Belçika federal polisində 6 ildir tətbiq olunan spirtli içki qadağası “işçilərin sosial uyğunluğuna zərər verdiyi üçün” qismən ləğv edilib. “Yeni Müsavat” xəbər verir ki, qadağanın yumşaldılması ilə polislər artıq qutlama və özəl günlərdə yenidən pivə, eləcə də xəfif içkilər içə biləcəklər.
Spirtli içki qadağası 2012-ci ildə Belçika Federal Polisinin eks-rəhbəri Ketrin De Bolle tərəfindən tətbiq olunmuşdu. İş yerində spirtli içkidən istifadəyə sərt müxalifəti ilə tanınan De Bolle yasaq qərarına əsaslandırma olaraq, “polislər arasında qayğı yaradacaq həcmdə alkoqoldan istifadəni” önə çəkmişdi. Keçmiş polis rəisi “polisin neqativ imicini dəyişdirmə” planı çərçivəsində spirtli içki qadağası tətbiq etmişdi.
Bu xəbərin izi ilə dünyanın hansı ölkələrində spirtli içkiyə qadağa olub-olmamasını araşdırmışıq.
2017-ci ildə Antalyanın turizm bölgələrində ictimaiyyət üçün açıq məkanlarda spirtli içkiyə qadağa qoyulub. Bu barədə Antalyanın polis orqanlarından yazılı məlumat göndərilib. Qərarın alınmasına səbəb əhalinin təhlükəsizliyinin təmin olunması üçün önləyici tədbirlərin görülməsidir. Qadağanı pozanlar 100 lirə cərimə olunacaq.
Bir neçə il öncə yeni ildə Yeni Zelandiya sahillərində içki içməyə qadağa tətbiq edilib. Buna bəziləri yaradıcı yanaşıb. Coromandel yarımadasının Tairua qəsəbəsində yaşayanlar sahildən daşıdıqları qumla dənizin ortasında bir ada düzəldib. Adaya bir piknik masası və içkilər üçün buz dolu bir vedrə yerləşdirməyi bacaran qrup, Yeni ilə burada içərək girib.
Qadağalar pozulmaq və yüngülləşdirilmək üçündür
2018-ci ilin oktyabrında Minsk Şəhər İcra Hakimiyyəti oktyabrın 1-dən etibarən spirtli içki satışının saat 23:00-dan 07:00-dək satılmasını qadağan edən qərarı ləğv edib. Qərarın iki il müddətində qüvvədə qalması gözlənilsə də, Belarus prezidenti Aleksandr Lukaşenko bu qadağanın ləğvi ilə bağlı sərəncam imzalayıb. O hesab edib ki, qadağalar vasitəsilə alkoqolizmlə mübarizə aparmaq olmaz, bu, qara bazarın və kriminal sahənin, eləcə də, qaçaqmalçılıq məhsullarının artması ilə nəticələnə bilər.
2012-ci ildə Çexiya hakimiyyəti spirtli içkilərə qoyulmuş qadağanı yüngülləşdirib. Qərara əsasən, keyfiyyət nişanı olan sərt içkilərin satışına icazə verilib. Qalan sərt içkilərin satışı isə qadağandır.
Qeyd edək ki, həmin ərəfədə Çexiyada tərkibində metil spirti olan alkoqollu içkilərdən 26 adam ölüb, onlarla adam kor olub. Bu cür içkilərin istehsalı ilə məşğul olan 2 əsas şübhəlinin həbs olunduğu bildirilir.
2015-ci ildə Fransanın şimalında axşam saat 20:00-dan sonra spirtli içkilərin satışı və ictimai yerlərdə istehlakı qadağan olunub. Fransanın Şimal Bölgəsi İcra Hakimiyyəti qadağa ilə bağlı açıqlama verib. “Şiddət ehtiva edən aksiyaların keçirilməsinə səbəb olduğu üçün axşam saat 20:00-dən səhər saat 08:00-ə kimi, içki satışı və ictimai yerlərdə istehlakı qadağan olunmuşdur. Qadağaya riayət edilmədiyi təqdirdə 150 avro pul cəriməsi tətbiq olunacaqdır” .
2016-cı ildə ABŞ donanması Yaponiyadakı hərbçilərinə spirtli içkidən istifadə etməyi qadağan edib. Buna səbəb olaraq isə Yaponiyadakı hərbçilərdən birinin spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməsi və saxlanılması göstərilib. Bundan əlavə, hərbçilərin övladlarını məktəbdən götürmək və ev ehtiyaclarını ödəmə şərtlərindən başqa hərbi bazalardan çıxışlarına da qadağalar tətbiq olunub. Faktı ABŞ-ın Yaponiyadakı donanmasının komandanı Metyu Karter də təsdiqləyib.
2017-ci ildə Şimali Koreya lideri Kim Çen İn ölkədə spirtli içki və musiqinin olduğu bütün tədbirlərə qadağa qoyub. Təzyiqin artdığı ölkədə daha öncə pivə festivalı qadağan edilmişdi. Qadağaları nəzərdə tutan qanunların ABŞ tərəfindən tətbiq edilən yeni iqtisadi sanksiyalar qarşısında xalqı nəzarətdə saxlamaq məqsədi daşıdığı bildirilir.
2013-cü ildə Türkiyə parlamentində spirtli içkinin satılmasını və reklam olunmasını məhdudlaşdıran qalmaqallı qanun layihəsi qəbul olunub. Qanun 22:00 və 06:00 saatlar arasında spirtli içkinin satışını yasaqlayır və onu istehsal edənlərin tədbirlərə sponsorluq etməsini qadağan edir.
Qanunun digər hissələri:
spirtli içki satışı məscidlərə və məktəblərə 100 metrdən yaxında satıla bilməz;
televiziyada spirtli içki tutqun göstəriləcək;
sərxoş halda maşın sürənlərə qarşı cəzalar daha sərt olacaq. Qanda spirt səviyyəsi 0.1%-dən yuxarı olan sürücülər iki ilədək həbs olunacaq;
bütün spirtli içki butulkalarının üzərində spirtli içkinin zərərli olması barədə xəbərdarlıq yazılmalı olacaq;
Prezident Recep Tayyip Erdoğan bu yaxınlarda demişdi ki, türklərin “milli içkisi” ayrandır.
AKP siyasətçisi, plan və maliyyə Komissiyasının sədri Luftu Elva qanunu müdafiə edib. O deyir ki, Skandinaviya ölkələrində oxşar məhdudiyyətlər var. Amma əsas müxalifət partiyası CHP-dən olan Musa Cam deyib: “Heç kimi içməyə və ya içməməyə məcbur etmək olmaz. Bu, dini və ideoloji vadaretmədir”.
Kürd parlament üzvü Hasip Kaplan isə qanunun turizmə təsiri barədə xəbərdarlıq edib.
İsveçrədə 18 yaşından kiçik gənclərə spirtli içki satılmır. Orada bu qadağaların nə dərəcədə həyata keçirildiyini yoxlamaq üçün bir sistem inkişaf etdirilib. Xüsusi olaraq seçilmiş 18 yaşından kiçik gənclər spirtli içki almağa çalışıblar və bu gənclərə içki satan mağaza sahibləri cəzalandırılıb, cərimə ödədilib və bundan sonra onların spirtli içki satması qadağan edilib.
Avropadakı bir çox ölkədə spirtli içki satışı universitetlərin yataqxanası və məktəblərdə qadağandır. Bununla yanaşı, məktəblərin yaxınlığında yerləşən market, kafe və restoranlarda da spirtli içki satışına icazə verilmir.
Keçək ayrı-ayrı ölkələrdəki sistemlərə. Məsələn, Fransanın Strasburq şəhərində saat 21.00-dən saat 05.00-ə qədər küçələrdə spirtli içki içmək qadağandır. Bu, bələdiyyə məclisinin 2012-ci ildəki məlum qərarından sonra belədir. Bundan başqa, Eyfel qülləsinin Champs-de-Mars sahəsində və Saint-Martin kanalı ətrafında spirtli içkidən istifadə 2011-ci ildən bəri qadağandır. Bununla yanaşı, Dijon və Toulouse, Langres və Quimper şəhərlərində gecə spirtli içkidən istifadə də qadağan edilib. Qadağa saat 15.00 ilə saat 03.00 arasında tətbiq edilir. Alkoqollu içkilərdən xəstəxana yaxınlığında, məktəb, sənaye sahələrində, qocalar evində istifadə qadağan edilib.
Ən sərt tədbirlər Rusiyada
Adama elə gəlir ki, şaxtanın və milli xüsusiyyələrin təsiri nəticəsində ruslar səhər-axşam içki içirlər. Amma bu ölkədə spirtli içkidən zəhərlənərək ölənlərin sayı ildə 40 minə yaxındır. Məhz bu statistika açıqlanandan və spirtli içkiyə başlama yaşı 14-ə çatandan sonra ölkədə sərt tədbirlər görülməyə başlanıb. Saat 22.00-dən səhər saat 07.00-yə qədər marketlərdə içki satışı yasaqlandı və həmin müddətdə ictimaiyyətə açıq yerlərdə içkidən istifadəyə qadağa qoyulub. Rusiyada sərxoş vəziyyətdə maşın sürənləri 2 ilə qədər həbs cəzası gözləyir ki, bunu da 15 ilə qədər artırmağı düşünürlər.
Finlandiyaya keçək. Burada 18.00-9.00 saatları arası spirtli içki satılmır. Cümə günləri 20.00-a qədər satış mümkündür. Bazar günləri isə finlə heç yerdən alkoqollu içki ala bilmirlər.
Tədqiqatçılar 789 kanadalı tələbədən müsahibə götürərək onların ötən ay nə qədər spirtli içki qəbul etdiyini və bundan sonra “paxmel”in necə ağır keçdiyini soruşublar. Aşkar olunub ki, sərxoşluqdan sonrakı süstlükdən əziyyət çəkmədiyini deyənlər əslində az içmiş olanlardı. Sərxoşluğun ertəsi günü qanında 0,2%-dən çox spirt konsentrasiyası tapılan şəxslər bu fenomendən yaxa qurtara bilmirlər.
Utrext Universitetinin doktoru Yoris Forsterə görə isə səbəb sadədir: “Nə qədər çox içsəniz, ertəsi gün ”paxmel” olmaq ehtimalınız bir o qədər böyük olacaq”.
“Su sizin susuzluğunuzu yatırmağa və ağızda quruluq hissindən qurtulmağa kömək edə bilər, lakin baş ağrısı, ürək bulanması və özünü pis hiss etmək kimi hisslərdən qurtulmağa kömək edə bilməz”, – o əlavə edib. O, həmçinin qeyd edib ki, hər bir şəxsin səhər başına gələ biləcək süstlük vəziyyətinin səbəbi spirtin miqdarıdır ki, bu da hər bir insan üçün individual olaraq dəyişir.
Sevinc TELMANQIZI