9d349c4edc6de31264ce53ba235f8a16

Mehriban Zeynalova: “Məcburiyyət varsa, deməli, cinayət əməli var”

Baxış sayı: 570

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bu haqda “Xəzər Xəbər” məlumat yayıb. 

Qız deyib ki, 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib:

“Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram, istəmirəm”.

Qızın anası isə “Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram” sözlərini söyləyib.

Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

Oğlanın anası isə “Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik yaşı tamam olsun sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki… Arvadı oturmadı, qaçıb getdi” sözlərini əlavə edib.

mehriban.jpg (44 KB)

Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aşağıdakıları dedi:

“Mən əminəm ki, aidiyyəti qurumlar bu məsələni tam nəzarətə götürəcək. Çünki hazırda bu cür informasiyalar yayılan kimi dərhal məsələ araşdırılır, nəzarətə götürülür və tədbir görülür. Belə görünür ki, bu məsələdə də araşdırma aparılacaq, zəruriyyət olduqda uşaq sığınacağa yerləşdiriləcək”.

Mehriban Zeynalova qeyd edir ki, bu kimi hadisələrdə valideynlər məsuliyyətə cəlb oluna bilər:

“Əlbəttə ki, ortada toy olmasa belə, məcburiyyət varsa, deməli, cinayət əməli var. Bu hadisədə qızın 13 yaşı var, bu o deməkdir ki, ortada artıq erkən deyil, uşaq nikahı var. Uşaq nikahı isə məsuliyyəti daha da artırır. Yaxşı ki, kimlərsə bu cür faktları aşkarlayır. Yoxsa ki, uşağı dini nikaha salıb, evdə otuzdurardılar, bir uşaq dünyaya gələndə artıq hamı xəbər tutardı ki, erkən nikah baş verib. Bu məsələdə cəmiyyətin rolu, aktiv iştirakı çox mühümdür. Çox yaxşı haldır ki, kimsə bu cür faktlardan xəbər tutanda ictimailəşdirir və qurumlar dərhal məsələdən agah olur, hərəkətə keçirlər”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir