moda haqda filmler

Modasevərlər üçün 5 maraqlı film

Baxış sayı: 652

Modasevərlərin ən maraqlı ilham qaynaqlarından biri də şübhəsiz ki, film və seriallardır. Bu dəfə məhz mənim yaddaşımda ömürlük qalmış, məni dəblə maraqlanmağa həvəsləndirən 5 film və serial barədə söhbət açmaq istəyirik.

 

1. Axmaq (1995)

Mənim siyahıma “Axmaq” (Clueless) filmi başçılıq edir. Film Beverli-Hillzdə yaşayan şıltaq və məktəbin ən populyar qızı olan Şer barədədir. Şer dərslərindən çox moda ilə maraqlanan, geyinib-kecinməklə vaxt keçirən qızdır. Məşhurluğunun səbəblərindən biri də məktəbin ən yaraşıqlı oğlanları ilə görüşməsidir. Film birbaşa moda ilə əlaqəli deyil. Kinonu moda ilə əlaqələndirən Şerin film boyu rəngarəng obrazları ilə yadda qalması olur. Qəhrəmanın filmdən sonra ən yaddaqalan geyimi sarı rənqli, cızıqlı, mini ətəkli kostyumudur.

Filmin mənim yaddaşımda iz buraxmasının səbəbi filmi məktəb illərində izləməyimdir. Dəqiq xatırlayıram, dama-dama “şotlandka” adlandırdığımız ətəklər dəbdə idi. Çox həvəslə monoxrom – ağ-qara rəngini əldə edib, rəfiqəm ilə dərs ilinin başlamasını gözləyirdik. Filmdə eyni ətəyin sarı rəngini Şerin 7-8 il öncə geyindiyi görüb çox təəccüblənmişdim.

2. Şaneldən əvvəl Koko (2009)

İkinci film təəssüf ki, çox gec izlədiyim filmdir. Film adından göründüyü kimi hadisələr Kokonun “Şanel” brendini yaratmamışdan öncəki həyatından bəhs edir.

Kimsəsiz uşaqlar evində başlayıb modanın döyünən ürəyi Parisə qədər uzanan bir həyat hekayəsi…

Əsl adı Qabriel Şanel olan və müasirlərinə görə çox sadə və hətta bəzilərinə görə qəribə, kobud geyinən bu qızcığaz qısa olaraq Koko çağırılır. Zəmanəsinin qadın geyimlərini ikrah və heyrətlə izləyən Koko kişi qarderobundan sadə köynək və jiletlərdən istifadə edərək özünə təkrarolunmaz tərz yaratmışdı. Dövrünün ən məşhur moda aksesuarlarından olan şlyapaları sadələşdirmək arzusu ilə alışıb-yanan Koko atelyesini açdıqdan sonra ilk əvvəl şlyapa, panama dizayn edir. Onun dizayn etdiyi şlyapalar hər kəsin öyrəşdiyi kimi quş lələkləri, daş-qaş ilə bəzədilmir. Sadə və özünəməxsus tərzində davam edən Koko nəhayət ki, ilk kolleksiyasını nümayişə çıxardır. Beləliklə, dəb dünyasına sadə qara don ilə mirvari ikilisini, tvit kostyumları, ağ-qara cızıqlı köynəkləri qazandırır.

3. Tiffanidə səhər yeməyi  (1961)

Əfsanəvi moda ikonası Odri Hepbern unudulmaz obrazlarından birini də məhz bu filmdə yaradıb. Əminəm ki, bu filmin adını eşidəndə ağlınıza ilk olaraq sadə qara don, uzun əlcəklər, daş-qaşlı boyunbağı, saç broşu, bir sözlə, filmin qəhməmanı Hollinin ən yaddaqalan obrazı gəlir.

Holli keçmiş həyatını geridə qoyub Nyu-Yorka köçərək kiçik mənzilində tək yaşayan, heyranedici gözəlliyə sahib gənc qızdır. Qonşu mənzilə köçən gənc və yaraşıqlı oğlan ilə təsadüf nəticəsində tanış olur və bundan sonra hadisələr axıb gedir. Filmin hər yeni səhnəsində sanki Odri özü ilə zərafət yarışı edir, hər dəfə də öz rekordunu yeniləyir. Film boyu ondan gözlərinizi ala bilməyəcəksiniz.

4.“Böyük şəhərdə seks” serialı (1998 – 2004)

“Böyük şəhərdə seks” (Sex and the City) serialı Manhettendə yaşayan 4 rəfiqənin şəxsi münasibətləri və intim həyatları haqqında yazılan həyat hekayələri əsasında çəkilib. Baş rolda bütün qızların ortaq rəfiqəsi, seks və Nyu-York köşəsinin yazarı Kerri Bredşoudur (Sara Cesica Parker), elə bütün hekayələri də o özü qələmə alır.

Modasevərlər bu serialı çox sevirlər, çünki baş qəhrəman Kerri əsl alış-veriş, xüsusilə də ayaqqabı dəlisidir. O, bütün qazancını qarderobuna xərcləyir. Serialda tez-tez rəqfiqələrin dəb barədə söhbətlərinə, alış-veriş səhnələrinə şahid ola bilərsiniz. Əlbəttə ki, ən vacib nüans

90-cı illərin moda tərzidir. Serial 1998-ci ildə çəkilməyə başlayıb və 2004-cü ilədək dövrünün ən möhtəşəm moda elementlərini özündə cəmləşdirib.

Serial bitdikdən sonra 2008 və 2010-cu illərdə eyniadlı ikiseriyalı film də serialın davamı olaraq çəkilib.

5. Şeytan Prada geyinir (2006)

Moda sektoru ilə maraqlanan, təhsil alan, çalışan hər kəsin parıltılı yuxusu Nyu-York kimi şəhərdə moda jurnallarından birindən iş təklifi almaqdır. Filmin qəhrəmanı Endi Saks (Enn Heteuey) məhz belə bir şansa sahib olan gənc qızdır. O, Nyu-Yorkun ən məşhur moda jurnallarından olan “Runway”də baş redaktorun köməkçisi kimi işə başlayır. Baş redaktor isə ofisə ayaq basdığı andan hər kəsi qorxudan titrədən Miranda Pristlidir (Meril Strip). O, moda dünyasının ən güclü və sözükeçən qadınlarından biridir. Çox qatı prinsipləri olan Miranda ilə çalışmaq həyatınızı bir anda cəhənnəmə çevirə bilər. Endi bunun öhdəsindən necə gələcək? O həm ağır iş şərtlərinə dözməlidir, həm hər an baxımlı olmalıdır, həm də bu tündxasiyyət qadına qarşı öz mövqeyini qoruyub saxlamalıdır. (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir