Aydan Memmedova 2

“Müasir dövrdə yalnız texniki bacarıqlara sahib olmaq iş dünyasında uğur üçün kifayət etmir”

Baxış sayı: 574

“Gencaile.az” saytı psixoloq Aydan Məmmədovanın müsahibəsini təqdim edir.

 

– Yaradıcısı olduğunuz “İnspiro” proqramı haqqında danışa bilərsinizmi? Bu proqramın yaradılmasında hansı əsas məqsədlər güdülmüşdür?

– “İnspiro” proqramı əsasən rəhbərlər, liderlər və şirkət əməkdaşları üçün nəzərdə tutulmuş peşəkar və psixoloji inkişaf proqramıdır. Bu proqramın əsas məqsədi işçilərin psixoloji rifahını artırmaq, onların motivasiyasını gücləndirmək və komanda daxilində sağlam iş mühiti formalaşdırmaqdır. Proqram 7 əsas mərhələdən ibarətdir.

İşçi psixologiyası

Nevropsixoloji yanaşma

Stressin idarə olunması

Psixoloji güc

İş mühiti və emosional zəka

Rifah və psixoloji sağlamlıq

Obyektiv baxış

Bu proqramın həyata keçirilməsində məqsəd yalnız fərdi inkişaf deyil, eyni zamanda təşkilatın performansının yüksəldilməsidir. İşçilər psixoloji olaraq daha güclü və motivasiyalı olduqda, öz işlərinə daha məsuliyyətli və həvəslə yanaşırlar. Bu isə bir başa olaraq şirkətin ümumi fəaliyyət həyatını artırır.

Eyni zamanda proqram çərçivəsində rəhbərlə işçi arasında münasibətin təkmilləşdirilməsi, komanda içi konfliktlərin azaldılması və şəxsi qərəzli münasibətlərin aradan qaldırılması kimi hədəflər də güdülür. Beləliklə, həm fərdi həmdə kollektiv şəkildə sağlam və məhsuldar iş mühiti formalaşdırılır.

inspro

 

“İnspiro” proqramı iş dünyasında uğur üçün texniki bacarıqlardan başqa, psixoloji rifahı necə artırmağı hədəfləyir?

– Müasir dövrdə yalnız texniki bacarıqlara sahib olmaq iş dünyasında uğur üçün kifayət etmir. İnsanların psixoloji rifahı, motivasiya səviyyəsi və emosional balansı da ən az texniki biliklər qədər əhəmiyyətlidir. Cəmiyyətimizdə insanların həyatının böyük hissəsi iş mühitində keçir və bu mühitin psixoloji olaraq dəstəkləyici olması həm fərdi həmdə təşkilati uğuru müəyyən edir.

“İnspiro” proqramı məhz bu nöqtədə mühüm rol oynayır. Proqramın əsas məqsədi işçilərin və rəhbərləri iş mühitinə psixoloji cəhətdən hazırlamaq, onların qarşılaşdıqları emosinal və sosial çətinlikləri sağlam şəkildə idarə edə bilmələrinə şərait yaratmaqdır. Burada psixoloji rifah yalnız stressin azalması ilə məhdudlaşmır. Məqsəd insanın daxili gücünü oyadaraq özünü dəyərli hiss etməsini təmin etməkdir.

“İnspiro” proqramı həm fərdi həmdə komanda səviyyəsində motivasiyanı artırmağa yönəlmişdir. Bu zaman biz  klassik motivasiya nəzəriyyələrinə də əsaslanırıq.

Bu nəzəriyyələrdən Maslowun ehtiyac iyerarxiyası, Heyrzbergin iki amil nəzəriyyəsi aiddir. Hansı ki Maslowun ehtiyaclar iyerarxiyasına görə insanın özünü reallaşdırması üçün öncə təhlükəsizlik, aidiyyət və dəyər hissi təmin olunmalıdır. İnspiro proqramı işçilərin bu ehtiyaclarını qarşılamaqla onların potensiallarını açır. Bundan başqa, Herzbergin iki faktorlu nəzəriyyəsi isə ona göstərir ki, motivasiya yalnız maaş və şərtlərlə deyil, həmdə inkişaf imkanları və uğur hissi ilə artır. Proqram məhz “motivasiya edici” faktorları ön plana çıxarır. Nəticə olaraq texniki bacarıqlarla yanaşı, emosional zəka, stressə davamlılıq, empatiya və liderlik kimi psixoloji faktorlar da inkişaf etdirilərək iş dünyasında uğura gedən yol daha dayanıqlı şəkildə qurulur.

Aydan Memmedova

 

– Yeri gəlmişkən, iş mühitində insanlar hansı psixoloji problemlər və məsələlərlə qarşılaşa bilər ?

– İş mühiti, insan həyatının böyük bir hissəsini əhatə etdiyi üçün burada yaşanan psixoloji çətinliklər həm şəxsi rifaha, həm də peşəkar fəaliyyətə birbaşa təsir göstərir. Ən çox rast gəlinən psixoloji problemlər və məsələlər aşağıdakılardır:

1) Stress və tükənmişlik sindromu (burnout):

Davamlı iş yükü, vaxt təzyiqi, qeyri-real gözləntilər və fasiləsiz performans tələbləri insanı psixoloji və fiziki olaraq tükəndirə bilər.

2) Motivasiya əskikliyi və daxili boşluq hissi:

Hədəfsiz və ya dəyərsiz hiss etmək, görülən işlə şəxsi dəyərlər arasında uyğunsuzluq motivasiyanı zəiflədir.

3) Əlaqə və ünsiyyət problemləri:

Rəhbərlə işçi arasında və ya komanda üzvləri arasında effektiv olmayan ünsiyyət, anlaşılmazlıqlara və konfliktlərə yol açır.

4) Təcrid və yalnızlıq hissi:

Komanda daxilində sosial dəstəyin olmaması, özünü kənarda və ya dəyərsiz hiss etməyə səbəb ola bilər.

5) Psixoloji təzyiq və mobbing:

Qərəzli davranışlar, manipulyativ münasibətlər, alçaldıcı və ya qeyri-etik yanaşmalar insanın psixikasına ciddi zərər verə bilər.

6) Perfeksionizm və özünə qarşı sərt münasibət:

Hər şeyi mükəmməl etmə istəyi, səhvləri qəbul etməmə və özünü daim tənqid etmə iş yerində daxili təzyiqi artırır.

7) Karyera ilə şəxsi həyat arasında balanssızlıq:

İş həyatının şəxsi vaxta müdaxiləsi emosional yorğunluğa və ailədaxili gərginliyə səbəb olur.

8) Dəyərləndirilməmək və tanınmamaq hissi:

Effort və nailiyyətlərin görünməməsi və təşəkkürsüz qalması, zamanla ruh düşkünlüyünə səbəb ola bilər.

Bu problemlərin qarşısını almaq üçün iş mühitində emosional təhlükəsizlik, aydın ünsiyyət, deyər əsaslı yanaşma, və psixoloji dəstək mexanizmləri qurulmalıdır. Burada psixoloji təlimlər, fərdi və qrup konsultasiyaları, rəhbər-işçi arasında empati əsaslı münasibətlər xüsusi rol oynayır.

 

– Siz bir çox psixoloji təlimlər keçirirsiniz. Hər bir təlimin əsas məqsədi nədir və hansı mövzularda daha çox diqqət yetirirsiniz?

– Keçdiyimiz bütün psixoloji təlimlərin mərkəzində bir məqsəd dayanır: İnsanın psixoloji rifahını artırmaq və onun şəxsi, peşəkar həyatında daha balanslı və dayanıqlı bir sistem yaratmaq. Bundan başqa, əsas olaraq insan psixikasının iş mühitindəki rolu üzərində dayanırıq. Təlimlər zamanı əvvəl də qeyd etdiyim kimi 7 əsas mövzu üzərində dayanırıq.

İşçi psixologiyası

Nevropsixoloji yanaşma

Stress idarəetməsi

Psixoloji güc

İş mühiti və emosional zəka

Rifah və psixoloji sağlamlıq

Obyektiv baxış

Təlimlərimiz və seanslarımızda Müzakirələr, praktik məşğələlər, Qrup fəaliyyətləri, rol oyunları, simulyasiya məşqləri, özünü təhlil anletləri kimi metodlardan istifadə edirik.

 

– Sosial media və texnologiyanın artan təsiri, insanların psixoloji sağlamlığına necə təsir edir?

– Sosial media və texnologiyanın sürətlə həyatımıza daxil olması bir tərəfdən informasiya əlçatanlığını, əlaqə imkanlarını və öyrənmə prosesini asanlaşdırsa da, digər tərəfdən insanların psixoloji sağlamlığı üzərində bir sıra mənfi təsirlər yaradır.

Ən çox rast gəlinən psixoloji təsirlər bunlardır:

1) Özünü digərləri ilə müqayisə etmək – Sosial mediada tez-tez “ideal həyat” obrazları ilə qarşılaşmaq, insanlarda yetərsizlik hissi, özünə inamsızlıq və aşağı özdəyər yarada bilər. Bu da uzun müddətdə depressiv əhval-ruhiyyəyə səbəb ola bilər.

2) Daimi bildirişlər və diqqət dağınıqlığı – Texnologiyanın yaratdığı fasiləsiz diqqət bölünməsi, beyin yorğunluğunu artırır və uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir.

3)Yuxu pozuntuları – Xüsusilə axşam saatlarında telefon, planşet kimi cihazlardan istifadə melatonin səviyyəsini azaldır və yuxu keyfiyyətini aşağı salır. Bu isə emosional sabitliyi birbaşa təsir altına alır.

4) Sosial təcrid və real əlaqələrin zəifləməsi – Onlayn ünsiyyət formalarının artması, real həyatdakı münasibətlərin dərinliyini və empatiya bacarığını zəiflədə bilər. İnsan sosial varlıqdır və sağlam emosional əlaqələr psixoloji rifah üçün vacibdir.

5) Təsdiq ehtiyacının artması – “Like”lar, şərhlər və izləyici sayı insan beynində dopamin ifrazını stimullaşdırır və bu, zamanla psixoloji asılılıq yarada bilər. Bu isə özünü ifadə formasının təbii deyil, bəyənilmək məqsədli olmasına gətirib çıxarır.

Bununla yanaşı, texnologiyanın düzgün və şüurlu istifadəsi də mümkündür. Məsələn, psixoloji dəstək xidmətlərinin onlayn əlçatan olması, fərdi inkişaf materiallarının geniş yayılması və maarifləndirici kontentin artması kimi müsbət tərəfləri də mövcuddur.

Psixoloq kimi tövsiyəm budur: texnologiyanı həyatımıza alət kimi daxil etməli, ona nəzarət etməliyik – texnologiya bizə deyil, biz texnologiyaya rəhbərlik etməliyik. Bunun üçün rəqəmsal detoks, ekran vaxtına nəzarət, sosial mediada qidalanma (yəni nəyi, nə qədər izlədiyimizə diqqət) kimi kiçik addımlar belə böyük fərq yarada bilər.

 Aydan-Memmedova

– Bir çox insan şəxsi həyatı ilə iş həyatı arasında balansı qoruya bilmir. Sizcə bunun səbəbi nədir və necə nəzarət edə bilərik?

– Bir çox insanın şəxsi həyatı ilə iş həyatı arasında balansı qura bilməməsinin əsas səbəbi rol qarışıqlığı, həddindən artıq gözləntilər və sərhəd qoymaqda çətinlik yaşamasıdır. Xüsusilə texnologiyanın həyatımıza daxil olması ilə iş və şəxsi zaman bir-birinə qarışıb, bu da psixoloji yüklənməyə səbəb olur

Tarazmalaq üçün isə ;

1) Vaxt planlaması edin – Günün hansı saatlarını işə, hansını isə ailə və ya istirahətə ayırdığınızı əvvəlcədən müəyyənləşdirin. Bu, beynə “indi iş, indi özəl zaman” siqnalı verir.

2) “Yox” deməyi öyrənin – Həm işdə, həm şəxsi həyatınızda həddinizi aşan məsuliyyətləri qəbul etməmək balans üçün vacibdir.

3) Texnoloji sərhədlər qoyun – İşdən sonra e-mail və mesajlara baxmamaq kimi konkret qaydalar yaradın.

 

4) Psixoloji ehtiyacları tanıyın – Əgər daimi gərginlik, yorğunluq və ya günahkarlıq hiss edirsinizsə, bu balanssızlığın göstəricisidir. Bu zaman peşəkar dəstək almaq faydalı ola bilər.

5) İş və şəxsi məqsədləri ayırın – Həyatınızda yalnız işlə bağlı yox, şəxsi inkişaf, hobbi və sosial əlaqələrə dair də məqsədlər olsun.

 

Hazırladı: Uğur

Aydan Memmedova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir