Menstruasiya

Menstruasiya olmayan qızlar: onları hansı təhlükə gözləyir?

Baxış sayı: 2. 000

“Ana olmaq üçün menstruasiya olmaq önəmlidir”, “Qız heç menstruasiya olmursa, onun qadınlıq problemi var və övladının olması sual altındadır”, “Qızımın yaşı 17-i keçib, amma hələ də menstruasiya olmayıb” – bu kimi fikirlər bütün qız analarının  düşündüyü, dilə gətirdiyi problemlərdir.

Ümumiyyətlə, qız uşaqları 9 yaşından sonra mensturasiya olmağa başlayır. Bu, bəzi qızlarda 9, bəzilərində 15-16 yaşında baş verir. Ancaq qızların menstruasiya olmasının orta yaş həddi 13-14 arasıdır. Yəni bir çox məhz bu yaşda menstruasiya olmağa başlayır. Menstruasiyanı qadınlığa ilk addım kimi də başa düşmək olar. Qızların  mensturasiya yaş həddində genetik amillər çox böyük rol oynayır.

Menstruasiya günləri fərdə görə dəyişir. Bəzilərində 3, bəzilərində 4-5, bəzilərində isə 7-8 gün də davam edə bilər.

Ancaq bəzi qızlar var ki, onlarda menstruasiya ya həddən artıq gec – 17-18 yaşlarında başlayır, ya da heç olmur. Mütəxəssislərə görə, bu, amenorya probleminin əlaməti ola bilər. Odur ki, əgər qız 17 yaşına qədər menstruasiya olmayıbsa, mütləq həkimə müraciət etmək lazımdır.

 Menstruasiya

Mövzu ilə bağlı danışan ginekoloq Yayla Babayevanın sözlərinə görə, menstruasiyanın baş verməsi üçün hipotalamus adı verilən beyin bölgəsindən hipofiz  vəzisinə xəbərdarlıq edilməli və burada FSH və LH hormonları uyğun səviyyədə və nisbətdə ifraz edilməli və qana keçməlidir. Daha sonra bu iki hormon yetkinliyə hazır  olan yumurta hüceyrələrini təşkil edən yumurtalıq toxumasında folikul inkişafına yardım etməli və yumurtlama prosesi reallaşmalıdır. Folikuldan çıxan ostrogen və progestoron hormonları uşaqlıqdaxili təbəqədə qalınlaşmaya səbəb olmalıdır.

Yumurtlama meydana gəldikdən sonra təxminən 14 gün ömrü olan sarı cisim bu müddətin sonunda progesteron hormonu ifrazatını dayandırmalıdır.

Menstruasiya dövründə progesteron hormonu ifrazatının birdən dayanması  nəticəsində uşaqlıq daxilində reallaşan qanaxma uşaqlıq ağzına, buradan vaginaya və vaginadan xaricə ifraz edilir: “Əgər menstruasiya baş verənə qədər olmalı proseslərdən hər hansı biri baş tutmursa, bu, menstruasiya gecikməsinə və ya menstruasiya olmamasına səbəb olur. Qadının normal menstruasiya olması üçün 4 proses sağlam formada həyata keçməlidir. Uşaqlıq daxilindən vaginanın çıxışına qədər olan yol tamamilə açıq olmalı, hər ay nizamlı olaraq yumurta hüceyrə ifraz edən  yumurtalıqlar olmalı, hipofiz ifrazat vəzisi yaxşı işləməli və beynin üst mərkəzi ilə əlaqədə olan bir hipotalamus bölgəsi olmalıdır. Təbii ki, qızın 18 yaşı varsa və hələ də aybaşı olmayıbsa, demək, bu qızda qadınlıq problemləri var və həkim müdaxiləsi mütləqdir. Əgər vaxtında müdaxilə edilməsə, bu, sonsuzluqla, cinsi istəksizliklə nəticələnə bilər. Menstruasiyanın olmaması qadının yarım qalması deməkdir. Yəni inkişaf tam deyil. Bu problemi həkim araşdırmalı və müalicə aparılmalıdır”.

 

Bəzən qadınlarda nizamlı şəkildə görülən menstruasiya tsikli birdən pozulur. Menstruasiya 2-3 gün geri və ya irəli keçir. Həkim bildirir ki, bu, əsasən psixoloji vəziyyətlə əlaqəlidir. İş dəyişmək, ailədaxili stress, qəm-kədər, həyat tərzinin, iqlimin dəyişməsi, yorğunluq buna səbəb ola bilər. Çünki baş verən hadisələr beynin şüurlu  qisminə təsir edərək, buradan hipotalamusun funksiyasını pozur və bu zaman  menstruasiya baş verməsi ilişir və ya tezləşir. Bu zaman həkim müdaxiləsinə ehtiyac yoxdur: “Bəzi qadınlarda menstruasiya başlamasına 2-3 gün qalmış əsəb, stress, gərginlik müşahidə edilir. Bu problemə səbəb qadınların həyat tərzidir. Yaşanılan hər bir gərginlik beyinə təsir etdiyi üçün menstruasiya başlamasına az qalmış qadınlarda gərginlik meydana çıxır. Bu problem isə nevropatoloqla həll edilməlidir”.

Ancaq onu da qeyd edək ki, menstruasiyanın bir həftədən çox gecikməsi hamiləlik əlaməti də ola  bilər. Odur ki, tsikl vaxtından bir həftə keçibsə, həkimə müraciət  etmək və ya testlə yoxlamaq lazımdır: “Bəzən test səhv göstərə bilər. Ən etibarlı vasitə qan analizidir”.

Qadınlar müxtəlif olduğu kimi orqanizmlər də müxtəlifdir. Odur ki, menstruasiya dövrü də müxtəliflik təşkil edir. Bəzi qadınlarda 20, bəzilərində 35 gündən bir baş verir. Bəzi qadınlarda menstruasiya 8-10, bəzilərində 2-3 gün davam edir. Bəzən hamiləlik həbləri bu nizamı poza bilir və qadın ayda iki dəfə menstruasiya olur. Bu kimi hallar qorxulu deyil və dərmanın istifadəsi dayandırıldığı zaman menstruasiya əvvəlki qaydasına düşür: “Menstruasiyanın 35 gündən bir görülməsinə oliqomenorya, heç baş verməməsinə və ya ildə 6 ay görülməsinə isə amenorya deyilir. Bu hallar normal qəbul edilmir. Sonsuzluqla nəticələnən amenorya çox nadir hallarda baş verir. Amma qızlarda 18 yaşından sonra menstruasiya görülmürsə, mütləq ginekoloq müayinəsi lazımdır. Ümumi müayinədən sonra həkim problemin səbəbini müəyyən edib, lazımi müdaxiləni edəcək. Yetkinlik, hamiləlik, əmizdirmə və klimaks dövründə  menstruasiyanın müşahidə edilməməsinə isə “fizioloji amenorya” deyilir və bu, normaldır”.

Yayla Babayeva qeyd edir ki, menstruasiya baş verməməsinin bir neçə səbəbi ola bilər və o səbəblər müxtəlif müalicə üsullarıyla aradan qaldırılmalıdır. Əgər 18 yaşına çatdığı halda qızda heç menstruasiya baş verməyibsə, buna səbəb hormonal və genetik amillərdir. Belə qızlarda qoxu hissetmə qabiliyyəti də inkişafdan qalmış olur. Bu vəziyyət tibb aləmində Kalman sindromu adlanır. Bu sindrom hormonal müalicə ilə  aradan qaldırıla bilər.

Bəzi qızlarda hələ ana bətnində olarkən uşaqlıq inkişafdan qalmış olur. Belə vəziyyətdə yumurtalıqlar və hormonlar normal olsa da, menstruasiya baş vermir.  Tibb elmində Rokitanski sindromu adlanan bu problemli qadınlar ancaq daşıyıcı ana ola bilir. Və ya uşaqlıq nəql edilərsə, ana ola bilərlər.

Bəzən isə normal menstruasiya olan qadında bu proses dayanır. Bu kəsilmə Sekonder amenorya adlanır. Buna səbəb hamiləlik, klimaks, tiroid xəstəlikləri, yumurtalıq  kistası və şişləri ola bilər. Müalicə və diaqnoz xəstənin yaşına və şikayətinə səbəbinə görə aparılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir