Tez-tez mətbuatımızın fövqəladə hallarda peşəkar, təmkinli, praqmatik, dövlətçilik maraqlarına uyğun mövqe tuta bilməməsindən gileylənirik. Bir neçə ay öncə olduğu kimi yenidən cəbhədə dinamiklik artıb və biz yenidən tətikdə durmuşuq ki, cəbhəyə doğru hərəkət edəcək texnikanın fotolarını çəkərək tirajlayaq və reytinq qazanaq. Bu reytinq savaşının verdiyi faktların düşmənin əks-kəşfiyyatına aid portfelə getdiyi barədə ya düşünməyəcək qədər diletant və sadəlövhük ya da sadəcə, bu, bizi maraqlandırmır.
Bəs bu fotolar, məlumatların dərc olunmasının əsas günahkarı kimdir: dövlətmi, yoxsa müxbir-jurnalistmi?
Hələlik, birinci təqsirləndirilən üzərində dayanaq: hərbi sirrin yayılmasını qanunvericilik qadağan edir. Ancaq dövlət maşın mexanizmi deyil, həmişə hər yerdə olmaq illuziyanist arzudur, daha konkret dövlət hər redaksiyada bir adamını oturdacaq qədər komandaya sahib deyil təbii ki. Deyə bilərsiniz ki, cəza tədbirləri nə üçündür? Cavab odur ki, azad mətbuatın inkişafını təşviq edən dövlət, hələ ki, tövsiyələrlə kifayətlənərək humanizm nümayiş etdirir.
İkinci təqsirləndirilən: tutaq ki, jurnalist peşəkar deyil. Bəs REDAKTOR?! Axı jurnalistin hazırladığı material redaktorun süzgəcindən keçir, filtrlənir.
Ümumiyyətlə, sual yaranır: ölkədə redaktorlar harda yetişir?
Bakı Dövlət Univerisetində Kitabxanaçılıq-informasiya fakültəsinin tərkibində Nəşriyyat işi və redaktəetmə ixtisası var. Bakalavr, magistr, hətta doktorantura və dissertantura elmi səviyyələrinə qədər kadr hazırlayan nəşriyyat işi və kitabşünaslıq kafedrası peşəkar redaktorlar hazırlamaq üçün işləyir. Ancaq maraqlı suallar var:
– Ötən illər ərzində kafedra bu sahədə hansı elmi işlər, hansı ədəbiyyatlar ortaya qoyub?
– İxtisas fənləri, onların proqramları dövrün tələblərinə, innovasiyalarına cavab verirmi?
– Müəllim kadrların neçə faizi redaktor təcrübəsi olan, praktik olaraq bu işlə məşğul olan müəllimlərdir?
– 70-ci illərin standartları üzərində qurulmuş mühazirələr çevik, mobil dünyanın tələbləri ilə nə qədər ayaqlaşa bilər?!
Hər halda, Kitabxanaçılıq-informasiya fakültəsi, Nəşriyyat işi və kitabşünaslıq kafedrası aşağıdakı məqamları müzakirə etsə, onları təhlil edərək dəyərləndirsə, effektiv nəticələr əldə etmək olar.
- Redaktəetmə işi çoxspektrlidir. Yalnız kitab redaktəsi ilə işimizi bitmiş hesab edə bilmərik. Yaxşı kitab redaktorunun həm də yaxşı televiziya, qəzet, jurnal, sayt redaktoru olacağına zamin durmaq qeyri-peşəkar yanaşma olar. Məsələ burasındadır ki, bu, nə qədər eyni elmi-nəzəri bazaya bağlı olsa da, praktik olaraq ciddi fərqlilikləri olan işlərdir. Nəinki televiziya və çap mətbuatının redaktə xüsusiyyətləri fərqlidir, hətta çap mətbuatının daxilində də – tutaq ki, qəzet və jurnal mətbuatının redaktə prinsipləri eynilik təşkil etmir. Məsələn, bir misal: Siz gündəlik qəzetin redaktoru olaraq daha sürətli üslub seçməlisiniz, aylıq jurnalda isə sizin missiyanız artıq xəbər çatdırmaqdan çox baş vermiş hadisələrin analizini təqdim etməkdir. Siz öz jurnalınızda hanısa informasiya yükü olan yazıda “Dünən… baş verdi” deyə bilməyəcəksiniz, hansı ki, qəzet redaktoru olaraq bu tipli materialı rahatca səhifəyə buraxa bilərsiniz… Və ya Siz qəzet redaktoru olaraq qəzetiniz manşet şəklini dünən baş vermiş hadisə ilə bağlya bilərsiniz. Ancaq jurnalın üzqabığını eyni şəkil eyni motivdə – yəni xəbər çatdırma funksiyasında bəzəyə bilməz. Birincisi, çapa göndərdiyiniz jurnalın bir neçəgün sonra çapdanqayıdacağı həqiqəti ilə hesablaşmaq zorundasınız. İkincisi, orta statistik oxucunun jurnaldan gözləntisi opertaiv xəbər almaq deyil, əsasən maariflənmək, bilgilənmək, faktların mülahizəsi, şərhi ilə tanış olmaqdır.
- Dövr İKT ilə ayaqlaşmağı tələb edir. Peşəkar sayt redaktorlarının hazırlanması məsələsi mütləq nəzərdən keçirilməlidir. Nəyə görə nəşriyyat işi və redaktəetmə ixtisasına sahib olan gənc sayt admin panelini ilk dəfə işləməyə başladığı redaksiyada görməlidir?!
Tələbə sayt admin paneli ilə işləmək bacarığından tutmuş müasir internet medianın redaktə xüsusiyyətlərini, onun bütün elementlərini elə bakalavr dövründəcə mənimsəməlidir.
- Artıq cəmiyyət informasiya azlığından deyil, bolluğundan əziyyət çəkir. Xüsusilə sosial şəbəkələr informasiya axınını bir qədər də sürətləndirir, çeşidləndirir və rəngarəng edir. Tədricən bazar sosial media mütəxəssislərinə ehtiyac duymağa başlayır. Odur ki, kadr hazırlayan müəssisələr bu tələbə adekvat reaksiya verməli, artıq sosial media mütəxəssisləri, menecerləri, hətta sosial media redaktorları hazırlamalıdır.
Şirkətlər üçün rəqabət müstəvisi genişlənməkdə, ənənəvi dairədən çıxaraq yeni müstəvilərə çıxmaqdadır. Sosial media yeni poliqondur və kadr istehsalçıları istehlakla ayaqlaşmağa məhkumdurlar.
- Tədrisin praktik keyfiyyətini artırmaq olduqca vacib tələb kimi qarşıda durur və bu tələbə qarşı nəzəriyyəçi müəllimlərlə əliboş çıxmaq mümkün deyil. Bunun üçün redaktorluq fəaliyyəti ilə praktik olaraq məşğul olan kadrların təhsil müəssisələrinə öyrədici qismində dəvət edilməsi vacibdir. Ölkədə onlarla peşəkar televiziya, qəzet, jurnal, sayt redaktorları var – onlarla müqavilə əsasında işləmək hazırlıqlı kadr bazasını formalaşdırmaqla yanaşı istehsalatla tədris arasında yaxşı bağ yarada, tələbə gənclərin və məzunların işsizlik probleminə töhvə verə bilər. Bu, həm də redaksiyalarda yaranmış vakansiyaların məhz ixtisaslı kadrlar hesabına doldurulmasına, qeyri-ixtisaslıların isə “öz işlərinin dalınca getməsinə” gətirib çıxara bilər.
- Bir qədər də qiymətləndirmə barədə. Tələbələrin qiymətləndirilməsi nəzəri biliklərə əsasən aparılmamalıdır. Praktik çalışmalara üstünlük verilməli, təcrübədə özünü təsdiq edən tələbə daha yüksək balla qiymətləndirilməlidir. Məsələn, sadə bir modul: Yaxşı olar ki, kafedranın özünə aid internet saytı – xəbər portalı olsun. Bu sayt tələbələrin materialları ilə işləsin. Söhbət onların şeir və hekayələrindən yox, “jurnalist” və “redaktor” olaraq hazırladıqları materiallardan gedir. Bu materiallar ölkəmizin təhsil həyatı ilə, universitetin, fakültənin, kafedranın fəaliyəti ilə bağlı xəbərlər, reportajlar, araşdırmalar, müsahibələr və s. ola bilər.
Hər bir qrup saytın bir bölməsinin işini apara bilər – məsələn, 2-ci kursun A qrupu ölkənin təhsil həyatı ilə bağlı xəbərlər hazırlayacaq, redaktə edib sayta yerləşdirəcək. Məhsul əvvəldən-sona qədər tələbələrin əlindən keçəcək. Hər bir qrup sanki bir redaksiya kimi çıxış edəcək. Hər bir qrupda redaktorlar, müxbirlər, fotoreportyorlar, korrektorlar və s olacaq.
Bu, elə də ciddi maliyyə tələb edən “layihə” deyil. Bir ortagörünüşlü, formaca orta səviyyəli saytın yaradılması üçün 500-600 AZN civarında vəsait tələb olunur. Əmin olmaq olar ki, belə bir layihəni universitet rəhbərliyi iki əlli dəstəkləyər, məsələnin maddi tərəfini həll edər.
- Tədris proqramı və dərs vəsaitləri, ədəbiyyatlar yenidən nəzərdən keçirilməlidir. Redaktəetmə, redaktor işinin əsasları ilə bağlı yeni nəşrlər hazırlanmalı, bu nəşrlər yeni standartlara cavab verməli, yeni media formaları barədə biliklər, yeni dövrün redaktorundan tələb olunan bilik və bacarıqlar o ədəbiyyatlara daxil edilməlidir. Tədris planı yenidən nəzərdən keçirilməli, redaktə işinin kitabşünaslıq və kitab redaktorluğu ilə məhdudlaşmadığı qiymətləndirilərək biliklər sistemi yeni dövrün media vasitələrinin redaktorundan tələb olunan keyfiyyətlər, yeni bilik və bacarıqların aşılanmasını özündə ehtiva edən komponentlərlə zənginləşdirilməlidir.
Vüsal Məmmədov
“168 saat” qəzetinin baş redaktoru,
AMEA-nın Əlyazmalar İnstitutunun dissertantı
Salam Vüsal müəllim çox gözəl yazmısınız,çox gözəl vacib məsələlərə toxunmusunuz.Dogurdan da bu gün mətbuatda olan məqalələr,jurnallarda olan məqalələrin çoxu deyərdim ki jurnalist qələmindən,redaktor nəzarətindən keçmədən bazara daxil olur,və nəticədə heç bir faydası olmur yəni o qezetleri,jurnalları istifadə edən olmur.Mən qəzet jurnal redaktoru işçisi deyiləm, amma çox istəyərdim ki o sahədə calisam.Mən belə düşünürəm ki,qəzet,jurnalların insanlar tərəfindən qəbul olunub bazardan alınması üçün,birinci növbədə qəzetə,jurnala qoyulan başlıqlardan asilidir.Qəzet yanından keçən insan,qəzetin üz başlığında olan yazını basliqi görüb onu almalidir.Amma doğru başlıq olmalıdır ki onun səhifəsini də oxuyanda ona başlıq qədər yaxın olsun