Distant tehsil

Müəllim, şagird internet hayında direktor dərs axtarır

Baxış sayı: 1. 195

Distant təhsilin problemləri o qədər çoxdur ki, saymaqla bitmir. Amma gücümüz çatdığı qədər saymağa, ictimailəşdirməyə və həllinə yardımçı olmağa çalışırıq.

Ölkədə internetin vəziyyəti hamıya aydındır. Kiminsə şübhəsi varsa, bircə “Zoom” və ya “Teams”ə qoşulsun. Bir baxın, görün danışa bilirsiniz, ya yox. Mövcud internetlə heç normal danışmaq mümkün deyil, o ki qaldı dərs keçmək. Ona görə də tələbələr, müəllimlər pullarından keçib, “megabayt” götürürlər. Elə təzə-təzə dərs ab-havasını hiss edirsən ki, ani bir mesaj gəlir: “İnternetin paketinin 80 faizi bitdi”. Həmin andaca səs kəsilir, görüntü gedib-gəlir. Amma buna şagird, tələbə, ya müəllim nə etsin? Onlar dərs keçmək istəyirlər. Di gəl, internet imkan vermir. Deməli, ilin sonunadək belə olacaq? Onda, vallah, inciməyin bu, dərs olmayacaq.

İnternet-media eksperti Səbuhi Abbasov mövcud durumu şərh edərkən həlli vacib olan məqamlardam söz açdı:

“Bəli, internetin verilməsilə bağlı müəyyən problemlər var. Biz onları illərdir müzakirə edirik. İnternetin probleminin daha çox bölgələrə aid olması heç kimə sirr deyil. Amma paytaxtın bəzi hissəllərində də analoji çətinlik hökm sürməkdədir. Pandemiya dövrü başlayandan etibarən məsələ yenidən aktuallaşdı. Atılan addımlara rəğmən, problemlər hələ də həllini tapmayıb. Məncə, daha operativ işlər görülməli, kompleks tədbirlər həyata keçirilməlidir. Bunun üçün isə xüsusi komissiyanın yaradılması şərtdir. Əlbəttə, əsas narazılıq internetin keyfiyyəti və qiyməti ilə bağlıdır. Hər iki istiqamətlə bağlı əsaslı addımlar atılmalıdır. İlk növbədə internetin sürətinə təsir edən bütün köhnə naqillər yenilərilə əvəzlənməlidir”.

S.Abbasovun fikrincə, ölkədə internetin keyfiyyəti ilə qiyməti mütanasib deyil:

“Azərbaycanda internetin qiyməti digər MDB ölkələrinə nisbətən bahadır. Bu isə distant təhsilə əngəl yaradır. Bəzi rayonlarda hətta internetin alınmasına dair ciddi problemlər var. Optik internetə aid çətinliklər olduğu üçün əvvəl telefon xətti çəkilir, sonra isə internet alınır. Şübhəsiz, bu, internetin sürətini azaldır. Dediyim kimi, xüsusi komissiyanın yaradılması şərtdir. Beləliklə, tam olmasa da, problemləri 70-80 faiz aradan qaldıra bilərik. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir.

Deməli, bizdən asılı olmayan səbəblərdən başladığımız distant təhsilin tələblərinə cavab verməliyik. Hətta təklif edərdim ki, sosial vəziyyətindən asılı olaraq müəyyən ailələrə güzəşt tətbiq edilsin. Əlbəttə, bu, daha çox regionlara, xüsusilə dağ kəndlərinə aydındır. Düzdür, ölkədəki internet beynəlxalq standartlara uyğundur.

Amma, təəssüf ki, vətəndaşa gəlib çatan internet qiymətə adekvat deyil. Bu isə texnoloji yeniliklərin tətbiq olunmaması ilə əlaqədərdır. Bəli, Bakıda vəziyyət nisbətən yaxşıdır.

Çünki texnoloji yeniliklərdən qismən istifadə edilir. Rayonlarda internetin vəziyyətindən danışmağa isə, ümumiyyətlə, dəyməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir