psixoloji problem

Müasir ailə modeli və onun ətrafında yaranan problemlər

Baxış sayı: 8. 216

Bu gün ailə bağlarının qopmasına səbəb olan faktorlar çoxdur.  Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. “Ailə kiçik bir dövlətdir” – boş yerə deyilmiş bir söz deyil. Təbii ki, ailədə problemlər olur və olmalıdır. Kişi və qadın problemlərini birlikdə həll edərək, bir-birini başa düşə bilməlidirlər.

Hər kəs üçün müasir ailə modeli müxtəlif cür ola bilər:

Mənim üçün müasir ailə modeli bir-birini başa düşməkdən keçir. Bir-birini başa düşmək üçün  ünsiyyət qurulmalıdır. Ünsiyyət quraraq insanlar aralarındakı bütün problemləri həll edə bilərlər. Elə yaranan problemlərin əsası da ünsiyyət defisitinin olmasından yaranır. Ailədə bir-birinə qarşılıqlı hörmət lazımdır. Bəzən deyirik sevgi əsasdır, bəzən isə hörmət əsasdır deyirik. Amma məncə insanlar bir-birini sevərək evlənir, sevgi daha sonra hörmətə çevrilir. Sevilmək gözəl hissdir, o cümlədən də sevmək.

Qadın və kişi münasibətlərində müxtəlif fərqlər ola bilər. Hər bir insanın xarakteri fərqlidir. Hər bir insanın düşüncə tərzi fərqlidir. Qadın və kişi öz aralarında olan problemi həll edərkən bir-birlərinə güzəştə gedə bilməyi bacarmalıdırlar. Bəzən ailədə olan 2 nəfərdən biri problem yaradırsa, digər bir nəfər həmin problemi böyütməməlidir. Xalq arasında deyilən deyimə əsasən biri od olarsa, digəri su olmalıdır. Qadın və kişi öz arasında olan problemi həll edərkən bir-birinə verdikləri sözü başa düşməlidir. Təbii ki, evliliyə qədər olan müddətdə insanlar bir-birini tanımalıdır. Bu dövr nişanlılıq dövrü adlansa da, əslində mən bu dövrü tanıma dövrü adlandırıram. Çünki cütlüklər bu dövrdə bir-birlərinin xarakterik xüsusiyyətlərini öyrənirlər. Əgər bu dövrü düzgün dəyərləndirə bilmək vacibdir, çünki bu sonrakı dövrlər üçün əsas zəmin rolunu oynayır. Ona görə də bu müddət bir qədər uzun olmalıdır, amma verilən bu müddəti onlar dəyərləndirə bilərək, bir-birilərini yaxşı tanımağa çalışmalıdırlar ki, sonralar yarana biləcək adi problemlərdə “mən səni yaxşı tanımamışam”, “sənin belə bir insan olduğunu bilmirdin”, “belə olacağını bilsəydim səninlə ailə qurmazdım” kimi xoşagəlməz, problem yarada biləcək ifadələr işlənilməsin.

Ailədaxili konfliktlərin yaranmasına səbəb olan amillərdən biri də qısqanclıqdır. Qısqanclıq özünü bəzən xəstəlik kimi göstərə bilər. Ona görə də buna fikir vermək lazımdır. Qısqanclıq boşanmaya belə səbəb ola bilir. Ona görə də bunun üçün psixoloji yardım almaq lazım olur. Hər şeyin bir həddi olmalıdır. Həddi aşılan hər şey cansıxıcı, bezdirici  və dözülməz olur. Qısqanclıq mənim üçün gözəl bir hissdir. Amma bu yerli-yerində olmalıdır. Tərəflər bir-birinə olan sevgi hissinin azaldığını görəndə bunu belə izah edirlər. “Artıq o məni sevmir, çünki məni qısqanmır”. Bir-birini sevmək üçün qısqanclıq olmalıdır, amma ailədə bir-birinə inana bilmək, bir-birinə güvənmək hissi əsas olmalıdır.

İdeal ailə nədir?

İdeal bu söz hər kəs tərəfindən işlənilir və hər zaman söylənildiyi kimi “ideal insan və ideal olan heç bir şey yoxdur”. Çünki hər bir insan və ətrafımızda olan hər bir hadisə qüsurları ilə gözəl sayılır. Bəzən qıraqdan insanlara ailələr ideal görsənə bilər. Hətta insanların ideal saydığı ailələrdə konflikt olanda hamı təəccüblənir. Niyə belə oldu? Axı biz onların belə olduğunu bilmirdik?

Təbii ki, bir-biri ilə yaxşı anlaşan, bir-birini yaxşı başa düşən, bir-birinə hörmət edən insanlar var. Mən buna inanmaq istəyirəm. əslində ideal olmağa çalışmamalıyıq. Özümüz kimi ola bilsək məncə yetərli olar. Sadəcə bir-birimizi başa düşə bilsək, bir-birimizin fikirlərinə, istəklərinə hörmətlə yanaşa bilsək heç də ideal ailə olmağa ehtiyac olmayacaq…. İdeal ailə deyil də bir-birinə hörmət edən, bir-birinə sahib çıxan ailə axtarmalıyıq.

Ailə quran gənclər bəzən sadəcə evlənmək məqsədi ilə ailə qururlar. Bu da təbii ki, sonradan mənfi nəticələrə səbəb ola bilir. Bizim ailə mentalitetimizə əsasən müəyyən yaşa qədər ailə qurmalıdırlar. Əks təqdirdə onlar evdə qalmış sayılır. Təbii ki, bütün bunlarında təsiri var.  Və nəticə olaraq ailədə adi bir çətinlik yaranan kimi problemlərdə yaranmağa başlayır.

Ənənəvi ailə modeli dedikdə, keçmişdə qurulan ailələri misal göstərərdim. Analarımız-atalarımız həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, adi problemləri böyütmədiklərini xatırladırlar. Əslində biz baxdığımızda bunun doğru olduğunu görə bilərik. Valideynlərimiz bizə də adi problemləri böyütməməyimizi, ailəmizə sahib çıxmağımızı istəyirlər. Əslində biz nə qədər istəsəkdə bu alınmır. Bunun tək bir səbəbi var:

Keçmişdə insanların gözləntiləri bu qədər deyildi. Amma yaşadığımız müasir dövrün gözləntiləri də çox olur. İstəklərimiz çox olduqca gözləntilərimiz də çox olur. Və adi bir problemdən başlayaraq yeni problemlər yarana bilir.

Bugünkü dövrdə ailələrin dağılmasına müxtəlif problemlər səbəb ola bilir. Ən əsas təsir isə kənar amillərin yaratdığı təsir olur. Bunlar da əsasən valideynlər olur. Bir evdə yaşamaq, yeni şəraitə adaptasiya olmaq hər kəs üçün eyni olmur. Hər insan eyni şəkildə adaptasiya olunmur. Bu zaman  digər tərəf də qarşı tərəfin adaptasiya olunmağına şərait yaradılmalıdır. Ən əsası tərəflər arasında olan problemlərə valideynlər qarışmasa daha yaxşı olar, hətta kişi və ya qadın kömək üçün valideynlərinə müraciət etsələr belə, valideynlər onların məsələsinə qarışmamalıdırlar. Çünki hər valideyn öz övladının tutduğu mövqedən məsələyə yanaşmağa çalışsa bu zaman problem daha da böyüyəcək. Onun üçün insanlar problemlərini öz aralarında ünsiyyət quraraq, bir-birini dinləyərək həll etsələr problem o qədər də böyüməz. Necə deyərlər: iki tərəf arasında olan münasibətə üçüncü tərəf qarışmamalıdır.

Ailə hər insanın zənginliyidir. Ailəni qurmaq deyil, onu qorumaq gərəkir. Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük əsasında qurulmalıdır. Necə gəldi qurulan ailələrin sonu belə olmur. Ailə sözünün deyil, ailə yükünün ağırlığını çəkə bilmək lazımdır. Ailə qurarkən gəncləri məcbur etməməliyik. Hər kəs müəyyən yaşa gəldikdə ailə qurmaq istəyir. Bu zaman onlar valideynlərinin məsləhətinə qulaq asaraq və ya öz seçdikləri biri ilə ailə həyatı qura bilməlidir.

Dövr müasir dövrdür. Mən psixoloq olaraq düşünürəm ki, ailə qurmamışdan əvvəl cütlüklərlə psixoloq arasında konsultasiyalar aparılsa gözəl olar. Ən azından 1-2 konsultasiya. Məsləhət hər zaman gözəldir. Təbii ki, ailə qurmamışdan əvvəl valideynlərimiz kifayət qədər məsləhət verməyə çalışır. Amma psixoloqla da görüş yaxşı olardı. Kişi və qadının gələcək arzularını, istəklərini deməsi, psixoloqun onlara məsləhət verərək, sonda seçimi onların öhdəsinə buraxması gözəl olardı.

Ailəmizə sevərək sahib çıxmalıyıq. Sevgi hər şeyin başlanğıcıdır. Ailənin olması vacibdir. Ailə sevincləri, üzüntüləri ilə gözəldir. Ailənin özəyi möhkəm qurularsa və qorunularsa biz bu zaman xoşbəxt olan ailədən söz aça bilərik. Və sonda xoşbəxt ailə mənim üçün:

1) Bir-birinə sevgi və hörmətlə yanaşmalı;

2) Biri-birinə inanmalı və güvənməli;

3) Biri-birinə verdikləri sözü unutmamalı

 

Günel Əliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir