası danışmaq istədi. Təklikdə anasıyla, sonra gənc oğlanla danışanda davamlı “pis əməl” sözü eşidirdim. Ana da, oğul da oğlunun hansısa (həmin an bu, mənim üçün qaranlıq idi) pis əməlinə görə belə problem olduğunu deyirdilər. Əvvəlcə düşündüm ki, yəqin kimləsə cinsi əlaqəni nəzərdə tuturlar. Seans zamanı müəyyən oldu ki, pasiyent yeniyetməlik vaxtı masturbasiya etdiyinə görə hamamdan gec çıxırmış. Ana bunu güdüb və qorxmasın deyə səs çıxarmadan evə keçib gözləyib. Yeniyetmə oğlu hamamdan çıxanda onu döyməyə, etdiyinin tərbiyəsizlik olduğunu qışqıraraq başa salmağa çalışıb, telefonunu qırıb, atası gələndə atasına da deyib və o da döyməyə başlayıb.
Kişi cinsiyyət orqanında sidik və spermanın növbələşməsi sfinktor əzələ ilə tənzimləndiyi və bir kanalla xaric olduğu üçün zamanla sperma ifraz etməklə bağlı günahkarlıq hissi və “pis əməl” adı qoyaraq onu psixoloji və fizioloji əngəlləməyə çalışmaq sidik ifrazatında da problemə gətirib çıxarmışdı. Hər şey aydın oldu, problemin kökü tapıldı, lakin anaya masturbasiyanın normal bir şey olduğunu izah etməliydim. İzah etdim, ana da qayıtdı ki, “başa düşüdüm, onda bu qızışıbsa, mən bunu evləndirim.” Bu, qaş alanda göz çıxarmağa bənzəyirdi. Təzədən 20 dəqiqə də izah etmişəm ki, məcbur heç nə etməyin, həyatıyla bağlı özü qərar verməyi öyrənməli və öz seçimlərini yaşamalıdır.
Evlənmək bir çoxu üçün cinsi istəyin təmin edilməsinin leqallaşdırılmasıdır. Ölkəmizdə kafe və restoran adlarının arxasında “ailəvi” sözünə yəqin ki, rast gəlmisiniz. Bakıda kirayə axtaran adamlar elanlarda “yalnız ailəyə verilir” sözünü gözləri mazol olana qədər görməmiş olmazlar. Bu tipli nümunələr sanki cəmiyyəti iki qrupa bölür: evlilər və digərləri.
Evlilərə hər zaman yaşıl işıq yandırırlar. Çünki evlidirsə, cəmiyyətin yaratdığı qəlibə sığmağı, o qayda-qanunla yaşamağı artıq qəbul edib deməkdir və beləliklə, evlilər ictimai abır-həyanı qorumaq, öz həddini bilmək kimi nüansları qəbul edən yazılmamış müqaviləyə tabedirlər. “Ailəvi” restoran ona görədir ki, orada yazılmamış ictimai müqavilənin şərtlərinə digər yerlərdən daha çox əməl olunur. Ev sahibləri evli cütlüklərə ona görə ev verirlər ki, çünki onlar artıq o evlilik məsuliyyətini boyunlarına götürüblər və onları tənzimləmək daha rahatdır. Məsələn ev sahibi düşünməyəcək ki, görəsən evimi kirayə verdiyim qız/oğlan evə gündə birini gətirir, iniltilərini qonşular eşidir, ya yox. İçi rahatdır ki, ailədirlər, abır-həya edəcəklər səslərini udub sevişəcəklər, heç kim də onların iniltilərinə qıcıqlana bilməyəcək.
Bu ailə dəyərlərinin hökm sürdüyü cəmiyyətdə evlənməyi də, boşanmağı da ürəyi istədiyi kimi yaşayan az adam var. Öz seçdiyi adamla evlənmək üçün ailəsini razı salmaq bir dərd, istəmədiyi adamdan boşanmaq da bir ayrı dərd. Nə qədər insan kiməsə səbəb izah etmək məcburiyyəti qarşısında qalmadan, kiminsə boşanmanı necə yozacağını düşünmədən rahatlıqla boşana bilir? Boşanmaq istədikdə hakimlər belə, sorğulayır, vaxt verir ki, bəlkə barışalar. Axı niyə? Buna nə gərək var? Belə çıxır, hakimlər iki insanın həyatını onlardan çox düşünür? Nədən çəkinərək dərhal boşamır? Əgər vaxt verəndə bir-birinin həsrətinə dözməyib barışmaq istəyəcəklərsə, boşananda nə itirəcəklər ki? Kağız parçası nəyi dəyişir? Çox istəsələr, uzağı yenə evlənərlər.
Mənə elə gəlir ki, hakimləri narahat edən bu deyil. Onları qorxudan vaxt vermədən boşasa, barışmaları üçün süni bəhanənin olmayacağıdır. Axı o düşünmə müddəti olmasa, ailələr, özü xoşbəxt olmayan qohum-əqrəba, dost-tanış gənclərə psixoloji təzyiq göstərib onları fikrindən daşındırıb barışdıra da bilməyəcəklər. Bax bu nüansda, düşünürəm ki, hətta hüquq sistemi də vətəndaşın heç kəsə zərər verməyən hüququndan istifadəsinə süni əngəl törədərək ailə dəyərlərini qorumağa çalışır. Nə qədər ki, boşanma mədəniyyəti formalaşmayacaq, cəmiyyət buna normal yanaşmayacaq, o vaxta qədər də ailələrdə sevgisiz uşaqlar doğulacaq, böyüyəcək, qadınların erkən menapauzası, cinsi orqanın, süd vəzinin xərçəngi, kişilərdə prostat vəzi ilə bağlı problemlər artacaq.
Nərmin Şahmarzadə