muqavile

Mübahisə və münaqişələri həll etməyin daha sürətli yolu – ARAŞDIRMA

Baxış sayı: 623
 “Mediasiya məhkəmə və ya arbitrajla müqayisədə mübahisələri həll etmək üçün daha ucuz və daha sürətli üsuldur. Mübahisələrin məhkəmədə həlli daha çox vəsait, vaxt tələb etdiyindən dünyanın əksər ölkələrində vətəndaşların yalnız 7 faizi məhkəmələrə müraciət edir. Mübahisələrin məhkəmədənkənar uğurlu həlli yolu məhz mediasiya prosesidir”.

Bu barədə Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri, vəkil-mediator İhamə Həsənova bildirir.

Arqumentlərin, maraqların, risklərin, alternativlərin araşdırılması

İhamə Həsənova qeyd edir ki, mediasiya iki və ya daha çox tərəfin könüllü olaraq öz mübahisəsini mediatorun köməyi ilə həll etdiyi mütəşəkkil prosesdir. Vəkil-mediatorun sözlərinə görə, mediasiya prosesi tərəflərin Mediasiya təşkilatına müraciəti ilə başlayır və bir neçə mərhələni əhatə edir: “Əvvəlcə tərəflər mübahisənin mahiyyəti haqqında məlumat verir və onun mediator tərəfindən öyrənilməsini təmin edir. İştirakçıların dairəsi və onların səlahiyyətləri, mediasiya prosesinin vaxtı və yeri müəyyən edilir, habelə münaqişənin həlli üçün vacib olan digər məsələlərin müzakirə olunması məqsədilə hər bir tərəflə ilkin görüşlər və ya telefon danışıqları aparılır. Tərəflərlə arqumentlərin, maraqların, risklərin, alternativlərin araşdırılmasına, habelə problemin həlli variantlarının kollegial müzakirəsinə, qarşılıqlı faydalı həll yolunun tapılmasına yönəlmiş ümumi və fərdi görüşlər keçirilir. Son olaraq mediasiyanın nəticələrinə dair müqavilənin təsdiqi və imzalanması prosesi həyata keçirilir”.

Mediasiyanın şamil olunduğu mübahisələr

İ.Həsənova deyir ki, mübahisələri həll etmək üçün mediasiyadan istifadə dialoq və həll yollarının birgə axtarışıdır. O, mediasiyanın şamil olunduğu mübahisələrə də diqqət çəkib: “Dünya təcrübəsində mediasiya kommersiya fəaliyyətinin bütün sahələrində müqavilə və qeyri-müqavilə münasibətlərindən irəli gələn mübahisələrin, münaqişələrin həlli üçün effektiv vasitə kimi özünü təsdiq edib. Misal üçün, ailə üzvləri də daxil olmaqla biznesin ortaq sahibləri arasında mübahisələr, əmlaka (daşınmaz əmlaka, torpaq sahəsinə və ya digər əmlaka) mülkiyyət hüququ və ya ondan istifadə qaydası ilə bağlı mübahisələr, müqavilə mübahisələri (o cümlədən xarici şəxslərlə müqavilə mübahisələri), kollektivdə əmək mübahisələri və münaqişələr, əqli mülkiyyət və françayzinqlə bağlı mübahisələr mediasiya vasitəsilə həllini tapa bilər. Bundan başqa, daşınmaz əmlakın tikintisi və layihələndirilməsi zamanı mübahisələr, maliyyə və bank (borc verənlər və borcalanlar arasında), istehlakçı mübahisələri də bu sıraya daxildir. Mübahisənin mahiyyətini müzakirə etmək üçün mediasiya təşkilatı, mediatorla əlaqə saxlamaq lazımdır”.

Balanslaşdırılmış yanaşma

Vəkil-mediator söyləyir ki, hətta heç bir mübahisə olmadığı zaman da mediatorun vasitəçilik xidmətlərindən könüllü şəkildə yararlanmaq olar: “Mübahisə olmadıqda, məsələn, investisiya layihələri üzrə razılığa gəldikdə və ya biznesə başladıqda, mediatorun həmçinin danışıqlarda vasitəçilik xidmətlərin təklif olunur. Belə olan halda mediator danışıqlar prosesinə hərtərəfli hazırlığı həyata keçirir və aydınlaşdırılması vacib olan məsələlərin dairəsini müəyyənləşdirməyə kömək edir. Bu balanslaşdırılmış yanaşma gələcəkdə anlaşılmazlıqların və münaqişələrin qarşısını almaq baxımından əhəmiyyətlidir”.

Hər kəsin məhkəməyə müraciət etmək hüququ

Vəkillər Kollegiyasının üzvü, mediator Rəşad Əliyev də bildirir ki,aylarla, illərlə davam edən məhkəmə çəkişmələrinin sonunda qərardan asılı olmayaraq, bəzən tərəflərin hər ikisi ən azı vaxt, pul, əsəb və gərginlik itkisi ilə “uduzmuş” vəziyyətə düşür. Onun fikrincə, əksəriyyət vaxtlarda mübahisələr mediasiya prosesi ilə həllini tapir: “Bəzən məhkəmədə mübahisə üzrə qərarı hakim hansısa tərəfin xeyrinə verir. Təbii ki, tərəflərin biri mütləq narazı qalır. Mediasiyada isə tərəflər mübahisələrini özləri və maraqlarına uyğunlaşdırmış şəkildə həll edərək, iradələrini sərbəst ifadə etməklə uğurlu nəticəyə nail ola bilirlər. Prosesi daha aydın izah etmək üçün sadə bir nümunə göstərim. Misal üçün, tərəflər arasında müqavilə öhdəliyinin pozulması nəticəsində yaranmış 10 min manatlıq kommersiya mübahisəsi var. Tərəf məhkəməyə müraciət etdikdə hətta qazanma ehtimalı 100 faiz olan işdə belə, pulun ona çatması ən azı aylarla mümkün olmur. Hələ qarşı tərəf vaxt qazanmaq üçün apellyasiya və kassasiya şikayətləri vermək hüququndan istifadə etdikdə, bu proses illərlə də uzana bilir. Daha sonra məhkəmə qərarının icra edilməsi də xeyli çətinlik yaradan bir prosesdir. Halbuki tərəflər mediasiyada, möhlət verilməsi, həmin məbləğin hissələrə bölünərək ödənilməsi və sair alternativ razılıqlara gəlməklə, mübahisəni çox qısa müddət ərzində, bəzən bir gün, hətta bir neçə saat ərzində həllinə nail ola bilərlər. Əgər tərəflər öz aralarında razılaşdıaraq barışığa gələ bilməsələr, hər kəsin məhkəməyə müraciət etmək hüququ yenə də qalır. Elə isə mediasiyanın üstünlüklərindən yararlanmaq ən doğru yoldur”.

Mediasiya prosesi ilə bağlı qaydalar

Vəkil R.Əliyev mediasiya prosesi ilə bağlı qaydalardan da söhbət açdı: “İddia qaldıran tərəf digər tərəfə və ya tərəflərə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərir. 10 gün ərzində təkilifə müsbət cavab verilsə, tərəflər mediasiyada könüllü iştirak etmiş sayılırlar. 10 gün ərzində cavab gəlməsə və ya mənfi cavab gəlsə, mediasiya prosesinin keçirilməsi və mediator təyin edilməsi üçün ərazi üzrə mediasiya təşkilatına müraciət edir. Mediasiya təşkilatları olmayan bölgələrdə bu müraciət Mediasiya Şurasına edilir. Bundan sonra mediasiya təşkilatı, müvafiq olaraq Mediasiya Şurası mediator təyin edir. Həmin mediator tərəflərlə əlaqə saxlayaraq ilkin mediasiya sessiyası üçün vaxt  təyin edir. Qarşı tərəf sessiyaya gəlməsə mediator digər tədəfə bununla bağlı arayış verir. Tərəflər iştirak etdikdə mediator tərəflərə mediasiya prosesinin qaydaları və proses iştirakçılarının hüquq və vəzifələri barədə məlumat verir və tam mediasiya sessiyasına keçidlə bağlı tərəflərin fikrini öyrənir. Bunun ardınca mediasiyanın nəticəsinə uyğun olaraq tərəflərə arayış və ya protokol təqdim  edilir. Əgər razılaşma varsa, “Barışıq Sazişi” imzalanır. Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir