XsBH4oSrsL6LzqwlZpvfgWXHxgyQ1LA21zzZ9ohp

Mübariz insanların özlərini tapdığı məkan – REPORTAJ

Baxış sayı: 496

– Davud (ad şərtidir – red.), sənin üçün nə edə bilərəm?
– Siz elə bir şey edə bilərsinizmi, dünyadakı bütün insanlar yaxşı olsun, heç kim öz uşağını atıb getməsin…

Bu, valideyn himayəsindən məhrum olan 6 yaşlı uşağın ilk dəfə mərkəzə gələrkən psixoloqdan istədiyi, o an üçün dilinə gətirdiyidir. Kim bilir, onların dünyasında bilmədiyimiz daha hansı arzular, suallar, komplekslərindən irəli gələrək gizlətdiyi istedadlar var… Bu mərkəzin də prinsiplərindən biri məhz onların daxili dünyalarını “təmir” etmək, cəmiyyətə inteqrasiyası üçün çalışmaq, yaralarına məlhəm olmaq, gizli istedadlarını aşkar etməkdir.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindəyik. Bura həyatın sərt üzü ilə rastlaşan mübariz insanların problemlərindən azad olduğu məkandır. Burada heç kim fərqli deyil. Onları bir-birindən yalnız istedadları, bacarıqları, fantaziyaları fərqləndirir. Mərkəzin peşəkarları üçün də tələbənin fərqi yoxdur. Bütün tələbələr benefisiarlar adlandırılır.

Xidmətlər təmənnasızdır

Mərkəzin klinik psixoloqu Aydan Talişinskaya deyir ki, fəaliyyətlərinin məqsədi şəxslərin sosiallaşması, cəmiyyətə inteqrasiyası, həmçinin məşğulluq imkanlarının daha da yaxşılaşdırılmasıdır: “Mərkəzə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və ailə üzvləri, valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər müraciət edə bilərlər. Müraciət 5-50 yaş aralığında mümkündür. Burada 14 müxtəlif fəaliyyət sahəsi mövcuddur: audio-səsyazma və media, floristika, bağçılıq və landşaft dizaynı, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, fotoqrafiya, musiqi, dulusçuluq, təsviri incəsənət, rəqs, kulinariya, səhnə ifaçılığı”.

Mütəxəssis deyir ki, müraciət edənlər əvvəlcə qiymətləndirmədən keçir: “Komissiyadan keçən benefisiarlar mərkəzə cəlb olunur, 14 təlim sahəsinin bir və ya bir neçəsindən yararlanırlar. Həmçinin həkim psixiatr, sosial iş üzrə mütəxəssis, klinik psixoloq, defektoloq-loqoped və surdo tərcüməçi ilə də əlaqədə olurlar. Gündə 1 dəfə isə yeməklə təmin olunurlar. Xidmətlər təmənnasızdır”.

“Ən gözəl buketləri düzəldəcəm”

Əkbər Məmmədov floristika üzrə təhsil alır. 5 yaşı var. Şən, pozitiv, həm də dəcəldir. Əl işləri çox gözəldir. Buketlər bağlayır, kompozisiyalar yığır. Balaca əlləri ilə elə orada bacarığını göstərmək üçün bizə gül səbəti düzəldir: “Müəllimlərim məni çox istəyir. Mən də onlara sevgimi belə göstərirəm. Gələcəkdə gül dükanım olacaq və şəhərin ən gözəl buketlərini düzəldəcəm”.

Müəllimi Ülkər Ağayeva Əkbərin başına sığal çəkir və ona inandığını bildirir. Deyir ki, floristika otağında canlı və süni güllərdən istifadə etməklə, buketlərin bağlanılmasını, stillərini öyrədirik: “Benefisiarlar məni o qədər təəccübləndirirlər ki… Məsələn, Daun sindromlu bir tələbəm var, kifayət qədər peşəkardır. Bacarıqsız insan yoxdur. Keyfiyyətləri üzə çıxmayan insan var. Bizim işdə vacib olan fantaziyadır”.

“Belə istedadların evlərdə gizlədilməsi acınacaqlıdır”

Oyma otağına yollanırıq. Onlara sənəti İslam Həmidov öyrədir: “Hər birinin istəyi nədirsə, dərslər ona uyğun təşkil olunur. Divarda gördükləriniz tələbələrin işləridir. Filmlərdən obrazlarımızı, köhnə qalalarımızı işləyirik. Hazırda elə tələbələrim var ki, gələcəkdə müəllim kimi də işləyə bilərlər”.

Təlimçi deyir ki, valideynlər övladlarına şans verməlidir: “Burada elə uşaqlar olub ki, əlinə çəkici ilk dəfə alsa da, bizi valeh edən işlər görüb. Belə istedadların evlərdə gizlədilməsi acınacaqlıdır. Bir tələbəmiz var, bir qolu iflicdir. Kənardan insan deyə bilər ki, axı bu işdə əsas orqan qoldur. Amma o, tək əllə xarüqələr yaradır”.

İslam müəllimin tələbələrindən biri də Orxandır. O, burada xoşbəxtliyini tapdığını bildirir: “ Özümü burada kəşf etdim. Problemlərdən uzaqlaşdım, sakitlik tapdım”.

Orxan məhdudiyyəti olan şəxslərə də səslənir: “Evdə oturmaqla heç nə düzələn deyil. Gərək özümüzü inkişaf etdirək, bacarığımızı axtaraq, tapaq. Özünə qapandınsa, hər şey daha da pisləşir. Həyat mübarizədir, təslim olan uduzur”.

Ən böyük əngəl “mən də varam” deyə bilməməkdir

Növbəti otaqda həm eskiz işləyirlər, həm də eskizi xalçaya toxuyurlar. Lamiyə Əmirova işinə fokuslanıb. Deyir ki, ilk vaxtlar çətin idi, amma indi sərbəst işləyir: “Öz işimi qurmaq istəyirəm. Fiziki məhdudiyyət ideyaların həyata keçməsinə əngəl deyil. Əsas özünə güvənməkdir”.

Solmaz Səfərova isə benefisiarlara xalça toxumağı öyrədir. Özü də fiziki məhdudiyyətlidir. Benefisiarlarının ən böyük motivasiya mənbəyidir: “Benefisiarların əksəriyyətinin xalçadan anlayışı olmur. Amma elə gözəl işlər bacarırlar ki… 19 ildir ki, əlil arabasındayam. Onları gözəl başa düşürəm. Öz təcrübəmlə onlara motivasiya verirəm. Ən böyük əngəl “mən də varam” deyə bilməməkdir. Onu bacarsalar, bütün əngəlləri yıxacaqlar”.

Benefisiar Gülnarə Abbasova düşünür ki, insan özü öz xoşbəxtliyini yarada bilər: “Xoşbəxtliyimiz öz əlimizdədir, cəmiyyətin deyil. Cəmiyyət də bizə uyğun hərəkət edir”.

Dəhlizi musiqi səsi bürüyüb. Konsert abı-havası var. Maraqlandıqda səslərin musiqi otağından gəldiyini öyrənirik. Humay Aslanova vokalı öyrədir: “Hamısı bir-birindən istedadlıdır. Səs duyumları çox güclüdür. Sərbəst konsertlərimiz olur və tam rahat şəkildə konsert apara bilirlər”.

“Pikassonu tanımadan, dəst-xəttini kağıza köçürürlər”

Təsviri incəsənət otağındakı əl işləri də möhtəşəmdir. Kəmalə Aslanova deyir ki, bu işlər onu da təəccübləndirir: “Bu otaqda daha çox autizmli uşaqlar olur. Onların fantaziyaları güclüdür. Adi almanı hərəsi bir cür görür və çəkir. Pikassonu tanımadan, dəst xəttini kağıza köçürürlər. Bu, vergidir”.

Keramika otağında Elsun və Könül gil ilə işləyir. Könül Sabirabadın kəndində yaşayır. Gözləri görmür. Onun üstünlüyü əlləri ilə xarüqələr yaratmasıdır. Sep (Azərbaycan dilində işlənmir bu söz), broş, sırğa toxuyur. Hətta əl işləri sərgilərdə də nümayiş olunub: “Valideynlər elə bilir ki, biz onlarsız heç nə bacarmarıq. Amma belə deyil”.

Bu tək rəqs deyil, həm də terapiyadır

Rəqs otağında Fərid müəllimlə Pərvanənin rəqsini izləyirik. Pərvanə Daun sindromludur. Bu rəqsi edərkən sevinci gözlərindən oxunur: “Pərvanə rəqslərə baxır, cütlük rəqslərini daha çox sevirdi. Əvvəlcə bacarmayacağını düşünürdü. 3 aydan sonra artıq biz onunla rəqs etdik. Bu, tək rəqs deyil, həm də terapiyadır”.

Mərkəzdə inklüzivlik tam təmin olunur. Həyat hekayələri fərqli olsa da, hər birinin daxili dünyası zəngin, pozitiv, istedadlıdır. Onlar “mən də varam” deməyi bacaranlar və bütün əngəlləri yıxaraq həyata qalib gələnlərdir.

Nahar fasiləsidir. Könüllülərin dəstəyi ilə hər biri bir masa ətrafına əyləşir, yemək yeyərək, günlərini müzakirə edirlər. Biz də sağollaşıb məkandan uzaqlaşırıq.

 

Aygün ƏZİZ

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir