mushfiq bu sheherde

Müşfiq Abbasov: “Ailənin konstitusiyasını öyrənmək üçün gəlin qayınana ilə bir yerdə yaşamalıdır”

Baxış sayı: 1. 310

O, yazdıqları ilə hər kəsi güldürməyə çalışır. Məqsədi yalnız güldürmək deyil, problemi gülərək göstərməkdir. Deyir ki, həyat davam edirsə, zarafat da, ağlamaq da, problem də olacaq. Mühüm olan, insanların öz qüsurlarına gülməsi və gülərək düzəltməyə çalışmasıdır.

Azərbaycanda ən məşhur gülüş səhnələrinin ssenari müəllifi olan insanın Neft Akademiyasını bitirdiyi, satıcı işlədiyi yəqin ki, heç kimin ağlına gəlməz. Bəlkə də bu müxtəliflik insanların xarakterini peşəkarcasına üzə çıxarmasına kömək edib.

Müsahibimiz “Bu şəhərdə” yumoristik teatrının ssenaristi, prodüser, aktyor Müşfiq Abbasovdur.

 

– Çörək mağazasında satıcı, plastik qapı-pəncərə sexində menecer, “Neftbaza”da inspektor, redaktor, prodüser, ssenarist… Fərqli karyera yolunuzdan danışaq…

– Yaxşı məqamlar da olub, pis məqamlar da. Amma mən o yolu unutmuram. Frank Sinatranın “My way” (mənim yolum) mahnısını çox bəyənirəm və özümə aid edirəm. Hətta bir dəfə peşəkardan bu mahnının tərcüməsini öyrəndim və bir daha ona vuruldum. Bu, mənim yolumdur. Yaxşısı da, pisi də mənimdir.

 

İlk qazancınız uşaq yaşlarınızda olub. Nə qədər olduğunu xatırlayırsınız?

– Bəli, ilk qazancım 9-cu sinifdə olub. Krossvord doldurub, redaksiyaya verib, pul qazanmışdım. Kim birinci doldurub gətirirdisə, ona pul verirdilər. İlk qazancım o zamankı pulla 5 min manat idi. O, mənim həyatımın ən şirin pulu idi. Daha sonra Azərbaycan Neft Akademiyasını bitirdim, “Neftbaza”da işlədim. Paralel olaraq, akademiyada KVN komandasının rəhbəri idim. Hələ universiteti bitirməmiş Anar Məmmədxanov məni “Parni iz Baku”-ya dəvət etdi. Bununla yanaşı, institut vaxtlarında çörək dükanında gecə növbəsində satıcı işləyirdim.

 

– Hər bir sahə insanda müəyyən vərdişlər yaradır. O dövrkü “yolunuz”dan bu günə qədər gətirdiyiniz vərdişiniz varmı?

– Çörək dükanında sərgüzəştlər həddindən artıq çox olurdu. Gecə hər bir sahədə işləyən insan macəralarla üzləşir. Çörək dükanından qalan ən gözəl təcrübə tələbəlik illərində mənə verilən “çaevoy” idi. O, məndə vərdiş halını alıb. Hətta bəzən olub ki, xarici səfərlərdə mağazalarda, restoranlarda artıq pul vermişəm. Orada bunu yaxşı başa düşmürlər. “Çaevoy”un satıcı üçün olan şirinliyini, ləzzətini məndən yaxşı heç kim bilməz. Kimisi bunu israfçılıq kimi anlayır, amma bu, belə deyil. Mən ondan həzz alıram. Bəzən olub ki, aldığım malın məbləği qədər “çaevoy” vermişəm. “Çaevoy”un miqdarı mala, əhval-ruhiyyəyə, maddi duruma və xidmətə baxır. Amma mütləq istər restoranda ofisianta, istərsə də xidmət sahəsində işləyən hər kəsə qalıq pul verməyə çalışıram. Hər dəfə verdikcə, öz “çaevoy”um yadıma düşür və bundan zövq alıram.

– Parodiyalarınızda daha çox cəmiyyətdə olan neqativ halları işıqlandırırsınız. Heç düzələn neqativlər olurmu?

– Parodiya qəhrəmanı etiraf etmir, amma düzəlir. Bəzən hansısa müğənnini parodiya edəndə, o müğənni etiraf etmək istəmir. Yaxınlaşıb deyir ki “bozbaşlar”ı yaxşı parodiya etdiniz. Halbuki mən onun özünü parodiya edirəm. Öz üzərindən atır. Amma sonra baxıram ki, artıq parodiyada vurğuladıqlarımı etmir. Əslində ürəyində başa düşür ki, onu parodiya edirdim. Elə aparıcılar olub ki, biz parodiya edəndən sonra hərəkətlərini dəyişiblər. Kimisə parodiya etdikdə, əgər zal gülürsə, deməli, sən düz deyirsən, yalan danışmırsan. Yox, əgər zal gülmürsə, deməli sən yalan danışıbsan və səhnədə olan düz deyil. Parodiya qəhrəmanlarının özlərini zala dəvət edirik. Şər atsan, yalan desən, tamaşaçı gülmür. Ona görə, bəzən reaksiyalar olur. Bəzən kiminsə xətrinə dəyir, ya dəymir. Normal insan heç bir reaksiya verməli deyil. Sabah məni də kimsə parodiya edə bilər, əgər insanlar gülürsə, deyəcəyəm ki, deməli, mən beləyəm və düzəlməliyəm.

 

– Müşfiq müəllim, məşhurlarla bərabər, sadə insanları da parodiya edirsiniz. Heç olubmu ki, kimsə sizə desin ki, sizin parodiya etdiyiniz insan mənim qohumudur.

– Bu yaxınlarda qonşumla liftin qarşısında rastlaşdım. Xanım mənə dedi ki, siz mənim baldızımı haradan tanıyırsınız? Dedim tanımıram. Nəinki baldızını, heç qonşum olan xanımını adını da bilmirdim. Deyir sizdə filan səhnəcik var, Coşqun qadın obrazındadır. O, eynilə, mənim baldızımdır. Deyirəm ay xanım, tanımıram. O, ümumiləşmiş, cəmləşmiş bir obrazdır. Yəni o baldızdan tək səndə yoxdur. Deyir yox e, geyimi, saç düzümü də elə idi. Birtəhər izah etdim. Məsələn, mənim 7 bibim var, hamısı klassik azərbaycanlı bibilərdir. Bütün bibilər bir-birinə oxşayırlar.

 

– Ən çox gülüş doğuran səhnəciklərdən biri də gəlin-qayınanadır. Bir müsahibənizdə vurğulayıbsınız ki, bunları yazarkən ananızın fikirlərini öyrənirsiniz.

– Bəli, daha çox qadınlarla bağlı səhnəcik yazarkən anamdan fikirlər alıram. Məsələn, iki qadın obrazı olur. Hansısa yeməklə bağlı anamın fikirlərini alıram. Deyirəm ay ana, dovğanı bişirəndə, hansı göyərtilər qatılır. Kimsə baxanda deməsin ki, dovğanın içinə cəfəri atmaq olmaz. Anamla, qayınanamla, ofisdə olan qadınlarla məsləhətləşə bilərəm. Anam yoldaşımın qayınanası olduğu üçün bəzən mənə deyib ki, belə şey olmur, sən bunu çox qabardıb, şişirdibsən. Üstündən illər keçir.  Hansısa qohumdan, qonşudan o hadisəni eşidəndə, deyirəm ki, bəs deyirdiniz olmur? Gördünüzmü, həyatda betəri də olur.  Ssenari yazanda heç vaxt uydurmuram. Nə qədər təbii olsa, bir o qədər tamaşaçıya doğma olacaq. Nə qədər doğma olsa da, o tamaşaçını sən qazanırsan. Tamaşaçı sənə inanır və etibar qazanırsan. Süni, uydurma, təbiilikdən uzaq olan səhnəciklər izlənilmir.

– Bəs bu parodiyalar bir gün bitəcək, yaxud ideya tükənəcək deyə heç düşündünüzmü?

– Hər konsertdən sonra düşünürəm ki, bitdi. Bundan sonra mən səhnəcik yaza bilməyəcəyəm. Baxmayaraq ki, institut illərindən ssenari yazıram, hər dəfə bunu düşünürəm. Amma növbəti konsertə hazırlıq başlayanda elə bilirəm ki, hələ heç nə yazılmayıb. Hər şey qabaqdadır. Çünki həyat davam edir. Nə qədər ki, həyat davam edir, zarafat da, ağlamaq da, problem də olacaq.

 

– Öz yazdığınıza özünüz gülürsünüz?

– Gözüm, yalnız öz səhvlərimi axtardığına görə, gülmək yadımdan çıxır. Rahat baxa bilmirəm. Hər dəfə baxanda özümdə yeni səhv tapıram. Tamaşanın həm ssenarisini yazıram, dekoru, musiqisinin yazılışı ilə maraqlanıram. Bütün bunlar bitəndən sonra montajda da otururam. İllər keçir köhnə konserti verirlər. Yenə də baxanda səhv tapıram. Özümü tənqid edirəm.

Hələ cavan olanda, mənə müdrik insanlar deyirdilər ki, nə qədər ciddi informasiya alsan, ciddi məqamları izləsən, yumor bir o qədər yaxşı alınar. Yəni yumor yazan insan, yaxşı olar ki, komediyaya, ümumiyyətlə, baxmasın. Yaxşı bir ifadə var, deyir ki, komediyanı nə qədər ciddi etsən, bir o qədər gülməli alınar. Gülməli hadisəyə parodiya etmək olmur. Onsuz da gülməlidir, mən onu parodiya edib gülünc edə bilmərəm. Ciddi problem daha gülməli alınır. Problemi gülərək göstəririk.

 

– “Azərbaycanlı qızlar iki cür ailə qurur. Ya deyirlər filankəs ərə getdi, ya da qızını verdi. Birinci variantda daha çox özü gedən qayıdır. İkincidə filankəslər imkan vermir qayıtsın”. Yəqin ki, bu fikirlərinizi xatırladınız. Maraqlıdır, Müşfiq müəllim üçün normalı nədir? Azərbaycan xanımlarını necə görmək istəyərdiniz?

– Orta statistik rəqəmlərlə götürsək, qızlar 20-25 yaş arası ailə qurur. Təcrübəli insan olmaq üçün bu yaş kifayət etmir. 30 yaşdan sonra insan öz təcrübəsini bölüşə və tətbiq edə bilər. Mənə elə gəlir ki, qıza seçim oluna, variantlar təklif edilə bilər, qız özü də kiminləsə ailə qurmaq istəyər, amma mütləq valideyn halallığı olmalıdır. Valideynin təcrübəsi uşaqdan daha çoxdur. 20 yaşında olan qız aldana bilər. 20 yaşındakı şəxsin ən azı 45 yaşında valideyni olur. Mütləq valideyn məsləhəti olmalıdır. Övladın seçimi ilə valideynin məsləhəti üst-üstə düşməlidir. Müasir zəmanədə 99 faiz hallarda ailə qurduqdan sonra ayrı yaşamaq dəb halını alıb. Gəlin və qayınana bir yerdə yaşamırlar. Gənc ailə kirayədə də olsa, ayrı qalır. Əslində hər iki tərəf üçün bu rahatdır. Amma mən hesab edirəm ki, həyat təcrübəsi toplamaq üçün gəlin qayınana ilə ilk 3-5 ili bir yerdə yaşamalıdır. Hər şeyi anası evindən öyrənib gələ bilər. Amma ailə tam başqadır. Təsəvvür edin, 5-6 nəfər dostumuzla birlikdə İranda yaşamağa gedirik. Biz beynəlxalq qanunlara riayət edirik. Amma bu, kifayət etmir. Hər dövlətin öz konstitusiyası var. İranda ictimai yerdə spirtli içki qəbul edə bilmərik, onun cəzası var. Bunu İranda yaşayan bilər. Hər bir ailənin də öz konstitusiyası var. Gəlin də, gəldiyi ailənin konstitusiyasını öyrənmək üçün qayınana ilə bir yerdə yaşamalıdır. Konstitusiyanın maddələrinə riayət etsə, o gəlinin cəzası olmayacaq. O gəlinə o evdə fəxri vətəndaş adı veriləcək (gülür).

– Bəzən ağıllı olmaq insana mane olur deyibsiniz. Məsələn, belə deyim də var ki, ağıllı fikirləşənə qədər, dəli vurdu çayı keçdi. Siz bunu necə tənzimləyirsiniz?

– Çox vaxt ağıllı qərarların peşmançılığını da çəkirəm. Mən Rusiyada elə bir adam görmüşəm ki, təsadüfən tanış olmuşuq, həddindən artıq imkanlı olub. İnsan nə rus dilini bilir, nə qanunları bilir, nə də dünyagörüşü var. Sadəcə olaraq, bilir ki, stəkanı filan yerdə 2 manata satırlar. O şəhərdən alıb gətirib 2 manat 50 qəpiyə satacağam. Bundan 1 milyon satsam, qazanıram. Amma mən, yaxud ali təhsili olan hər bir insan düşünür ki, bu stəkanı ordan alsam, birdən əlimdən düşüb qırılsa, borca düşərəm. 1 milyon yox, 100 dənə alım. Qırılsa, çox ziyana düşmərəm. Mən 100 dənə alıram, o isə 1 milyon gətirir. Mənim 100 stəkanım satılmır, qalır. Çünki mən fikirləşənə qədər artıq bazara 1 milyon stəkan gəlib. Çox hallarda həyatda ağılsızlıq kömək olur. İnsanın savadı o qədər az olur ki, riski başa düşmür və bu, ona uğur gətirir. Eyni zamanda da dünyagörüşü kasad olan insan milyardlarla pulu olsa da, alverçi stereotipini formalaşdırır. Elə insanlar da var ki, gəliri o alverçidən qat-qat azdır, amma mədəniyyətinə, savadına, dünyagörüşünə görə, onun zənginliyindən həzz alırsan. Dünyagörüşü, ağıl yaşamaq üçüm lazımdır, amma qazanc üçün yox.

 

– Vurğuladınız ki, cəmiyyətdə ciddi problem kimi gördüyünüz insanları parodiya edirsiniz. Yəni ciddi, sizi incidən məsələni gülüşlə çatdırırsınız. Bəs gənclərlə bağlı müşahidələriniz necədir?

– Uğurlu gənclərimiz çoxdur. Amma bəzilərinin cılızlığı məni narahat edir. Bunun da səbəbkarı sosial şəbəkələrdir. Bəzən istəyirəm ki, sosial şəbəkələr bağlansın. Eyni zamanda da anlayıram ki, bu, mümkün deyil. Mənə elə gəlir ki, sosial şəbəkələrdən istifadə, uşaqlara elm kimi öyrədilməlidir. Çünki gələcəyimiz birbaşa bunlara bağlıdır. Uşaq böyüyəndə, ondan istifadə etməsin. Çünki o, bədbəxtçiliyə aparır. Gənclərin sosial şəbəkələrdən düzgün istifadə etməməsi, savadının kifayət qədər olmaması ifrat istifadəyə gətirib çıxarır. Məktəbdə oxuyanda Azad Mirzəcanzadənin bir sözü var idi, deyirdi ki, uşaqlar, mən həmişə çalışmışam alınsın, alınmasa, siz çalışarsınız ki, orta məktəb və ali təhsilə seksologiya və islamşünaslıq əlavə olunsun. Bu iki məqama insan elm kimi yanaşmasa, uçuruma aparacaq. Həqiqətən, dünyada bu iki elmin kasadlığından, ikisində də radikallıq çoxalıb. Sosial şəbəkələr də tədris kimi öyrədilməlidir ki, yaxşı ilə pisi fərqləndirə bilsinlər.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir