yegane

Müğənni Yeganə: “Onun yanında mən heç kimin uşağını qucağıma ala, öpüb-əzizləyə bilmərəm”

Baxış sayı: 1. 766

“Mənim balam” rubrikamızın bu günkü qonağı tanınmış ifaçı Yeganə Mürsəlovadır. Türk vətəndaşı ilə ailə həyatı quran Yeganə xanımın Muhammed Ömer adlı 6 yaşında bir oğlu var. Oğlu Türkiyə vətəndaşı olsa da, Azərbaycanı, ələlxüsus da Bakını çox sevir. İfaçı deyir ki, övladı bizim milli yeməklərimizi çox xoşlayır.

– Yeganə xanım, övladınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz? Dədə-baba qaydası ilə, yoxsa sizin öz tərbiyə metodlarınız var?

– Oğlumun tərbiyəsi ilə anam məşğul olur. Nənə yanında böyüyən uşaq ərköyün olur deyirlər, ancaq mənim anam onu həm əzizləyir, həm də bizi tərbiyələndirdiyi yollarla böyüdür. Anamın bu təcrübəsi  daha çoxdur, nəinki mənim. Bu günə qədər anam iki övlad, 5 nəvə böyüdüb. Onun 5-ci nəvəsi Ömərdir. Anamın verdiyi tərbiyə mənim verdiyim tərbiyədən daha yaxşı olar, deyə düşünürəm. Mən övladımı ərköyün böyütmürəm. Nənə himayəsində olsa da, onun da özünəməxsus qadağaları var. Tərbiyə mövzusu bir az həssasdır. Hər şeyin öz dərəcəsi var. Ömərin indi yaşı çox azdır, bu dövrü öz yaşına uyğun keçirməsi üçün çalışırıq. Belə ki, indi məktəbə gedir, bundan əvvəlki yaş dövründə ona daha çox oyuncaqlar alırdıq. İndi isə çox az halda ona oyuncaq alırıq. Məktəbə getdiyi üçün oyuncaqlara çox zaman sərf etməsini istəmirik.
  
– Övladınızın təhsili sizin üçün nə dərəcədə önəmlidir? İstərdinizmi ki, gələcəkdə sizin sahənizi davam etdirsin?
– Çox istərdim ki, Ömər dövlət məmuru vəzifəsində çalışsın, dövlətimizə xidmət etsin. Özünün də buna çox istəyi var. Düzdür, idmana da çox meyillidir. Uşağın təməlini necə qoyarsansa, elə də davam edər. Onun incəsənətə zərrə qədər də olsa meyli yoxdur. Bu, elə bir sənətdir ki, gərək uşağın körpəlikdən qanında-canında olsun. Ömər heç bir musiqi kanalına baxmır. Mən televiziyada ifa etdikdə belə, dinləmir. Çox maraqlı uşaqdır.
–  Siz tanınmış və bir o qədər də sevilən sənətkarsınız. Övladınız sizi qısqanırmı?
– O məni çox qısqanır. Heç kimi mənə yaxın buraxmır. Onun yanında mən heç kimin uşağını qucağıma ala, öpüb-əzizləyə bilmərəm. Ömər o zaman çox əsəbiləşir, dünyanı dağıdır. Heç qoymur ki, o yanımda olarkən kiminsə uşağını öpüm. O, qeyri-adi bir uşaqdır. Düzdür, kaprizləri də çoxdur. Əslində çox istiqanlı biridir. Qonaq getdiyi hər bir yerdə, düşdüyü mühitdə həmin ailədəki uşaqların dillərini bilməsə belə, onlarla dil tapıb oynayır, əlindəkini oyuncaqları onlarla paylaşır. Ancaq məni heç kiminlə paylaşa bilmir. Əslində çox sevinirəm ki, mənə çox bağlıdır. Artıq onun 4-cü xarici pasportu doldu. Bir var pasportun vaxtı bitə, bir də var ki, pasportun vərəqləri möhür izindən bitə. Onun 4 aylığından hara getmişəmsə, Öməri də özümlə aparmışam.
– Ömər Azərbaycanda təhsil alır?

– Bəli. Məktəbdən əvvəl “Kaspi” Təhsil Mərkəzində hazırlıq kursuna getdi. Uşağımı Bakıda dövlət məktəbinə qoymuşam. İstəyirəm ki, övladım digər vətəndaşlarımızın uşaqlarından seçilməsin. Oxuyan uşaq hər yerdə oxuyar. Özəldə də, dövlətdə də.

– Oğlunuz böyüyüb bir xanımla ailə quracaq. Gördüyümüz qədəri ilə, siz də övladınıza çox bağlısınız. Gələcəkdə onu hansısa xanımla paylaşa biləcəksinizmi?
– Zərrə qədər də olsa, onun ailə həyatına müdaxilə etməyəcəyəm. Düzdür, seçdiyi xanıma diqqət yetirə bilərəm. Ancaq onun fikirlərinə qarışa bilmərəm. O, sərbəst uşaqdır. Seçimlərini də sərbəst şəkildə edir. Misal üçün, mən istəyirdim ki, o başqa bir idman növü ilə məşğul olsun. Bir də gördüm ki, özünün boksa həvəsi var idi deyə, nənəsi ilə gedib boksa yazılıb, özünə boks paltarları da alıb. Ona icazə verirəm ki, istədiklərini eləsin, ancaq çərçivədən çıxmamaq şərti ilə.
– İnternetdən, sosial şəbəkələrdən istifadə edirmi?

– İndi internet dövrüdür. İndiki bütün uşaqların internetə çıxışı var. Onun iki planşeti və bir telefonu var. İngilis dilində oyunlar oynayır, cizgi filmlərinə baxır. Ancaq bizim onun üçün seçdiyimiz cizgi filmlərinə baxır. Gün ərzində gözünü yormamaq şərti ilə müəyyən saatlar icazə verirəm. Çox icazə vermirəm ki, beyninə ziyandır.

– Övladınız iki mədəniyyət arasında böyüyür. Bu onda çaşqınlıq yaradırmı?
– Ömər ildə 3 ayı Türkiyədə keçirir. Orada olanda bir kəlmə belə olsun Azərbaycan dilində danışmır. Orda mənə anne deyir, Azərbaycana gələndə isə ana. Atası ilə türk dilində danışır. Əgər getdiyimiz ailənin uşaqları rusdillidirsə, onlarla rus dilində danışır. İstəmirəm uşağı iki tərəfə yönəldim. Ömər deyir ki, Türkiyə də gözəldir, ancaq mən Bakını sevirəm. Ora gedəndən bir müddət sonra Azərbaycan üçün ağlayır. Azərbaycanı çox sevir. Tez-tez anama zəng edir ki, yeməklərin üçün darıxmışam. Ömər Türkiyənin yeməklərinə alışa bilmir. Burda onu anam böyütdü deyə, yəqin ki, ağız dadı elə formalaşıb. Danmayaq ki, yeməklərimiz də çox gözəldir.
– Əvvəl deyirdilər ki, qız uşaqlarını böyütmək çətindir, indi deyirlər ki, oğlan uşağını böyütmək çətindir. Bəs siz necə düşünürsünüz?
– Hər ikisini böyütmək çətindir. Elə olur ki, bir evdə üç uşaq böyüyür, baxırsan ki, onun üçü də nankor çıxır. Allah hər kəsə mərhəmətli övlad versin. Valideyn gərək əvvəldən uşağın tərbiyəsi ilə məşğul olsun. Elə ailələr tanıyıram ki, uşaq üçün olmazın əziyyət çəkiblər, amma övlad naxələf çıxıb. Günahı yalnız valideynlərdə görmək düzgün deyil. Uşaqların çevrəsi də bu məsələdə böyük rol oynayır. Gərək ətrafı yaxşı insanlar olsun.
 yegane

– Siz oğlunuzun dostlarını seçirsinizmi?

– İndi hələ çox balacadır. Yaxın müğənni dostlarımızın uşaqları ilə get-gəl edirik. Ancaq məclisdən-məclisə, ad günündən-ad gününə onları görür. Onun vaxtı olmur dostu ilə də görüşsün. Məktəbə gedir, sonra dil hazırlıqları və idmanla məşğul olur.

– Gələcəkdə Öməri necə görmək istəyirsiniz?

– İstəmirəm heç zaman desinlər ki, Yeganənin oğlu Ömər. İstəyirəm desinlər ki, Ömərin anası Yeganə. Harasa gedəndə, mənə kimsə yaxınlaşanda görürəm ki, məni qısqanır. Eyni qısqanclıq onun atasında da var. Bu, bütün ailələrdə belədir. Əgər xanıma getdiyi yerdə hörmət yoldaşından artıqdırsa, onda onun yoldaşı bir az sıxılır. Rəhmətlik atam deyirdi ki, hara getsəm deyirlər ki, Yeganənin atası Mürsəl kişi. Onda mən onu başa düşmürdüm. Ancaq indi başa düşürəm ki, atam o zaman nə qədər əziyyət çəkirmiş. Öməri dövlətin böyük məmuru kimi görmək istəyərəm.  Allah məni bu arzuma çatdırsın. (Kaspi.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir