Bir çox ölkələrdə məzun günü standart qaydalar əsasında keçirilsə də, bu tədbir qeyri-adi ənənələri ilə də tanınmaqdadır.
Yaponiya
Yaponiyada məzunlar üçün xüsusi yürüş tədbiri təşkil olunur. Bu tədbirdə məzunlar diplomlarını almaq üçün sıraya düzülərək, məzunlara həsr olunan xüsusi mahnı oxuyurlar. Məsələn, Yaponiyada yerləşən “Kanazava” kollecində təşkil olunan məzun günü “ifritələr bayramı”na bənzədilir. Burada tələbələr Yaponiyanın milli geyimi – kimonolardan tutmuş karton qutulara qədər müxtəlif geyimlər geyinirlər.
İsveç
İsveçdə universitet məzunları ənənəvi məzun papağının yerinə,“studentmössa” adlandırılan qara və yuvarlaq papaqlar taxırlar. Bu papağın rəngi isə öz növbəsində tələbənin hansı ixtisas üzrə təhsil aldığına görə dəyişməkdədir.
Çox maraqlıdır ki, tədbir başa çatdıqdan sonra tələbələr və onların ailələri şəhərdə təşkil olunan müxtəlif paradlara qatılaraq əylənir, mahnılar oxuyurlar.
Argentina
Argentinada məzun gününə həsr olunan xüsusi tədbir hazırlanır. Tədbirdən sonra tələbələrin ailələri tərəfindən hazırlanan müxtəlif yeməklər hər kəsə təklif olunur. Ən maraqlısı isə odur ki, həmin gün məzunların yaxınları ketçap kimi yapışqan sousları onların üzərinə atırlar. Qeyd edək ki, bu qeyri-adi ənənə nəinki Argentinada, həmçinin İtaliyada da mövcuddur.
ABŞ
Amerikada da tələbələrə diplom cəmiyyətin sayılıb-seçilən fərdləri tərəfindən təqdim olunur.
Məsələn, hərbi akademiyalardan məzun olanların tədbirləri futbol stadionlarında təşkil olunur.
Rusiya
Rusiyada həmin gün bəyaz önlüklü qara paltarlar geyinirlər. ABŞ-da olduğu kimi, burada da diplom aldıqdan sonra tələbələr dostları ilə bütün gecə əylənirlər.
İngiltərə
İngilislər də önlüklü xüsusi paltar geyinsələr də, lakin papaq taxmırlar.
İngiltərənin ən öndəgedən universitetləri kimi tanınan Oksford və Kembric universitetlərinin məzunları isə örtüklü paltarla yanaşı, papaq da taxırlar. Geyimin rəngi isə tələbəyə verilən dərəcəyə görə müəyyənləşdirilir.
Filippin
Filippində məzun olan şəxslər mütləq səhnəyə çıxaraq öz ürək sözlərini söyləməlidirlər. Diplomunu aldıqdan sonra hər məzunun boynuna çələng taxılır.
İspaniya
İspaniyada məzun gününə həsr olunan tədbirlər rəngarəngliyi ilə seçilir. Ən əsası, ispanların məzun geyimləri tamamilə fərqlidir. Bir çoxları onların məzun libaslarını Roma Papasının geyiminə bənzədir. Həmin gün məzunlar mavi rəngdə yuvarlaq formada böyük papaqlar taxırlar.
Tailand
Tailandda məzun gününə çox ciddi yanaşırlar. Burada həmin günü diplomlar tələbələrə kral ailəsinin üzvləri tərəfindən təqdim olunur. Xüsusi zalda təşkil olunan tədbirə məzunlardan başqa heç kimin daxil olmasına icazə verilmir. Həmin günü qızlara müxtəlif saç düzümləri etmək qadağandır. Qızlar formaya bənzər geyim, yastıdaban qara ayaqqabı və corab geyinməlidirlər.
Oğlanlara həmin gün saqqal saxlamaq və qeyri-ciddi saç düzümləri etmək qadağandır.
Çin
Çində isə məzun gününə həsr olunan tədbiri qəribə olsa da toya bənzətmək olar. Həmin əlamətdar gündə qızlar özlərinə geyinmək üçün gəlinlik sifariş verirlər. Bu ölkədə məzun gününə həsr olunan təbdir çox şən və maraqlı keçir. Tələbələr xoş günlərini valideyn və qohumları ilə birgə qeyd edirlər.