“Gencaile.az” “Publika.az”-a istinadən Türkiyənin məşhur araşdırmaçı alimi, eləcə də amerikalı diplomat, bir neçə il öncə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayzanın həyat yoldaşı Zeyno Baranın müsahibəsini təqdim edir.
– Sizə yazıb, müsahibə etmək istəyimi bildirəndə ilk cümləniz “mən siyasətdən artıq uzaqlaşmışam”, – oldu. Jurnlistlər sizi bu mövzuda çox narahat edirlər?
– Xeyr… Narahat etmirlər. Sadəcə bir çox jurnalist siyasətdən tam uzaqlaşdığım haqda hələ də məlumatsızdır. Buna görə də təklif gələndə hamıya deyirəm ki, xəbərləri olsun, yanlış anlaşılma yaşanmasın.
– Zeyno xanım, diqqətimi çəkən məsələ ilə bağlı sual vermək istəyirəm. Hər iki valideyniniz jurnalistdir. Peşə seçiminiz genetik irs hesab edirsiniz?
– Doğrudur, valideynlərim hər ikisi jurnalistdir. Jurnalistlərin əhatəsində böyümüşəm. Hətta belə deyim, məni jurnalistlər böyüdüb. Onların nə qədər önəmli iş gördüklərinin fərqinə varmışam. Cəmiyyəti məlumatlandırmaq, qərəzsiz xəbər çatdırmaq, həqiqətin ardınca getmək, bildiklərini ətrafına fayda verəcək şəkildə paylaşmaq, bunlar hamısı qanıma hopub, xarakterimi formalaşdırıb. Bilmirəm bəlkə də bu mirasdır, ancaq mən özümə daha çox araşdırmaçı deyərdim. Anam da, atam da öz sahələri üzrə güclü peşəkardırlar. İşin texnikası, nəzəriyyəsi ilə bağlı onlardan çox şey öyrənmişəm.
– Bu mövzuya toxunduqsa, ideal jurnalist formulunu təsvir edə bilərsinizmi? Jurnalist etiketi dediyimiz anlayış özündə nələri birləşdirməlidir?
– Ən vacib şərt mənbənin dərinliyinə getməyi bacarmaqdır. Mövzu nə olursa-olsun jurnalist bu üstünlüyə sahib olmalıdır. Söhbət internet axtarışları vasitəsilə digərlərinin yazdıqları məlumatları götürüb özününküləşdirməkdən getmir. Çünki bu faktlarda bəzən yanlışlığa yol verilir. Bir mövzu sizə həvalə olunubsa onu bir çox yöndən araşdırmalısınız. Tək yönlü araşdırma heç vaxt istənilən nəticəni vermir. Medalın hər iki üzünü, hətta mümkünsə hər üç üzünü göstərməyi bacarmalısınız.
– Bəs öz araşdırmalarınızda medalın hər üç üzünü göstərməyə nail olmusunuz?
– 2010-cu ildən bəri siyasi mövzuları və araşdırmaçılığı geridə qoyub, başqa sahəyə keçid etdim. Ondan öncəni xatırlamağa çalışacam. Fəaliyyətim boyu əlimdən gələni artıqlaması ilə etməyə səy göstərirdim. Bütün araşdırmalarımda yola bu niyyətlə çıxdım. Təbii ki, bəzən işlər istədiyimiz kimi getməyə bilər. Okeanın dibinə baş vura bilmirik. Amma həmişə mövzuya özəl yanaşmam olub və problemin həllini axtarmağa çalışmışam.
– 2010-cu ildən bu günə qədər həyatınız hansı məcraya düşüb?
– 8 ildir məsləhətçi kimi çalışıram. İnsanlara həyatlarının ən çətin anlarında peşəkar dəstək göstərirəm. İstər iş olsun, istər eşq, istərsə də digər münasibətlər… Peşəm bu sahədə də köməyimə çatır. İnsanlara problemin kökünə getməkdə yardımçı oluram. Məsələn, çarəsiz qaldığınız durumların da əslində sizin faydanıza olduğunu anlamalısınız. Yaxud küslüklərin səbəbinin bir tərəfli deyil, hər iki tərəfdən qaynaqlandığını bilməlisiniz. Heç bir problemə bir nöqtədən baxmamalıyıq. İçində olduğumuz qaranlığa müxtəlif yönlərdən baxıb, həyatımızı aydınlatmağa çalışmalıyıq.
– İnsanların ruhunu sağaltmaq, onlara həyat eşqi qatmaq çox gözəldir. Amma ilk təbibimiz özümüzük. Dənizin dibinə baş vurmadan özümüzü necə xilas edək?
– Ara-sıra hər bizimizdə depressiv duyğular baş qaldırır. Önəmli olan orada nə qədər qaldığımızdır. Cəmiyyətin bütün örnək aldığımız insanlar bu eniş-yoxuşdan keçib, çətin günlər yaşayıb. Çətin yola düşdüyünüz zaman qarşınızda iki seçim yaranır. Ya durumunuza üzülüb ağlamaq, yaxud yaşadıqlarınızdan dərs almaq, keçmişi keçmişdə qoyub, öyrəndiklərinizlə gələcəyə baxmaq… Anlayıram asan seçim deyil. Biz də sırf bunun üçün varıq. Bəzən ağır anlarımızda işə getmək, ailəmizlə birgə zaman keçirmək kifayət etmir. Ruhumuzun sualları günbəgün artır. Sual varsa, demək cavab da var. Mənim ümumi işlətdiyim bir nümunə var: bəzi şeylər mütləq qismətdir. Məsələn, yolda gedərkən ayağımız daşa dəyir. Bir də muğlak (qarışıq, çarpaz) qismət var. Yəni daşa dəydikdən sonra nə edəcəyik? Bəzilərimiz daşı günahlandırır, bəzilərimiz oturub gözləyir ki, kimsə gəlib bizi qaldırsın, kiçik bir qismimizsə qalxıb üst-başını təmizləyir və yoluna davam edir. Bu üçündən hansını seçməksə öz əlimizdədir.
– Bəs ömrümünüzün böyük hissəsini həsr etdiyiniz peşənizdən ayrılmaq mütləq qismət idi?
– Bəlkə də kənardan qəribə görünəcək, amma düşünürəm ki, insan həyatında hər şeyin bir doyum nöqtəsi var. Mən də siyasi fəaliyyətimi tam doyduğum anda bitirdim. İşimi böyük sevgi ilə görürdüm. İndi də vəziyyət eynidir. Mənim üçün sevimli iş hobbi deməkdir. Bu da dəyişkən anlayışdır.
– Qarşı cəbhədən siyasəti izləmək necə hissdir?
– Siyasət özü də insanlardan – bizdən ibarətdir. Demək ki, cəmiyyətin gələcəyini də biz həll edirik. İnsanların öz fərqindəliyi artdıqca karma yəni “nə əkərsən, onu da biçərsən” prinsipi formalaşır. Artıq qarşındakını günahlandırmırsan, heç kimə pislik etmirsən. Çünki dərk edirsən ki, əməllərin bu və ya daha sərt şəkildə sənin və sevdiklərinin rastına çıxacaq. Qarşılıq gözləmədən yaxşılıq etməyə alışmalıyıq. Çünki biz dəyişmsək, dünya dəyişməyəcək. Demək, siyasət də getdikcə lap qorxunc hal alacaq. Əvvəllər dəyişikliyin yuxarıdan bir neçə nəfərin qərarı ilə baş verdiyini düşünürdüm. İndi isə hər kəsin öz dünyasını yaratmaq iqtidarında olduğuna və o dünyada özü ilə sülh içərisində yaşaya biləcəyinə inanıram. Özü ilə savaşan insan ətrafına da qaranlıq saçır. Bu gün dünya belə savaşçılardan ibarətdir.
– Belə çıxır ki, ən küskün savaşçılar dünya liderlərdir? Onlara mütləq sizin kimi məsləhətçilər lazımdır…
– Dünya liderləri də bizim kimi ətdən, qandandırlar. Vəzifələri xaric bizdən heç bir fərqləri yoxdur. Dolayı yolla da olsa hamımız bir gəmidə üzürük. Odur ki, hər kəs öz dünyasını aydınlatmaqla məşğul olsa başqalarında səhv axtarmağa da gücü və cəsarəti qalmaz.
– Mesajınızı anladım(gülürük).
– Rica edirəm, siyasətin sadiq dostu din haqda da danışın…
– Tarixən dinlər siyasi xarakter daşıyıb. Verilən ilahi ismarış, həqiqətə qovuşmaq üsulu bəzən siyasətə o qədər təmas edir ki, dinlə, gözüqapalı inancı ayırmaq məcburiyyətində qalırıq. Dinlər tarix boyu insanların süzgəcindən keçib. Fərdlər şəcərə ilə ötürülən dinə deyil, qəlbinə, düşüncəsinə yaxın dinə sitayiş etməlidir. Ümumiyyətlə, bu, çox həssas mövzudur. Təəssüf ki, bu gün dinlərin hamısı siyasi mesajlar verir. Mövlanənin dediyi qəlb gözü, Tanrı inancı ilə bu gün sivilizasiyalarda hökm sürən din tam fərqli anlayışlardır.
– Bir anlıq düşünün ki, dünya sizin idarənizə verilib. İdeal dünya uğruna hansı dini və siyasi sistem tətbiq edərdiniz?
– Çox gözəl sualdır. Əslində siz də, mən də bəzən yaradanın, Tanrının, Allahın (yaxud nə istəyirsiniz deyə bilərsiniz) niyə daha mükəmməl dünya yaratmadığını düşünürük. Çünki hamımız fərqli dünyanın xəyalları ilə yaşayırıq. “Qurani-Kərim”də belə bir cümlə var: “Biz insanı ən dərin quyuya atdıq ki, oradan çıxa bilsin”. Bəlkə də bu gün bütün dünya o quyunun dibindədir. Sizin, mənim, bir dünya liderinin, dövlət başçılarının, bütövlükdə hər birimizin əl-ələ verib o dərindən çıxması vacibdir.
– Yəqin razılaşarsınız ki, xüsusən də biz qadınları o quyudan çıxardan ən güclü qüvvə məhəbbətdir. Siz də 2007-ci ildə öz məhəbbətinizə qovuşdunuz. Həmin dövrdə illər öncə Amerikanın ölkəmizdəki səlahiyyətli səfiri vəzifəsində çalışmış, diplomat Metyu Brayza ilə münasibətlərinizi rəsmiləşdirdiniz. Məhəbbətin tərifi varmı?
– Azərbaycan bizim üçün çox önəmli ölkədir. O, öz ölkəsini təmsil edirdi, mənsə araşdırma qurumunda çalışırdım. Bakı-Tbilisi-Ceyhan boru xətti layihəsini dəstəkləyən siyasi platformalar üzərində çalışırdıq. Bu, bizim ilk ortaq məqsədimiz, amalımız idi. Eşq mənim üçün şəkildən-şəkilə düşən ali hissdir. Gündəlik həyatımızın çətinlikləri bəzi saatlarda onu unutdura bilir. Bütün cütlüklər kimi, bir-birinizi incidə bilərsiniz, küsərsiniz. Amma bir anlıq özünüzə gəlib, ən isti xatirələrinizi yada salmalısınız. Çünki hər gün eyni sevgidə qala bilmirik. Bu da tam normaldır. Bizim birgə paylaşdığımız çox gözəl günlər olub, aşdığımız çətiniklər var. Ən əsası qarşılıqlı sayğını itirməmişik. Əsas da budur.
– Xüsusən də iki siyasi xadimin aləsində problemlərin siyasi yolla çözüldüyünü düşünürəm. Çünki yaradıcı insanlarda məsələ daha qəlizdir.
– Gülürük…
– Fransızlar üçün xoşbəxtlik yox, xoş vaxt anlayışı var. Bəs ətrafına zərrə-zərrə xoşbəxtlik ötürən Zeyno Baran üçün xoşbəxtlik nədir?
– Uzun illərdir bu sualı özümə verirəm. İnsan nə vaxt xoşbəxt olur? “Xoşbəxtəm” deyənlər həqiqətənmi xoşbəxtdirlər? Sonda bir qənaətə gəlmişəm. Bədbəxt deyiliksə, demək xoşbəxtik. Xoşbəxt olmağımız üçün çox böyük eşq yaşamaq, təmtəraqlı hadisələrin baş verməsi, günlərlə heyrətlənəcəyimiz sürprizlər gərək deyil. Bir anlıq təbəssüm, gözəl mahnı dinləmək də bizi xoşbəxt edə bilər. Təsəvvür edin ki, pulumuz da var, sağlamlığımz da yerindədir. Amma daxili rahatlığımız yoxdur. Qısası, əgər gecə başımızı yastığa rahat qoya biliriksə xoşbəxtik.
– Gənc və gözəl qadınsınız, amma sizi bir az keçmişə aparmaq istəyirəm. Ən yorgun, üzgün anınızda hansı xatirələriniz içinizi isidir?
– Çox incə sualdır. Bir neçə an ola bilər. Məsələn, qızımı dünyaya gətirdiyim günün xobəxtliyi, Metyunun mənə evlənmə təklifi etdiyi anın heyrəti… Lakin ən xoşbəxt anım yaddaşıma əbədi yazılıb. Bu an mənim özümlə bağlıdır. Bir araşdırma üzərində çalışırdım. Və bir neçə dəqiqə içərisində məsələnin kökünü çözdüm. Bir anda gözlərim yaşardı, xoşbəxtlikdən gah ağlayıb, gah da gülməyə başladım. İndi bir problemim, yaxud dərdim olanda, o anı xatırlayıram. Özümün özümü xoşbəxt etdiyim o möhtəşəm məqamı daim təkrarlamaq gücünə malik olduğumu düşünürəm. Bir anımı da xatırlatdınız. Onu da bölüşəcəm. İndoneziyanın Lombok adlı bir adası var. Universiteti bitirəndən sonra o adaya dincəlməyə getmişdim. Lombokda Yanar dağ var. Bütün gecə o dağa qalxırsan və Günəşin doğumunu izləyirsən. Tək idim. Zülmət qaranlıqda dağın başına qalxdım. Etiraf edirəm, qorxmuşdum. Amma əziyyətlə olsa da zirvəyə qalxdım. Günəş də xəfifcə göy üzünə qalxırdı. Hətta dağın ətəyindəki gölü də işıqlandırırdı. Çox xoşbəxt idim, əziyyətimə dəymişdi və mən zirvədən dünyanın işıqlandığı o gözəl anı izləyirdim.