Amma fakt odur ki, yüzlərlə, minlərlə şagirdi olan məktəblərdə cəmi bir psixolq ştatı var. Yəqin elə buna görədir ki, əksəriyyətimiz və eləcə də əksər valideynlər onların işindən ya xəbərsizdir, ya da narazıdır.
Psixoloqdan maraqlı cavab
Gəlin əvvəlcə Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin psixoloqu, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Tünzalə Verdiyevanın “Sizcə bu gün orta məktəblərdəki psixoloqlar işlərinin öhdəsindən gələ bilirmi?” sualına cavabını nəzərdən keçirək:
– Desəm ki, bütün öhdəmizə düşən işin öhdəsindən gəlirik, bu, real olmaz. Çünki bir psixoloq 3000 şagirdə xidmət edə bilməz. Vaxt və fiziki qüvvə baxımından bu işi yerinə yetirmək mümkün deyil. Həmişə çalışıram ki, lazım olan anda, lazım olan yerdə olum. Kimin psixoloji xidmətə daha çox ehtiyacı varsa, müəllim və ya şagird olmasından asılı olmayaraq onun yanında oluruq. Son zamanlar ailələrə səfərlərin təşkilini həyata keçiririk. Görürük ki, uşaq xəstədir, uzun müddətdir öskürür. Valideyn isə laqeyd yanaşır. Uşağı nə müayinə, nə müalicə etdirmir. Bu zaman qrupumuzla uşağın yaşadığı ailəyə səfər edirik. Gedib görürük ki, uşağın dərsini hazırlaması üçün heç masası yoxdur. Evdə ona aid bir guşə yaradılmayıb və uşaq yerdə yatır. Lakin ananın böyük güzgüsü, güzgünün qarşısında bahalı ətirləri və kosmetik vasitələri var. Həmçinin valideyn özü üçün böyük ekran plazma televizor, rahat divan alıb. Deməli, problem maddi imkansızlıqda deyil. Bu etinasızlıqdır, uşağa dəyər verməməkdir. Belə valideyni dəvət edir, psixoloji söhbətlər aparırıq. Bəzən məcbur olub deyirik ki, belə davam etsə, uşağı əlinizdən alıb dövlət müəssisələrinə, sosial qurumlara verəcəyik. Təbii ki, belə ailələrin problemini biz həll edə bilmərik. Çünki əvvəlindən o ailədə münasibətlər düzgün qurulmayıb. Əsas səbəbə vardıqda, qaynana-gəlin münasibətlərində və ya şəxsi keyfiyyətlərdə problemin olduğu üzə çıxır.
İctimai fikir necədir?
Bu mövzuda ölkəmizin ictimai həyatında kifayət qədər tanınan bir neçə respondentimizin fikirləri yəqin ki, ictimai rəyi ölçməyə imkan verir.
Yazıçı-publisist Qulu Ağsəs deyir ki, məktəblərdə psixoloq ştatının olmasından xəbərsizdir: “Düzü, heç bir məlumatım yoxdur. Elə bir ştatın olduğundan xəbərsizəm.
ANS Televiziyasının əməkdaşı Ləman Ələşrəfqızı problemi araşdırmış jurnalistdir. Və araşdırmasının yekununda o da psixoloqların işindən razı qalmayıb, ancaq deyir ki, bunun bir qədər təbii səbəbi də var: “Bu günlərdə bu mövzuda araşdırma etdim. Çox pis təşkil olunub psixoloq işi məktəblərdə. Təsəvvür edin, 20 nömrəli məktəbin 2500 kollektivi üçün cəmi bir psixoloq var. Əslində, psixoloq xanım məndə yaxşı təəssürat yaratdı. Amma o özü də etiraf edir ki, bir nəfər 2500 şagirdlə, o qədər də valideyn və yüzlərlə müəllimlə işləməlidirsə, hansı keyfiyyətdən söhbət gedə bilər. Elə məktəblər də var ki, burda şagirdlər psixoloqu heç üzdən də tanımırlar. Qısası, biabırçılıqdır. Psixoloqun məvacibi isə 167 manat idi. Hansı ki, 2500 uşağa psixoloji xidmət göstərir”.
Gənc yazar Dilqəm Əhmədin isə həm də təklifi var. Sitat: “Bildiyim qədərilə, məktəb psixoloqları məktəbdən-məktəbə fərqli olur. Bəzilərində psixoloq mükəmməl işləyə bilir, bəzi məktəblərdə isə varlığı ilə yoxluğu bilinmir. Məktəblərdə həm psixoloq, həm də sosial işçi vəzifələri olmalıdır. Üstəlik, bu insanlar tam müstəqil fəaliyyət göstərməlidirlər. Çünki şagirdlər dolayısı ilə sinif rəhbəri və direktordan asılı olur, bu isə uşaqlarda problem olduğunda onlara deməyəcəyini şərtləndirir. Amma psixoloq və ya sosial işçi müstəqil olaraq uşaqlarla işləsə, bir çox problemlərin qarşısını almaq olar”.
Jurnalist Xanlar Xoca isə deyir ki, bu adamlar məktəblərdə formal olaraq işləyir: “Mənim fikrimcə məktəb psixoloqu formal vəzifədir və adı var özü yox ştatdır. orta məktəblərdə psixoloq öz vəzifəsinin öhdəsindən gələ bilsəydi, azyaşlılar arasında intihar halları və kriminal hadisələr bu qədər olmazdı. psixoloq vaxtaşırı olaraq şagirdlər arasında psixoloji testlər, sorğular keçirməli, onların psixoloji durumunu öyrənməlidir. Ancaq ölkə üzrə məktəb psixoloqları arasında bir araşdırma aparsanız, görərsiz ki, psixoloqların ya özlərinin psixologiyadan anlayışı yoxdur, ya da psixoloji durumu yerində deyil. Bu sahədə ciddi dəyişikliyə ehtiyac var”.
Sosioloq Cavid İmamoğlu isə o qənaətdədir ki, məktəb psixoloqlarının fəaliyyəti o zaman aktuallaşacaq ki, bu psixoloqların fəaliyyəti və şagirdlərlə işi ictimai təşkilatların maraqında olsun: “Təəssüflər olsun ki, bizim məktəblərdə məktəb və şagird assosiasiyaları ya yoxdur, ya da zəifdir deyə şagirdlərin fərdi psixo-sosial durumu nəzarətsiz qalır. Həmçinin məktəb rəhbərliyi də bu işdə maraqlı olmalı və psixoloqun fəaliyyəti üçün şərait yaradılmalıdır”.
Valideynlər də narazıdır
Valideyn Eldar Məmmədli deyir ki, uşaqlar heç vaxt məktəbdə psixoloqla rastlaşdıqları barədə danışmırlar. “Deyəsən, elə bir adam yoxdur. Varsa da, formaldır – yox kimidir” – deyə valideyn bildirir.
Digər valideyn Günel Əliyeva isə övladlarının oxuduğu məktəbin psixoloqunu tanıyır: “Tanıyıram, yaxşı qızdır. Ancaq o, uşaqlarla necə işləyir deyə bilmərəm – yəni onun işi nə olur, bilmirəm”.
Valideyn Seymur Şahbazzadə isə daha radikaldır: “Məktəb psixoloqları “ölü canlar” kimi bir şeydirlər, əsasən də, təki evdə oturmasınlar deyə, iş yerlərinə “qızlarla çay içib nahar eləmək”dən başqa məqsəd tanımadan gedib-gələn qız və qadınlardan ibarətdir. Hətta bəzilərinin – bəlkə də bugünkü cəmiyyətimizin əksər üzvləri kimi – özlərinin psixoloq məsləhətinə əşəddü-ehtiyacı var. İçərilərində bu qaydadan istisna olanlar varsa, üzr istəməyə hazıram. Ümumiyyətlə, ənənəvi azərbaycanlı cəmiyyətində – ki, biz, oradan xeyli uzaqlaşmışıq, əslində – psixoloq institutunun bu yaxın illərdə uğur qazanacığına və işləyəcəyinə inanmıram. Amma onu da etiraf edim ki, bizim cəmiyyətin islahı və xilası üçün bizə çox güclü psixoloq, sosioloq və filosoflar, onların ciddi və gərgin analitik işi lazımdır”.
Nazirlik cavab verir
Məktəb psixloqlarının fəaliyyəti Təhsil Nazirliyini də düşündürən məsələdir. Məsələ ilə bağlı “gencaile.az”a açıqlama verən Nazirliyin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrilə iş sektorunun müdiri Cəsarət Valehovla əməkdaşımızın dialoqu belə alınıb:
– Məktəb psixolqlarının işi Sizi nə qədər qane edir?
– Məktəb psixoloqlarının işini təkmişşləşdirmək üçün Nazirlik layihə üzərində işləyir.
– Bu, o deməkdir ki, bu xidmətin səviyyəsi Nazirliyi qane etmir, eləmi?
– Yox, gəlin bu qənaətə gəlməyək. Psixoloqların işi barədə danışmaq üçün müəyyən məlumatları toplayıb sonra cavab verə bilərəm, dərhal cavab verməkdə çətinlik çəkirəm.
Hazırladı: Vüsal Məmmədov
psixoloji fealiyyetin hec bir bazasi yoxdur. Havadadir. Is xatirine bir-iki kagiz qaralayib qoyuruq. gelen olanda baxsin