yas

Molla aşı gördü, mərsiyəxan pulu: YAS YANLIŞLARI

Baxış sayı: 533

Son bir neçə ilin ən qızğın müzakirə və mübahisə edilən mövzularından olan yas süfrəsi mövzusu hələ də müzakirəyə açıq olaraq qalır. Bu qədər yazılan, müzakirə ediləndən sonra belə heç bir yas sahibi süfrəsini “kasıblatmadı”. Yenə yas süfrələri dəbdəbəsindən, təntənəsindən, cah-cəlalından geri qalmır. Hər gün dindən dəm vuran, israfçılığın günah olmasından danışan insanların öz evində olan yas mərasimlərində belə bu mənzərə kifayət qədər dəbdəbəlidir.

 

Qonşu qonşuya baxar…

Çox pis bir cəhətimiz var, heç kim qonşudan geri qalmır, qalmaq istəmir, lap imkanı olmasa da, lap dilənçi də olsa. Çoxdan başlayıb bu ənənə. İnsanlar yas mərasimlərini toya çevirdilər, süfrələr dolub-daşdı, yas evinin həyətindən toy evini xatırladan təamların növbənöv qoxuları yayıldı ətrafa. Qadınlar yasa daha sadə bir don, adi bir paltar geyinib getmirdi, kimin nə qızılı, brilyantı, bahalı telefonu vardısa yas mağarında nümayiş etdirirdi.

Heç kim ayağını yorğanına görə uzatmırdı, qonşum atasının yasında 2 cür yemək verdisə, mən 3 növ etməliydim. Əgər mən öz yas məclisimimdə bir növ şirniyyatla qonağımı yola saldımsa, qonşum acığa düşüb 2 növ şirniyyat düzürdü yas süfrəsinə. Hələ ləbləbini, növbənöv şokoladları, rəngbərəng meyvə sularını, ekzotik meyvələri demirəm. Qonşunun yas süfrəsini bəyənməyib “layiqli ehsan vermədi” deyə tənə edənlər də çoxdur aramızda. Yas məclisini dəbdəbəli şəkildə təşkil etməklə insanlar, başqasının tənələrindən uzaq olmağa çalışırlar. Düşünür ki, süfrəyə az nemət qoysa deyəcəklər ki, ata-anasına hörmətsizlik etdi. Ya filankəs məclisdə üç cür şirniyyat verib deyə bu o qədər verməli, ya da ondan da artıq sayda şirniyyat növü menyuya daxil etməlidir.

Bütün ölkəmiz bu yas dəbdəbəsinin əsiridir. Borca salan, sələmə girməyə vadar edən yas mərasimləri fəlakətdən də betərdir. Yasın düşəndə bilmirsən itirdiyin əzizinə yanasan, yoxsa borca girib yas süfrəsi açmaq məcburiyyətində olmağına. Ölən əzizin qalır bir tərəfdə, sən qonaqların nə yeyəcəyini, neçə kilo ət lazım olacağını, hansı şirniyyatları bişirtdirmək lazım olduğunu hesablamalısan.

 

Yas evində qazan asılmaz

Yas mərasimi kədərin göstəricisidir, ona görə yas düşən evdə qədimdə ocaq tüstüləməzdi neçə gün. Əzizi ölən yemək bişirib süfrə qurmaq istəməz axı. Yası düşənə, əzizi ölənə qonşusu yemək bişirib gətirərmiş – ocağını tüstülətmədiyi, süfrəsini açmadığını bildiyi üçün. İndi neynirik? “Az qalırıq tort sifariş edib üzərində ölən əzizimizin portretini əks etdirək” deyəcəkdim, yadıma düşdü ki, artıq onu da edirik.

İndiki yas mərasimlərinin bircə xanəndə-çalğıçı heyəti çatmır. Oxuyanın yerində molla oturmasa, divardan mərhumun qara lentli rəsmi asılmasa heç kim anlamaz yas mağarına girdiyini. Hər məclisdə molla, axund “bu cür yas süfrəsi açmaq günahdır” deyir, amma özləri daha çox yeyir o təamlardan. Biz göstərişi, cah-cəlalı sevirik. Ən kasıbımız da, ən milyonçumuz da.

Yas mərasimi qarşılıqlı yardımlaşma ilə yola verilirdi, qonşular əlindən tuturdu yas evi sahibinin. Təəssüf ki, bu gün bu adətlər unudulur, başqa formalara salınır. Artıq qarşılıqlı yardım anlayışı əvəzinə yası düşmüş ailənin külli miqdarda borca düşərək yasa gələnlərə ehsan verməsi kimi əcaib adət formalaşıb. Əzizini itirmiş insanlar bilmirlər ki, nə etsinlər. İnsanlar yasa sanki ölü yiyəsinə təsəlli vermək üçün deyil, yemək üçün gəlirlər. Əlbəttə, bütün bunlardan əhalinin varlı təbəqəsi deyil, kasıblar əziyyət çəkirlər.

Restoranlarda nəinki xeyir, həm də şər üçün xüsusi zallar ayrılıb. Məqsəd də əlbəttə ki, insanların cibinə girərək pul qazanmaqdır. Restoranlardan başqa, belə məclislər üçün qurulan çadırlar da çox bər-bəzəklidir. Artıq çadırlarda insanlar üçün hər bir xidmət yaradılıb. Bu cür çadırların içində hətta ayaqyolu olanları da var. Əvvəllər, rayon-kənd yerlərində kiminsə yaxını öləndə yası olan şəxs sadəcə çadıra görə pul ödəyirdi. Qalan bütün işləri özü, yaxınları gördüyü üçün heç bir əlavə vəsait xərcləmirdi.

Amma indi vəziyyət dəyişdiyi üçün hər kəs bu cür xidmətlərdən yararlanmağa üstünlük verir. Ofisiantından tutmuş qab-qaşıqların yuyulmasına qədər bütün xidmətlər yas mərasimi təşkilatçıları tərəfindən təklif olunur. Çadırın içinin çilçırağı, xalçası, pərdələr, mikrofon-səsgücləndirmə sistemi, qab-qacaq və s. xidmətə daxildir.

 

Əzizinə ağlamayıb pulla ağlayan tutanlar

Yas evlərinin bir məşhur siması da var – mərsiyəxan. Daha çox şəhər mühitində fəaliyyət göstərirlər. Dini savadları olmayan, insanlarda allaha sevgi aşılamaq yerinə daha çox allah qorxusu və xof aşılamaqla tanınırlar. Məclis boyunca yalançı göz yaşı axıdıb dinlə əlaqəsi olmayan xurafatla zəngin əhvalatlar danışırlar.

Mərsiyəçi və ya mərsiyəxanlar məclisə yüksək qiymətə gəlirlər. Ən yaxşı halda 2 saatlıq ağlaşma mərasimi üçün 100-150 manat tələb edirlər, daha çox tanınan mərsiyəçilər məbləği yüksəldir. Əvvəllər ev sahibinin yaxını öləndə onun dərdinə şəriç çıxanlar, məclisə yığışanlar səmimiyyətlə ağlayaraq göz yaşı tökürdü. Çünki məclisdə əzizini itirən özü öz acısını dilə gətirib ağlayırdı. Amma indi ev sahibi özü dünyadan köçəninə ağlamaq yerinə mərsiyəçini ağladır. O məclislərdə mərsiyəçinin missiyası ağı deyib şüvənlik salmaq, məcburən də olsa ağlaşma yaratmaqdır. İndi heç kəs yas yerinə ağlamağa getmir. İnsanlar artıq bir-birinə yadlaşıb. Heç kəs heç kəsi tanımır. Bu yadlaşma nəticəsində isə heç kəs kiminsə ölüsü üçün göz yaşı axıtmaq istəmir.

Adətən, yas yerlərində rəhmətə gedən insanın yaxşı əməlləri sadalanır, dünyadan köçərkən geridə qalanlar, əməlləri, yaxşılıqları, böyütdüyü uşaqların tərbiyəsi müzakirə edilir. Amma mərsiyəçilərin idarə etdiyi məclislərdə qəbir əzabından, namaz qılmayanın həşaratlar tərəfindən yeyilən cəsədindən, cəhənnəm və qır qazanından başqa heç nə danışılmır.

Qısası, yas mərasimi çoxdan yas olmaqdan uzaqlaşıb. Doğrudur, müəyyən qədər qarşısını aldılar, amma yenə də əvvəlki ənənə qayıdır, israfçılıq ayaq açır. Yenə də cənazəsini yarım saat əvvəl torpağa verən ev sahibi onu unudub qonaqların yeməyini düşünməli olur. Yenə də molla xüsusi geyimli ofisianta aşın qazmaqlı yerindən, bol qaralı olmasını sifariş edir, yenə də qonaqlar şirniyyatın azlığından şikayətlənir, yenə də mərsiyəçi pulunu gözləyir. Ev sahibi isə sifarişləri yerinə yetirməlidir. “Heyif öləndən” deməyəsən, neyləyəsən?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir