canta

Moda bizə nəyi qadağan edir?

Baxış sayı: 1. 969

Dəbin külək kimi dəyişdiyi bir zamanda onun nəbzini tutmaq qeyri-mümkündür. Artıq dəbin ciddi qanunlarının da olduğunu deyə bilmərik. Bu qanunların bir o qədər əhəmiyyəti qalmayıb. Zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər də öz fantaziyalarını çərçivəyə sığışdıra bilmirlər. Onlar çox vaxt bu qaydaların əksinə gedərək müvəffəqiyyət qazanırlar. Ümumi qayda-qanunlar artıq heç kimin diqqətini çəkmir. Bunlar dəyişdiyinə görə, dəbin sizi idarə etməsinə icazə verməyin. Tərzinizdə öz qanunlarınızı diktə edin!

Bu yazıda moda və qadağalar, həmçinin dəbdən düşməyən klassik parçalar haqqında bəhs edəcəyik.

 

Hər insan öz geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuram. Ancaq özünəməxsusluğu ilə fərqlənən modapərəst adına layiq görülə bilər. Dəb formalaşana qədər çətin yollardan keçib. Hansı ki, bir zamanlar onları tapdalamaq qadın üçün bağışlanmaz səhvə bərabər idi.

Məsələn, əvvəllər çanta ilə ayaqqabının eyni rəngdə olması tələb olunurdu. Ancaq XXI əsrin dizaynerləri bu fikirlə razılaşmırlar. Onların qənaətinə görə, bu gün çanta və ayaqqabıların rəngi nə qədər müxtəlif olsa, bir o qədər diqqət çəkər. Şokolad rəngli çantaya açıq bej rəngli ayaqqabı yaraşar və yaxud metal rəngli klatç, laklı ayaqqabı ilə uyğunlaşır.

Bir vaxtlar qara ilə göy və qəhvəyi rəngin uyğunluğu haqqında söhbət gedə bilməzdi. İndi isə bu üç rəngi məharətlə uyğunlaşdırırlar. Onları sadəcə axtarıb tapmaq lazımdır.

Qızılı və gümüşü aksessuarları birlikdə istifadə etmək böyük zövqsüzlük hesab olunurdu. Zərgərlik ustaları bu qaydanı birdəfəlik siliblər. Belə ki, qızılı sırğalar, gümüşü qolbaqlar, metal kulonlu boyunbağı, daş-qaşlı üzüklər və dəmir toqqalı kəmərlər dəb aləmində bu gün bir harmoniya təşkil edir.

Bir neçə il bundan qabaq müxtəlif naxışlı donları geyinmək dəb qanunlarına zidd idi. Müasir dövrümüzdə isə, əksinə belə geyimlər yüksək zövq mədəniyyətinin carçısı hesab olunur.

Əvvəllər parıltılı pulcuqlarla bəzədilmiş donlar, yalnız müxtəlif ziyafətlər üçün nəzərdə tutulurdu. Bu gün isə belə parıltılı paltarları gündəlik həyatda da istifadə etmək olar. Lakin bu o demək deyil ki, sabah hamımız işə parıltılı geyimlərdə gedə bilərik. Yox, sadəcə üzərində hansısa parıltılı detal ola bilər. Məsələn, köynək çox parıltılıdırsa, bu zaman bəzək əşyaları minimuma enir. Çanta və ayaqqabı rəngləri də diqqət çəkən olmamalıdır.

Əvvəllər dəb qanunları mirvariləri ancaq gecə geyimləri ilə geyinməyə icazə verilirdi. Karl Leqerfeld “Chanel”-in sonuncu kolleksiyasında onu sübut etdi ki, iri mirvariləri hətta idman ayaqqabıları ilə geyinmək olar.

Bir vaxtlar 35 yaşdan yuxarı xanımlara mini paltar geyinmək qadağan edilmişdi və ədəbsizlik hesab olunurdu. Müasir dövr isə bunun tam əksini göstərir. Gözəl və biçimli ayaqlar hər yaşda ola bilər. Niyə də belə gözəl ayaqlara və qamətə malik olan xanımlar onları gizlətməlidirlər?! Dünya ulduzları arasında yaşı 40-50-ni keçən, lakin hələ də cazibədar bədən quruluşu ilə diqqət çəkən gözəllər az deyil.

Uzun ətəkli donlar bəstəboy xanımlara yaraşmır. İndi isə dəb ustaları belə nəticəyə gəliblər ki, bəstəboy xanımlar uzun ətəkli donları geyinməkdən çəkinməməlidirlər. Bunun üçün daha çox yüngül parçadan tikilmiş donlardan istifadə etmək lazımdır. Bu şərtlə ki, qamətinizi pozmasın və hündürdaban ayaqqabı da geyinməyi unutmayın.

Bir-biri ilə uzlaşmayan rənglər bütün geyimin harmoniyasını poza bilər. Bu günün dəbi isə onu göstərir ki, müxtəlif rənglərin qarışığı surətinizin əsas özəlliyi ola bilər və sizi klassik ağ-qara rənglərdən fərqləndirər.

Başdan ayağa cins geyinmək dəb qaydalarını yıxıb sürüməyə bərabərdir. Dizaynerlər hesab edirlər ki, seçilmiş müxtəlif rəngli cinslər sizi bənzərsiz edə bilər.

Ağ rəngli ayaqqabılar qara corablarla uyuşmur. Unutmayın ki, müasir dövrdə qara rəng insanı qamətli göstərməklə yanaşı, həm də ağ rəngə diqqəti cəlb edir. Bu bir daha onu göstərir ki, həyatda əbədi heç nə yoxdur. Hər şey inkişaf edir, dəyişir, eləcə də dəbin qanunları.

 

Dəbdən düşməyən klassik parçalar

Yeni mövsüm və təbiətlə birlikdə geyimlərimiz də dəyişir, hətta yeməklərimiz də. Amma dəyişməyən bir neçə məqam var ki, hər mövsümdə köməyimizə gəlir.

 

Qara paltarlar

Düzgün seçilmiş paltar sizi hər yerdə xilas edən gücə malikdir. Üstəlik sadə biçilibsə…. Stiletto ayaqqabılar və ona uyğun bir çanta ilə şıq tərzə sahib ola bilərsiniz. Yaxud da düz ayaqqabı və klassik pencəklə ofis geyiminə çevirə bilərsiniz.

 

Plaşlar

Sadə və tək rəng plaşınız varsa, deməli, bir çox geyimin üzərində zərif dayanan alternativiniz var. Materialın mövsümə uyğun olmasına fikir verin.

 

Midi karandaş yubkalar

Düz kəsim ətəkləri eyni çəkidə qaldığınız müddətdə istilən vaxt geyinə bilərsiniz. Üstünə istənilən üslubda geyinmək şansına maliksiniz.

 

Kiçik qara çantalar

Ağır, qara, dəri çantaları getdiyimiz hər yerə aparmaq olar. Bütün geyimlərlə uyğun olduğu üçün ən çətin anda bizi xilas edə bilir.

 

Dikdaban stilettolar ayaqqabılar

Parıltılı, zərif, klassik ayaqqabılar qadınların ayaqlarını bütün dövrlərdə bəzəyir. Geyimə uyğun ayaqqabı tapmayanda bu ayaqqabılar imdadınıza çatacaq.

 

Cinslər

Qarderobun əvəzolunmaz ən qədim geyim əşyası cinslərdir. Cins parçadan tikilən istənilən geyimi illər sonra da geyinə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir