“Gencaile.az” saytı bu gündən etibarən “SİNİF OTAĞI” rubrikasına start verir. Sözügedən rubrikada kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim Xatirə Mirzəliyevanın təhsillə bağlı məqalələri təqdim olunacaq.
Beləliklə, rubrikanın ilk yazısı müəllim-şagird-valideyn münasibətləri haqqında olacaq.
Müəllimlə valideynlərin birgə fəaliyyəti olduqca düzgün şəkildə aparılmalıdır. Bu, təhsil nazirliyinin irəli sürdüyü ümümi şərtlər və qanunlar əsasında həyata keçirilməlidir. Yəni müəyyən çərçivə daxilində olub və bu çərçivəni aşmamalıdır. Valideyn özünə xas olan rollar haqda məktəb ilinin ilk iclasında dəqiq informasiya almalıdır və eyni zamanda bu bir kağızda çıxarılıb evlərə göndərilməlidir. O cümlədən de müəllimlər üçün də hər il bununla bağlı seminarlar keçirilib və hər bir müəllimə bu sahədəki öhdəlikləri ilə bağlı dəqiq və dolğun informasiyalar verilməlidir. Daha sonra da her bir məktəb bunu bir kağızda çıxarıb müəllimlərin iş otağından asmalıdır ki, əgər hansısa müəllim hansısa vəziyyətdə necə addım atacağını dəqiq bilməsə, bu asılıya baxaraq qərarını verə bilər. Və ya öz iş yoldaşlarıyla, müdiriylə məsləhətləşə də bilər.
Burda, yuxarıda qeyd etdiklərim Avropa məktəblərində icra olunur və çox gözəl də nəticə verir.
Müəllim-valideyn münasibətləri şagirdlərin inkişafinda çox böyuk rol oynayır. Əgər bu hər iki tərəfdən peşəkar şəkildə aparılarsa, olduqca effektli nəticələr almaq olar. Tərəflərdən biri öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmədiyi təqdirdə bu balans pozulur və bu da şagirdin gündəlik həyatında, davranışlarında özünü biruzə verir. Bu təqdirdə məktəbin digər işçiləri, psixoloq, müdriyyət həmin tərəfə bu öhdəlikləri xatırlatmağa borcludur.
Məktəb tam bir sistem şəkildə çalışdıqca görülən işlərin bəhrəsi də effektli olur.
Xatirə Mirzəliyeva
kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim