İqtisadi böhran, istehlakçı bazarında baş vermiş dəyişikliklər, yeni biliklər tələb edən yeni texnologiyalar, iş axtarışını çətinləşdirir. Və orta yaşlı insanlar üçün daha çətin olur. Birincisi, onlar hətta bir-iki ay belə işsiz qala bilməzlər, ailələrini maddi baxımdan təmin etməlidirlər. İkincisi isə onlar üçün iş tapmaq daha çətindir, çünki sirr deyil ki, əksər şirkətlər 35 yaşdan yuxarı işçi götürməməyi tərcih edirlər. Artıq daha cavan, ambisiyalı və az maaşa işləməyə razı olan namizədlərlə rəqabət aparılacağını anlamaq yetərlidir ki, stress və daxili diskomfort hissi yaşansın. Amma mən şəxsən əminəm ki, müəyyən qayda və prinsiplərə riayət edilsə, əldə edilmiş status və əmək haqqı səviyyəsinin sabah da eyni olacağını zəmanət kimi qəbul edib arxayınlaşmasa, yetkin yaşlı insanların da əmək bazarında yaxşı şansları var.
Komfort zonasında arxayınlaşmaq
Şirkətlərin yaşlı mütəxəssislərin əleyhinə gətirdikləri əsas arqumentlər hansılardır? Mürəkkəb xasiyyət, fiziki və mənəvi enerjinin tam və ya qismən olmamağı, ambisiyanın olmamağı, zəif motivasiya, elastik olmama, inkişafa vaxt və enerji ayırmaq istəməmək, yeni və əsasən də texniki və ya texnoloji məlumat üçün açıq olmamaq və ya onu gec mənimsəmək, daha gənc komandanın oyunçusu ola bilməmək riski. Çox vaxt bunlar yetərincə obyektiv çatışmazlıq və risklərdi. Ən təəccüblüsü isə odur ki, bu səbəblərdən imtina cavabları alan insanlar 5-8 il öncə seçdikləri istiqamət üzrə uğurla işləyirdilər və hətta yüksəlirdilər. Onlar nəyi nəzərdən qaçırıblar? Onları karyeradan hansı səhvlər kənarlaşdırıb? Nə vaxt insan o iş tapmağı çətinləşdirən gözəgörünməz xətti keçir? Həmin o an ki, insan komfort zonasına daxil olur.
Müsahibə zamanı yaşlı namizədlər rekruterlərə «Mən təcrübəliyəm» deyərək, peşəkar sahələrinə həsr etdikləri xeyli ili nəzərdə tuturlar. Yalnız bu məsələnin kiçik bir «amma»sı var. İllərin sayı təcrübə göstəricisi deyil. Və ən əsası, unutmamaq lazımdır ki, “təcrübə” geniş bir anlamdır.Misal çəkim: Mənə bir tanışım şikayətlə müraciət etdi ki, 12 il çalışdığı şirkət onunla sağollaşıb. Görüş zamanı ən çox səslənən ifadələr «mən təcrübəliyəm», «mənim təcrübəm», «mənim illərim» idi. Ona iki sual verdim.
Birinci sualım : «Sənin gördüyün işi normal, məqbul səviyyədə icra etmək üçün öyrənməyə nə qədər vaxt lazımdır?». Cavab: «Bir il».
İkinci sualım : «Sənin 12 illik təcrübən nə deməkdir? Sən, məsələn, işlədiyin 8-ci ilin sonunda deyə bilərdin ki, son 12 ay ərzində nəzəri bilik, bacarıq və texnikalarında nəyisə yaxşılaşdırmısan? 12 il ərzində peşəkar olaraq inkişaf etmisən? Və ya, günü-gündən eyni işləri etməyə davam edirdin?» Cavab: «Təbii ki, hər gün məndən tələb edilənləri edirdim».
«Tamamilə aydındır”, – söylədim mən. Əslində sənin 12 illik təcrübən yoxdur. Sənin sadəcə, 1 illik təcrübən var və onu 11 dəfə təkrarlamısan. Bu səbəbdən səni cavan, daha enerjili, ambisiyalı, daha müasir bilikli və daha az maaş istəyən mütəxəssislə əvəz etmək çox asandır».
İş tapıb və gündəlik öhdəlikləri öz axarına qoyduqdan sonra insanların müəyyən bir hissəsi şüuraltı rahatlaşır. Məhz bu andan, özünü təhlükəsizlikdə, komfort zonasında hiss etmək istəyi meydana gəldiyi zaman, problemlər başlayır. İşlərini gün ərzində 5-6 saata bitirirlər deyə, geri qalan 1-2 saat zamanlarını sosial şəbəkələrdə oturmaqla keçirən insanlarla tez-tez rastlaşıram. Onlar bunu «yaxşı iş» adlandırırlar. Lakin əslində məhz bu, onları risk zonasına yaxınlaşdırır.
Nə etməli? Anlamaq ki, 10-15 il komfort zonasında olmaq gələcək karyeraya güclü zərbə deməkdir. Məhz komfort «mağarasında» keçirilən illər ərzində yaranan tənbəlliyə meyllilik nəticəsində həmin mağaranın divarlarının insanın üzərinə çökməsinə səbəb olur.
İnkişafı dayandırmaq
Biznes dünyası o qədər yüksək sürətlə irəliləyir ki, hətta yarım il ərzində peşəkar baxımdan inkişafda passiv olduqda, insan geridə qala bilir. 20 il öncə alınan təməl təhsil kifayət etmir ki, insan özünü professional formada saxlasın. Peşəkar inkişaf ancaq texniki biliklər deyil, həmçinin insanın karyera yüksəlişinə xüsusi peşə biliklərindən bəzən daha çox təsir edə biləcək bir çox humanitar bacarıqları da nəzərdə tutulur. Məsələn, ünsiyyət qurmaq, təqdimat və özünü ifadə etmə, stressi kontrol altında saxlama, şəxsi effektivlik texnikalarını bilmək karyera inkişafında olduqca güclü katalizator rolu oynayırlar. Bütün bunları öyrənmək olar. Və öyrənmək lazımlıdır. Mənim bir tanışım kitab oxumağa vaxtının olmadığından daim şikayətlənir. Bəli, o anlayır ki, yeni bilikləri əldə etmək vacibdir, lakin işlərinin çoxluğu imkan vermir. Yarım saatlıq söhbət ərzində məlum oldu ki, bu insan gündə ən azı bir saat yarım vaxtı tıxaclarda keçirir və bu zaman ərzində radio dinləyir. Əslində isə bunun əvəzinə audio kitablar dinləyə bilərdi. Bununla yanaşı, müəyyən oldu ki, iş gününü və toplantılarını düzgün planlaşdırmaqla, gün ərzində əlavə iki saata qədər vaxtı boşalacaq. Və ailəsinə və dostlarına diqqət yetirmək üçün dəhşətli dərəcədə çatışmayan vaxtı artıq olacaq.
Nə etməli? Ööncə inkişaf planı qurulmalıdır. Komfort zonasında ilişib qalmamaq üçün planları hər ay və il üçün qurmaq və vaxtaşırı onlara görə nəticələri çıxarmaq lazımdır. Nailiyyətlərin mütəmadi təhlil edilməsi karyera inkişafını izləməyə, şərtlərdən asılı olmadan onu tənzimləmə imkan yaradacaq.İxtisaslaşmış jurnal və məqalələr oxuyun. İnternetdə bunlar yetərincə çoxdur. Sadə misal: əgər gün ərzində cəmi iki məqalə ilə tanış olmaq üçün 20 dəqiqə vaxt ayırsanız, bir il ərzində siz öz baqajınıza 400-500 məqalə və onlarla birgə bir çox yeni məlumat, rəylər, tənqidlər, biliklər, texnikalar və alətlər əlavə etmiş olursunuz. Və həmçinin yolda audiokitablar dinləsəniz, siz ayda ən azı bir kitab dinləmiş olursunuz. İndi isə son bir ildə necə kitab oxuduğunuz yadınıza salın. Bəs yolda nə qədər vaxt itirmisiniz?
Peşəkar inkişafınızı gündəlik prioritet məsələ edin. Əgər təlim, seminar, master-klasslara yazılmaq imkanınız yoxdursa, onları internetdə izləyin. Hər həftənin sonu özünüzə sual verin: son 7 gündə gələcəyim üçün nə etmişəm? Və bir neçə müddətdən sonra bu, artıq vərdişə çevriləcək – hər gün siz gələcək uğurlarınızın binasına daha bir daş qoymuş olacaqsınız.
İş və şəxsi həyat arasında balansı itirmək
Yaşlı namizədlərin əleyhinə olan daha bir arqument onların hər bir sahədə aktivliklərinin azalması, həmçinin psixoloji və emosional yorğunluğudur. Bu nə deməkdir? Yaş artdıqca, peşəkar həyatla birgə, şəxsi həyatda da iş və qayğılar artır: ailə, məişət, övladlar, iş. Öz vaxtını idarəetmə bacarığı olmayan və şəxsi effektivlik texnikalarını bilməyən insanın yorğunluq hissi aydan-aya artır. Və bu, özünü nəinki gündəlik həyatda, hətta müsabiqə zamanı belə biruzə verir: üz ifadəsi, danışıq tonu, temperament və davranış.
İllər boyu qidalanmanın keyfiyyəti və rejiminə diqqət etməyən, pis vərdişləri təşviq edərək, idmana vaxt ayırmayan insan öz orqanizmini zəiflədir. Məhz orta yaşda – aktivlik çox vacib olan həlledici dövrdə sağlamlıqla əlaqədar olan problemlər haqda siqnallar gəlməyə başlayır. Və buna psixoloji yorğunluğu da əlavə etsək, o zaman namizəd öz xarici görünüşü və psixoloji əhvalı ilə işəgötürənə aktivlik, dinamiklik və səmərəlik zəmanəti verə bilməz. Əksinə, yuxarıda qeyd olunanların nəticəsi olaraq, belə insanlar daha sakit işə qaçacaqlar, müştərilərə daha az diqqət yetirəcəklər, həmkarları ilə bir qədər səbirsiz olacaqlar. Təşkilatda problemlər isə bütün bu «bir az»ların toplusundan yaranır.
Nə etməli? Ööncə, cavan yaşlardan sağlamlığa qayğı göstərməli, sağlam həyat tərzi sürməli, düzgün qidalanmalı, doğru istirahət etməyi öyrənməli. İkincisi, hər gün fiziki aktivliyə ən azı yarım saat vaxt ayırmaq lazımdır ki, geri qalan 23.5 saatı daha parlaq və rəngarəng keçirə bilək. İdman üçün vaxt yoxdur? Sizə hər saat 20 dəfə oturub-qalxmağa nə maneə olur? Nəticədə isə siz gün ərzində 150-200 belə hərəkət etmiş olursunuz, qan dövranı güclənir, kalori itkisi baş verir, ayaqlarınız daha cəlbedici olur, saatlarla oturmaqdan ağrıyan onurğanız hərəkət etmiş olur. Belə sadə hərəkətlər insanın xarici görünüşü və psixoloji durumunda sehrli dəyişikliklər etməyə malikdir.
Netvorkinqi unutmaq
Sahəsindən asılı olmadan, əlaqələr bazası və kontaktlar bilik və təcrübə ilə birgə hər peşəkarın ən vacib sərmayələrindən biridir. Bəzi insanlarda nə baş verir? İllər boyu bir şirkətdə işləyirlər və bu şirkətdən kənar heç kimlə ünsiyyətdə olmurlar. Heç kim onları tanımır. Və onlar da özlərini tanıtmırlar. Hətta ən güclü, lakin tanınmamış mütəxəssis də özünü və biliklərini tanıtmasa, iş tapmaq çətin olar.
Nə etməli? Seminar, konfranslarda, müxtəlif biznes tədbirlərində iştirak etmək. Özünüzə bir qayda müəyyən edin: ayda ən azı bir tədbirdə iştirak etmək. Bu tədbirlərdə maraqlı insanlarla tanış olun, vizit kartınızı təqdim edin və yaranmış münasibəti davam etdirməyə çalışın. Özünüzü xatırlatmaq üçün yeni tanışlarınıza bir gün sonra yazın, təşəkkürünüzü bildirin, bir fincan qəhvə arxasında yenə görüşmək arzunuzu bildirin. Fikir və xəbərlərlə bölüşmək imkanının olması üçün mütləq müxtəlif peşəkar sahələrin cəmiyyətlərində iştirak edin. Əlaqələriniz, müntəzəm artırılması lazım olan çox mühüm kapitaldır.
Vəziyyətin belə olmasına görə məsuliyyəti kim daşıyır?
Peşəkar inkişafda geri qalmış insanların ən əsas şikayəti: şirkət mənim inkişafıma vəsait ayırmırdı. Bəli, ola bilər. Ehtimal var ki, şirkətin kadr hazırlığına ayıracağı büdcəsi yox idi. Bəs bu zaman nə etməli? Öz gələcəyinizi, maddi rifahınızı, karyeranızı şirkətin öhdəsinə buraxmaq olmaz. Sizin şirkət artıq özünü və enerjisini tükəndirmiş mütəxəssisi heç çəkinmədən daha cavan və perspektivli kadrla əvəzləyəcək. Müasir tələb və reallıqlarla uyğunlaşmayan insanla vidalaşmaq çox rahatdır. «Yaşlı» mütəxəssislərə qarşı belə münasibət düzgündürmü? Uzun zaman şirkətlərdə üst idarəçi olaraq işləyən insan kimi əminliklə qeyd edə bilərəm ki, bioloji və psixoloji yaş arasında böyük fərq var. Təcrübə toplayın, inkişaf edin, yeniliklərə meylli olun, sağlamlığınızın qayğısına qalın, ruhən cavan qalın və qarşınızda heç bir maneə olmayacaq.
Karyera surfinqə bənzəyir
Bu gün dalğa üzərində olmağınız daim yüksəklikdə olacağınız anlamına gəlmir. Daim üzərinizə dalğalar gəlir – yeni işlər, tapşırıqlar, layihələr, böhranlar, tələb edilən fərqli bacarıq və biliklər. İndiki dalğanın üstündə ikən artıq növbətinin gələcəyini düşünməli, hazırlaşmalı və onu gözləməlisiniz.
Sakitləşdiyiniz və rahatlaşdığınız anda, növbəti dalğa güclü zərbə ilə sizi dənizin dibinə salacaq.
Fəxri Ağayev,
AAAF Holding vitse-prezidenti