market

Müharibənin yaratdığı bahalıq, “unutdurduğu” sosial problemlər…

Baxış sayı: 648

Rusiya-Ukrayna müharibəsi sanki hökumətləri sosial tələblərdən, narazılıqlardan, tənqidlərdən xilas edib. Elə Azərbaycanda son günlər pensiyadan, maaşdan, sosial problemlərdən danışılmır. Halbuki bir ay əvvəl bütün sosial şəbəkə seqmentlərində narazılıqlar, qiymət artımı ilə bağlı narazılıqlar səngimək bilmirdi. Hazırda sosial və peşəkar medianın əsas mövzusu Ukrayna müharibəsidir. Ləğv edilən pensiyaları, bahalaşan həyatı kimsə hakimiyyətə xatırlatmır. Hətta iqtidarların rəqibləri tərəfindən tənqid və təftişləri də əhəmiyyətli şəkildə azalıb. Bu durum nə vaxta kimi davam edəcək? Müharibədən sonra cəmiyyət qaldığı yerdən daha davakar şəkildə davam edəcəkmi?

Yeri gəlmişkən, ekspertlərin fikrincə, 2021-ci il ərzində ölkəmizdə bütövlükdə bütün istehlak qiymətləri bahalaşıb. Keçən il ərzində istehlak qiymətlərinin indeksi təxminən 7%-ə qədər artıb. Ən çox bahalaşan isə ərzaq məhsullarında olub. Statistika göstərir ki, dekabr ayı ərzində noyabra nisbətən ərzaq məhsulları 1%-dən çox bahalaşıb. 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 12% təşkil edib. Rəsmi statistika özü də keçən il ərzində ilin sonuna qədər ərzaq məhsullarının indeksini, yəni qiymətlərinin bahalaşdığını qeydə alıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi (yəni bahalaşma) əvvəlki aya nisbətən 101,6%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112% təşkil edib.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini gözləmirdim" » YeniSözçü qəzeti

Natiq Cəfərli: “Hökumət sosial narazılığın pik nöqtəsinə çatmasını gözləməkdənsə, bunun qarşısını ala biləcək iqtisadi-sosial addımlar atmalıdır”

İqtisadçı-ekspert Natiq Cəfərli mövzunu belə şərh edir: “Əslində həyatın baha olması, sosial problemlər gündəlik qarşılaşdığımız məsələdir. Bu o demək deyil ki, ana gündəm Ukrayna məsələsi olduğuna görə bu yaddan çıxır. Belə deyil. Məşhur Maslou piramidasına görə, piramidanın ilk pilləsi təhlükəsizlik və can güvənliyi məsələsidir. Ona görə psixoloji olaraq da böyük, qanlı müharibə olduqda bunun Azərbaycana və regiona təsir imkanlarının olması və ümumiyyətlə, Rusiyanın imperiyanı dirçəltmək cəhdləri kimi məsələlər təbii ki, insanları piramidanın ilk pilləsindəki – var olma, sağ qalma haqqında daha çox düşünməyə vadar edir. Yəni bu, təbii, psixoloji bir məqamdır. Amma dediyim kimi, bu o demək deyil ki, sosial problemlərlə insanlar gündəlik qarşılaşmırlar. Necə əvvəllər müharibədən əvvəllər də sosial problemlərlə, qiymət artımı ilə, bahalaşma ilə qarşılaşırdılarsa, bu gün də gündəlik dükan-bazara gedərkən eyni mənzərə ilə üzləşirlər. Sadəcə, bəzi məsələlərdə insanların fikri dəyişib, yəni dünyada bahalaşmanın çox fantastik surətdə artmasını televiziyalalardan, beynəlxalq mediadan izləyirlər. Söhbət tək bizim mediadan, televiziyalardan getmir. Beynəlxalq media, TV-lərdə bu haqda çox danışılır. İstər ”Evronevs”də, istərsə də CNN, FOX TV-də də eyni problemdən danışılır. Bütün beynəlxalq mediada istər çap, istər elektron, istərsə də televiziya mediasında bu mövzudan yazılır. İnsanlarda belə bir təsəvvür yaranır ki, dünyada ciddi bahalaşma gedir, iqtisadi problemlər var, bunun Azərbaycana da təsirləri var. Bəli, var. Amma hökumətin də görməli işləri var, sosial paketlərin gücləndirilməsi lazımdır. Vergi və gömrük siyasətini daha çevik aparmaq lazımdır. Qiymətləri aşağı çəkə biləcək rəqabətli mühiti artırmaq lazımdır. Bu mövzular necə ki, əvvəl əsas mövzularımız bununla bağlı idi, bu gün də həmin mövzular aktual olaraq qalır. Sadəcə, müzakirələr arxa plana keçib. Amma vəziyyət sabitləşdikcə Ukrayna-Rusiya müharibəsi də daimi davam edə bilməz. Ümid edirik ki, yaxın zamanlarda insanların ölümünə, işğal faktına son qoyular.  Ondan sonra həm dünyada, həm Azərbaycanda sosial məsələlər öndə olacaq. Bu, istər-istəməz gündəm olacaq, müzakirəyə çevriləcək. Ona görə də hökumət sosial narazılığın pik nöqtəsinə çatmasını gözləməkdənsə, bunun qarşısını ala biləcək iqtisadi-sosial addımlar atmalıdır ki, bir müddətdən sonra sosial problemlər ciddi sosial gərginliklə əvəzlənməsin”.

N.Cəfərli qeyd edir ki, hazırda Azərbaycanda ən böyük problem gömrük rüsumları ilə bağlıdır: “Azərbaycan hökumətinin gömrük rüsumu siyasəti anlaşılan deyil. Azərbaycanda istehsalı olmayan, ölkəmizdə istehsal edilməyən məhsullara, əsasən də sosialyönlü məhsullara, uşaq geyimlərinə, əngəlli insanlar üçün lazım olan avadanlıqlara, dərman preparatlarına – məsələn, dərmanlardan 98 faiz xaricdən asılıyıq, amma gömrük rüsumları var, vergi tələbi var. Bunlara yenidən baxılmalıdır. Gömrük və vergi büdcəni doldurmaqdan ötrüdür. Onsuz da bunlara rüsum qoymağa ehtiyac yoxdur, neftin qiyməti 110 dollardır. Neft Fonduna və büdcəyə əlavə gəlir gələcək. Hökumət də anlamalıdır ki, başqa yollarla, addımlarla, gömrük və vergi rüsumlarını azaltmaq yolu ilə bu məsələləri həll etməlidir. İnsanların sosial problemlərinin həlli üçün, qiymətləri aşağı salmaq üçün ən effektiv və tez nəticə verən addım məhz gömrük və vergi rüsumlarına yeni yanaşmanın ortaya qoyulması və azalması olmalıdır”.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli: “Pensiyaların, sosial müavinətlərin artımı bahalaşmanı önləyə bilmir”

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli də mövzu ilə bağlı fikirlərini açıqladı: “Hesab edirəm ki, bütünlükdə siyasi aləmdə əsas məsələlər cari məsələlərin düzgünlüyü ilə bağlıdır. Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda əsas diqqət Rusiyanın  Ukraynaya təcavüzü, müharibənin gedişi ilə bağlı olan məsələlərdir. Amma müəyyən dövrdən sonra artıq bu məsələlər də yaddan çıxır. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə ancaq bütün diqqət  müharibəyə ayrılmışdı. Amma Vətən müharibəsi bitəndən sonra qısa bir müddətdə sosial-iqtisadi problemlər gündəmə gəldi və dəfələrlə səsləndirildi. Müharibənin nə ilə nəticələnəcəyindən asılı olmayaraq müəyyən dövrdən sonra həmin sosial-iqtisadi problemlər gündəmə gələcək. Sosial-iqtisadi problemlərin ön plana çıxmaması müvəqqəti xarakter daşıyır. Yaxın vaxtlarda Azərbaycan üçün yenidən həmin problemlər qabardılacaq. Hökumət bu problemləri çox gözəl bilir. Bunları həll etmək istiqamətində müəyyən addımlar atmalıdır, müəyyən qərarlar qəbul etməlidir. Manatın qiymətdən düşməsi, insanları indi ən çox narahat edən bahalaşma, bunların qarşısını almaq üçün inzibati tədbirlərə əl atılmalıdır. Müəyyən məhdudiyyətlər tətbiq etməlidir. Müharibə dövründə xaricdən gələn mallar xeyli azalıb. Bunların həvəsləndirilməsi, əlavə vəsait buraxılması üçün qərar qəbul etmək olar”.

Əlibəyli hesab edir ki, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində müəyyən proqramlar hazırlanmalıdır: “Düzdür, müəyyən işlər görülür. Amma görülən işlər o qədər də yetərli deyil. Əslində pensiyaların, sosial müavinətlərin artımı bahalaşmanı önləyə bilmir. Ona görə ilk növbədə bahalaşma ilə bağlı tədbirləri məhdudlaşdırmaq olar. Qiymət intizamını müəyyənləşdirmək olar. Məhsulların çəkisi ilə bağlı intizam olmalıdır, məsələn, baxırsan ki, məhsulun qiyməti bahalaşmır, amma çəkisi az olur. Burada inzibati qaydada müəyyən qərarlar qəbul etmək olar. Eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə mənbələr axtarıb tapmaq olar”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir