terlan

Millimizin üzvü: “Problemimi ailəmdən gizlətməyə çalışıram” – MÜSAHİBƏ

Baxış sayı: 2. 515

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Tərlan Quliyevdir.

 

–  Valideynlərinizin futbolçu olmanıza münasibəti necə idi?

–  Mənim futbolçu olmağımda valideynlərimin rolu böyükdür. Düzdür, mənim futbolçu olmaq istəyim də az deyildi, amma onların dəstəyini də qeyd etməliyəm.

 

–  Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

– Futbolçu olmasam, yəqin ki, başqa heç bir peşəm olmazdı, çünki əlimdən futbol oynamaqdan başqa heç nə gəlmir. (gülür – T.M.)

 

–  Bir futbolçu üçün ailə qurmağın mənfi və müsbət tərəfləri hansılardır?

–  Məncə, ailə qurmaq futbolçu üçün müsbət nəticə verə bilər. Ən əsası insanın daha məsuliyyətli olmasına yol açır.

 

– Yeri gəlmişkən, nə vaxt ailə qurmağı düşünürsünüz?

–  Allah qismət eləsə, yaxın 1-2 il ərzində ola bilər.

 

–  Maraqlıdır, ailə quran zaman valideynlərinizin düşüncəsi, yoxsa öz fikiriniz əsas olacaq?

– Mən düzgün fikiri üstün tutan, məntiqlə qərar verməyə çalışan adamam. Mənim üçün ağıl ağıldan üstündür düşüncəsi hakimdir. Odur ki, düzgün qərar qəbul etmək üçün çalışaram.

 

Terlan– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?

– Əsas problem əksər hallarda önəmli günlərdə yaxınlarımın yanında olmamaq, dəvət olunduğum mərasimlərə qatıla bilməməkdir. Ancaq futbolçu peşəsini seçəndə bunu da nəzərə almışdım. Bilirəm ki, bu mənim işimin bir parçasıdır.

 

– Bir probleminiz olanda ailədə kiminlə bölüşürsünüz?

– Düzü, daha çox mən problemimi ailəmdən gizlətməyə çalışıram. Bunun səbəbi isə onların mənim problemim üzündən məyus olmalarını istəməməyimdir. Odur ki, problemlərimi daha çox dostlarımla bölüşürəm.

 

–  Futbolçu karyeranızla bağlı ən çox hansı məqama görə təəssüflənirsiniz?

– Futbol gözəl idman növüdür. Əbəs yerə ona idmanın şahı demirlər. Amma bircə zədə problemi olmaya. Mənim təəssüfləndiyim məqam da elə zədə ilə bağlıdır. “Neftçi”də çıxış etdiyim dövrdə, bir qədər də konkretləşdirsəm, Avroliqada mübarizə apardığımız mövsüm yaxşı formada idim. İtaliya “İnter”i ilə oyundan sonrakı çempionat matçında aldığım zədəyə görə çox təəssüflənmişdim. AZAL-la oyunda aldığım həmin zədə mənə hərtərəfli pis təsir etmişdi.

 

– Yeri gəlmişkən, əlinizə imkan düşsə, həyatınızda nəyi dəyişmək istərdiniz?

– Açığı həyatımdan razıyam. Qismətimin pis olduğunu demək olmaz. Yaxşı ailəm, dostlarım və komanda yoldaşlarımın olması belə deməyə əsas verir.

 

– Yaxşı dostlarınızın olmasını dediniz. Maraqlıdır, hansı futbolçularla dostluq münasibətləriniz var?

– Düzü, futbolçuların 80% ilə münasibətim yaxşıdır, amma uşaqlıqdan bir yerdə olduğum Qara Qarayev, Araz Abdullayev, Mirhüseyn Seyidov, Emin Mehtiyev, Ürfan Abbasov, Elton Yaqublu, Araz Abdullayev və s. həmyaşıdlarımla münasibətlərin daha yaxındır. Bir də Elvin Yunuszadə mənim şirin dostumdur (gülür T.M).

Image result for TƏRLAN QULİYEV

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsinz

–  17 yaşadək yığma komandamızda çıxış edəndə milli komandanın tərkibində Almaniyaya yollanmışdıq. Elə oldu ki, ad günümü məhz orda qeyd etməli oldum. Həmin vaxt birdən qulağımıza canavar səsi gəldiyini eşitdik. Düzü, həmin anda bunun canavar səsi olub-olmamasını dəqiqləşdirə bilməmiş və həyətdə itlərin olduğunu zənn etmişdik. Bu səbəbdən də eyvana çıxaraq əlimizdəki banan qabıqlarını həyətə atdıq. Bu anda həmin banan qabıqlarının otelin həyətində toy edən cütlüyün başına düşdüyünü gördük. Sən demə, canavar səsini də məhz həmin bəy və gəlin çıxarırmış. (gülür- T.M).

 

 

Söhbətləşdi: Tural Məmmədov

 

Image result for TƏRLAN QULİYEV MİLLİDƏ

Terlan 10

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir