227

“Mesajda yazdıqlarımı heç vaxt üz-üzə deyə bilməzdim” – MÜSAHİBƏ

Baxış sayı: 1. 398

Düşünürlər ki, ailədə hər iki tərəf bir-birinə sahib çıxmalı, dəyər verməlidir. Ailə onlar üçün öz qanunları, özünəməxsus aurası olan müqəddəs qurumdur. Ona görə də hər bir insan bunun məsuliyyətini dərk etdikdən sonra ailə qurmalıdır.

Bu dəfə jurnalist ailəsinin qonağı olduq. Müsahiblərimiz Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli və Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyevadır. 9 ildir eyni həyatı bölüşən cütlüyümüzün 2 qız övladları var. Əvvəlcə onların tanışlıq tarixçəsinə nəzər salaq.

Müsahiblərimizin yolu ilk dəfə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində kəsişib. Yadigar bəy deyir ki, eyni fakültədə təhsil alsalar da, bir o qədər yaxın ünsiyyətləri olmayıb: “Mən üçüncü kursda olanda, Zəminə birinci kursda oxuyurdu. O zaman “Şərq” qəzetində işləyirdim. Jurnalist dostlardan biri yeni qəzet çıxarmağa başlamışdı, həmin qəzetə mən də yazılar verirdim. Dedilər ki, fakültənizdə oxuyan bir qızın da yazısı var. Oxudum, esse janrında bir yazı idi, mənə çox maraqlı gəldi. Bu, Zəminənin yazısı idi. Məhz bu yazıdan sonra Zəminəni qiyabi tanımağa başladım, amma yenə də münasibətimiz yox idi”.

“Yadigarın paxıllığını çəkirdim”

Zəminə xanım deyir ki, Yadigar əksər müəllimlərin sevimli tələbəsi olduğu üçün onun adını tez-tez eşidib. Aşağı kurslara onu nümunəvi tələbə kimi təqdim etdikləri üçün hətta paxıllığını belə, çəkməyə başlayıb: “Məsələn, dekanımız Akif Rüstəmov deyəndə ki Yadigar yazı müsabiqəsinin qalibi olub, yaxşı oxuyur və s, açığı, acıqlanırdım, düşünürdüm ki, fakültədə yalnız mən yaxşı oxumalıyam. Fakültəmiz kiçik idi, demək olar ki, dəhlizə çıxanda hamı bir-birini tanıyırdı. Amma özünə qapalılığım mənə bu şəxsin kim olduğunu müəyyənləşdirməyə imkan vermirdi. Onunla tanışlığım “Şərq”in bir qrup əməkdaşının çıxardığı yeni qəzetlə başladı, sonra fakültədə “salam-sağol”la, kitabxanada təsadüfən qarşılaşanda dərslərlə, ədəbiyyatla, diplom işi mövzusu ilə bağlı kiçik söhbətlərlə davam etdi. Sonra mən ANS-ə gəldim və çox nadir hallarda hansısa tədbirlərdə qarşılaşırdıq. Düzü, nə vaxtsa münasibətlərin bu şəklə düşəcəyini gözləmirdim. Yadigar həmişə hörmət etdiyim insan idi, oxumağına da, davranışına da, mədəniyyətinə də heyran idim. Həmişə Yadigarın simasında ideal insan obrazı görürdüm. Sonra tale bizi bir neçə dəfə də rastlaşdırdı, öz tərəfimizdən buna xüsusi bir cəhd olmasa da.
Universiteti bitirəndən bir neçə il sonra, 2005-ci ilin dekabrında Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı jurnalist olaraq mən də iştirak edirdim. Qatı duman təyyarənin planlaşdırılan vaxt Bakıya qayıtmasına mane olmuşdu. Verdiyim reportajda hava şəraiti ilə bağlı bu məqamı da elan etdim və az sonra telefonumda Yadigarın yazdığı mesajı gördüm: “Yolunuz açıq olsun”.
Beləliklə, yolumuzu kəsən duman onun ürəyinin açılmasına səbəb oldu və onun mənə yazdığı ilk mesaj həyatımızın yollarını da açdı”.

“Zəminəyə mesaj yazmaq üçün bəhanə…”

Yadigar bəy isə hər şeyi qismətə bağlayır: “Mən qismətə inanıram. O mesajdan təxminən 5 il əvvəl bir dəfə “İçərişəhər” metro stansiyasında Zəminə ilə rastlaşdım və məndə qəribə hiss yarandı. Sanki öz gələcək qismətimi gördüm və bu hiss sonralar da məni tərk etmədi. Amma qismətin reallaşması üçün xeyli gözləmək lazım gəldi. Çünki insanın gələcəklə bağlı müəyyən planları olur. Aspirantura təhsilimi bitirdim, mənzil problemimi həll etdim və fikirləşdim ki, indi ailə qurmaq olar. Bəlkə də mobil telefon olmasaydı, sevgi etirafı çətin olardı. Məndə indi də müəyyən qədər utancaqlıq kompeksi var, onda isə lap utancaq idim. Mesajda yazdıqlarımı heç vaxt üz-üzə deyə bilməzdim. Bu baxımdan, informasiya texnologiyaları köməyimə gəldi”.

Zəminə xanım deyir ki, Yadigarın evlilik təklifinə qədər heç zaman ailə qurmaq haqqında düşünməyib: “Uşaqkən yaşadığım ağır itkilər, həyatımdan keçən çətinliklər içimdə belə bir hiss formalaşdırmışdı ki, ailə qurmaq lazım deyil. Heç vaxt özümü gəlinlik paltarında təsəvvür etməmişdim. Yadigar yeganə insan idi ki, məni fikrimdən daşındırdı. Hər bir insanın xəyalında ideal insan olur. Mənim xəyalımdakı obrazla Yadigar bir-birini çox tamamlayırdı. Bu addımı atmaq mənim üçün ona görə bir o qədər çətin olmadı ki, Yadigara inanırdım və onun verdiyi qərarın ciddiliyinə şübhəm yox idi”.

“Xoşbəxtliyin tərifi yoxdur”

Müsahiblərimiz ailə qurarkən diqqət edilməli məqamlardan da danışdı. Yadigar Cəfərli deyir ki, həyatın son dərəcə müərəkkəbliyi belə məsələlərdə nəyə diqqət etmək lazım gəldiyini müəyyənləşdirməyə yer qoymur: “Orta məktəbdə bir müəllimimiz vardı, həmişə deyirdi ki, məşqçi futbolçunu aylar ərzində nə qədər çalışdırsa da, yaşıl meydanda yaranan vəziyyətdən asılı olaraq topla necə davranmağın lazım gəldiyini təkrar-təkrar başa salsa da, rəqib komandanın qapıçısı ilə təkbətək qalanda, hər futbolçu yenə də topu öz bildiyi kimi vurur. Həyatda da belədir. Bəzən insanlar öz ailə təcrübələri haqqında danışmağı sevirlər. Amma məncə, kimsənin öz təcrübəsinə əsaslanaraq verdiyi məsləhətlər başqasına örnək ola bilməz. Desək ki, ailə həyatında yalnız sevgi önəmlidir, son dərəcə böyük sevgi üzərində qurulan ailələr var ki, sonu boşanma ilə bitib. Yaxud ədəbiyyatdan xatırladığımız qədər, dünyanın ən böyük sevgiləri heç də ailə ilə nəticələnməyib. Amma bütün hallarda sevgi ailə üçün bir təməldir. Eyni zamanda, sevgi qədər, qarşılıqlı hörmət, qarşılıqlı dəstək də olmalıdır. Ən önəmlisi isə, insanlar bir-birinə dəyər kimi sahib çıxmağı bacarmalıdırlar. Əgər bu olarsa, digər bütün anlaşılmazlıqlar da aradan qalxa bilər.

Zəminə xanım da düşünür ki, xoşbəxtliyin dəqiq tərifi və düsturu yoxdur: “Sənin gözləntilərinlə bəzən reallıq üst-üstə düşmür. Amma ümumi yanaşmalar var ki, onları nəzərə almaqda fayda var. Əgər ailə qurursansa, onun məsuliyyətini də dərk etməlisən. Hansı addımları atdığının fərqində olmalısan. İnsan həyatında çox şeylər baş verə bilər. Amma kiçik şeylərə görə ali, müqəddəs olanları qurban vermək olmaz. Ailə də bu dəyərlərin ən başında gəlir. Ailə heç də oxuduğumuz romanlardakı, baxdığımız filmlərdəki kimi deyil. Çətinliklər çox olacaq, amma bütün hallarda onu qorumağı bacarmalısan. Mənim üçün ailənin öz sərhədləri, özünəməxsus aurası var. O auranı korlamaq lazım deyil. O zaman hər şey öz yerini tapır. Əgər ailədə sevgi varsa, o zaman insan hər şeydən keçir. Ailənin maddi yox, mənəvi zənginliyi önəmlidir. İnsanin qəlbi dolu olmalıdır, məncə. Əgər ürəyin kasıbdırsa, maddi zənginlik sənə heç nə verməyəcək”.

“Onunla uzlaşmaq çətindir”

Hər ailədə olduğu kimi, jurnalist həmkarlarımızın ailəsində də müəyyən problemlər ortaya çıxır. Amma onlar bütün bunları yoluna qoymağa çalışırlar. Yadigar bəy deyir ki, istənilən münaqişədə – bu istər cəmiyyətdə baş versin, istər ailədə – ən yaxşı həll yolu ilk növbədə sinirlərinə hakim olmaqdır: “Əgər bədənimizin müvazinəti pozulsa, yıxılarıq. Ruhun müvazinəti də belədir. İnsanın öz ruhi müvazinətini qoruyub saxlaması çox önəmlidir. İnsan səbirli davrananda, ruhi sakitliyini qoruyanda, özünü ələ alıb münaqişəli vəziyyətlərdən çıxa bilir. Mən də bütün hallarda ruhi sakitliyimi qorumağa çalışıram. Amma qəribəsi budur ki, insan ailədə onun səbrini daşıracaq məqamlara münasibətdə bəzən daha dözümsüz davranır. Sərt üzünü ona ən doğma olan insanlara göstərir. Görünür, bu da o doğma münasibətdən bir balaca sui-istifadədir. Amma bütün hallarda sülh, anlaşma mühiti yaradıb o mühitdə yaşamaq lazımdır. Çünki daimi münaqişələrlə insan ən əvvəl öz ömrünü cəhənnəmə çevirir”.

Zəminə xanım da həyat yoldaşının bəzən ifrat tələbkarlıq göstərdiyini deyir: “Hər insanın müəyyən kaprizləri var. Yadigar son dərəcə təmkinli bir insan olsa da, görürsən ki, hərdən onunla uzlaşmaq çətin olur. Bəzən kiçik detallara da fikir verir”.

“Can deməklə candan heç nə əskilmir”

Yadigar bəy isə düşünür ki, insanlar istəsələr, konfliktsiz yaşaya bilərlər: “Mənim həyata öz baxışlarım var. Düşünürəm ki, insanlar həyatı çox da mürəkkəbləşdirmədən, bir-birini mənfi enerji ilə yükləmədən yaşaya bilərlər. İnsan hər xırda şeyi problemə çevirməməlidir. Öz optimizmini qorumalıdır. Hər pisdə də bir yaxşı axtarmaq faydalı cəhətdir. Doğrudan da, hər ziyanda bir xeyir var. İstər ailədə, istər cəmiyyətdə uğurlu olmağın əsas prinsipi həyata da, insanlara da müsbət nəzərlərlə baxmaqdır. İstərdim ki, insanlar nə özlərini neqativ enerji ilə yükləsinlər, nə də qarşılarındakı insanlara neqativ enerji ötürsünlər. Bəzən görürsən, biri ətrafdakı bütün insanları öz düşmənləri kimi qəbul edir. Sanki bu o qədər vacib personadır ki, başqalarının bütün qayğısı ancaq ona problem yaratmaqdır. İstərdim ki, heç kimdə belə bir düşüncə olmasın. İnsanlar bir-birinə can deməyi, bir-birinə minnətdarlıq etməyi, bir-birindən üzr istəməyi bacarmalıdırlar. Can deməklə öz canını kiməsə bağışlamırsan, ya kimdənsə üzr istəmək insanın şəninə xələl gətirmir, amma bununla qarşındakına müsbət emosiya ötürürsən”.

Müsahiblərimiz jurnalist ailəsi olmağın müsbət və mənfi tərəflərindən də danışdılar. Yadigar bəyin sözlərinə görə, jurnalist ailəsi olmağın ən müsbət tərəfi söz mühitində yaşamaq, sözün çörəyini yeməkdir: “Sözün çörəyini yemək, Sözün halallığını duymaq gözəl bir hissdir. Təbii ki, hər peşənin öz çətinlikləri var. Mən qəzetdə, Zəminə televiziyada işləyəndə əsas çətinlik iş qrafiki ilə bağlı idi. Bəzən səhər saat 10-dan gecə 12-yə qədər çalışmaq lazım gəlirdi. Amma bütün peşələrin gözəllikləri də, yəqin ki, həm də elə çətinliklərindədir”.

Zəminə də düşünür ki, jurnalisti ancaq jurnalist başa düşə bilər: “Hər ikimiz anlayırıq ki, bizim işimizin xüsusiyyəti nədir. Bundan başqa, hansısa mövzuların, hazırlamaq istədiyimiz materialların müzakirəsi də faydalı bir məqamdır. Ona görə də jurnalistin jurnalistlə ailə qurması, əslində, çox yaxşı seçimdir”.

Təhsil və tərbiyə

Uşaqların tərbiyəsinə gəldikdə, cütlüyümüzün əsas məqsədi övladlarına mükəmməl təhsil və yüksək tərbiyə verməkdir.
Zəminə deyir ki, müasir insan üçün təhsil vazkeçilməz bir dəyərdir: “Hər valideynin əsas borcu boğazından, əynindən kəsib uşaqlarına yaxşı təhsil imkanları yaratmaqdır. Biz də imkan daxilində buna çalışırıq”.

Yadigar bəy isə hesab edir ki, təhsildən də vacib uşağın tərbiyəsidir: “Bu gün cəmiyyətdə bizi narahat edən istənilən problemin kökündə tərbiyə amili dayanır. Tərbiyə insanın taleyində, iş həyatında da böyük rol oynayır. Bu səbəbdən hər bir valideyn çalışmalıdır ki, uşaqlara düzgün tərbiyə və təhsil versin, cəmiyyət üçün yararlı insanlar yetişdirsin”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir