Müasir dövrdə cəmiyyətin sürətlə dəyişməsi yeniyetmələrin psixoloji inkişafına birbaşa təsir göstərir. Qloballaşma, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və informasiya bolluğu yeniyetmələrin düşüncə tərzini, davranışlarını və dəyərlər sistemini əvvəlki nəsillərdən fərqli edir. Bu baxımdan müəllimin müasir yeniyetmənin psixologiyasını anlaması təlim-tərbiyə prosesinin effektivliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Yeniyetməlik dövrü şəxsiyyətin formalaşmasında həlledici mərhələdir. Rus yazıçısı Vasili Suxomlinski bu dövrü “Vətəndaşın yenidən doğulması “dövrü adlandırır.Bu dövrdə fərd öz kimliyini axtarır, müstəqil qərarlar verməyə can atır və özünü cəmiyyətdə təsdiqləmək istəyir. Emosional qeyri-sabitlik,tez-tez dəyişən əhval-ruhiyyə, özünəinamın bəzən artması,bəzən isə zəifləməsi yeniyetmə psixologiyasının əsas xüsusiyyətlərindəndir. Bu hallar çox vaxt böyüklər tərəfindən yanlış anlaşılsa da, əslində inkişaf prosesinin təbii mərhələsidir.
Müasir yeniyetmələrin həyatında rəqəmsal mühit xüsusi yer tutur. Sosial şəbəkələr və virtual ünsiyyət onların sosiallaşmasına, özünüifadəsinə və dünyagörüşünə güclü təsir göstərir. Bəzən bu təsir müsbət, bəzən isə mənfi nəticələr doğura bilər. Virtual mühitdə qəbul olunmaq istəyi, bəyənilmə ehtiyacı yeniyetmələrin psixoloji vəziyyətinə təsir edərək stress, narahatlıq və özünü dəyərsiz hiss etmə kimi problemlərə yol aça bilər.
Belə bir şəraitdə müəllimin rolu yalnız bilik ötürməklə məhdudlaşmamalıdır. Müəllim yeniyetmənin psixoloji xüsusiyyətlərini nəzərə almalı, onunla hörmətə əsaslanan münasibət qurmalıdır. Ədalətli və anlayışlı yanaşma, şagirdin fikrinə dəyər verilməsi müəllim-şagird arasında etimadın formalaşmasına kömək edir. Tənqid zamanı şəxsiyyətə deyil, konkret davranışa yönəlmək şagirdin müsbət cəhətlərini ön plana çəkmək yeniyetmənin özünəinamının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda müəllim motivasiyaedici mühit yaratmalı, şagirdlərin fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə almalıdır. Yeniyetmələrin bir-biri ilə müqayisə edilməsi onların psixoloji durumuna mənfi təsir göstərə bilər. Buna görə də hər bir şagirdin şəxsi inkişafına diqqət yetirilməsi daha məqsədəuyğundur. Psixoloji cəhətdən təhlükəsiz sinif mühiti yaradıldıqda yeniyetmə özünü sərbəst ifadə edə, səhv etməkdən qorxmadan öyrənə bilər.
Nəticə etibarı ilə müasir yeniyetmənin psixologiyasını anlamaq müəllim üçün peşəkar fəaliyyətin ayrılmaz hissəsidir. Yeniyetməyə anlayışla yanaşan, onu dinləyən və dəstəkləyən müəllim yalnız uğurlu təlim nəticələri əldə etmir, həm də sağlam.özünə inanan və sosial cəhətdən yetkin şəxsiyyətin formalaşmasına töhfə verir.
Psixoloq Qərənfil Həsənalıyeva
Goranboy-Naftalan rayonları üzrə PTPK-nin sədri












































































































































































