Hər il Azərbaycanda kino qurumları müxtəlif mövzuda ssenari müsabiqələri təşkil edir. Bu müsabiqəyə yüzlərlə ssenarilər qəbul olunur, qaliblər seçilir. Bəs görəsən, həmin müsabiqlərdə qalib olmuş kinossenarilərin sonrakı aqibəti necə olur? Onlar sonra ekranlaşdırılırmı?
Azərbaycan Kinematoqrafçılar İttifaqı da il ərzində müxtəlif mövzularda ssenari müsabiqələri təşkil edən qurumlardandır. Təşkil olunan ssenarilərin qalibləri də ictiamiətə təqdim olunur. Sözügedən qurumun katibi Əli İsa Cabbarovun sözlərinə görə, təşkil olunan bu müsabiqələrdə qalib olan ssenarilərə film çəkilib-çəkilməməyindən aslı olmayaraq, müəlliflərə stimul verir. Onun sözlərinə görə, bəzi insanlar var ki, öz ideyalarını reallaşdırmaq istəyir, elələri var ki, ssenariləri yarımçıq qalır. Müsabiqələr təşkil olunur, orada pul mükafatları verilir. Onlara ideylarını təkmilləşdirməsinə təkan verir: “Azərbaycan Kinematoqrafçılar İttifaqı müxtəlif mövzularda müsabiqələr təşkil edir. Hər dəfə də pul mükafatları verir. Bundan da əlavə, kəmiyyət artıqca içindən keyfiyyətli olan ssenarilər də çıxır. Elə ssenaristlər var ki, ssenarilərini bizə təqdim ediblər, bizdə 2-ci, 3-cü yeri qazanıb. Daha sonra həmin ssenarini daha da təkmilləşdirib müxtəlif qurumların təşkil etdiyi müsabiqəyə təqdim edib”.
Cabbarov əlavə edir ki, ssenari müsabiqələrinin təşkilinin əsas məqsədi film çəkmək deyil, ssenarilərin sayını artırmaqdır. Hər dəfə 100-lərlə ssenari təqdim olunur, kəmiyyət artıqca keyfiyyətli ssenarilərin: “Təbii ki, qalib ssenarilərə film çəkilsə yaxşı olar. Təəssüf ki, aidiyyatı orqanlar qalib ssenarilər barədə maraqlanmırlar ki, ona maliyyə ayrılsın, film çəkilsin. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsini nə ssenari maraqlandırır, nə də film. Onların işi Azərbaycan kinosunu məhv etməkdən ibarətdir”.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da hər il ssenari müsabiqələri təşkil edən qurumlardandır. “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirir ki, ssenarilərin sonrakı aqibəti müsabiqə təşkil edən qurumu maraqlandırmaya bilər. Yəni, o demək deyil ki, müsabiqə təşkil olunub, film çəkilməlidir: “Əgər müsabiqə reqlamentində film çəkiləcəyi vədi verilib, sonra çəkilməzsə, onda ssenari müəllifləri buna etiraz edə bilərlər. Amma yaxşı olar ki, qalib gələn ssenariyə film çəkilsin. Çünki, ssenari bədii əsər deyil ki, o hansısa kitabda dərc oluna. Bir şeyi də nazərə alaq ki, kino böyük vəsait tələb edən janrdır. Müsabiqə təşkil edən qurumların əksəriyyəti film istehsal edəcək gücdə deyillər”.
Şahpəri Abbasova