Məşhur və tanınmışların şəxsi həyatı hər zaman maraq dairəsində olub. Xüsusən də kimin necə ailə həyatı qurması, sevgisi, başına gələn maraqlı əhvalatlar və sair. Bu günlərdə deputat Fazil Mustafanın “Yeni Müsavat”a müsahibəsində səmimi etiraflar edərək “Mən “Arşın mal alan”dakı kimi evlənmişəm”” deməsi diqqətimizdən yayınmadı.
Bəs görəsən daha hansı məşhur “Arşın mal alan”dakı kimi, yəni görücü üsulu ilə və yaxud sevərək evlənib?
Araşdırmamız zamanı məlum olub ki, xalq şairi Fikrət Qoca 45 illik ömür-gün yoldaşı Raya Qocayeva ilə sevib evlənib. Bu, onun ikinci evliliyidir və xanımı ondan 15 yaş kiçikdir. Raya xanımın müsahibələrinin birində dediyinə görə, F.Qoca ilə ilk dəfə Kür qırağı ətrafında yerləşən meşədə, ailəvi istirahət edən zaman tanış olublar. Bu tanışlıqdan cəmi iki il sonra ailə qurublar.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, görüb, sevib, seçib evlənib: “Artıq 45 ildir ki, evliyəm və bu evlilikdən, min şükür ki, razıyam”.
ADP sədri Sərdar Cəlaloğlu isə həyat yoldaşını Naxçıvanda xəstəxanada görüb bəyənib. Partiya sədri “Yeni Müsavat”a açıqlamasında bildirib ki, xanımı müəllimədir: “Özüm sevib, bəyənmişəm. 1979-cu ildən, yəni 45 ildir ki, ailə həyatı qurmuşuq. İzdivacımızdan 3 oğlum, bir qızım var”. Onu da əlavə edək ki, partiya sədrinin övladlarının hamısı ailə həyatı qurub, çoxlu sayda nəvələri var.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə evliliyi barədə qətiyyən danışmaq istəmədiyini deyib: “Bunu mənimlə arvad bilsə, daha yaxşı olmazmı? Adətən bu tip məsələlərin ictimaiyyətdə müzakirə edilməsini istəməzdim”.
Tanınmış jurnalist Seymur Verdizadə isə orta məktəb illərindən sevdiyi xanımla ailə həyatı qurub: “Bunun üçün də çox da axtarış aparıb, uzağa getməmişəm. Belə ki, orta məktəbdə 11 il bir yerdə oxuduğum qızla ailə həyatı qurmşam. 9-cu sinifdə hiss etdim ki, sinfimizdə oxuyan bir qıza qarşı biganə deyiləm. Bir müddətdən sonra qərarımı ona bildirdim və 11-ci sinfə qədər bu yeniyetməlik sevgimiz davam etdi. Artıq son sinifdə bütün sinif yoldaşlarımız bizim sevgimizdən xəbərdar idilər. Orta məktəbi bitirdikdən sonra təhsil almaq üçün Türkiyəyə getdim. Sevdiyim qız isə Bakıda ali məktəbə daxil oldu. Mən 5 il Türkiyədə təhsil aldım. 6 aydan bir görüşürdük, amma əsas o idi ki, bir-birimizdən arxayındıq. Geri döndükdən sonra xahiş etdim ki, məni bir il də gözləsin, çünki hərbi xidmətə getməli idim. Beləliklə vətən qarşısındakı borcumu da yerinə yetirdikdən sonra 1999-cu ilin noyabr ayında evləndik. Bir maraqlı məqamı da deyim ki, mən Türkiyədə təhsil alanda tələbə yoldaşlarım arasında Türkiyənin tanınmış millət vəkilləri, generallarının övladları, qızları var idi. Onlar mənə biganə deyildi. Bəlkə də pafoslu səslənəcək, amma mən həqiqətən öz əhdimdən dönmədim, gözümün ucu ilə belə heç bir xanıma baxmadım. Dostlarıma da məsləhət görürəm ki, öz sevgiləri uğrunda həmişə mübarizə aparsınlar, heç bir zaman öz əhdlərinə arxa çevirməsinlər”.
Jurnalist evlilikdə valideynlərinin də izni olmasnın vacib olduğunu deyib: “Öz sevdiyim olsa da, valideyinlərimin də izni olaraq evlənmişəm. Rəhmətlik atam bizim sinif rəhbərimiz idi, 5-ci sinifdən 11-ci sinfə qədər dərs demişdi və hər ikimiz onun şagirdləri idik. Eyni kənddə yaşadığımızdan valideynlərimiz də bir-birilərini tanıyırdılar və bu izdivaca onların da xeyir-duası var idi. Bu izdivacdan iki övladımız var. Bir valideyn kimi həmişə demişəm ki, övladlarımın istəklərinə qarşı durmayacam, onlar kimi istəyib ailə həyatı qursalar mən onları dəstəkləyəcəm. Sevgi azaddır”.
Xalq şairi Nəriman Həsənzadə də mərhum həyat yoldaşı Sara xanımla sevib evlənib. Artıq çoxlarına məlumdur ki, Sara xanım N.Həsənzadənin “Nabat xalanın çörəyi” adlı 3 hissəli povestindəki Fərəh obrazının prototipidir. Təəssüflə qeyd edək ki, şairin həyat yoldaşı 25 ildən çoxdur ki, dünyasını dəyişib…