XXI əsrdə ən çox işlənən əşyalar arasında mobil telefonların adını birincilər sırasında çəksək yanılmarıq. Uşaqdan böyüyə hər kəs mobil telefondan istifadəyə maraq və ehtiyac duyur. Ağıllı telefonların səhhətimizə olan zərəri vurğulansa belə, ondan yan keçmirik. Ekspertlər onu da bildirirlər ki, saxta mobil telefonlar, eləcə də telefonlardakı nasazlıq, yükləmədə çox saxlamaq onların anidən partlayışına səbəb ola bilər.
Bu günlərdə Türkiyədə bir iş yerində enerji yığmaq üçün elektrikə taxılan telefon faciəyə səbəb olub. Telefonun partlaması nəticəsində iş yerinə xeyli zərər dəyib.
Belə hadisələrə dünyanın hər yerində, o cümlədən Azərbaycanda da rast gəlinir. Partlama ehtimalı sertifikatlaşdırılmayan və təhlükəsizliyi təmin olunmayan telefonlarda daha çoxdur.
İKT mütəxəssisi Elçin Məmmədov “Ekspress”ə bildirib ki, mobil cihazın partlaması yüksək temperatur nəticəsində ola bilər: “Mobil telefonların partlamasının əsas səbəbləri telefonun daxilində hər hansı bir nasazlıq, telefonun içərisinə mayenin daxil olması, günəş şüaları altında uzun müddət qalmasıdır. Təhlükəsizlik baxımdan, mobil telefonları gecədən səhərə qədər yükləmədə (“zaryadka”) saxlamaq məsləhətli deyil. Çünki səhərə qədər şəbəkəyə qoşulu qalan telefonların batareyası şişir və quruyur. Şişən batareya isə tez partlayır. Hər hansısa bir nasazlıq bunun nəticəsində partlayışa gətirib çıxara bilər. Telefon yükləmədə olanda çalışmaq lazımdır ki, tez alışan əşya üzərində olmasın, çünki problem zamanı yanğına səbəb ola bilər”.
Məmmədov qeyd edib ki, mobil telefonon istifadəsinin təhlükəli olması onun batareyasının vəziyyətindən də asılıdır: “Mobil telefonun batareyası şişibsə, artıq telefonda texniki nasazlıq olmasını xəbər verir və batareyanın şişdiyini görən kimi onu dəyişmək lazımdır”.
Həmsöhbətimiz deyir ki, mobil telefonların istifadəsinin yararlılıq müddəti qoyulmur: “Telefonun istifadə müddəti ilə bağlı limit yoxdur. Sadəcə, ağıllı telefonlarda sistemlərin yenilənməsi 3-4 ildən sonra dayana bilər ki, bu da bəzi proqramların yüklənməməsinə gətirib çıxarır”.
Mütəxəssisin bildirdiyinə görə, mobil telefonun orijinal və ya saxta olduğunu adi istifadəçi çətin təyin edə bilər: “Mobil telefonların loqolarının yazılışını, telefonun ümumi dizaynını internetdə axtarışa verib orijinal nümunələrlə müqayisə edərək öyrənmək olar. Orijinal mobil telefonlardan fərqli olaraq saxta telefonların testləri tam aparılmır, saxta telefonlar xüsusi testlərdən keçirilmir və hər hansı yüklənmə anında partlamaya səbəb ola bilər. Saxta mobil telefonlar tez-tez donur, yaxşı işləmir, sistemləri sıradan çıxır”.
Mobil telefon satışı ilə məşğul olan Anar Əliyev “Ekspress”ə bildirib ki, mobil telefon adətən iki saat enerji yığmalıdır: “İki saatdan sonra telefonun yükləyicisini elektrik mənbəyindən çıxarmaq lazımdır. Mobil telefonu enerji mənbəyinə birləşdirdikdən öncə onu söndürmək məsləhətdir. Belə ki, sönülü vəziyyətdə mobil telefon enerji ilə daha yaxşı yüklənir. İnsanlar var ki, mobil telefonun yükləyicisini elektrik mənbəyinə taxaraq çarpayısının yanına qoyub yatır. Bunun nə qədər təhülkəli olduğunu təsəvvür etmirlər. Uşaqları mobil telefonlardan istifadə edərkən nəzarətsiz buraxmaq da təhlükəlidir. Enerji yükləyicisini qoşub mobil telefonu uşağın əlinə vermək də düzgün deyil. Ümumiyyətlə, enerji yükləyicisinə qoşulu olan telefondan istifadə etmək məsləhət deyil. Bu zaman həmin telefonun batareyası sıradan çıxır və tez bir zamanda yararsız hala düşür”.
Qeyd edək ki, mobil telefonların funksiyaları artdıqca onların enerji saxlamaq qabiliyyəti də mütənasib olaraq azalır. Uzun müddət mobil telefonu yükləmədə saxlamaq bizi enerji cəhətdən gün ərzində təmin etsə də, bir sıra ciddi problemlərə yol aça bilər. Bunlardan ən təhlükəlisi son zamanlar tez-tez təkrarlanan partlamalardır. Son dövrlər mütəxəssislər batareyaların partlamasının əsas səbəbi kimi məhz qısaqapanma versiyasını irəli sürürlər. Ancaq partlayış və yanğınlar təkcə batareyaların keyfiyyətsiz olması səbəbindən baş vermir. Statistik məlumatlara görə, fəlakətlə nəticələnən hadisələrin çoxunda bəzən telefon sahiblərinin səhlənkarlığı da böyük rol oynayır. Enerji yükləyicisinin şəbəkəyə uzun müddət qoşulu qalmasının təhlükəli olması barədə xəbərdarlıqlar olsa da, buna məhəl qoymurlar. Batareyanın artıq enerji yığması nəticəsində təkcə mobil telefonlar deyil, noutbuklar da partlayır.
Partlayan zaman telefonların adətən arxa hissəsi partlayır və zərər ən çox arxa hissəyə dəyir. Partlamadan isə ən çox telefonun prosessoru zərər çəkir.
Aynurə Məmmədova