İnfeksion xəstəliklər həkimi Kəmalə Məmmədli deyir ki, zeytun yağından mütəmadi istifadə qaraciyəri sağlam saxlayır, sümükləri gücləndirir, çünki zeytun çox güclü antioksidantdır: “Zeytundan əldə edilən yağ qəbizliyi aradan qaldırır, həzmə kömək edir, mədə narahatlıqlarını aradan qaldırır, həmçinin virus, bakteriya və göbələklərə qarşı çox güclü qoruyucudur. Bundan əlavə zeytun və ondan alınan yağ uşaqlarda sağlam diş inkişafına kömək edir, habelə hüceyrələri yeniləyərək yaşlanmağı gecikdirir və dolayısı ilə ömrü uzadır”.
Həkimin sözlərinə görə zeytun yağının tərkibində olan “oleacanthol” adlı maddə iltihab əleyhinə müsbət təsir göstərir. Zeytun yağı xolestrolun miqdarını azaldır deyə ürək-qan-damar xəstələri üçün yaxşı qida hesab edilir: “Tərkibində E vitamini olduğu üçün antioksidantdır, bu isə xərçənglə mübarizədə evvektivdir. Tərkibində həll olunan “saturated” yağları olduğu üşün diabet xəstələrinə xeyirlidir. Bu yaxınlarda Fransa alimləri sübut etdi ki, zeytunla qidalanma beyin insultunu, beyinə qan sızmanı azaldır, təsadüfü deyil ki, gündəlik qida rasionunda zeytun yağı ilə qidalanan insanlarda bu xəstəlik nadir rastlanır. 100 qr zeytun yağının tərkibində 14 mg. E vitamini var. Bu isə gün ərzində bizə lazım olan E vitaminin 93% -i deməkdir”.
Araşdırmalar nə deyir?
Müxtəlif ölkələrdə aparılan araşdırmalar zamanı aşkar edilən qocaman zeytun ağaclarlnın yaşı barədə aparılan yoxlamalardan sonra məlum oldu ki, dünyada yaşı 2000-dən çox olan xeyli zeytun ağacı var. Bu isə hələ qədimdə zeytunun və ondan əldə edilən yağın istifadəsini sübut edir. Zeytunun həm meyvəsi, həm yağı, həm də yarpaqları qədim Misirdə qida və tibbi istiqamətlərdə istifadə edilib. Tarixi qaynaqlarda Kleopatranın öz gözəlliyini zeytun yarpağından hazırlanmış maskalarla qoruması barədə yazılar da var.
Türkiyədə aparılan araşdırma zamanı isə zeytun yağının ehtiva etdiyi E vitamininin insan hüceyrələrinin yenilənməsində böyük rol oynadığı bir daha sübut edildi. Araşdırmada iştirak edən insanlar iki yerə ayrıldı, onların yarısı uzun illərdir zeytun yağından istifadə etdiyini, digər yarısı isə bu yağın qida rasionunda olmadığını bildirmişdi. Araşdırmanın yekununda zeytun yağından davamlı olaraq istifadə edən qismin beyin funksiyalarının daha çevik işlədiyi, yaşlanmalarının gecikdiyi, xərçəng xəstəliyinə yoluxma ehtimalının minimuma endiyi, dərisinin gözəlləşdiyi və saç tökülməsindən sığortalandığı məlum oldu.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) isə keçən il apardığı bir araşdırmanın nəticələri daha maraqlı faktlar ortaya çıxardı. ÜST-ün araşdırmalarına görə, infarkt və ürək xəstəliklərinə ən az Krit adasında rast gəlinir və burada yaşayan insanlarda infarkt riski minimum səviyyədədir. Çünki Krit adası hələ qədim zamanlardan bəzi zeytun yağının vətəni hesab edilib.
Xərçəngin qorxduğu qida– Zeytun yağı
Tibb elmləri doktoru Şahin Rzayev isə deyir ki, zeytun yağında xərçəngə qarşı bir çox təsirli maddə var, insan orqanizmi üçün vacib vitaminlərdən olan A, D, E və K vitaminləri hətta zeytun emal edilərək yağa çevriləndə belə öz təsirini olduğu kimi saxlayır: “Dünyada aparılan araşdırmalar zamanı zeytun yağının tərkibində olan bu vitamin və maddələrin xərçəng şişlərinin yaranmasının qarşısını aldığı və hətta radioaktiv şüalardan qoruduğu aşkarlanıb, bunu inkar etmək olmaz.
Zeytundan alınan yağ mədə turşuluğunu azaldaraq qastrit və mədə xorasının təbii yolla müalicəsində əvəzsiz vasitə sayılır. Tərkibindəki vitaminlər uşaqlarda sümük və diş inkişafında əhəmiyyətli rola malikdir, həmçinin bu vitaminlər kalsium qoruyucusudur. Əvvəllər osteoporozdan, yəni sümük əriməsi xəstəliyindən əziyyət çəkən insanlara zeytun yağından istifadə məsləhət görülürdü, bu yağla bədən əzaları masaj edilirdi”.
Həkim qeyd edir ki, zeytun qaraciyərin dostudur. Onun sözlərinə görə, zeytundan alınan yağın həzm pozğunluqları, öd kisəsi xəstəlikləri və öd kisəsi daşının əridilməsində, bağırsaq xərçəngində və sarılıqda faydalı olduğunu sübut edən yüzlərlə elmi məqalə var: “Bizim ölkədə nədənsə zeytun yağına qarşı fərqli fikirlər formalaşıb. İnsanlar hesab edir ki, kərə yağı daha faydalıdır. Bu kökündən səhv fikirdir. Kərə yağının qanda xolestrolu artırdığını, müxtəlif xəstəliklər yaratdığını bir çoxumuz bilirik, üstəlik daha sərfəli qiymətə yağ əldə etmək üçün istehsalçının ən ağlagəlməz yollara baş vurduğu danılmazdır. Amma təxminən 6-7 kq zeytundan 1 litr yağ əldə edilir, üstəlik meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25-30 % yağ var, bu isə o deməkdir ki, bu meyvə başdan-ayağa yağdır və onun istehsalında hər hansı bir fırıldağa əl atılmasına ehtiyac belə qalmır”.
Müsahibimizin sözlərinə görə yerli alıcılar yerli istehsala üstünlük verməlidir: “Ona görə ki, zeytunun növü çoxdur və hər coğrafiya üçün spesifik növləri yetişdirilir. Hər coğrafiyanın insanı üçün elə o ərazidə yetişən məhsullar xeyirlidir. Bu gün dünyada zeytunun geni ilə oynayıb daha böyük, daha yaraşıqlı meyvələr əldə edirlər. Amma bizim ölkədə yetişdirilən zeytunlar genetik modifikasiyaya məruz qalmayıb, bunu zeytun ağaclarının məhsullarını görəndə aydın hiss etmək olur, meyvələri normal ölçüdədir, irili-xırdalıdır. Ölkəmizdə 6 növdə yerli zeytun yetişdirilir, yerli zeytun ağacları olduqca çox bar verir və ağacların daha məhsuldar olması üçün kimyəvi tətbiqlərə ehtiyac qalmır. Bol məhsul bol yağa təminat verir. Nəticədə yerli alıcı sərfəli qiymətə xeyirli məhsul əldə edir”.
Zeytunun yağı qədər tumu da faydalıdır
Zeytunun meyvəsi, yağı qədər tumunun da faydası var. Müasir insanlar arasında zeytun tumunun udulması ilə müalicə edilən xəstəliklər barədə məlumatı olan azdır, amma əvvəllər insanlar bəzi xəstəlikləri məhz zeytun tumu udaraq müalicə edirdilər. Keçmiş SSRİ-də başlanan araşdırma 25 ildən sonra Rusiyada yekunlaşanda da bu sübut edildi. 1985-ci ildə başlayan araşdırma çərçivəsində mədə problemi olan yüzlərlə insana mütəmadi olaraq hər gün bir neçə zeytun tumu udması tapşırılmışdı, 2005-ci ildə rus alimlərinin araşdırmanın nəticəsini açıqlamasından sonra məlum oldu ki, mədə xorasından, qastritdən əziyyət çəkən insanlar bu illlər boyunca hər gün bir neçə zeytun tumu udmaqla xəstəliklərini unudublar. Həmçinin babasildən, bağırsaq keçməzliyindən qorunmaq üçün də zeytun tumu əvəzsiz vasitə hesab edilir.
Zeytun yağı 5 min il xarab olmur
Zeytun yağı əsrlərdir ən yaxşı, ən mükəmməl yağ hesab edilir. Normal qaydalara riayət edilərək hazırlanan zeytun yağı hətta ərslər boyu xarab olmadan qala bilir. Bunu arxeoloji qazıntılar zamanı 3-5 min il əvvələ aid olan qəbirlərdə tapılan zeytun yağları sübut edib. Zeytun yağı soyuducuda donmalıdır, bu xüsusiyyəti onun təbii olduğunu sübut edir.
O ki qaldı istehsal növlərinə, mütəxəssislər məsləhət görür ki, daha çox 2 növ zeytun yağı istifadə edilməlidir. Bunlardan biri süzmə, digəri isə tam təbii olanıdır. Bu iki növün digərlərinə nisbətən daha təbii və zeytunların tərkibinin dəyişmədən yağa çevrildiyi elmə məlumdur.
Zeytunun adı müqəddəs Quranda da çəkilir. Məhəmməd Peyğəmbər də öz hədislərində “zeytun yağı yeyin və onunla yağlanın, zeytun yağı ilə müalicə olunun, çünki o, bərəkəti bol və mübarək bir ağacın meyvəsindən yaradılıb” deyib. Hədisdə zeytun yağını yalnız yemək deyil, həmçinin bədənə xaricdən də tətbiq edilməsinin faydaları barədə məsləhətlər var.
Böyüyə, kiçiyə, qadına, kişiyə- hər kəsə dərmandır
Zeytun yağı ilə masaj qan axışını nizamlayır, damarların daha yaxşı qan ötürməsinə səbəb olur. Həmçinin kiçik damarların üzə çıxaraq ayaqlara xoş olmayan görüntü verməsini də zeytun yağı ilə aradan qaldırmaq olur, damarların görüntüyü bölgəyə zeytun yağı ilə masaj tətbiq etmək problemi nisbətən aradan qaldırır.
Dabanlarında çatlar əmələ gəlmiş insanlar gün ərzində bir dəfə bu yağı dabanlarına tətbiq etsə problem həll olar. Soyuq havalarda əllərə və üzə çəkilən zeytun yağı dərini donmaqdan qoruyur. Saçlardakı boyanı, üzdəki kosmetikanı təmizləmək üçün əvəzsiz vasitə hesab edilən zeytun yağı yaralanmalar zamanı da möcüzəvi sağaltma təsiri göstərir.
Kəsilmiş və ya yara çıxmış dəriyə zeytun yağında isladılmış tənzif qoyanda yaranın sağalma müddətini tezləşdirir. Günəş yanıqları zamanı zeytun yağının tətbiqi minimal ağrı və maksimal sağalma deməkdir. Ağcaqanadlar zeytun yağı ilə yağlanmış dərini dişləmir, dəri gənələri zeytun yağı çəkilmiş dəridə məhv olur. Təraş edilmiş bölgəyə zeytun yağı tətbiq etməklə dərini daha zərif saxlamaq mümkündür.
Qurumuş dodaqlar üçün ən yaxşı məlhəm, quru sağlar üçün ən yaxşı şampun, qırılan dırnaqlar üçün ən yaxşı dərman hesab edilən zeytun yağını duş şampununa əlavə etməklə hər duşdan sonra daha təravətli dəriyə sahib olmaq olar. Doğuşdan sonra dəridə qalan çat izlərini, əmizdirmə zamanı döş gilələrində yaranan yaraları da bu yağla yox etmək mümkündür. Yeni doğulan körpələrin yanlarında əmələ gəlmiş səpkilərə və başlarında yaranmış qabıqlara tətbiq edildikdə effektiv nəticə əldə etmək olur.
Lalə Mehralı