2

Mütəmadi xəstə azərbaycanlılar – YARIZARAFAT

Baxış sayı: 1. 979

Üstündən on il keçsə də, heç unutmuram və hər dəfə xatırlayanda, gülməkdən cırılıram. Bakının qızmar yay günü, rayondan bizə bir xala qonaq gəlmişdi. Qara ciyəri ağrıyırdı deyə həkimə görünmək istəyirdi. Bütün pəncərələri bağlatdırdı, bircə nəfəslik açıq qalmışdı. O da pərdənin arxasındaydı, ümid edirdik ki, görməz. Amma onu da gördü. Gördü və tarixi cümləsini dedi: „Oğlum, xala qurban, o pəncərəni də bağla, bir cür(!) külək gəlir, böyürlərimi apardı“.

Bir cür külək! Təsəvvür edirsiniz? Nə cür, niyə bir cür, cürü nədir, adı nədir – indiyə qədər sual altındadır.

Nəfəsliyimiz də bağlandı.

Bəli, azərbaycanlılar xəstədir. O mənada ki, onlar xəstəliyə meyllidirlər. Xəstəlik onları tez tapır. Həkimə görünmək üçün hər zaman bəhanələri var. Özü də həkimə getsələr, həkim heç nə yazmasa, ya da bir dərman yazıb yola salsa, həkimin dalınca ağızlarına gələni deyəcəklər. Savadsız, səriştəsiz, fərsiz çıxardacaqlar. Həkim ki, iki kulyok dərman yazmadı, o nə həkimdir? Heç bir tibbi faydası və mənası olmayan teraflyu-meraflyu kimi, sırf kommersiya məqsədli, „moşennik“ poroşokları, manyakcasına içirlər azərbaycanlılar.

Yeri gəlmişkən, iranlı bir dostum deyir ki, onlarda da vəziyyət oxşardır. Həkim çoxlu dərman yazmasa, onu Təbrizdə biabır edərlər.

Bunlar aydındır. Əsas problem isə odur ki, azərbaycanlılara həmişə soyuqdur. Onlara soyuq dəyir. Dünyanın heç bir yerində soyuq Azərbaycandakı qədər hiyləgər deyil. Dünyanın heç bir yerində soyuq, Azərbaycandakı qədər xain planlar qurmur. Bizdə isə külək adamları pusur ki, tezbazar qara ciyərini, böyrəklərini sıradan çıxarsın, beynini çürütsün, meningit eləsin. Yalnız azərbaycanlılar çimib çölə çıxanda meningit olurlar, yəni inanırlar ki, olarlar. Yay, yaz, qış, payız – onlar çimib küçəyə çıxsalar, mütləq meningit olacaqlar. Evin içində, hamamdan çıxıb, yorğana-ədyala bürünən azərbaycanlıları hamınız tanıyırsınız. Onlar sizin qohumunuz, qonşunuz, bəlkə də siz özünüzsünüz.

„Skvoznyak“ kabus kimi, cin-xortdan kimi azərbaycanlıları təqib edən, böyük bəlalardan biridir. O, hər nədirsə, ancaq Azərbaycanda var. Dünyada yalnız azərbaycanlıları tapır və onları xəstələndirir. Başqa heç yerdə “skvoznyak” yoxdur. Varsa da heç kəsi xəstə eləmir. Amma azərbaycanlıları hər zaman tapır və yatağa salır. Yayın cırhacırında avtobusda, iydən boğula-boğula oturmağa razıdırlar, amma nəbadə kimsə pəncərəni açsın, üç-beş xala dişlərinin dibindən çıxanı deyəcək ona. Çünki pəncərə açılan kimi onları „skvoznyak“ vurur, qurudur, çürüdür, tibbə məlum olan və olmayan min cür xəstəliyə yoluxdurur, ən nəhayət öldürür.

Soyuqdur. Azərbaycanlılara hər zaman soyuqdur. Əvvəl düşünürdüm bəlkə istilik sistemi bərbaddır deyə belədir, amma yox, evlər çox isti olsa da, onlara soyuq olacaq. Hardansa soyuq gəlib onları tapacaq.

Azərbaycanlılar isti geyinirlər, çox isti geyinirlər. Yenə də soyuq onları vurur. Bu andıra qalmış soyuq eskimosları vurmur, amma azərbaycanlılara soyuqdur. Sibirdə yaşayanlar soyuqdan ölmür, amma azərbaycanlılar ölürlər. Onlara soyuqdur, dünyanın bütün soyuğu Azərbaycana hücum çəkib. Bütün soyuqlar bizdədir.

Azərbaycanlıların tez-tez quluncunu tutmaq lazımdır. Gərək dövlət bu işlə məşğul olsun, qulunc tutan polislər birliyi yaratsın. Bu andıra qalmış quluncu kimsə tutmalıdır, ya yox? Bir nəfər hətta facebook-da iş yerini belə yazıb: “Dəmiryolu vağzalında, Bakı-Astara qatarından düşənlərin quluncunu sındıran”. Hə, bir də sındıranlar var. Qulunc həm tutulur, həm də sındırılır. Çökürlər bir-birlərinin kürəyinə, belinə. Masaj, qulunc tutma və sındırma adı ilə əzələlərini, damarlarını, sümüklərini zədələyirlər, özlərini pis günə qoyurlar. Bu qulunc da hər nədirsə, yalnız azərbaycanlılarda var və o, mütləq tutulmalıdır. Ya da sındırılmalıdır.

Tez-tez boğazları gəlir. Tez-tez qızdırmaları qalxır. Boğaz gələndə, qızdırma qalxanda cinayət dərəcəsində tədbirlər alırlar, vəziyyətlərini daha da ağırlaşdırırlar. Adamın boğazı gələndə dondurma yeyər, bunun qaydası budur. İstənilən azərbaycanlı valideynə dondurma təklif et ki, boğazı gələn uşağına versin, səni vurar. Elə bilər uşağını öldürmək istəyirsən. İndi bu sətirləri oxuyanların əksəriyyəti də şok keçirirlər, əminəm bundan. Boğaz gələndə dondurmamı olar? Əlbəttə olar. Hətta lazımdır. Bunu həkimlər də bilir, amma tibdən çox türkəçarəyə inanan azərbaycanlılara deyə bilmirlər. Qorxurlar.

Qızdırma qalxırsa, onu müxtəlif üsullarla salmağa çalışırlar. Murdar poroşokları udur, gic-gic şamları uşaqlarına soxurlar. Başa düşmürlər ki, iki-üç gün qızdırma normaldır, imkan vermək lazımdır qızdırma öz axarı ilə getsin. Ay balam, niyə öldürürsünüz vücudunuzu, müqavimətini sındırırsınız? Qızdırmadan niyə bu qədər qorxursunuz?

Azərbaycanlılara soyuqdur.

Əli Əkbər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir