Azadlıq, müstəqil olmaq çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının əsrlər boyu ən böyük amalı, arzusu, mübarizə yolu olub. Elə buna görə də Ümummilli Lider Heydər Əliyev ölkəmizdə 28 may 1918-ci ildə yaradılan bütün türk-müsəlman dünyasının ilk müstəqil demokratik respublikasını yüksək qiymətləndirir, cümhuriyyət tarixini “İstiqlaliyyətimizin sübhü” adlandırırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Xalqımızın müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı. Artıq bizləri o sübhdən 106 illik bir zaman fasiləsi ayırır. Ötən illərdə o istiqlalın canımıza, qanımıza hopan şirinliyi bizi mübarizəyə səsləyib, xalqımıza yenidən müstəqillik bəxş edib.
“… Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci ildə imzaladığı “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mayın 28-i Müstəqillik Günü, 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi qazandığımız gün-oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Qanunda deyilir: “2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir”.
33-ü deyil, 106-nı qeyd edəcəkdik
Tarixdə həmişə mübariz və qəhrəman xalqlar yaşayırlar. Həmin xalqlar isə tarix yaradır və onun səhifələrinə şərəf salnaməsi yazırlar. Belə qəhrəman xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycan Xalq Cümhuriyyəti bu xalqın yaratdığı tarix, onun 23 aylıq gərgin, çətin bir şəraitində fəaliyyəti isə həmin tarixin şərəf səhifələridir. O dövrün çətinlikləri – kənardan uzanan əllər, müdaxilələr, təxribatlar, təzyiqlər olmasaydı, bu gün müstəqilliyimizin bərpasının 33 ilini deyil, müstəqilliyimizi əldə etməyimizin 106 yaşını qeyd edəcəkdik.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı yaranan çətinlikləri təhlil edən Ümummilli Liderimiz deyirdi: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.
Tarixçi alimlər qeyd edirlər ki, XX əsrin əvvəllərində, dəqiq desək, cümhuriyyətin qurulmasından başlayaraq onun süqutunadək erməni silahlı birləşmələri Qarabağda, Naxçıvanda, Zəngəzurda dayanmadan Azərbaycan kəndlərini təhdid edirdilər. Qarabağda hər an üsyanlar qaldırırdılar. Yeri gəlmişkən, qeyd edək ki, 1919-cu ilin fevral ayında Qarabağ General-Qubernatorluğu da yaradılmışdı və Xosrov Paşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin olunmuşdu. O, Qarabağda ermənilərin avantürist planlarının qarşısının alınmasında çox mühüm işlər görürdü. Lakin erməni və rus təxribatçılarının nəyin bahasına olursa-olsun, cümhuriyyətin məhv edilməsi haqqındakı planları qarşısında bu müstəqillik davam edə bilmədi və cəmi 23 ay yaşayan türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı. 70 ili də beləcə ötən XX əsr, ümumilikdə, tariximizin ən keşməkeşli səhifələrini təşkil edən yüzilliyin böyük bir hissəsi kimi tarixə yazıldı.
1991-ci ildə isə müstəqilliyimiz bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı.
Müstəqilliyin əbədiliyinə doğru
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin təməli möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Ulu öndərin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ümummilli Liderimiz tərəfindən milli dövlət strukturlarının yaradılması gündəmə gətirildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət olundu.
Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması və digər tarixi qərarlar da müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Bu gün də müstəqil Azərbaycanımız etibarlı əllərdədir. Azərbaycan xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.
Müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş
Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca, düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonra yaranan vəziyyətlə tanış olduqda, ona uzanan əlləri, gözügötürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlmək olur ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.
Hər birimizə məlumdur, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, Ulu Öndərimiz o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi. Məhz Onun uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.
100 ilə bərabər 33 il
Artıq müstəqilliyimizin bərpasından 33 il ötür. Ötən bu dövrdə ölkəmizdə 100 ilə bərabər işlər görülüb. 2020-ci ildə əldə etdiyimiz Qarabağ Zəfəri isə bu işlərin zirvəsi oldu. Bəli, biz Qələbə qazandıq.
Əslində 1990-cı illərin Birinci Vətən müharibəsi nə zamansa İkinci Vətən müharibəsinin olacağına şübhə yeri qoymamışdı. Xalq bir gün öz əzəli torpaqlarını geri alacaqdı. Həmin günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderinin rəhbərliyi ilə reallaşması isə Azərbaycanda müstəqilliyimizin bərpasının ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirildiyini təsdiqlədi. 2020-ci il sentyabrın 27-dən başlayıb noyabrın 10-da bitən 44 günlə təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə. Azərbaycanın döyünən ürəyinə-Qarabağına, bir parçasına qovuşduğu, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi.
10 noyabr 2020-ci il Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Milli Ordumuzun Azərbaycan tarixində yazdığı yeni salnamə ilə tarixə düşdü. 44 gündə torpaqlarımızın azad olunması ilə bağlı xəbərləri tək Ali Baş Komandandan almağımız bizim bir yumruq olduğumuzun, dövlət başçısının ətrafında sıx birləşdiyimizin sübutu oldu. Ölkəmizdə 43 gün davam edən müharibənin 44-cü günü qələbə bəxş etdi millətimizə. Şiddətli döyüşlər getdi Qarabağ torpaqlarında. Şəhidlər verdik, ürəyimiz parçalandı, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Füzulimiz, Zəngilanımız, Cəbrayılımız, Qubadlımız, Şuşamız, Ağdamımız, Kəlbəcərimiz, Laçınımız erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi.
2023-cü ilin 19-20 sentyabrında isə 44 günlük Vətən müharibəsinin davamı olaraq Xankəndidə keçirilən birgünlük antiterror əməliyyatları ilə ermənilərin burada illər uzunu yaratdığı terror yuvaları tamamilə darmadağın edildi. Bununla da Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü təmin edildi. Böyük Zəfər ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı. Deməli, müstəqilliyi qorumaq, həqiqətən də onu qazanmaqdan qat-qat çətin imiş.
Təbii ki, müstəqilliyimizin yaşı artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək. Və gün o gün olacaq ki, müstəqilliyimizin 50, 100 illik yubileylərini qeyd edəcəyik. Həmin dövrlərdə qürurla müstəqilliyimizdən, 30 ildən sonra ərazi bütövlüyümüzü bərpa etməyimizdən, bu xalqın böyük şəxsiyyətlərindən bəhs edəcəkəyik. İstiqlaliyyətimizin sübhü olan müstəqillik tariximizin başlanğıcı hələ neçə-neçə əsrlərə öz işığını salacaq. Müstəqilliyimizin bərpası ilə mübarizliyini, əzmini, qürurunu nümayiş etdirən xalqımız isə bu müstəqilliyin işığında gələcəyə doğru iftixarla irəliləyəcək.
Mətanət Məmmədova