Ruslan Emircanov

Millimizin keçmiş üzvü: “Bir də ayılırsan ki, nə ev var, nə maşın, nə də…” – MÜSAHİBƏ

Baxış sayı: 3. 619

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı karyerasının  böyük hissəsini “Karvan”, “Neftçi”, “İnter” və “Qəbələ” kimi iddialı klublarda keçirmiş sabiq milli üzvü Ruslan Əmircanovdur.

 

Futbolçu olmağınıza valideynlərinizin münasibəti necə olmuşdu?

– On yaşım olanda məhəllədə bütün günü futbol oynayırdım. Mənim marağımı və istedadımı görən atam məni futbola yönləndirdi. Valideynlərim məni bu yolda əvvəldən dəstəkləyirdi. Onlar mənim adlı-sanlı futbolçu olmağımı istəyirdilər.

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Əgər futbolçu olmasam, yəqin ki, polis olardım, çünki bu sahəyə hələ uşaqlıqdan marağım var idi. Orta məktəbdə oxuyanda polis olmaq haqda düşünürdüm.

– Futbolçu peşəsi elədir ki, adətən evdən uzaqda olursunuz. Belə vəziyyətdə ən çox hansı çətinliklərləüzləşirsiniz?

–  Mən Mingəçevrdə böyümüşəm. Valideynlərim indinin özündə də orda yaşayır. Bakıda tək yaşadığımdan məişət məsələləri baxımından çətinlik çəkmirəm. Artıq buna alışmışam. Əlimdən hər iş gəlir. Yemək də bişirə bilirəm. Əlimin duzu da var (gülür-red) Yeganə problem valideynlərim üçün darıxmaqdır. Bu səbəbdən vaxt olduqca Mingeçevirə yollanır, vaxtımı ailəmlə keçirirəm. Bəzən də onlar Bakıya gəlir.

– Yeri gəlmişkən, nə vaxt ailə qurmağı düşünürsünüz?

Yaxın vaxtlarda evlənməyi düşünürəm. Qismət olsa, bu il alınmasa da, gələn ilin əvvəllərində ailə quracam.

Ruslan

– Ailə qurarkən məntiq evliliyinə, yoxsa sevgiyə üstünlük verəcəksiniz?

Düzdü, indiki zamanda məntiq evliliyinə üstünlük verənlər də az deyil. Hətta kasıb oğlanların varlı qız, qızların isə varlı oğlan axtarması halları ilə də qarşılaşırıq. Amma ailə quran tərəflərin arasında sevgi yoxdursa, həmin ailənin uzunömürlü olması da şübhəli məsələdir. Ancaq sevgi əsasında qurulan ailələrdə maddi çətinliklər o qədər də problem  olmur.

– Sizcə, futbolçu üçün subay, yoxsa evli olmaq üstünlükdür?

– Təbii ki, evli olmaq daha yaxşıdır. Subay futbolçular hətta gənc yaşında parlasa belə, ya “ulduz xəstəliyi”nə tutulur, ya da normal həyat tərzi keçirmir və s. Düzdü, bunu bütün subay futbolçulara aid etmək olmaz, amma bu hal heç də az rast gəlinən durum deyil.  Bir də ayılırsan ki, nə ev var, nə maşın, nə də obiyekt. Hamısı cavanlığın qurbanı oldu. Amma evli olanda vaxtını daha çox ailənlə birlikdə keçirir və normal yaşayırsan. İnsanın həyatında birinci ailəsi, sonra peşəsi gəlir.  Düzdür, ailədaxili problemlər də olur. Heç kim deyə bilməz ki, onun ailəsində heç vaxt söz-söhbət olmayıb. Amma evdəki problemlər insanın işinə təsir etməməlidir. Əgər futbolçu meydana çıxdısa, evdəki problemləri bir kənara qoymalıdır.

– Karyeranızın geridə qalan hissəsində ən çox hansı qərarınızdan peşmanlıq hissi keçirmisiniz?

–  Karyeramın böyük hissəsini iddialı klublarda keçirmişəm. İstər, “Karvan”da, istər “Neftçi”də, istər “İnter”də, istərsə də “Qəbələ”də oynayanda komanda çempionatın mükafatları uğrunda mübarizə aparırdı. Buna görə də hansısa klubdan digərinə keçəndən sonra peşman olmamışam. Hər dəfə karyeramla bağlı qərar verəndə valideynlərim və özümdən yaşca böyük qardaşımla məsləhətləşmişəm. Çox şükür ki, bu baxımdan səhv etməmişəm. Ancaq “Qəbələ”yə transfer olunandan sonra aldığım zədə kluba yetərincə kömək etməyimə, uzun illər komandanın formasını geyinməyə mane oldu. Hətta birara elə düşünürdülər ki, mən bilə-bilə oynamıram. Başqa kluba getmək istəyirəm, özüm meydana çıxmıram. Klub rəhbərliyi mənə həmişə inanırdı. Komandanın içində bəzi adamlar düzgün fikirləşmirdi.Bu səbəbdən bir az məyus olmuşdum. Məqsədim komandaya faydalı olmaq idi. Amma zədə buna imkan vermirdi. Həmin vaxt aldığım zədə ciddi bir şey olmasa da, Azərbaycanda həkimlər problemin nədən qaynaqlandığını tapa bilmirdi. Həmin zədə məni 8 ay futbolsuz qoydu. Sonda İtaliyada əməliyyat olundum. Totti, Aquero və s. tanınmış futbolçuları əməliyyat edən həkim mənə “bu necə olur ki, Azərbaycanda bu qədər adi şeyi müalicə edə bilməyiblər və sən 8 ay bundan əziyyət çəkmisən” demişdi.

– Əlinizdə imkan olsaydı, hansı xasiyyətinizi dəyişərdiniz?

Xaraktercə necə deyərlər, bir az “qırmızı” adamam. Kimliyindən asılı olmayaraq hamının səhvini üzünə deyirəm. İndi də elə bir dövrdür ki, belə adamlara “təhlükəli” adam kimi baxırlar (gülür-red).  Amma həm də belə demək mümkünsə, hamı ilə dil tapan adamam. Dəyişmək istədiyim hər hansı bir xasiyyətim yoxdur. Bəlkə də xarakterimdəki hansısa çatışmazlıqları kənardan baxanlar deyə bilər, amma mənim özüm üçün hansısa xasiyyətimi fərqləndirmək çətindir.

– Azərbaycanda hansı hücumçulara qarşı oynamaq sizin üçün çətindir?

– Hazırda Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” sübüt edir ki, bütün komandalara, bütün oyunçulara qarşı oynamaq olur. Düzdü, aparıcı futbol ölkələrində çıxış edən oyunçuların səviyyəsi bizdən çox üstündür, amma bu o demək deyil ki, biz onlardan çəkinməliyik. Azərbaycan futbolunda da ölkə səviyyəsində güclü oyunmular az olmayıb. Hansı ki, düşünürsən ki, həmin oyunçuları gözdən yayındırsan bu sənə baha başa gələcək. Ya qol vuracaq, ya da məhsuldar ötürmə verəcək. Son vaxtlar ölkəmizdə top qovanlardan isə Reynaldo təhlükəli hücumçu idi. Ona qarşı oynamaq çətin idi. Hazırda “Qarabağ”da çıxış edən Kintananı da fərqləndirə bilərəm. Ancaq açığı, çox futblçu adı çəkə bilmirəm, çünki mən oyun zamanı kiməsə qarşı oynamaqdan qorxmamışam. Təcrübəm kimə qarşı necə oynamq lazım olduğunu müəyyənləşdirməyə imkan verir. Matçın start fiti səslənəndən sonra mənim üçün meydandakı bütün rəqiblər eynidir.

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

– Adətən, adi vaxtlarda yadıma xeyli gülməli hadisə düşür, amma  belə soruşanda unuduram. (gülür-red) . Həm də son vaxtlar müxtəlif  verlişlərdə maraqlı əhvalatlar danışmışam. İndi yenidən onları danışsam, maraqlı olmaz yəqin ki. Odur ki, futboldan kənar bir əhvalat danışmaq istəyirəm.

meyxana

Kamran Ağayev Dubaydan şuba almışdı. Görən kimi ona dedim ki, bu qadın üçündür. Çünki düymələri sağ tərəfdə idi. Ona dedim ki, Azərbaycanda kişilər şuba geyinmir. Elə adam tanımıram. Bir gün onunla birlikdə toya getmişdik. Şubanı qarderoba verib nömrə götürdü. Getdik, zala girdik. Toydan da tez çıxıb başqa yerə getməliydik. Aşağı düşəndə gördüm ki, Kamranın şubasını kimsə geyinib gedir. Nömrə ilə şubanı götürmək istəyəndə gördü yoxdur. İndi qaçır xalanın dalınca ki, “ay xala, ay xala, o şuba mənimdir”. Nəsə aldı şubanı, xaladan. Dubayda bunu aldadıb qadın şubasını 2 min dollara veriblər buna.

 

Söhbətləşdi: Tural Məmmədov

RUSLAN e emircanov ruslan A




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir