online alis-veris

Müasir dövrün trendi – onlayn alış-veriş – ARAŞDIRMA

Baxış sayı: 904

“Alış-veriş etməyi hər qadın kimi çox sevirəm. Amma brend mağazalardakı cib yandıran qiymətlər ya məni maddi ziyana salır, ya da alış-veriş arzumu ürəyimdə qoyurdu. Hətta dəfələrlə dostlarla yığışıb, məhz alış-veriş üçün qonşu ölkə Türkiyəyə getmişik. 3 günlük gedib, 1 illik geyim ehtiyaclarımızı alıb gəlirdik. İndi isə Türkiyədən alış-veriş etmək üçün ora getməyə ehtiyac yoxdur. Evdə oturduğum yerdə istədiyim brend mağazadan Bakıdakından dəfələrlə ucuz qiymətə geyim ala bilirəm”.

Bu sözləri Günay deyir. Günay geyimlərini Türkiyənin məşhur onlayn alış-veriş platforması olan trendyoldan alır. Dediyinə görə, geyimlər bizim mağazalarla müqayisədə 4-5 qat ucuz başa gəlir.

Günayın sözlərindən təsirlənib müqayisə aparmaq üçün brend mağazalara üz tutdum. Trendyolda Bakıdakı mağazaların əksəriyyətində satılan məhsullar mövcuddur. Qiymətlər isə, həqiqətən kifayət qədər ucuz başa gəlir. Məsələn, məşhur brendlərdən birinin köynəyi Bakıda 80 manat, trendyolda isə 25 manatdır. Çatdırılma pulu ilə birlikdə maksimum 40 manata başa gəlir. Yaxud 500-600 manata olan paltoları 300 manata almaq mümkündür. Bakıdakı bəzi mağazalarda məhsulların üzərində türk lirəsi ilə alış qiymətini olduğu kimi saxlayıb, qarşısına manatla yeni qiymət yazıblar. Məsələn, şalvar Türkiyədə 75 tl-dirsə (21,30 manat), bizim brend mağazamızda 75 manata satılır.

                                            

Bəs, belə sərfəli alış-veriş etməyin xüsusi qaydası varmı? Nələrə diqqət etməli, hansı nüansları gözardı etməməliyik?

 

Jurnalist Tural İbadlı geyimlərini əsasən brend mağazalardan və onlayn şəkildə alır. Deyir ki, alış-veriş zamanı əsas məsələ qiymət və keyfiyyətdir: “Mən tez-tez xarici onlayn resurslardan həm özüm, həm də yaxın tanışlarım üçün alış-veriş edirəm. Ən çox eşitdiyim və özümün də müşahidələrim zamanı rast gəldiyim məsələ budur ki, bizim ölkəmizdə olan brend malların mağazalarında rəngarənglik yoxdur. Əksər hallarda tünd rəngli geyimlər satılır. Amma eyni brendin xaricdəki mağazasında, yaxud saytında çox gözəl seçimlər olur. Hərdən düşünürsən ki, Türkiyə, yaxud başqa ölkələrdə satılmayan məhsulları Azərbaycana göndərirlər?”

 

“Diqqət və bəxt lazımdır”

Tural deyir ki, xaricdən onlayn geyim, yaxud başqa nəsə aldıqda, mütləq təhlükəsizliyə fikir vermək lazımdır: “Yəni ödəniş üçün kart məlumatları daxil etdiyiniz sayt mütləq minimum təhlükəsizlik tələblərinə cavab verməlidir. Sadə şəkildə desək, hər bir saytın adının önündə HTTPS protokolu olmalıdır. Digər məsələ məhsulun göndərilib-göndərilməməsi, malın şəkildə göstərildiyi kimi olub-olmaması ilə bağlıdır. Bunun üçün mütləq “feedback” deyilən müştərilərin fikirlərini axtarıb tapmaq lazımdır. Adətən forumlarda, yaxud saytın məlum bölümündə belə rəylər tapmaq olur. Məsələn, mən bir neçə ay əvvəl Finlandiyanın bir saytından qadın geyimi sifariş vermişdim. Bu saytı ilk dəfə tanıdığım üçün almazdan əvvəl məndən öncə alış-veriş edən müştərilərin rəylərini oxudum. Onların 99 faizi deyirdi ki, məhsul vaxtında gəlib çatır. Əsas məsələlərdən biri elə budur. İkinci önəmli məsələ isə keyfiyyətdir. Bəziləri deyir ki, məhsul şəkildə göründüyü kimi keyfiyyətlidir, 30 faizi deyir ki, keyfiyyətli deyil və s. Adətən trenddyol, hepsiburada, aliexpress, ebay, amazon kimi tanınmış alış-veriş saytlarında elə də ciddi problemlərlə qarşılaşmırıq. Əsasən, tanımadığınız hansısa saytın məhsulu ilə qarşılaşanda, problem yarana bilər. Bunun üçün isə diqqət və bir qədər də bəxt lazımdır”.

 

“3D secure”

Həmsöhbətimizin sözlərinə görə, kart məlumatlarının təhlükəsizliyi də ən çox müzakirə olunan məsələlərdəndir: “Şiddətlə tövsiyə olunan məsələlərdən biri plastik kartları “3D secure” sisteminə qoşmaqla bağlıdır. Bu qoşulma olduqda, sizin kartınızla ödəmə əməliyyatı aparıldıqda, qeydiyyatdan keçirdiyiniz mobil nömrənizə şifrə gələcək. Həmin şifrəni saytda açılan pəncərədə daxil edən kimi, əməliyyat baş tutacaq. Bu isə kart məlumatlarının digərləri tərəfində ələ keçirilməsi zamanı vəsaitlərin istifadəsinin qarşısını alır. Hazırda “Visa İnternational” və “MasterCard” kimi beynəlxalq kart sistemlərinin hamısı bunu tələb edir. Hətta əksər saytlar bu növ təhlükəsizliyi olmayan kartlarla alış-verişi rədd edir. Amma bəzi saytlarda belə bir tələb yoxdur. Misal, üçün Çinin onlayn pərakəndə ticarət nəhəngi aliexpress.com saytı sizin qarşınıza belə bir təhlükəsizlik tələbi qoymur”.

 

Bəs ölçünü necə tənzimləyək?

Bir çox hallarda geyinib əynimizdə yoxlamadığımız məhsulu almaqdan çəkinirik. Tural deyir ki, hər brendin öz ölçü kriteriyası olur: “Geyim seçərkən təhlükəsizlik qədər önəmli məsələ onun ölçüsüdür. Adətən hər brendin öz ölçü kriteriyası olur. Bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Adətən saytlarda bu yazılır. Xüsusən də aldığınız malın ölkəsindən asılı olaraq, US, EU və UK tipli ölçü kateqoriyaları olur. Ölçü cədvəlinə diqqətlə baxıb, onu uyğunlaşdırmaq lazımdır. Tez-tez eşitdiyim Azərbaycansayağı üsul isə belədir ki, kimsə X brendinin məhsulunu onlayn almaq istəyir və həmin brendin Azərbaycandakı mağazasında geyinib yoxlayır. Nəticədə eyni ölçünü sifariş edir. Amma nəzərə almaq lazımdır ki, heç də bütün brendlərin Bakıda mağazası yoxdur. Düşünürəm ki, bu səbəbdən də ən yaxşı üsul saytlarda verilən ölçülərə uyğun ölçmələr aparmaqdır. Öz bilgilərimə əsaslanıb bu sahədə az təcrübəsi olan, yaxud heç bir təcrübəsi olmayan şəxslərə tövsiyə edirəm ki, Türkiyə saytlarından alış-veriş edərkən yuxarıda dediyim məsələlərlə yanaşı, “MasterCard”a məxsus kartlarla alış-veriş etməyə çalışsınlar. Əslində hər iki sistem – “Visa” və “MasterCard” kifayət qədər təhlükəsizdir. Yəni kart sahibləri üçün maksimum təhlükəsizliyi təmin etmək üçün ən son texnologiyalardan istifadə edirlər. Amma bir məsələ var ki, “MasterCard” Türkiyə saytlarından alış-veriş edən Azərbaycan banklarının müştəriləri üçün xüsusi kampaniyalar keçirir. Hətta müəyyən endirimlər də olur. Bu isə həm də əlavə xərclərdən azad olma deməkdir”.

 

“Həm qiymətdə uduruq, həm də seçim çoxdur”

“Azadqadın.az” saytının və “xoşbəxt qadınlar klubu” səhifəsinin rəhbəri Aynur Qurbanqızı da əsasən trendyoldan alış-veriş edir. Deyir ki, ayaqqabı və çantalarını da onlayn şəkildə alır: “Dəripabuç” firmasından ayaqqabı aldım. Çox keyfiyyətlidir. Qiyməti isə cəmi 30 manat idi. Məncə, ayaqqabı və çantalarımızı onlayn sifariş verməklə həm qiymətdə uduruq, həm də seçim çoxdur. Çatdırılma da ayaqqabı üçün 700 qr-a kimi 5-6 manat, 1 kq gəlsə, 7.65 manat edir. İndiyə kimi 7-8 ayaqqabı sifariş vermişəm, 1 kilodan artıq gələn olmayıb”.

Həmsöhbətimiz deyir ki, uşaq paltarlarını da onlayn şəkildə alır: “Burdakı mağazalarda bahadır, uşaq bir mövsüm geyinəcək deyə, paltarlarına çox pul verməyə əlim gəlmir. Misal üçün, LC waikiki-də 50 manata olan eyni paltarı türk saytlarından 16 AZN-ə alıram. Limak.az-la da çatdırılmanı edirəm. Orada qiymətlər daha münasibdir və 3 manat 60 qəpik də çatdırılma edir. Qısası, 50 manatlıq geyimi 19.60 manata almış oluram”.

Həmsöhbətimiz sonda vurğuladı ki, onlayn alış-verişin mənfi cəhəti ucuz görüb pulu çox xərcləməkdir: “Məhsullar o qədər ucuz və rəngarəngdir ki, dayanmaq olmur. Hər dəfə “bu dəfə az alacağam” adı ilə başlayıb, bütün pulumu bitirirəm”.

 

Məhsulu seçdiniz, ödənişini etdiniz. Bəs necə çatdırılsın?

Xaricdən alış-verişi ünvanınıza çatdırmaq üçün Limak, Camex, Starex, Kargofly, Mover.az kimi şirkətlər mövcuddur. Gəlin, elə Limakdan danışaq.

Onlayn alış-veriş etmək istəyən şəxs Limak.az saytında qeydiyyatdan keçməklə, öz kartı ilə xarici onlayn alış-veriş saytlarından sifarişini verə, əgər alış-veriş etmək istədiyi saytlarda kartı keçərli olmazsa, Limak-ın mənim üçün “sifariş et” xidmətindən faydalana bilər. Sifariş verildikdən sonra onu ünvana çatana qədər saytda izləmək mümkündür.

Limak-ın Pr meneceri Samir Əfətli deyir ki, Limak həftənin hər günü 24 saat çalışan, həmçinin bütün sosial şəbəkələrdən qısa zamanda geri dönüş edən yeganə şirkətdir. Həmsöhbətimizin sözlərinə görə, daha çox geyimlər və kosmetik vasitələr sifariş olunur: “Faiz nisbətilə götürsək, daha çox geyim və kosmetik vasitələr daşıyırıq. Ev aksesuarları, avtomobil hissələri gətirənlər də var. Tələbat hazırda endirimlər zamanı geyimlərə və kosmetik vasitələrədir. Onlayn alış-verişin sürətlə yayılmasının səbəbi, almaq istədiyimiz məhsulun görünüşünü, xüsusiyyətlərini və qiymətlərini internet saytları vasitəsilə ətraflı araşdıra bilməkdir. Onlayn alış-veriş insanlara zamana qənaət etmək, istədikləri hər yerdən, hər zaman alış-veriş etmək fürsəti verir. Ona görə də insanlar son dövrlər alış-veriş mərkəzlərini ziyarət etməklə yanaşı, onlayn alış-veriş etməyə də alışırlar və bu tendensiya günü-gündən daha da artan templə davam edir. Faiz nisbətini dəqiq deməkdə çətinlik çəkirəm. Ancaq yuxarı faiz olduğu məlum məsələdir”.

 

Əgər məhsul çatdırılma zamanı zədələnərsə…

Alıcıları ən çox narahat edən məsələlərdən biri də aldığı məhsulun zədəsiz ona çatdırılmasıdır. Hazırda onlayn alış-verişə tələbat artsa da, bir neçə il öncəyə qədər insanlar istədikləri məhsulun olduğu kimi gəlmədiyindən narazılıq edir, baha olsa da, mağazaya gedib almağa üstünlük verirdilər. Samir Əfətli deyir ki, məhsul zədəli gələrsə, onun qaytarılması üçün müştəriyə köməklik edirlər: “Sifarişin xarici ölkədən Azərbaycana çatdırılmasında ən çox diqqət etdiyimiz məsələ məhsulu aldığımız kimi müştəriyə çatdırmaq, mümkün zədələrə qarşı sığortalı daşınmasını təmin etməkdir. Elə məhsullar var ki, xüsusi qablaşdırmada, zədələrdən mühafizə olunaraq çatdırılmalıdır. Əgər məhsul çatdırılma zamanı zədələnərsə, satıcı mağazaya geri qaytarılmasına və yenisi ilə əvəzlənməsinə, mümkündürsə, kompensasiyanın alınmasına köməklik göstəririk”

Məlumat üçün bildirək ki, məhsulun çatdırılma haqqı 2 dollardan başlayır və çəkiyə görə dəyişir.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir