Miqren nədir?
Miqren – başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla, ürəkbulanma, qusma, ışığa və səsə həssaslıqla müşayiət olunan nevroloji xəstəlikdir.
Miqren tutmaları nə qədər tez-tez təkrarlana bilər?
Bu individual faktorlardan asılıdır: xəstəliyin davametmə muddəti, xəstənin yaşından, qıcıqlandırıcı faktorların təsirindən və s. Pasiyentlərin 33-34%-də miqren ayda 2 dəfə və daha az olur. Pasiyentlərin 27%-i hər ay tutmalardan əziyyət çəkir. 17%-də ən azı 2 həftədə 1 dəfə, 12% -də isə hər həftə. Pasiyentlərin təqribən 10%-də isə ay ərzində hətta 5 dəfədən artıq miqren tutmaları olur.
Miqren tutması nə qədər davam edə bilər?
Miqren tutmasının davamlığı 4 – 72 saat olur. Əksər hallarda (80%) miqren tutması 6 saatadək davam edir.
Miqren tutmasının əsas səbəbi nədir?
Miqrenin dəqiq yaranma səbəbi bəlli deyil. Yaranma səbəbinin bir neçə nəzəri modeli olsa da, onlardan heç biri tam olaraq dünya alimləri tərəfindən təsdiq olunmayıb.
Doğrudanmı miqren irsi xəstəlikdir?
Eksperimental və kliniki nəticələr miqrenin genetik mənşəli olduğunu göstərir. Daxili və xarici triqqer faktorlarına özəl şəkildə reaksiya verən sinir sistemi Miqrendən əziyyət çəkən xəstələrə irsi olaraq keçir.
Mənim valideyinlərimdə miqren tez-tez olur. Deməli məndə də olacaq?
Valideyinləri miqrendən əziyyət çəkən uşaqların bu xəstəliyə düçar olma riski müxtəlif mənbələrə görə 60-90% təşkil edir. Miqren yalnız anada varsa xəstələnmə riski 72 %, yalnız atada varsa risk daha aşağıdır, təqribən 20%.
Üçlü sinirin miqrenlə əlaqəsi varmı?
Üçlü sinir damarların neyrogen iltihabının təkan vericisidir. Həmçinin beynin sərt örtüyü damarlarının genəlməsini stimullaşdırır və mədə peristaltikasını pozur, bu isə tutma zamanı ürəkbulanma və qusmaya səbəb olur.
Miqren nə qədər geniş yayılmış xəstəlikdir?
Müxtəlif tədqiqatların nəticələrinə görə inkişaf etmiş ölkələrdə əhalinin 15-20% miqrendən əziyyət çəkir.
Miqrendən daha çox kimlər əziyyət çəkir?
Qadınlarda miqrenə kişilərdən 2,5 dəfə çox rast gəlinir.
Miqren tutmaları hansı yaşda başlayır?
Adətən 35-40 yaş aralarında. Lakin, onu da unutmayaq ki, xəstəliyin yaranma zamanı hər pasiyent üçün unikaldır və insana təsir göstərən bir sıra amillərdən asılıdır. Bu səbəbdən miqren müxtəlif yaş qrupu xəstələrdə olur, hətta uşaqlarda belə.
Miqren triqqeri nə deməkdir?
Triqqer miqren tutmasına gətirib çıxara bilən daxili və xarici faktorlardır.
Triqqerlər nə cür olur?
Miqren triqqerləri müxtəlif ola bilər: yeməklər, içkilər (əsasən də tərkibində konservant, nitrat, nitrit, kofein olanlar), yemək rejiminin pozulması, stres, müxtəlif dərman preparatları, yuxusuzluq və s. Fiziki məşqlərlə də ehtiyatlı olmaq lazımdır. Miqren tutması fiziki gərginlik fonunda daha da güclü olur.
Triqqerlərlə nə etmək lazımdır?
Triqqerləri öncə aşkarlamaq, sonra isə istisna etmək lazımdır. Bunun üçün baş ağrıları gündəliyi aparmaq və ağrıları təhlil etmək lazımdır. Bir çox hallarda müəyyən maddələrin qəbulu ilə miqren tutması arasındakı əlaqəni müəyyən etmək mümkün olur.
Siqaret çəkmə miqrenə nə cür təsir edir?
Miqrendən əziyyət çəkən pasiyent siqaret çəkəndirsə o, özünü böyük riskə atır. Siqaret çəkmə qanın laxtalanma müddətini azaldaraq beyin qan dövranına mənfi təsir edir. Auralı miqren tutması zamanı spazm vəziyyətində olan damarlara analoji təsir insult riskini 8 dəfə artırır.
Digər xəstəliklərin olması miqrenə təsir edirmi?
Əlbəttə. Digər xəstəliklər həm tutmaların tezliyinə, həm də miqrenin müalicəsinə təsir göstərir. Bəzən yanaşı xəstəliklərin müalicəsi miqren tutmalarının intensivliyini azalda bilir. Həmçinin, yanaşı xəstəliklər miqren xəstəliyinin müalicəsində istifadə olunan dərman preparatlarının qəbulunu məhdudlaşdıra və yaxud digər şəkildə dərmanların təyininə təsir göstərə bilər.
Miqren diaqnostikası nə dərəcədə çətindir?
Müasir zamanda miqrenin diaqnostikası çətinlik törətmir. Bəzi hallarda, miqrenin digər baş ağrıları və xəstəliklərdən ayırd etmək lazım olduğunda daha detal diaqnostika tələb oluna bilər.
Miqren diaqnozunu qoymaq üçün hansı diaqnostik üsullardan istifadə olunur?
Nevroloji xəstəliklərin diaqnostikasında olan inkişafa baxmayaraq miqrenin diaqnostikasında hər-hansı xüsusi vasitələr tələb olunmur. Miqren diaqnozu anamnez əsasında qoyulur. Əlavə tədqiqatlar yalnız digər xəstəlikləri istisna etmək məqsədi ilə təyin olunur.
Aura nədir?
Aura – miqrenin təzahürü, 5-10 dəqiqə içərisində intensivləşən və 1 saatdan çox davam etməyən lokal simptomlardır. Əksər hallarda auranın ardınca baş ağrısı başlayır, yəni aura baş ağrısının “xəbərçisidir”. Bəzi hallarda auradan sonra baş ağrısı başlamaya da bilər.
Məndə auranın olub olmadığını necə müəyyən etmək olar?
Adətən xəstələr özləri tutmanın başlanmasını hiss etdiklərini deyirlər. Aura özünü bir çox əlamətlərlə biruzə verə bilər. Bütün bu simptomlar 60 dəqiqədən artıq çəkmir və miqren tutması ilə əvəz olunur. Bəzi pasiyentlər bədənin müxtəlif hissələrinin keyiməsi, qeyri-adi qoxular, müəyyən dad və ya görmədə qeyri adi dəyişikliklərin olduğunu qeyd edirlər. Aura stereotip xarakter daşıyır, eyni əlamətlər tutmadan tutmaya kimi təkrarlanır.
Aura təhlükəlidirmi?
Aura əsasən təhlükəsizdir. Anidən başlayan aura insanı çaşdıraraq onun üçün məişət və professional baxımdan müəyyən təhlükə daşıya bilər. Miqrenin bəzi nadir formaları xüsusi spesifik auraya malikdir ki, onlar pasiyentin sağlamlığı üçün təhlükəli ola bilər. Məsələn, hemiplegik miqrendə aura – ətrafların ani iflici ola bilər. Bu isə travmalarla nəticələnə bilər.
Aura bir saatdan artıq davam edə bilərmi?
Bütün qeyri-adi, xüsusən də ilkin yaranmış və 1 saatdan çox davam edən simptomlara ehtiyatla yanaşmaq, mümkün qədər tez həkimə müraciət etmək lazımdır. Bu cür əlamətlər beyin qan dövranının qəfil pozulmasının əlaməti ola bilər ki, bu da təcili həkim müdaxiləsi tələb edir.
Miqrenlə iş fəaliyyəti arasında əlaqə varmı?
Miqrenlə insanın iş fəaliyyəti, maliyyə vəziyyəti və ya sosial statusu arasında əlaqənin olması təstiqlənməyib. Lakin, alimlər bu xəstəlikdən zehni işlə məşğul olanların daha çox əziyyət çəkdiklərini qeyd edirlər.
Miqrenlə depressiyanın arasında nə cür əlaqə var?
Xroniki miqrenlərdə (tez-tez təkrarlanan ağrı tutmaları) depressiv pozuntular xəstələrin təqribən 80%-də aşkar olunur. Bu, həyat keyfiyyətinin aşağı düşməsi ilə əlaqəlidir: gündəlik sosial və professional aktivliyin azalması, tez-tez yaranan ağrı epizodları və onların ağrının idarəetmə sisteminə təsiri, müalicədən qeyri məmnunluq və digər amillər miqrendən əziyyət çəkən xəstələrdə narahatlığın və depressiyanın yaranmasının səbəbi ola bilər.
Miqrenin ağırlaşmaları olurmu?
Bəli, olur. Xroniki miqren – miqrenin ağırlaşması (aurasız), baş ağrısının intensivliyi ayda 15 gündən artıq olur. Miqrenoz status – miqren tutması (aurasız) 72 saatdan çox davam edir. Miqrenoz infarkt – miqren tutmasının nəticəsi ola bilər. Belə halda aura əvvəl 60 dəqiqəyə qədər davam edir, sonradan digər simptomlar da əlavə oluna bilər. Həmçinin, neyrovizualizasiya nəticələri beyində qan dövranının pozulduğu sahələri aşkar etməyə imkan verir.
Ağırlaşmalar yarandıqda nə etməli?
Miqrenoz status və miqrenoz infarkt zamanı xəstəni mümkün qədər tez stasionara, həkimin nəzarəti altına yerləşdirmək lazımdır. Təcili yardım briqadası çağırmaq, həkimə vəziyyəti anlatmaq lazımdır. Xroniki miqrenin müalicəsi üçün nevroloq və terapevtin nəzarəti, bütün triqqerlərin müəyyən edilidikdən sonra istisna olunması və müalicənin effektivliyinə nəzarət tələb olunur.
Miqren niyə xroniki formaya keçir?
Miqren tutmalarının daha tez-tez baş verməsi mənfi faktorların təsiri nəticəsidir. Gündəlik həyatda müxtəlif streslər, ağrıkəsici preparatlarından həddindən artıq istifadə və s. faktorlar tutmaların daha tez-tez təkrarlanmasına gətirib çaxara bilər. Eyni zamanda tutmaların intensivliyi azala, həmçinin işığa və səsə həssaslıq, ürəkbulanma və qusma kimi simptomların zəifləməsi də ola bilər (bu simptomlar tipik miqren tutmalarını müşayiət edirdilərsə).
Tutmanı “dözərək” dərmansız keçirmək olarmı?)
Müasir yanaşmaya görə pasiyent hər tutma zamanı adekvat müalicə almalıdır. Müalicəsiz qalan hər ağrı tutması pasiyenti xroniki miqrenə yaxınlaşdırır. Bəzi hallarda ağrının pik nöqtəsində ciddi ağırlaşmalar da baş verə bilər. Bu səbəbdən miqrendən əziyyət çəkən xəstələrdə mütləq miqrenin qarşısını almağa kömək edən vasitələr olmalıdır.
Miqren hansı dərmanlarla müalicə olunur?
Miqrenin müalicəsində müxtəlif qrup dərman preparatarından istifadə olunur: adi analgetiklər, qeyri steroid iltihab əleyhinə preparatlar, triptanlar (miqrenin müalicəsi üçün xüsusi dərman vasitələri) və bəzi profilaktik vasitələr.
Xəstəliyimin yüngülləşməsi üçün nə etməliyəm?
Miqrenin müalicəsi bu xəstəliyə ciddi nəzarət tələb edir. Triqqerləri müəyyən edib onların təsirini istisna etmədən müalicədən yaxşı nəticələr gözləmək çətindir.
Miqren beynin digər xəstəliklərinə səbəb ola bilərmi?
Baxmayaraq ki, bir çox xəstəliklər oxşar mexanizmlər üzərində inkişaf edir, miqrenin beynin digər xəstəliklərinə səbəb olması barədə məlumatlar yoxdur. Adətən miqren bir sıra patoloji hallarla müşahidə olunur. Bu cür hallar komorbid vəziyyət adlanır. Bəzi nevroloji, psixiki, ürək-damar xəstəlikləri ilə miqren tez-tez parallel olaraq inkişaf edir ki, bunu təsadüf hesab etmək çətin olur.
Mən tutmalardan qorxuram. Nə edə bilərəm?
Qorxunuzu müalicə həkiminizlə müzakirə etməlisiniz. Yadınızda saxlamalısınız ki, nəzarət altında saxlanılan miqren praktiki olaraq təhlükəsizdir. Miqren həyatınızı qısaldan bir xəstəlik deyil. Kontrol olunan miqren sağlamlığınızın digər göstəricilərinə və zehninizə mənfi təsir göstərmir. Miqreni nəzarət altında saxlamağı öyrəndiyinizdə qorxu hissindən aza ola biləcəksiniz.
Doğrudanmı bir çox dahi insanlar miqrendən əziyyət çəkirdi?
Doğrudur. Miqren tarixən zehni iş görən insanlarda rast gəlinən xəstəlik olub. Onu hətta “dahi insanların xəstəliyi” adlandırırlar. Yuli Sezar, Linney, Darvin, Marks, Paskal, Nobel, Geyne, Betxoven, Po, Mopassan, Şopen, Nisşe, Freyd, Vaqner – onların hamısı miqrenə rəğmən tarixdə silinməz iz buraxmışlar.
Bəzən məndə adi miqren tutmasına oxşamayan, qeyri adi baş ağrıları olur. Ağrılar nəyə görə fərqlənir?
Görülənə görə, sizdə miqrenlə digər, birincili baş ağrısının qarışığı mövcuddur. Bəzi pasiyentlər miqrenlə gərginlik baş ağrısının birləşməsindən əziyyət çəkirlər, amma bu da həyati təhlükə daşımır. Lakin, gərginlik baş ağrısı insanın əhvalına və həyat tərzinə öz neqativ təsirini göstərə, həyat keyfiyyətini azalda bilər. Müxtəlif baş ağrıları təkralanırsa bu barədə mütləq müalicə həkiminizi xəbərdar edin ki,
Bildiyimə görə miqren xəstəliyi müalicə olunmur. Müalicəsi yoxdursa dərmanların qəbulu nə üçündür?
İnsan beyni xəstəliyin 10-12 ayını kompensasiya edə bilər, lakin kontrol olunmayan, qarşısı alınmayan miqren tutmaları ağrıəleyhinə sisteminin imkanlarının tükənməsi ilə nəticələnə bilər. Belə vəziyyətdə isə miqrenin xroniki formasına keçidi kimi ağırlaşmalar yarana bilər. Müalicənin (dərmanların) əsas məqsədi miqreni kontrol altına almaqdır.
Miqren hamiləliyə təsir göstərirmi?
Həmiləlikdən öncə miqren olubsa hamiləlik zamanı baş ağrıları adətən səngiyir. Bəzən isə əksinə, heç olmadığı halda hamiləlik dövründə miqren hormonal fondan asılı olaraq birdən- birə yarana bilər.. Adətən miqren tutmaları hamilə qadınlarda qorxu və depressiyaya səbəb olur. Miqrendən əziyyət çəkən xanımlar hamiləlik dövründə mütləq müalicə həkimləri ilə məsləhətləşməlidirlər, çünki miqren əleyhinə preparatlardan hamiləlik dövründə istifadə etmək məsləhət görülmür.
Mənə triptanlar təyin ediblər. Bu nə üçündür?
Triptanlar – xüsusi olaraq miqrenin müalicəsi üçün yaradılmış və klassik ağrıkəsicilərdən fərqli təsir mexanizmi olan dərman preparatlarıdır. Triptanlar miqren zamanı effektivdir, lakin digər ağrılarda təsir göstərmirlər.
Mənim dostuma miqren ağrılarında yalnız alkohol kömək edir. Bu təhlükəsizdirmi?
Çox güman ki, dostunuz başqa növ baş ağrılarından əziyyət çəkir. Miqren üçün alkohol ən güclü qıcıqlandırıcı faktorlardandır. Cəmi bir bokal şərab tutmaya səbəb ola və ya mövcud tutmanı bir az da gərginləşdirə bilər. Onu da yadda saxlamaq lazımdır ki, miqren əleyhinə dərmanlar və alkohol qətiyyən bir yerdə qəbul oluna bilməz!
Ağrı keçdiksən sonra da özümü piss hiss edirəm. Səbəbi nədir?
Birincisi, ağrı sizin gücünüzü tükədir. İkincisi, ağrının sona çatması beynin patoloji aktivliyinin qurtarması ilə eyni zamanda baş vermir. Sizin tam olaraq ağrıdan ayılmanız və özünüzü yaxşı hiss etməyiniz arasında bir neçə saat keçə bilər.
Triptanlar nə dərəcədə effektivdir?
Çoxsaylı kliniki tədqiqatlar triptanların 70 % effektivliyini göstərir.
Triptanlara əks göstərişlər hansıladır?
Triptanlar ürəyin işemik xəstəliyində, ağır hipertenziya və aritmiya, eləcə də prepata individual həssalıq zamanı əks göstərişdir. Hər bir preparat üçün əksgöstərişlər bir az fərqlənə bilər. Qəbul etmədən öncə həkimlə mütləq məsləhətləşmək lazımdır.
Miqren tutmaları zamanı məndə güclü ürəkbulanma və qusma olur. Belə vəziyyətdə dərmanı necə qəbul edim?
Preparatlar müxtəlif vəziyyətlər üçün fərqli formalarda buraxılır (sprey, şam). Həmçinin, ürəkbulanma və qusma zamanı qusmaəleyhinə preparatlar qəbul etmək məqsədəuyğun olar. Sizə daha uyğun olan preparatı seçmək üçün həkimlə məsləhətləşin.
Məndə niyə aura oldu, amma baş ağrısı olmadı?
Bəzi pasiyentlərdə miqrensiz aura epizodları müşahidə olunur, onları hətta “başsız miqren” adlandırırlar.
Aura varsa, lakin baş ağrısı yoxdursa, dərmən qəbul etmək lazımdırmı?
Bəli, bu cür patoloji proseslərdə adi tutmalarda olduğu kimi dərman qəbul olunmalıdır.
Dərmanı miqren tutmasının hansı mərhələsində qəbul etmək daha düzgündür?
Mümkün qədər tez. Tutmanın yaxınlaşdığını hiss edən kimi ən qısa zamanda dərmanı qəbul etmək lazımdır. Erkən dərman qəbulu ağrı sindromunun azalmasına kömək edir, əksər hallarda isə miqren tutmasının qarşısını almağa imkan verir.
Tutma artıq baş veribsə, dərman qəbul etməyə ehtiyac qalırmı?
Sübut olunub ki, dərmanın tutmanın birinci saatında qəbul edilməsi onun daha sonrakı saatlarda, artıq ağrı şiddətləşəndə qəbul olunandan qat-qat çox effekt verir. Hər hansı səbəbdən dərmanı vaxtında qəbul edə bilməyibsinizsə mümkün olan kimi preparatı qəbul edin ki, ağrı daha da intensivləşməsin.
Miqrendən qurtulmaq olarmı?
Hal-hazırda miqrenin tam müalicəsi mümkünsüz sayılsa da, tam sağalma halları da mövcuddur. Ümumiyyətlə insan yaşlandıqca miqren tutmaları onda tədricən azalır.