Çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətirsə də, digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, Azərbaycan ailə institutunun deformasiyaya uğramasına aparıb çıxarır. Milli ailə modeli hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik dövlət hesab olunub. Bəs günümüzdə bu sahədə durum necədir? Azərbaycan ailəsində yaranan problemlər doğrudanmı dünyada gedən inkişafdan, dəyişən zamandan qaynaqlanır? Yeni texnologiyalar vasitəsilə tanış olub ailə qurmaq lazımlı və uğurludurmu? Bu bölmədə mənəviyyatımızın əsas problemlərindən danışacaq, yazarlarımızı, düşüncə adamlarımızı bu milli məsələ ətrafında müzakirələrə dəvət edəcəyik.
Ənənəvi ailə modeli dedikdə, keçmişdə qurulan ailələri misal göstərərdik. Analarımız-atalarımız həmişə öz ailələrinin nə qədər möhkəm olduğunu, adi problemləri böyütmədiklərini xatırladırlar. Əslində biz baxdığımızda bunun doğru olduğunu görə bilərik. Valideynlərimiz bizə də adi problemləri böyütməməyimizi, ailəmizə sahib çıxmağımızı istəyirlər. Əslində biz nə qədər istəsəkdə bu alınmır. Bunun tək bir səbəbi var: Keçmişdə insanların gözləntiləri bu qədər deyildi. Amma yaşadığımız müasir dövrün gözləntiləri də çox olur. İstəklərimiz çox olduqca gözləntilərimiz də çox olur və adi bir problemdən başlayaraq yeni problemlər yarana bilir.
Bugünkü dövrdə ailələrin dağılmasına müxtəlif problemlər səbəb ola bilir. Ən əsas təsir isə kənar amillərin yaratdığı təsir olur. Bunlar da əsasən valideynlər olur. Bir evdə yaşamaq, yeni şəraitə adaptasiya olmaq hər kəs üçün eyni olmur. Hər insan eyni şəkildə adaptasiya olunmur. Bu zaman digər tərəf də qarşı tərəfin adaptasiya olunmağına şərait yaradılmalıdır. Ən əsası tərəflər arasında olan problemlərə valideynlər qarışmasa daha yaxşı olar, hətta kişi və ya qadın kömək üçün valideynlərinə müraciət etsələr belə, valideynlər onların məsələsinə qarışmamalıdırlar. Çünki hər valideyn öz övladının tutduğu mövqedən məsələyə yanaşmağa çalışsa bu zaman problem daha da böyüyəcək. Onun üçün insanlar problemlərini öz aralarında ünsiyyət quraraq, bir-birini dinləyərək həll etsələr problem o qədər də böyüməz. Necə deyərlər: iki tərəf arasında olan münasibətə üçüncü tərəf qarışmamalıdır.
Ailə hər insanın zənginliyidir. Ailəni qurmaq deyil, onu qorumaq gərəkir. Ailə iki nəfər arasında olan sevgi, hörmət, düzgünlük əsasında qurulmalıdır. Necə gəldi qurulan ailələrin sonu belə olmur. Ailə sözünün deyil, ailə yükünün ağırlığını çəkə bilmək lazımdır. Ailə qurarkən gəncləri məcbur etməməliyik. Hər kəs müəyyən yaşa gəldikdə ailə qurmaq istəyir. Bu zaman onlar valideynlərinin məsləhətinə qulaq asaraq və ya öz seçdikləri biri ilə ailə həyatı qura bilməlidir.
Dövr müasir dövrdür. Psixoloqlar düşünürlər ki, ailə qurmamışdan əvvəl cütlüklərlə psixoloq arasında konsultasiyalar aparılsa yaxşı olar. Məsləhət hər zaman gözəldir. Təbii ki, ailə qurmamışdan əvvəl valideynlərimiz kifayət qədər məsləhət verməyə çalışır. Amma psixoloqla da görüş yaxşı olardı. Kişi və qadının gələcək arzularını, istəklərini deməsi, psixoloqun onlara məsləhət verərək, sonda seçimi onların öhdəsinə buraxması gözəl olardı.
Ailəmizə sevərək sahib çıxmalıyıq. Sevgi hər şeyin başlanğıcıdır. Ailənin olması vacibdir. Ailə sevincləri, üzüntüləri ilə gözəldir. Ailənin özəyi möhkəm qurularsa və qorunularsa biz bu zaman xoşbəxt olan ailədən söz aça bilərik. Və sonda xoşbəxt ailə mənim üçün:
1) Bir-birinə sevgi və hörmətlə yanaşmalı;
2) Biri-birinə inanmalı və güvənməli;
3) Biri-birinə verdikləri sözü unutmamalı
Qlobal bir dünyada yaşadığımızdan artıq Azərbaycan ailəsi məhfumu deyiləndə, yalnız Şimali Azərbaycanda yaşayan, 10 milyon insanı əhatə edən ailə institutları deyil, eyni zamanda dünyanın müxtəlif yerlərinə səpələnmiş 50 milyona yaxın soydaşımız, həmçinin qarışıq ailə tipləri nəzərdə tutulur. Son 10 ilin araşdırmaları göstərir ki, 130-140 oğlanla müqayisədə 100 qız uşağı doğulur. Deməli, 10-15 ilin statistikasının nəticələri üst-üstə gələndə bəlli olur ki, biz yaxın gələcəkdə oğlan uşaqlarımızı evləndirməyə qız tapmayacağıq. Ona görə də biz yaxın gələcəkdə qlobal ailə tipini Azərbaycan ailəsi ilə müqayisə etməyə, yaxud da Azərbaycan ailəsinin yeni bir tipi haqqında danışmağa məcbur olacağıq.
Klassik Azərbaycan ailəsi və onun dəyərləri, o dəyərlərin müasir dövrdə necə olması barədə sosioloqlar, siyasətçilər, kulturoloq və filosoflar arasında mübahisələr gedir.
Əfsuslar olsun ki, Azərbaycanda bu mübahisələr radio və internet saytlarında aparılır. Daha ciddi konfranslarda və alimlərin əhatəsində bu mübahisələr getmir. Yaxud gedirsə də, orada iştirakçılar çox az olur. Baxmayaraq ki, əslində, bu, müasir dövrün ən böyük problemlərindən birinə çevrilib.
Ailə-nigah və ya qan qohumluğuna əsaslanan, məişət ümumiliyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. O, hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nigah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.
İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən bu və ya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nigah ittifaqıdır. Nigah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimi də baxmaq olar.Ailənin mahiyyəti onun qurluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.
Ailə tərbiyəsi geniş imkanlara malikdir. O, ünsiyyət əmək və şəxsi nümunə, davranışın qiymətləndirilməsi, mükafatlandırma və cəzalandırma kimi təsir formalarından istifadə edir. Ailə ünsiyyəti uşaqların intellektual qabiliyyətinin stimullaşdırılmasında böyük rol oynayır.Sosioloji tədqiqat göstərir ki ailə tərbiyəsinin səmərəliliyi onun tərkibindən (bütöv və ya yarımçıq olmasından), mənəvi-psixoloji iqlimindən, sosial istiqamətindən, valideynlərin şəxsi nümunəsi və nüfuzundan, onların ümumi və pedoqoji mədəniyyətindən, uşaqlarla ünsiyyətin xarakterindən asılıdır.
Ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait (yaşayış yeri, sosial-sinfi və milli mənsubiyyət, maddi vəziyyət, ailə üzvlərinin təhsil, mədəni səviyyəsi, ailənin mənəvi və iqtisadi əsası) təsir göstərir.
Bu gün ailə bağlarının qopmasına səbəb olan faktorlar çoxdur. Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. “Ailə kiçik bir dövlətdir” – boş yerə deyilmiş bir söz deyil. Təbii ki, ailədə problemlər olur və olmalıdır. Kişi və qadın problemlərini birlikdə həll edərək, bir-birini başa düşə bilməlidirlər. Hər kəs üçün müasir ailə modeli müxtəlif cür ola bilər: Mənim üçün müasir ailə modeli bir-birini başa düşməkdən keçir. Bir-birini başa düşmək üçün ünsiyyət qurulmalıdır. Ünsiyyət quraraq insanlar aralarındakı bütün problemləri həll edə bilərlər. Elə yaranan problemlərin əsası da ünsiyyət azlığının olmasından yaranır. Ailədə bir-birinə qarşılıqlı hörmət lazımdır. Bəzən deyirik sevgi əsasdır, bəzən isə hörmət əsasdır deyirik. Amma məncə insanlar bir-birini sevərək evlənir, sevgi daha sonra hörmətə çevrilir. Sevilmək gözəl hissdir, o cümlədən də sevmək.
Qadın və kişi münasibətlərində müxtəlif fərqlər ola bilər. Hər bir insanın xarakteri fərqlidir.Hər bir insanın düşüncə tərzi fərqlidir. Qadın və kişi öz aralarında olan problemi həll edərkən bir-birlərinə güzəştə gedə bilməyi bacarmalıdırlar. Bəzən ailədə olan 2 nəfərdən biri problem yaradırsa, digər bir nəfər həmin problemi böyütməməlidir. Xalq arasında deyilən deyimə əsasən biri od olarsa, digəri su olmalıdır. Qadın və kişi öz arasında olan problemi həll edərkən bir-birinə verdikləri sözü başa düşməlidir. Təbii ki, evliliyə qədər olan müddətdə insanlar bir-birini tanımalıdır.Bu dövr nişanlılıq dövrü adlansa da, əslində mən bu dövrü tanıma dövrü adlandırıram.Çünki cütlüklər bu dövrdə bir-birlərinin xarakterik xüsusiyyətlərini öyrənirlər.Əgər bu dövrü düzgün dəyərləndirə bilmək vacibdir, çünki bu sonrakı dövrlər üçün əsas zəmin rolunu oynayır. Ona görə də bu müddət bir qədər uzun olmalıdır, amma verilən bu müddəti onlar dəyərləndirə bilərək, bir-birilərini yaxşı tanımağa çalışmalıdırlar ki, sonralar yarana biləcək adi problemlərdə “mən səni yaxşı tanımamışam”, “sənin belə bir insan olduğunu bilmirdin”, “belə olacağını bilsəydim səninlə ailə qurmazdım” kimi xoşagəlməz, problem yarada biləcək ifadələr XX əsrə və XXI əsrin əvvəllərinə nəzər salanda, şərti olaraq Azərbaycan ailələrini iki qrupa bölmək mümkündür.
Birincisi, daha çox əyalətdə yaşayanlar və Şərq ailə tipinə, milli mentalitetə tam uyğun ailə tipi. İkincisi isə, daha çox böyük şəhərlərdə, Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr. Bunların arasında müəyyən fərqlər var və fərqlər get-gedə daha da kəskinləşməkdədir. Fərqlər ətrafında mübahisələr edib fikir söyləmək olar, amma fakt budur ki, biz hazırda bu iki ailə tipi ilə rastlaşırıq və hətta bunların özlərinin də indi müxtəlif problemləri var.
Məsələn, əvvəllər kişi və qadından ibarət ailə tipləri var idi. Və bu ailə tipinə bütün dünyadan fərqli Azərbaycanda daha çox rast gəlinirdi. Amma indi tək qadın və tək kişidən, yaxud qadın və uşaq, kişi və uşaqdan ibarət ailə tipi ilə rastlaşırıq. Yaxud vətəndaş nikahı ilə evlənmiş insanlardan ibarət ailə tipləri var.
Taleh Şahməmmədli