mobil telefon

Mobil telefon dərsi pozur, yoxsa müəllimlərin imicini?

Baxış sayı: 553

Məktəblərdən yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulub. Bu barədə sosial platformalardakı təhsil forumlarında məlumat paylaşılıb. Xəbərə görə, artıq paytaxtın bir sıra ümumtəhsil müəssisələri şagirdlərə məktəbə mobil telefon gətirməyi yasaqlayıb.

Bildirilir ki, dərsə mobil telefonla daxil olan şagirdlərin telefonları əllərindən alınaraq qaytarılmayacaq. Məktəb direktorları bunu mobil telefonların dərsi pozması ilə əlaqələndirsələr də, əsas səbəbin son günlər məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək yayılması göstərilir.

 

Mobil telefon qadağasını kim qoyub?

Təhsil Nazirliyindən və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilir ki, bu hər bir məktəbin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Rəsmi şəkildə məktəblərdə şagirdlərin mobil telefon gətirməsinə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən hər hansı qərar verilməyib.

Gunel Seferova

Dərs prosesinə mane olur

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirir ki, bu məsələ məktəblərin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Buna hər hansı rəsmi qurumun qarışmaq səlahiyyəti yoxdur.

G.Səfərova bildirir ki, özəl təhsil müəssisələrində şagirdlərin şəxsi əşyaları üçün ayrıca şkaflar var. Şagirdlərin dərsə mobil telefonla daxil olmasına icazə verilmir. Amma dövlət ümumtəhsil müəssisələrində şagird sayı çox olduğundan bu, mümkün deyil. G.Səfərova ABŞ, Skandinaviya ölkələrində də şagirdlərin dərsə mobil telefonla daxil olmasına icazə verilmədiyini bildirib.

Onun sözlərinə görə, təhsil müəssisəsinə mobil telefon gətirilsə də, dərs prosesinə mobil telefonla daxil olmağa icazə verilmir: “Mobil telefonlar dərs prosesinə mane olur. Amma əsas məsələ bu qadağanın niyyətidir. Əgər mobil telefonların məktəbə gətirilməsinə məktəbdə baş verən neqativ halların ictimailəşməsinin qarşısını almaq məqsədilə qadağa qoyulubsa, bu, çıxış yolu deyil. Yox, əgər bu, doğrudan da dərs prosesinin pozulmasının qarşısını almaq üçün atılan addımdırsa, lazımlı qadağadır”.

G.Səfərova deyir ki, müəllimlər məktəblərdə mobil telefondan dərsin daha maraqlı və zənginləşdirilməsi üçün də istifadə edə bilərlər: “Amma ağıllı telefonların dərs prosesini pozması beynəlxalq normalarda da əks olunub. Yaponiya təhsil sistemində də şagirdə dərsdə mobil telefonla iştirak etməsinə icazə verilmir”.

nadir israfilov

Direktorlar haqlıdır?

Təhsil üzrə ekspert Nadir İsrafilov isə mobil telefonların dərsə gətirilməsinin dərs prosesini pozduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, əgər mobil telefon valideynə uşağı ilə əlaqə qurması üçün lazımdırsa, onda şagirdə baha qiymətə çoxfunksiyalı mobil telefon almağa ehtiyac yoxdur:

“Bəzi məktəblərdə mobil telefon qadağası çoxdan tətbiq edilir. Son vaxtlar dərs prosesindən görüntülərin çəkilməsi bu məsələni daha da aktuallaşdırdı. Dərs prosesində mobil telefondan istifadə edilmirsə, şagirdin dərsə mobil telefonla daxil olmasına ehtiyac yoxdur.

Dərsdə uğur qazana bilməyən uşaqların bu görüntülərlə gündəmə gəlmək istəyi sırf uşaq psixologiyası ilə bağlıdır. Məktəbdəki neqativ halların ictimailəşməsi üçün bəzi insanlar mobil telefonlardan istifadəni dəstəkləsə də mobil telefonlar şagirdin diqqətini dərsdən yayındırır. Yaxşı olar ki, şagirdlərdən mobil telefonlar məktəbin girişində yığışdırılsın.

Məgər əvvəllər mobil telefon yox idi, valideyn uşaqla əlaqə qura bilmirdi? Bu məsələ məktəbin daxili nizam-intizam qaydaları ilə tənzimlənməlidir”.

N.İsrafilov deyir ki, valideyn də övladının məktəbdə bilik əldə etməsini istəyirsə, ona diqqətini yayındıran alətlər alıb verməməlidir: Mən düşünürəm ki, uşaqla əlaqə qurmaq üçün ona çoxfunksiyalı bahalı telefon alıb verməyə ehtiyac yoxdur. Şagird məktəbə bilik əldə etmək üçün gəlir. Valideyn də buna mane olan addımlar atmamalıdır”.

 

Səbəb videolardırmı?

Qeyd edək ki, son günlər məktəblərdə şagirdlərin dərs prosesində intizamsızlığı barədə videolar yayılır. 165 nömrəli tam orta məktəbdə şagirdlərin qeyri-etik hərəkətlərini əks etdirən videogörüntü yayıldıqdan sonra fənn müəllimi cəzalandırılıb.

Xatırladaq ki, bir müddət öncə Bakıda məktəbdə müəllimin döyülməsi faktı qeydə alınmışdı. Yanvarın 24-də sosial şəbəkələrdə məktəb müəllimini bir nəfər naməlum şəxsin döydüyünü əks etdirən video paylaşım edilib. Həmin görüntülər üzrə polisin apardığı təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir