murebbe

Mürəbbə mövsümü gəlir, nələrə diqqət edək? – Kiflənmə, xarlanma…

Baxış sayı: 528

Süfrələrimizin əvəzolunmaz və ən dadlı tamlarından biri də mürəbbələrdir. Uzun vaxt ərzində saxlanması nəzərdə tutulan bu kimi qidaları hazırlamaq üçün xüsusi səbr və əmək tələb olunur.

Ümumiyyətlə, mürəbbələri ev şəraitində bişiririk. Amma bu o demək deyil ki, hər kəs onun bişirilmə incəliklərini bilir. İlk olaraq onu qeyd etməliyik ki, mürəbbəni bişirmək üçün bərk olmayan, tam yetişmiş və görünüş baxımdan eyni ölçülü meyvələr seçilməlidir.

Bundan əlavə, daha nələrə diqqət etməliyik? 

Beləliklə, mürəbbənin bişirilmə zamanı və daha sonra kiflənməməsi üçün nələrə diqqət etməli olduğumuz məqamları təqdim edirik. 

Ən əvvəl onu deyək ki, mürəbbə hazırlanacaq meyvələr yaxşıca yuyulub təmizlənməlidir. Yığılacaq bankaların lazımi qədər balaca olması daha yaxşı olar. Böyürtkən, çiyələk və tut kimi meyvələrin alındığı və ya yığıldığı gün ərzində bişirilməməsi məsləhətdir. Armud, alma, heyva kimi meyvələrin üzərində isə çalışmaq lazımdır ki, ləkə və çürük olmasın. Bu sağlamlıq baxımından zərərlidir.

Suda bişirilən mürəbbələri çox vaxt saxlamaq və dadının dəyişməməsi üçün şəkər əlavə edilir. Qaynama müddəti tamamlandıqda mürəbbəyə limon duzu əlavə olunmalıdır. Duzu olmayan halda limon suyundan da istifadə edə bilərsiniz. Bu mürəbbənin xarlamasının və ya dad dəyişiminin qarşısını alacaq.

Mürəbbəyə müxtəlif ədviyyatlar əlavə olunur. Təbii ki, bu sizin damaq dadınızdan asılıdır. Mürəbbəni dadlandırmaq üçün rəndələnmiş limon qabığı, ətirşah, hil kimi ədviyyatlardan istifadə etmək olar. Bunları mürəbbə bişirildikdən sonra əlavə etmək də mümkündür. Hətta bu vaxt o kimyəvi tərkibini itirməz və ətrini saxlayar.

Mürəbbəyə əlavə edəcəyimiz meyvələri və ədviyyatları seçdikdən sonra bişirilmə mərhələsinə keçə bilərik. Onun xarlamaması üçün daim nəzarət etməli və fasilələrlə qarışdırmaq lazımdır. Mürəbbə qaynayarkən üzərindəki köpükləri yığmaq mütləqdir. Onun daha parlaq, yaxşı görünməsini istəyirsinizsə bir parça kərə yağı əlavə etməyiniz məsləhətdir.

Bəzən mürəbbəni bişirmək üçün qazın dərəcəsini tənzimləyə bilmirlər. Gur qazda bişirilən mürəbbə tez qaynamağa başlayır. Bu da onun keyfiyyətsiz olmasına gətirib çıxarır. Onun tam bişməyindən əmin olmaq üçün şirəsindən bir qaşıq boşqaba qoyub yoxlamaq məsləhətdir. Əgər şirəsi qatı haldadırsa, deməli artıq mürəbbəniz hazırdır.

Kiflənmənin qarşısını almaq üçün isə mürəbbəni isti halda bankalara yığın və qapağını yaxşıca bağlayın. Bu zaman qapağın arasına nazik parça da qoya bilərsiniz.

Sonda qeyd edək ki, mürəbbələr müxtəlif xəstəliklər zamanı köməkçi müalicəvi vasitə kimi də istifadə edilir. Qış aylarında bəzi mürəbbələri çaya əlavə edib içmək immun sisteminə müsbət təsir edir, hətta əhval-ruhiyyəni yaxşılaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir