Musa Yaqub

Musa Yaqubun 60 illik SİRRİ: “Bu xəcalət məni öldürür…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 001

İllərdir bu dünyanın qara daşını göyərtməyə çalışan, yaşlandıqca özünü də həmişəyaşıl ağaca bənzədən, ruhunu kirlətmədən ömrün 80-ci baharına qədəm qoyan bir şairlə həmsöhbət olduq – şeirlərini bir nəfəsə oxuyub, sevə-sevə əzbərlədiyimiz Musa Yaqubla. Şair 60 il ürəyində saxladığı sirri də bizə açdı.

“Gencaile.az” Musa Yaqubun “Publika.az”-a müsahibəsini təqdim edir.

– Maşallah, baxıram, yaxşı görünürsünüz, ovqatınız da sazdır. Təbiniz necə, yerindədir?

– Nə gizlədim, son vaxtlar şeir yazmaqdan çox qorxuram.

– Niyə?

– Bilmirəm. Beynimdə dolanır, həyəcandan əsirəm. Elə bilirəm bu saat ürəyim köksümdən çıxacaq. Buna görə də istəmirəm yazım.

– Səhhətinizə ziyan vurmaqdan qorxursunuz?

– Hə, çünki həyəcandan təzyiqim yüksəlir, dərman içməli oluram.

– Niyə həyəcanlanırsınız, Musa müəllim?

– Bilmirəm, amma bu yaşımda şeir yazmaqdan çox qorxuram.

– Eşitdiyimə görə, dostcanlısınız. Çoxdur dostlarınız?

– Var. Dost belədir ki, qardaşına deyə bilmədiyini ona deyirsən, əzizinin yanında darıxırsan, dostun yanında darıxmırsan. Daha rahat olursan.

– Yəni indi var belə dostlar?

– Mənim üçün var.

– Həmişə sadiq olublar?

– Arada inciklik olub, münasibətlərimiz soyuyub, amma xəyanət olmayıb.

– İnciklik olanda ilk addımı kim atır?

– Mən daha çox bağışlayıram. Amma bir şərtlə ki, həmin adam səhvini etiraf etsin. Etirafı eşidən anda kinim soyuyur.

– Bəs eləməsə?

– Eləməsə, çətin.

– Deməli, kinli adamsınız… Özünüzlə barışmadığınız məqamlar olur?

– Çox olur.

– Hansı məqamlarda?

– Keçmişi beynimdə dolandıra-dolandıra öz-özümlə danışıram, didişirəm. Öz-özünə danışdığına görə də çox vaxt şairlərə dəli deyirlər.

– Maşallah, 79 yaşınızı tamamladınız. Mənə çox maraqlıdır, yaşınızın çoxunu yaşamısınız, yoxsa yola vermisiniz?

– Çoxunu yaşamışam, kam almışam. Mən bu həyatı elə-belə yaşamamışam. Söz yox ki, zövqümlə, əhval-ruhiyyəmlə uyuşmayan günlər olub. Amma günü əridim, deyim sabah nə olacaq? Belə şey olmayıb.

– İndiki yaşınızda da əritdiyiniz gün olmayıb, hər günün dadını çıxarırsınız?

– İndi çətin. Səni əhatə edən mühitdən çox şey asılıdır. Bəzən bilmirsən stress səni necə, harda yaxalayır. Aura məni sıxanda çətin olur.

– Hansı yaşınızın xiffətini çəkirsiniz? Deyirsiniz kaş o yaşda olaydım?

– 20-25 yaşım üçün darıxıram. Arandan vurub dağdan çıxırdım. Keçən ömrün hər anı mənim üçün şirindir. Amma bu şirinin acısı da var. Yadımdadır ki, o vaxt aclıq illərində bizə dəlicə adlı buğda paylamışdılar. Bu buğdadan hazırlanan çörəyi yeyənlər məst olurdular. Deyirəm o dəlicə buğdadan hazırlanan çörəyi bu gün də yeyəydim və məst olub yataydım.  Keçmişi tez-tez xatırlayıram. Hətta yuxularımda o illərə qayıdıram.

– Bəlkə yuxularınızı bizə də danışasınız…

–  Son vaxtlar rəngarəng yuxular görürəm. Bir-iki gün əvvəl köhnə iş yerimi görmüşdüm. Tez-tez balaca bir uşağın ayağımdan tutub dartdığını görürəm, rəhmətlik həyat yoldaşımı görürəm.

– Nə deyir, nə soruşur sizdən?

– Soruşur ki, hardasan, uşaqlar hardadır? Kirayə qaldığımız evi görürəm, bəzən də yuxuda yaşadığım yeri itirirəm, tapa bilmirəm.

– Yuxularınızı yozursunuz?

– Mənim yuxu görməkdən və yuxu yozmaqdan xoşum gəlir. Axtarıram, yuxuyozmaları tapıb oxuyuram.

– İnanırsınız yuxulara?

– Çox inanıram. Hər dəfə də yuxularımda keçmişi görürəm. Bu gün o keçmiş üçün çox darıxıram.  Dostlarım Novruz, Rəhim, Xalid, Çingiz, Ağahüseyn yadıma düşür. Hələ biz evli deyildik, amma bir-birimizə söz vermişdik ki, ömrümüzün sonuna qədər dostluq edək.  70 illiyimi qeyd edəndə sinif yoldaşlarımın çoxunu çağırmışdım. İndi o dostlarımın hamısı dünyasını dəyişib.

– Maraqlıdır, qorxularınız varmı, sizi ən çox qorxudan nədir?

– Mənim içimdə həmişə bir qorxu hissi olub. Dostlarımın mənə xəyanət etməsindən qorxmuşam. Belə qorxulara müqəddəs qorxular deyirlər.

– Mənim sözüm bir işıqlı yazadı,

Aşığadır, nəğməyədir, sazadı.

Musa elə o əvvəlki Musadı.

Ya zəmanə dəyişibdir, ya dostlar.

Bu şeir dost xəyanətindən yaranmayıb ki?

– Yox, bir-birimizdən incidiyimiz məqamlarda yaranıb.

– Heç özünüz-özünüzə xəyanət etdiyiniz vaxtlar olub?

– Olub. Elədiklərimə görə yox, eləmədiklərimə görə peşman olmuşam. Eləmədiklərim yandırıb məni.

– Niyə eləməmisiniz ki?

– Guya siz özünüz hər istədiyinizi eləmisiniz?

– Düz sözə nə deyim? Eləmədiklərinizə görə peşmansınız?

– İndi belə deməyimə baxmayın, necə vardımsa, elə də yaşayacaqdım.

– Həyatınızın ən böyük peşmanlığı nə olub bəs?

– Bu, mənim üçün bir sirrdir. Üstündən illər keçib, amma məni çox incidir.

– Bəlkə, bu sirri açasınız, içiniz də rahatlaya…

– Onda əmimlə kisə-kisə armud alıb bazarda satırdıq. Bir dəfə mənə tapşırdı ki, sən armudu sat, mən indi gəlirəm. Beş manatlıq armud satdım, amma qayıdıb soruşanda onu aldatdım ki, hələ heç nə satmamışam. Bu yalan məni ömrü boyu yandırıb-yaxdı. Rəhmətə gedəndən sonra qəbri üstündə “Yasin” oxutdurdum ki, bəlkə bu xəcalət üstümdən gedə.  Gərək onu eləməyədim, sonradan utandığımdan açıb-ağarmadım da. Amma bu xəcalət hələ də məni öldürür. O beş manat ürəyimdə bu gün də qalıb…

– Neçə il bundan əvvəl olub?

– 60 il. Gərək onu eləməyədim. Eləmişəmsə də deyəydim. Desəydim, indi bu qədər dərd çəkməzdim.

– Niyə eləmişdiniz ki?

– Nə bilim, pulsuzluqdan elədim, borcum vardı. Etibar olmalıdır insanda. Günü bu gün mən bazardan nəsə alanda tərəziyə baxmıram. İnanıram o adama.

– Amma mən baxıram. Bilirsiniz niyə? Çünki gözünün içinə baxa-baxa adamı aldadırlar…

– Mən də bilirəm ki, məni aldadırlar. Amma o adamı utandırmaq istəmirəm.

– Məncə, utandırmaq, aldadılmaqdan daha yaxşıdır.

– Mən bunu bacarmıram.

– Musa müəllim, bacarıqdan söz düşmüşkən, son vaxtlar dırnaqarası bacarıqlı gənc yazarlar kitablarını satdırmaqdan ötrü açıq-saçıq adlardan istifadə edirlər. Buna necə baxırsınız?

– Pis. Düşünürəm ki, Azərbaycanda kitabı satdırmağın yolunu tapmaq lazımdır. Bu işlə şair, yaxud da yazıçı məşğul olmamalıdır. Amma bizdə belə deyil. Buna görə də kitabı satdırmaq üçün yazarlar kitablarına açıq-saçıq adlar qoymaq məcburiyyətində qalırlar. Amma bu da çıxış yolu deyil. Nəticədə söz qiymətdən düşür.

– Siz əvvəllər belə vasitələrdən istifadə etmirdiniz, çünki kitablarınız satılırdı, yaxşı qonorar alırdınız…

– Əlbəttə. Sovetlər dönəmində yazarlar yaxşı dolanırdı. Elə mənim özümə “Bir sim üstə” adlı kitabıma görə  9 min manat qonorar vermişdilər.

– Nəyə xərclədiniz o pulu?

– Həmin pula o dövr üçün dəbdə olan “Jiquli” aldım. Onu da deyim ki, hələ çap olunmamış əsərə görə də qonorar alırdıq.

– Bu, necə olurdu?

– Nəşriyyata ərizə ilə müraciət edirdik ki, tutalım, mənim problemlərim var, kitabıma görə alacağım qonorarı qabaqcadan ödəyin. Hər şeir misrasına görə 2-3 manat alırdım. O dövrdə 50-60 yaşdan sonra hər şairin “Seçilmiş əsərləri”ni çap edirdilər. “Seçilmiş əsərlər”in də hər misrasına görə 4-5 manat verirdilər. İndi təsəvvür edin, 100-200 min qonorar alanlar vardı.

– Ən çox qonorarı hansı kitabınıza görə almışdınız?

– “Bir sim üstə” kitabıma görə. Qalan kitablarıma görə də 5-6 min manat alırdım. “Ürəyimdə yerin qalıb” adlı kitabıma on min manat qonorar yazdılar. Həmin kitab Axundov adına mükafata layiq görülüb. Amma sovetlər dağılandan sonra pul düşdü və on min oldu 1 şirvan. Mən də gedib almadım.

– Acığınızdan, yoxsa?

– Bəlkə də. Nə pul idi ki, onu da gedim alım.

– İndi bilirəm ki, digər qələm dostlarınız kimi siz də kitablarınızdan qazanc götürə bilmirsiniz. Bütün bunlardan sonra şair ömrü yaşadığınıza görə peşman olmursunuz ki?

– Qətiyyən. Şair elə cəfa çəkmək üçün bu dünyaya gəlib.

– Heç kiminsə xahişi ilə şeir yazmısınız?

– Heç vaxt.

– Sizin də sandıq ədəbiyyatınız varmı, hansı ki, heç kimə göstərməmisiniz?

– Zamanında çap olunmayan şeirlərim vardı. Amma sonradan hamısı çap olundu.

– Yəni əlyazma şəklində qalan şeirləriniz yoxdur?

– Elə şeirlər olub ki, ürəyim coşub, “yazacam-yazacam” demişəm, amma yaza bilməmişəm, qalıb. Amma belə əlyazma şəklində şeirlərim yoxdur.

– Niyə yazmamısınız, nə mane olub ki?

– Olur də. “Gecikmiş şeir” adlı bir şeirim var. On il ürəyimdə dolanıb, amma bir anın içində yazmışam. Belə şeylər də olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir