seudiyye erebistani

Müasirliklə ənənəvi mədəniyyət arasında

Baxış sayı: 617

Səudiyyə Ərəbistanı Krallığına səyahətdən əvvəl bu ölkə haqqında məlumat öyrənmək üçün mütləq internetdə axtarışlara ehtiyac var. Əgər 5 il əvvəl qaydaların sərtliyi, ölkəyə qadınların yalnız başıbağlı daxil olması, din polislərinin təhdidi ilə rastlaşması və s. “qorxu hekayələri”ndən başqa nəsə tapmaq mümkün deyildisə, indi müasirliyə meyil, turizmin inkişafı, dünyaya açılma ilə bağlı xoş xəbərlər səyahətçilərə unudulmaz səfər vəd edir. Bizə tanış olan stereotiplərdən hansının mif, hansının doğru olması ilə bağlı suallara cavabı isə yalnız bu ölkəyə səyahət zamanı tapmaq mümkündür. Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyinin təşkil etdiyi bir həftəlik media-tur azərbaycanlı jurnalistlərə bu imkanı qazandırdı.

Səudiyyə Ərəbistanı tarixən qapalı və mühafizəkar ölkə olub. Dünya turistləri krallığı “kəşf olunmamış, sirlərlə dolu ölkə” də adlandırırlar. Ancaq vaxt keçir və hər şey dəyişir. Sərhədlər yavaş-yavaş ziyarətçilərin üzünə açılır, viza şərtləri asanlaşır. Planetin ən zəngin dövlətlərindən biri sayılan Səudiyyə Ərəbistanı getdikcə daha əlçatan olur və müxtəlif yerlərdən olan insanlar onun mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Ölkədə artıq turizmə, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verilir.

Müasirliklə ənənəvi mədəniyyətin təzadları

Paytaxt Ər-Riyad bizi rəngbərəng işıqlara bürünmüş uca göydələnləri, gözqamaşdıran işıq seli ilə qarşılayır. “Dünyanın heç yerində belə parlaq işıqlar yoxdur. Elə bil şəhərin üzərinə göydən zər səpilib”, – deyə ilk təəssüratımızı bir-birimizlə bölüşürük. Ər-Riyad müasir tikinti və ənənəvi mədəniyyətin təzadlarını, Şərq koloriti ilə Qərbin elementlərini bir arada görə biləcəyiniz şəhərdir.

Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə böyük sənaye müəssisələri fəaliyyət göstərir. Paytaxtın bir neçə ali məktəbində ərəb və ingilis dilində təhsil, İslam Universiteti dünya ölkələrindən tələbələri də cəlb edir. Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi isə Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.

Ərəb qadınları dünya brendlərinin bahalı mallarından ibarət ticarət mərkəzlərində gəzməyi xoşlayırlar. Bütün qadınlar abaya geyinsələr də, ürəklərində dəb aludəçisidirlər. Ölkədəki alış-veriş sistemi əsasən nəhəng ticarət mərkəzlərindən ibarət olduğundan, ticarət və əyləncə mərkəzində ehtiyac olan hər şeyi tapmaq mümkündür.

Ölkənin əksər hissəsinin quraqlıq və səhra qumları olmasına baxmayaraq, marketlərdə həmişə təzə tərəvəz və meyvələrin geniş seçimi var.
Səudiyyə Ərəbistanının mətbəxi kifayət qədər çeşidli və ləzzətlidir. Burada zövqə uyğun təamlar dadmaq olur. Fast food həvəskarları böyük Qərb şirkətlərinin obyektlərinə üz tuturlar. Ər-Riyad çeşidli yemək menyuları təklif edən restoran və kafelərlə zəngindir. Hər yerdə təklif olunan ərəb qəhvələrinin və çeşidli xurmaların dadı uzun müddət damaqda qalır.

Səudiyyə Ərəbistanında diskoteka tapılmır, ancaq  bayram və ya adi günlərdə və işdən sonra ailələr şəhərə çıxır, kafelərdə oturur, canlı konsertlərə tamaşa edirlər. 10 ölkənin kiçik pavilyonunu birləşdirən “Dünya bulvarı” adlı yeni məkan təkcə səudiyyəlilərin deyil, turistlərin də əsas gəzinti yerinə çevrilib. Böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi mütləq görüləsi məkanlar da turistlərə açıqdır.

Marağımıza səbəb olan məqamlardan biri – Səudiyyə Ərəbistanında qapalı məkanlarda mərkəzi istilik sisteminin yoxluğu oldu. Fəsildən asılı olmayaraq yalnız sərinlik sistemi işləyir.

İctimai nəqliyyat nadir halda gözə dəyir. Şəhəri piyada gəzmək mümkün deyil, məsafələr çox böyükdür. Digər tərəfdən, uzun yollarda qızmar günəşdən və çöldəki isti havadan qorunmaq lazım gəlir. Ona görə burada hər ailənin şəxsi avtomobili var.

Ər-Riyadda səhnəsində quruluşu müasir texnologiyalarla müşayiət olunan teatr da, ölkənin tarixini bütünlüklə əks etdirən muzeylər də, qədim və nadir kitabları ilə öyünən kitabxanalar da var.

Dövlət turizmə diqqəti artırır 

Turizm ölkədə iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir. Səudiyyə Ərəbistanı yalnız 2019-cu ildə fəal şəkildə xarici qonaqları qəbul etməyə başladığı üçün burada turizm infrastrukturu qeyri-bərabər inkişaf edib. Son vaxtlara qədər bura yalnız diplomatlar, iş adamları və zəvvarlar gəlirdisə, indi ölkə turistlərə açıqdır. Səyahət sevən insanlar böyük şəhərləri – Ər-Riyad, Əl Xobar, Dammam, Ciddə və Taif şəhərlərini seçirlər. Turistlər Qırmızı dəniz və Fars körfəzindəki kurortlarda, çimərliklərdə dincəlməyə, heyrətamiz dağ panoramalarından zövq almağa, bədəvilərin min illər boyu gəzdiyi səhralara, milli parklara ekskursiyalarda iştirak etməyə gəlirlər.

2017-ci ildə ölkədə turizmin inkişafına hesablanan “Baxış 2030” proqramı qəbul edilib. Bu proqramın reallaşdırılması ölkənin sürətli inkişafını nəzərdə tutur. Həmçinin proqram turizm sahəsində böyük inkişafa səbəb olub. Məsələn, təkcə 2021-ci ildə ölkəyə 63 milyondan çox insan səfər edib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyası işə salınandan bəri krallıq ölkəyə səfər etməkdə əsas məqsədi İslamın müqəddəs yerlərini ziyarət etmək olan ziyarətçilərin sayını iki dəfə artıra bilib. İsti və quraq iqlimə baxmayaraq, ölkəyə gələn turistlərin və zəvvarların sayı ildən-ilə artır. “Biz pandemiyadan sonra nəinki əvvəlki həcmləri bərpa edə bildik, həm də əsasən, daxili turizm hesabına rəqəmləri xeyli artırdıq”, – deyə iqtisadi forumlarda qeyd edilir. Elektron viza xidmətinin işə salınması sayəsində ölkəyə daxil olmaq üçün tələb olunan sənədlərin işlənməsi xeyli asanlaşıb.

Məkkə və Mədinəni görmək arzusu

Azərbaycan vətəndaşlarının krallığa səfəri viza ilə tənzimlənir. İnanclı insanlarımız arasında bu ölkəyə dini turizm məqsədilə gələnlər üstünlük təşkil edir. Kiçik Həcc (Ümrə) və böyük Həcc ziyarətlərinə gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. İslam dininin mərkəzinə – Məkkəyə gəlib dünyanın ən böyük məscidi sayılan Əl-Haramda namaz qılmaq, müqəddəs Kəbəni, Mədinəni ziyarət etmək, bu mistik ab-havanı duymaq əksər inanclı insanlarımızın arzusudur.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında turizm də mühüm rol oynayır. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev azərbaycanlı jurnalistlərlə görüşündə iki ölkə arasındakı münasibətlərin inkişaf etdiyini bildirdi: “Azərbaycan və Səudiyyə Ərəbistanı arasında artıq bütün sahələrdə möhkəm dostluq və əməkdaşlıq əlaqələri qurulub. Siyasi əlaqələrin yüksək səviyyədə olması, əməkdaşlığın digər sahələrdə də inkişafına təkan verir”.

Krallıqda həmvətənlərimiz də çalışır. Belə ki, 2000-ci illərin əvvəllərində həkimlər bu ölkəyə gəlməyə başlayıb. Ölkənin şərqindəki “Saudi Aramco” neft şirkətində azərbaycanlı mühəndislər fəaliyyət göstərir. Son dövrlər ölkənin tanınmış restoran və digər iaşə obyektlərində idarəedici heyət olaraq, əsasən, azərbaycanlıların xidmətlərindən istifadə etməyə başlayıblar.

Turistlər üçün sərt məhdudiyyətlər yoxdur

Son illər Körfəz ölkələrində qadınların hüquqlarını liberallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib. 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı kralı ölkədə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalayıb. Artıq küçələrdə sükan arxasında qadınlara rast gəlinir.
Paytaxt Ər-Riyad tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən gələn qonaqları və turistləri yerli əhali artıq olduqları kimi görməyə öyrəşib.

İctimai yerlərdə bütün qadınların uzun qara don – abaya geymələri məcburi deyil. Bu geyim yalnız müqəddəs yerlərə ziyarət zamanı məcburidir. Ölkədə islahatları ilə sevilən vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud deyib ki, qadınların belə sərt geyim tərzindən imtina etmək hüququ var. Düzdür, daha mühafizəkar – qara abaya, niqab və əlcək geyinən qadınlara da rast gəlmək olur. Amma qadınlara çox açıq, qolları dirsəkdən yuxarı paltarlar, qısa ətəklər və şortlar geyinmək qadağandır.

Ölkəyə səfər edən turistlər üçün də sərt məhdudiyyətlər yoxdur.

Körfəz ölkələrinin ailə məsələləri və qadın hüquqları uzun illər bir sıra beynəlxalq konfransların qaynar müzakirə mövzusu olsa da, krallıqda artıq bu istiqamətdə buzlar əriməyə başlayıb. Məsələn, qadının təhsili, işləməsi müzakirə mövzusu deyil. Ailə münasibətlərində qadın və kişilərin boşanmalarına qadağa yoxdur. Ayrılandan sonra hər ikisi yenidən evlənə, istədikləri şəxslə ailə qura bilirlər. Amma ilk dəfə evlənəndə mütləq yerli sakinlə ailə qurmaları şərtdir. Minimum evlilik yaşı yoxdur. Formal olaraq məcburi nikahlar qadağandır, lakin bəylə qızın atası arasında razılaşma məcburidir.

Əcnəbi işçi qüvvəsi

Krallıqda çalışanların üçdə biri əcnəbilərdir. Əsasən, yoxsul Asiya və Afrika ölkələrindən olan işçilər ölkədə daimi yaşayır və işləyir.

Yaşadığım hoteldə söhbətləşdiyim filippinli işçi qeyd etdi ki, il yarım və ya iki ildə bir dəfə evinə gedir, qalan vaxtda ailəsinə pul göndərir: “Burada yaşam şərtləri məni qane edir. Ailəmə pul göndərə bilirəm”.

Krallıqda başqa bir əcnəbi işçi qüvvəsi də var  – onlar yüksək ixtisaslı mütəxəssislərdir. Avropa, ABŞ və Kanadadan olan mühəndislər, pilotlar, neftçilər və digər mütəxəssislər ailələri ilə birlikdə krallığa bir neçə illik müqavilə əsasında gəlirlər. Belə işçilərə yüksək maaş, mənzil, avtomobil, bütün ailə üçün tibbi sığorta verilir.

 

Səudiyyə Ərəbistanında hazırda 1444-cü ildir 

Səudiyyə Ərəbistanında hazırda cümə və şənbə istirahət günü sayılır. Namaz vaxtı bütün mağazalar və ofislər 15-20 dəqiqə bağlanır və alıcılardan, o cümlədən gələn turistlərdən bayırda və ya foyedə gözləmələri xahiş olunur. Böyük supermarketlərdə bütün müsəlmanların toplaşdığı ibadət otağı var. Mağazada asılmış səsgücləndiricilər vasitəsilə içəridə olan insanlara namaz vaxtı əvvəlcədən xəbər verilir.

Səudiyyə Ərəbistanı hələ də Məhəmməd Peyğəmbərin Mədinəyə hicrət etdiyi tarixdən – İslam təqvimi – Hicri-Qəməri təqvimindən istifadə edir. Hazırda ölkədə 1444-cü il, Şaban ayıdır…

 

Təranə Məhərrəmova
Ər-Riyad-Bakı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir