refiqe

Münasibəti necə qururuq?

Baxış sayı: 1. 441

Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur. İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu prosesdə də formalaşır.

Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.

Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. «Müəllim-müəllim», «direktor-müəllim», «baş həkim-tibb bacısı», “şöbə müdiri-elmi işçi” və s. arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar, valideynlər və b. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə də keçə bilər. Çox vaxt bu cür münasibətlər simpatiya üzərində qurulur. Münasibəti necə qurmaq

İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri, potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.

Psixoloqlar hesab edirlər ki, bəzən temperament tipləri və xarakterləri müxtəlif olan uşaqlar daha yaxşı münasibət qura bilirlər.

 

Psixoloqların fikrincə, 4 temperament tipi var:

sanqvinik

xolerik

fleqmatik

melanxolik

 

Sanqvinik – Bu tipə aid insanlar zirək və diribaş olurlar. Tələskən, ünsiyyətcil, təşəbbüskardırlar. Oturaq işi sevmədiklərindən daim hərəkətdədirlər. Ətrafda baş verənlər onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər və onların maraq obyektləri tez-tez dəyişir. Böyük həvəslə başladıqları işi asanlıqla yarımçıq qoya bilirlər. istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilirlər. Son dərəcə emosionaldırlar. Onlar tezsevinib, tez də kədərlənirlər. Bu tip insanlar təsir altına tez düşürlər.

 

Xolerik – Bu tipə aid insanlar son dərəcə coşqun və kəmhövsələdirlər, istənilən məsələyə dərhal reaksiya verirlər. Bu xasiyyətlərinə görə ətrafdakılarla yola getmir, tez-tez münaqişəyə girirlər. Adətən, səbirsiz, tündməcaz olurlar. inadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır, başladıqları işi sona çatdırırlar. istənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Bu tipə aid olan insanlar sadiqdirlər, yaxınlarına son dərəcə bağlı olduqlarına görə onlar üçün mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

 

Fleqmatik – Bu tip insanlar qaradinməz, sakit, təmkinli olurlar. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyildir. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip insanlar istənilən halda hadisələrə hamıdan gec reaksiya verirlər. Bu xüsusiyyətlərinə baxmayaraq, psixoloqların fikrincə, fleqmatik insanlar mehriban və istiqanlı olurlar. Sadəcə, onları yaxından tanımaq üçün bir qədər vaxt lazımdır. Zaman keçdikcə alışdıqları insanlara qarşı diqqətli və mehriban olur, rəfiqələri və dostlarına sevgi ilə yanaşırlar. Onlar vaxtilə incik düşdükləri insanlara da sayğısızlıq etmirlər.

 

Melanxolik – Bu tip insanlar sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraldıcı hadisəni uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayır, kədərlənir, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər «yüz ölç, bir biç» məsəlinə riayət etmir. Özlərindən çox narazı olduqlarından heç bir bacarıqlarını dəyərləndirmir və şəxsi keyfiyyətlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq, başladıqları iş yarımçıq qalır.

Siz ömrünüzün ən gözəl çağını — yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövrdə həyatın ən önəmli məqamlarından birini ünsiyyət prosesi təşkil edir. Buna görə də yeniyetmələr daha fəal ünsiyyətə can atır, bir-birlərinə müəyyən məlumatları ötürür və qəbul edirlər.

Lakin onu da unutmaq olmaz ki, bu yaş dövründə sizin maraqlarınız hələ tam formalaşmayıb, ona görə də müxtəlif insanlarla münasibətlərinizdə daha ehtiyatlı davranaraq təsir altına düşməməlisiniz.

Vaxtaşırı öz hərəkətlərinizi təhlil etməkdə fayda var.

Unutmayın ki, böyüklərlə münasibətdə təmkinli olub onlarla əməkdaşlığa hazır olduğunuz kimi, öz yaşıdlarınızla münasibətlərdə də xoşagəlməz davranışlara yol verməməlisiniz.

Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik, nəzakətlilik, empatiya* bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.

İnsanlararası münasibətlər, əsasən, bir-birini tamamlayır, bəzi hallarda isə konfliktlərə, münaqişələrə səbəb olur.

Münaqişələrin yaranma səbəblərini və bu zaman əməl etməli olduğunuz davranış qaydalarını yadınıza salın.

Yalnız məktəb direktoru, sinif rəhbəri, valideynlərinizlə deyil, sinif yoldaşlarınız, yaxın qohumlarınız, yaşıdlarınızla da münasibətdə ünsiyyət mədəniyyəti gözlənilməlidir.

 

İnsanlar arasında yaranan münaqişələrin idarə olunması üçün göstərilən yollardan biri də mübahisənin genişlənməsinə yol verməməkdir. Mübahisələr hansı səbəblərdən yarana bilər və bu mübahisələrin yaranmaması üçün nələrə diqqət edilməlidir? Məhz bu suallara cavab tapmaqla hər şeyi yoluna qoymaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir