Hər il dünyada minlərlə uşaq itkin düşür. Onların əksəriyyətinin taleyi, ümumiyyətlə, bəlli olmur. Uşaqların itkin düşməsi valideynlər üçün dəhşətlidir və hər bir valideyn mümkün qədər bu halla üzləşməmək üçün diqqətli olmalıdır.
Araşdırmalar göstərir ki, bütün dünya üzrə itkin düşən uşağın izini ən çox orqan mafiyasında axtarırlar. Çünki orqan mafiyası yiyəsiz, itkin düşən uşaqlarla daha çox maraqlanır. Ən gəlirli, qeyri-qanuni biznes sayılan orqan mafiyasının uşaqları hədəf seçməsi isə sonuncuların orqanlarının “bazar”da sürətlə satılmasıdır. İkinci yerdə uşaqların itkin düşmə səbəbi pedofiliyadir. Azyaşlı uşaqların qaçırılaraq təcavüz edilməsi və ya ikinci şəxslərə satılması halı dünya üzrə geniş yayılmış qaçırılma səbəbidir. Bundan sonra isə uşaqları qaçıraraq onların əməyindən məcburi istifadə, ölkədən ölkəyə övladlıq məqsədi ilə uşaq satma, özxoşuna evdən ayrılma halları tutur.
Psixoloqların fikrincə, uşaqların istənilən halda itkin düşməsində valideynlərinin günahı böyükdür. Maraqlı haldır ki, bir çox Avropa ölkələrində uşaqlar və gənclərin narkotik maddələrə meyllənməsi və ondan istifadə etməsi oğurluq hallarından say etibarilə daha çox olur. Amerika, İngiltərə və bu kimi inkişaf etmiş ölkələrdə uşaqların itkin düşmə səbəbləri əksər hallarda valideyndən pul müqabilində uşağı geri vermək olsa da, bir sıra qapalı uşaq böyütmə rejimi ilə yaşayan ölkələrdə itkin düşən uşaqların sayı daha çox olur. Psixoloqlar məhz bu səbəbdən uşaqların başına gəlmə ehtimalı olan hər bir hadisədə valideynlərinin də payı olduğu fikrindədirlər. Mühit, tərbiyə və böyütmə üsullarını düzgün seçməyən valideynlərin uşaqları əksər hallarda itkinin qurbanı olurlar.
Psixoloq Emil Behrudinin sözlərinə görə, ölkədən və uşağın böyüdüyü mühitdən asılı olaraq itkinin səbəbləri də dəyişir. Düzgün verilməyən tərbiyə uşaqlarda fəsadlar yaradır ki, bu fəsadların sonu da ya ölüm, ya da qız uşaqlarının bədbəxtliyi ilə sonlanır: “Azərbaycanda, demək olar ki, azyaşlı uşaqların parklardan, alış-veriş məkanlarından qaçırılması halları yox dərəcəsindədir. Bu səbəbdən ağlı hələ dərk etməyən uşaqların itkin düşmə halları demək olar ki, yoxdur. İtkin düşən gənc təbəqə əsasən məktəblilərdir. Bu da onu göstərir ki, valideyn düzgün tərbiyələndirmə metodundan istifadə etmir. Ötən gün azyaşlı qızın da evdən müəmmalı şəraitdə getməsi və itgin düşməsi buna misaldır. Özü öz iradəsi ilə evdən ayrılmaq bir nömrəli valideyn səhvinin nəticəsidir. Qızların sıxılaraq böyüdülməsi, onların heç bir sözü valideyn ilə bölüşə bilməməsinin nəticəsində hansısa insana aldanıb getmək, kənarda daha gözəl həyat var xülyasına inanmaq kimi hallar baş verir. Oğlan uşaqlarının isə həddindən artıq qapalı böyüdülməsi və digər uşaqlarla müqayisədə kəskin fırqin nəzərə çarpması onları məcbur edir ki, özlərini təsdiqləsinlər. Belə olan halda da evdən ayrılma halları olur ki, bu da artıq özünü təsdiqdən çox həyatı təhlükəyə atmaq deməkdir”.
Uşaqların itkin düşməsi bir çox hallarda onların öz istəyi ilə evi tərk etməsindən sonra baş verir. Belə ki, valideyn təpkisinə məruz qalan, sevgi görməyən uşaqlar da ailələrini tərk edirlər. Elə buna görə də düzügn seçilən tərbiyə üsulundan istifadə etmək, uşağa fərd kimi yanaşmaq, uşaqdır deyib keçməmək onları itkin düşmə hallarından sığortalamış olur. Azərbaycanda isə tamamilə fərqli tərbiyə metodunun olduğunu deyən psixoloqun fikrincə, valideyn uşaq üzərində hökmranlıqdan əl çəkib onunla dost olmadığı müddətdə uşağının itmə riskinin olduğunu da bilməlidir: “Uşaq atadan qorxmalıdır, anadan çəkinməlidir, evdə böyüklük liderlikdir, uşaqlar danışmamalıdır kimi münasibət uşaqları özü öz istəyi ilə itməyə vadar edir. Uşaq gedişi qurtuluş bilir. Kiməsə borclanan, yaş dövrü ilə əlaqədər duyğusal hissləri daha ağır yaşayan, kimlərəsə aldanıb düzgün addım atmayan uşaqlar əksər hallarda bundan çıxış yolu tapa bilmədiyindən nəticəni evdən ayrılmaqda görürlər. Məsələn, nadir halda itən uşaq olar ki, onların cəsədi tapılsın. Əksərən itkin düşən qızlar kimlərəsə aldanıb ailə qurmaq məqsədi ilə gedir, itkin düşən oğlanlar isə daha fərqli həyat yaşamaq üçün evdən ayrılır. Ata və ananın lider davranışları uşaqları özlərindən uzaqlaşdırıb təhlükəyə atmaqdan başqa heç bir işə yaramır. Tərbiyə metodu yanlışdır və bu metoddan qurtulmaq elə də asan deyil. Təəssüf ki, valideynlər uşaqlarına şəxsi malı kimi baxır və onu fərd olaraq qəbul etməyən valideynlərin uşaqları gec-tez hər hansı bir bədbəxtliklə üzləşməyə real namizəddir”.
Gwnay Ramizqızı