usaqlar

“Müharibə uşaqları”… Onları necə qorumalıyıq?

Baxış sayı: 1. 077

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektləri ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv atəşə tutmaqda davam edir. Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, ticarət mərkəzlərinə və digər sosial obyektlərə ciddi ziyan dəyib. Əlbəttə, bundan ən böyük zərər görən uşaqlardır. Axı müharibə yalnız insanların ölümü, ev-eşiklərinin dağılması, sağlamlıqlarını itirmələri demək deyil. Müharibə psixoloji, sosioloji, ictimai problemdir. Xüsusilə, müharibənin getdiyi bölgələrimizdə yaşayan insanlar hər günlərini sonuncu gün kimi yaşayırlar.

Bəs yaşı az və aparıcı duyğusu xoşbəxtlik olan uşaqlarda bunu necə formalaşdıraq? Onları müharibənin psixoloji zərbəsindən necə qoruyaq?

Psixoloq Əfsanə Rüstəmova deyir ki, humanistlik edib körpələri şiddətdən uzaqlaşdırmaqla yanaşı, reallıqları onlara ən uyğun dildə izah etmək lazımdır:

Məndən olsa, belə dönəmlər bitənə qədər bütün dünya uşaqlarını gizlədərdim. Onların bizi görməyəcəyi, bizim isə darıxanda onları görə biləcəyimiz bir yerə aparardım. Təəssüf ki, qarşımızda mübarizə apardığımız düşmən doğulan körpəsinin qulağına “Azan oxumur”. Dəyərləri kəskin fərqlənən iki ölkəyik. Buna görə humanistlik edib körpələri şiddətdən uzaqlaşdırmaqla yanaşı, reallıqları onlara ən uyğun dildə izah etmək lazımdır.

Döyüş bölgəsində olan uşaqlar sabitlik şəraitində də atılan mərmilərdən belə hallara qismən öyrəncəlidilər. Necə deyərlər, hazırkı vəziyyətə qarşı “immunitetləri var”. Lakin onlar da bunu intensiv gördükcə, psixi pozuntu yaşaya bilər. Ona görə yaxşı olar ki, situasiya izah olunmaqla onları ərazidən uzaqlaşdıraq. Çünki nə qədər alışqan da olsalar, nəticədə onlar uşaqdır”.

Psixoloq qeyd edir ki, hər şeyin kökündə sevgi durur. Vətən sevgisi:

“Tarixin yaddaşındakı tozlu kadrlar gün üzünə çıxdıqca, insanların nifrət hissi daha da kəskinləşir. Bu nifrətin bir ucunu gətirib Vətən sevgisinə bağlamasaq, qarşısıalınmaz bir intiqam hissi bizə hakim kəsilər. Ona görə də motivimizi doğru təyin etməliyik. Nə üçün öldüyümüzü və öldürdüyümüzü doğru anlamalı və anlatmalıyıq…

Məsələn, əsgərə dəstək məqsədli məktublar yazmaqda uşaqlardan kömək istəyə bilərik. Lakin yollarda (hər an səksəkədə) əsgər-hərbi maşın gözləmək uyğun deyil”.

Amma biz təkcə cəbhəboyu rayonlarda yaşayan, müharibəyə şahidlik edən uşaqlar üçün yox, ümumilikdə ölkə ərazisinin hər yerində televiziya vasitəsilə müharibə xəbərlərini izləyən azyaşlılara görə də narahat olmalıyıq.

Əfsanə Rüstəmova deyir ki, digər ərazidə olan uşaqları da bu ruh halı ilə tanış edə bilərik. Təbii ki, onları bu barədə maarifləndirərkən uşaq olduqlarını da unutmamalıyıq.

“Nisbi sakitlik olan ərazilərdə də uşaqlarımızı eyni ruhda tərbiyə etməliyik. Bu uşaqlar da ən az digərləri qədər proseslərdən xəbərdar olmalıdır ki, balans qorunsun. Yetişən gənclik fərqli dəyərlərdə olmasın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir