Məşhur diktor: “Qayınatam bunu mənə qadağan etmişdi” – MÜSAHİBƏ

Baxış sayı: 1. 468

Səsin də rəngi, çaları, istiliyi olur. Eşitdikcə, insanın ruhuna bir sərinlik, qəlbinə istilik gətirir. Səs var ki, ondan nə doymaq olur, nə usanmaq. O səsi eşitdikcə eşitmək istəyirsən. Xalq artisti, tanınmış diktor Ofeliya Sənani də milyonların ürəyini məhz səsi ilə ovsunlayanlardandır. Uzun illər Azərbaycan Dövlət Televiziyasında fəaliyyət göstərən Ofeliya xanım işindən bezməyib, peşə seçiminə görə bir an da olsun peşman olmayıb. Milyonları öz ovsunlu səsininin sehrinə salmaqla həm özü xoşbəxt olub, həm də başqalarının zövqünü oxşayıb…
“Publika.az”-ın “Xatırla məni” layihəsinin qonağı məşhur diktorumuz Ofeliya Sənani olub.

Mənimlə şərt kəsdi ki…

– Ofeliya xanım, diktorluq peşəsini seçməyiniz bir təsadüf idi, yoxsa zərurət?

– Yox, təsadüf olmayıb. Hələ orta məktəbin dördüncü sinfində oxuyarkən diktor olmaq həvəsi ilə alışıb-yanırdım. O zaman evimizdə köhnə bir radioqəbuledici vardı, orda verilişlərə qulaq asıb, özümü onlara bənzətmək istəyirdim. Eyni zamanda da, ingilis dili müəllimi olmaq arzusundaydım. Çünki ingilis dilini mükəmməl bilirdim. Hətta dördüncü sinifdə oxuyanda ingilis dilində kitabları mütaliə edirdim. 10-cu sinifdə oxuyanda eşitdim ki, radio üçün diktorluq müsabiqəsi elan olunub. Həmin vaxt məşhur diktor Fatma Cabbarova, Gültəkin Cabbarlı və Züleyxa Hacıyeva analıq məzuniyyətinə çıxdıqları üçün onların yerinə diktor axtarırdılar. Özümü sınamaq istədim. Amma televiziyada məni görən kimi dedilər ki, sən hələ məktəblisən, pioner şeypuru çalan vaxtındır. Onları məcbur etdim ki, səsimi dinləsinlər. Şeir söylədim, xəbər oxudum, bir dəfə də olsun çaşmadım. Televiziyanın o vaxtkı sədri Teymur Elçin mənə dedi ki, qızım, gözəl diksiyan var, amma diplomsuz səni işə götürə bilmərik. Onlara söz verdim ki, mütləq ali məktəbə qəbul olunacam. Təbii ki, planımı, niyyətimi də öyrənmək istədilər. Ancaq eşidəndə ki, Xarici Dillər İnstitutuna qəbul olunmaq istəyirəm, etiraz etdilər. Dedilər ki, ingilis dili müəlliməsi olsam, tələffüzümdə bu, hiss olunacaq. Şərt kəsdilər ki, ya Teatr İnstitutuna, ya da Universitetin Filologiya fakültəsinə qəbul olunmalıyam. Yoxsa diktor kimi işə götürməyəcəklər. Atam mühafizəkar adam idi, Teatr İnstitutuna qəbul olunmağıma razılıq verməzdi. Məcbur olub Filologiya fakültəsini seçdim. Sonradan radioda işə düzəldim. Düz 16 il radionun diktoru oldum.

Rəhbərlik buna görə məni kabinetə çağırdı

– Bəs televiziyaya nə vaxt keçdiniz?

– Əslində, televiziyaya keçmək istəmirdim. Amma televiziyanın rəhbərliyi mənə deyirdi ki, nə vaxta qədər qaranlıqda oturacaqsan, gəl çıx efirə. Televiziyaya yenicə təyin olunan Qurban Yusifzadənin dəvəti ilə Rafiq Hüseynovla bir vaxtda radiodan televiziyaya keçdik.

– İlk verilişiniz hansı oldu?

– Uşaqlara aid veriliş idi. Efirə çıxan günün səhəri insanlar məni sevinclə, məftunluqla qarşıladı. Sonradan “Günün ekranı” xəbərlər proqramına dəvət aldım. Uzun illər xəbər oxudum. Bu işdən xüsusi zövq alırdım.

– Diktorluq fəaliyyəti dövründə tamaşaçınıza verdiyiniz ən acı və ən xoş xəbər hansı olub?

– Məhsul bayramlarında hansı rayon planı artıqlamasıyla doldururdusa, o xəbəri sevinclə söyləyirdim. Bir də fəxri adların elan olunması şad xəbər sayılırdı. O vaxt fəxri adlar Moskva rəhbərliyi tərəfindən verilirdi axı. Acı xəbərlər, əsasən, ölümlə əlaqədar olub. Hansısa tanınmış şəxsiyyətin ölüm xəbərindən sarsıldığım vaxtlar olub. 1990-cı illərdə xalqımızın başına gətirilən oyun məni sarsıtmışdı və həmin vaxt xəbərləri hıçqıra-hıçqıra oxuyurdum. Buna görə rəhbərlik məni kabinetə çağırıb danlamışdı da.

– Nə demişdi?

– Dedi ki, belə vəziyyətdə xəbər oxumaq olmaz, efirə xəstə insanlar da baxır, onların ürəyi partlaya bilər.

Həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə çıxacaqsan?

 

– Heç xəstə vəziyyətdə efirə çıxdığınız vaxtlar olub?

– O qədər… 200 təzyiqlə xəbərlər oxumuşam. Bir dəfə vəziyyətim çox pis idi, efirdən qabaq həmkarım Sabir Ələsgərliyə dedim ki, halım pisdir, gözün mətnimdə olsun, çaşsam, sətirlər nəzərimdən qaçsa, tez sən oxu, vəziyyətdən çıxım. Həmin gün Sabirin boynu əyri qalmışdı, qorxurdu ki, başıma bir iş gələr, efirdə biabır olarıq.

– Amma olmadı?

– Yox, çünki məndə peşəyə o qədər böyük sevgi vardı ki, efirə çıxan kimi xəstəliyimi unudurdum, yaxşılaşırdım.

– Deyilənə görə, o vaxtlar qadağalar çox olub?

– Düzdür. Əynimizə nə gəldi, geyinib efirə çıxa bilməzdik. Mütləq uzunqol pencəkdə, sadə saç düzümündə olmalıydıq. Xəbər aparıcısının üzük, sırğa  taxmağa ixtiyarı yox idi. Nekroloq oxuyanda səs intonasiyamız mütləq dəyişməliydi.

– Heç olubmu ki, xoşladığnız bir paltarı geyinib efirə çıxmaq istəyəsiniz, amma buna görə danlanasınız?

– Adətən, xəbərləri oxuyurdum. Bir dəfə rəhbərlik təcili xəbər göndərdi ki, Filarmoniyada konsertin aparıcılığını etməlisən. Həmin axşam həm də “Günün ekranı” poqramına çıxmalıydım. Dedim ki, Filarmoniyaya getmək istəmirəm, icazə verin xəbərlərimi oxuyum. Qəti şəkildə etiraz etdilər və evə qayıdıb əynimi dəyişərək Filarmoniyaya getdim. Ansamblın rəhbəri Gülarə Əliyeva məni qısaqol geyimdə görəndə həyəcanla soruşdu ki, Ofa, bu paltarda səhnəyə çıxacaqsan? Həyəcanla əlavə etdi ki, geyimimi mütləq dəyişməliyəm. O vaxta qədər elə bilirdim ki, efirdən kənarda necə istəsəm, geyinmək olar. Konsertdə ulu öndər Heydər Əliyev də iştirak edəcəkmiş. Tez həyat yoldaşım Valid evə gedib mənə başqa paltar gətirdi və geyinib səhnəyə çıxdım. Sonradan öyrəndim ki, tədbirə məni ulu öndərin tapşırığı ilə aparıcı göndəriblər.

Atam qəti şəkildə buna etiraz etdi

 

– Həyat yoldaşınız Valid müəllimdən danışdınız, bəlkə, onunla tanışlığınızı xatırlayasınız…

– Validlə radioda tanış olmuşduq. Çox mədəni və diqqətli oğlan idi, sevdiyini deməsə də, məndən xoşlandığını bilirdim. İş yoldaşlarımızdan biri mənə dedi ki, Valid səni sevir. Sonra özü ürəyini açdı və elçi göndərmək istəyini söylədi. Etiraz etmədim.

– Bəs evdəkilər asanlıqla razılıq verdilər?

– Yox, atam qəti şəkildə buna etiraz etdi.

– Niyə?

– Çünki Validin atası Möhsün Sənani məşhur aktyor idi, atam isə hesab edirdi ki, sənət adamlarının ailəsinə qız vermək olmaz. Atamın fikrinə qarşı çıxdım, dedim ki, ata, sən nə danışırsan, o çox mədəni oğlandır. Validi sevdiyimi söylədim. Elçi gəldilər, razılığımı aldılar. O vaxt Möhsün Sənani ilə birgə elçiliyə çox məşhur aktyor və aktrisalar da gəlmişdilər – Məhluqə Sadıqova, Mustafa Mərdanov, o birilərin adını unutmuşam.

– Eşitdiyimizə görə, elə Möhsün Sənani də mühafizəkar kişi olub?

– Düzdür. Bilirsiniz ki, filmlərə çəkilmişəm, amma qayınatam bunun əleyhinə idi.

Qayınatama demişdi ki, niyə bu gəlinə imkan vermirsən…

– Bəs həmin filmlərə necə çəkildiniz?

–  Çünki qayınatam özü də çəkilirdi. Amma mənə heç imkan vermirdi. “Dağlarda döyüş” filmi çəkiləndə Şahmar Ələkbərova qəti şəkildə tapşırdı ki, nəbadə qızın əlindən tutasan. Şahmar da ondan inciyirdi ki, ay Möhsun müəllim, böyük aktyorsunuz, amma məni başa düşmürsünüz. Qız dağlardan qaça-qaça gələndə mən onu tutmalıyam axı, ən azı yıxıla bilər. Həm də sevgimi hansısa formada bildirməliyəm axı.

– Siz filmə çəkiləndə ondan icazə alırdınız?

– Mütləq. Birbaşa özünə demirdim. Həyat yoldaşım Validə deyirdim, o da qayınatamla məsləhətləşirdi. Bir dəfə Ədil İsgəndərov qayınatama demişdi ki, niyə bu gəlinə imkan vermirsən kinoya çəkilsin. Qayınatam da ona cavab verib ki, nə vaxt özüm çəkilsəm, ona da icazə verəcəm. Ədil müəllim demişdi ki, Möhsün qocaldığı üçün onu filmə çəkməyəcəklərini bilir. Buna görə arxayındır ki, Ofeliya da filmə çəkilməyəcək.

– Bəs özünüz necə, istəyirdiniz filmə çəkiləsiniz?

– İstəsəm də, onun sözündən çıxa bilməzdim. Qayınatam bunu mənə qadağan etmişdi.

– Məşhur kişinin gəlini olubsuz. Yəqin, dolanışığınız da yaxşı olub?

– Yox e, nə imkan. Qayınatam varlı deyildi, biz də balaca daxmada 12 kvadratmetr otaqda qalırdıq. Çətinliklərimiz çox olub. Amma bezməmişəm, çünkü Validi sevirdim.

– Ən çox hansı kişi həmkarınızla veriliş aparmaq istəmisiniz?

– Əslində, bunu rəhbərlik müəyyən edirdi. Amma bütün həmkarlarımla işləməkdən zövq almışam. “Günün ekranı”nı daha çox Rafiq Hüseynov və Sabir Ələsgərli ilə aparmışam.

Buna görə verilişə çıxmaqdan imtina edirdim

 

– Heç o vaxtlar xanım diktorlar arasında qalmaqal, inciklik yaşanırdı?

– Yox, biz çox mehriban idik. Bu gün də münasibətimiz yaxşıdır.

– O vaxt verilişlərdə mətni əzbərləyirdiniz?

– Bəli, bu, mütləq idi. Amma diktorluq fəaliyyətimin son illərində zehnim korşalmışdı, həvəssiz idim. Buna görə bəzən hətta verilişə çıxmaqdan imtina edirdim.

– Televiziya üçün qəribsəmisiniz?

– Çox darıxmışam. Hətta dəvət də edirlər, amma imtina edirəm.

– Niyə?

– Çünki artıq yaş o yaş deyil. Əvvəlki şux yeriş, qamət, o gözəllik qalmayıb. İstəyirəm yaddaşlarda əvvəlki gənc, gözəl Ofeliya kimi qalım.

– Siz elə indi də gözəlsiniz. Səsiniz də sehrini itirməyib.

– Sağ olun ki, məni belə görürsünüz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir