miq

MİQ imtahanında yeniliklər nə vəd edir?

Baxış sayı: 455

Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirilmə çərçivəsində dəyişikliklər edilib. Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

 

MİQ imtahanında yeni sənəd

O qeyd edib ki, əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular isə dərsliklərə əsaslanır. Onun sözlərinə görə, bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib.

İnstitut rəsmisi əlavə edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil bütün səviyyə üçün keçərlidir: “Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir”.

 

Hansı dəyişiklikliklər olacaq?

N.Mehdiyeva söyləyib ki, metodika və pedaqogika üzrə hüquqi savadlılıqda məzmun sahələri və sual sayı azaldılaraq 1-ə endirilib.

Həmçini müəllimlərin işə qəbulu imtahanında səhvləri düzgün cavablara təsir edəcək. N.Mehdiyeva bunu belə əsaslandırıb ki, müəllimlərin işə qəbulu imtahanında səhvlərin düzgün cavablara təsiri bu istiqamətdə aparılmış təhlillərin nəticəsində verilmiş qərardır.

Onun sözlərinə görə, təhlillər onu göstərir ki, asan və orta səviyyəli sualları cavablandıra bilməyən namizədlər bəzən yüksək çətinlikdə olan suallara düzgün cavab verirlər:

“Bu, tapmaca xarakterli cavablandırmanın nəticəsidir. Ona görə də MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib”.

 

“Daha yaxşı öyrənməliyik”

Bəs görəsən bu yeniliklər müəllimlərin ürəyincədirmi?

Müəllim işləyən Pərvanə Məmmədova deyir ki, dəyişikliklər MİQ imtahanının çətinləşməsinə gətirib çıxartsa da, bu müəllimlərin məsuliyyətini artıracaq. Həmsöhbətimiz bildirib ki, səhv cavabların düz cavablara təsir etməsi müəllimləri daha diqqətli olmağa vadar edəcək. P. Məmmədova qeyd edib ki, müəllimlər imtahana daha yaxşı hazırlaşmalı olacaqlar. Çünki, mətnlərdəki hər hansı diqqətdən qaçan məqam müəllimlərin nəticələrinə təsir göstərəcək. Onun sözlərinə görə, buna görə müəllimlər öz ixtisas fənlərini daha yaxşı öyrənməlidirlər.

Onun sözlərinə görə, MİQ imtahanına hazırlaşmaq üçün müəllimlər daha çox vaxt sərf edəcəklər.

 

Müəllimlər öz ixtisas fənlərini daha yaxşı öyrənəcək

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, təhsil üzrə ekepert İlqar Orucov bildirir ki, MİQ imtahanı ilə bağlı dəyişikliklərə ehtiyac vardı. Onun sözlərinə görə, imtahan müddətinin 90 dəqiqədən 120 dəqiqəyə çatdırılması vacib dəyişiklik idi.

Onun sözlərinə görə, 60 suala maksimum 100 bal toplamaq şansının verilməsi və ixtisas üzrə 40 suala hər düzgün suala cavaba görə 2 bal, eləcə də metodika üzrə 20 suala görə bir balın verilməsi müəllim olmaq istəyənləri düşündürürdü:

“İxtisas suallarına verilən ballara dəyişiklik vacib idi. Sualların çətinləşdirilməsi ona görə yaxşıdır ki, müəllim ən yaxşıların içərisindən seçiləcək. Hər dörd yalnış cavaba görə bir düzgün cavabın silinməsi isə rəqabət mühitini artıracaq. Digər tərəfdən müəllimlərin öz ixtisaslarını, eləcə də metodikanı yaxşı bilməsi vacibdir. Bu düzgün qərardır. Müəllimlərin məsuliyyətini artıracaq”.

İ.Orucov deyir ki, suallar tətbiq olunarkən proqramdan kənara çıxmanın olmaması müəllim olmaq istəyənlərə qarşı ədalətli yanaşmadır. O, yeniliklərin ixtisas fənlərinin daha dərindən öyərilməsinə səbəb olacağını vurğulayıb.

Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir