İsmayil Ahmad

Nə üçün oxumalı? – ISMAYIL ƏHMƏD YAZIR

Baxış sayı: 1. 796

Hər həftə oxucularını dini mövzuda məlumatlandıran “Gencaile.az” saytının “bilDİN” rubrikası davam edir.   İlahiyyatçı, “Karvan” jurnalının şef redaktoru İsmayıl Əhmədin bu dəfəki yazısında İslam dininin oxumağa, öyrətməyə yanaşması haqqında bilgi alacaqsınız.

 

Allahın birliyinə iman gətirib Onun  əmrlərinə tabe  və təslim olan bir müsəlman üçün  oxumaq  var  olanı  və  özünü də həmin varlıq  içində  oxumaqdan ibarətdir.  Bir  vaxtlar  yazıb-oxumağı bacaramayan bir Peyğəmbərə (s) nazil olan ilk  ayələrdə də məhz bu sirli həqiqətə  diqqət  yetirmək  və ona  əməl etmək  əmr  olunur. “Oxu!”… Onun  oxumalı olduğu  həqiqət  yaşadığı  həyatı  və  varlıq  aləmini oxuyub oxutdurmaqdan ibarət  olur. Yəni oxumaq müsəlman olan şəxsin  varlığını  dərk  etməsi  və   həyatını var edənin  ixtiyarına qoyub Onun  istədiyi  kimi sürməsi  deməkdir.  Bu mənada  müsəlman olan şəxs “oxumasaq da  olar”  kəlməsini dilə  gətirə  bilməz. Çünki bu əslində “müsəlman olmasaq da  olar” anlamına  gəlir.

Oxumağın ən geniş  mənası öyrənməkdir. Və  öyrənməyin hər növü oxumaqdır.  Bu mənada əgər  nəyisə öyrənir  və ya öyrənmək istəyiriksə, demək onu  oxuyuruq. Amma nəyi necə oxumağımız tam başqa  mövzudur. Oxumaq, həmçinin  varlıq  aləminə həm daxil olmaq, həm də ona  müdaxilə etməkdir. Yaradılış  aləmində  hər nə varsa oxunur  və oxunduğu andan adi  maddə halından xaric olub  mənəvi  çərçivəyə daxil olur.  Və  bu da  bir həqiqətdir  ki, yaradılış  aləmində  hər nə  varsa  oxunsa da oxuya  bilməz.  Yaradılış  aləmini  oxuyan  insanın özü də  oxunar  və oxunaraq başa düşülər. Onu  yaradılmışların ən şərəflisi qərar  verən də məhz  bu  xüsusiyyətidir.   Allah  peyğəmbərinə  nazil olan ilk  surənin ilk beş  ayəsində vurğulanan “oxumaq” əmrindən məqsəd  heç də  hər hansı bir  yazılı mətni üzündən oxumaq deyildi.  Nazil olan ilk ayələrdən sonra  23  il müddətində  6236  ayənin enməsində minlərlə kəlmədən istifadə olunur, amma onların  hamısı tək bir kəlmə ilə, daha  dəqiq  desək  “Oxu!” əmr  feli  ilə başlanır. İslamın sonuncu  din  olaraq  digər  dinlərdən  özəlliyi  onun  oxu  əmri  ilə  başlanmasıdır.

Fərqinə  varmaq

Oxumağın başqa  özünəməxsus  xüsusiyyəti oxuyanın var olma fərqinə  varmasıdır. Yəni  var  olduğu  üçün  oxuya  bilmə və oxuyaraq bunun fərqinə vara  bilməsidir.  Burada  “oxuma”  deyildikdə  tək  gözlə deyil, bütün bədən  üzvləri  ilə  həqiqətin oxunması, yəni dərk  olunması, başqa sözlə desək,  tanınması nəzərdə  tutulur. Əgər  Dekart  “əgər  düşünürəmsə, demək  varam”  deyirsə, İslamın  özünüdərketmə məktəbi  də “oxuyuramsa, demək  varam” deyir. İslamın təqdim  etdiyi oxuma üsulunu digər  məktəblərin təlim üsullarından  fərqləndirən başqa bir  cəhət  oxumağı qələmlə, yəni  yazaraq  öyrətməsidir ki, Qələm surəsinin ilk ayələrində  buna  işarə  olunur.  Və  mövzunun əhəmiyyətini ön plana çəkmək  məqsədilə qələmin  özünə  belə  and  içilir.  “Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına…”.

Varlığı oxumaq

Allah  peyğəmbərinin (s) Ühüd  dağı  barədə “Biz onu sevir, o da  bizi  sevər”  kəlməsini  deməsi, ətəyini açaraq  yağış  suyunun üzərindən dua  etməsi  və  Qara  daşa əl çəkərək  İbrahim  peyğəmbəri yad etməsi özü-özlüyündə oxumaq  tərzidir. Və  ya  günəş  qürub etdikdən  sonra  “ey  Əbuzər, günəş  hara  getdi?” – deyə  soruşub  Əbuzərin də  ona “Ən  doğrusunu Allah  və  Onun  peyğəmbəri  bilər”  deməsi  və  bunun  üzərindən  Peyğəmbərin (s) “Ey Əbuzər,  günəş  səcdə  etməyə  getdi”  deməsi o həzrətin kainatı  oxuya bilmə bacarığına sahib olduğundan xəbər  verir.

Şahid  olmaq

Oxumaq həm də  oxuyanın oxuduqlarına şahid olma anlamına gəlir. Çünki oxuyan   olmadıqca oxunanın  mövcud olmasının bir mənası olmaz. Bunun üçün də oxuyan  oxuduqlarının sözün əsl  mənasında şahidi olur. Şahidliyin əhəmiyyətini   çatdırmaq üçün  aləmlərin Rəbbi  olan Allah Özünün Özünə şahid olduğundan  belə  xəbər  verir: “Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir”  (Ali-İmran, 18).  Yaradanın  yaradılmışlara  və  onların  içindən  insan  adlı  ən şərəfli  məxluqa  bundan  böyük  xəbərdarlıq  ola bilərmi?  Bununla Allah  insan  oğlundan  özünü  tanımağa və  “mən”  idrakına  dəvət  edir. Yəni  hardan gəlmişəm, nə üçün  varam? Varamsa, nə etməliyəm? Etdiklərimi necə, hansı  meyar  və nəyə  (və ya  kimə  xatir)  etməliyəm? Və  son  dönüşüm haradır?  Suallarına  cavab tapıb  özünü  oxumağa dəvət  edir. Çünki Quranın təlqin  etdiyi  “mən” idrakına  sahib  olmayanlar və  ya sahib olmaq  istəməyənlər “mənəmçilik” adlı  ruh  xəstəliyinə düçar olar və  bir  ömür  ondan qurtula  bilməzlər. Əgər insan  ona  göndərilən  Quranı qarşısına qoyub sadəcə oxuyur  (kəlmələri bir-birinə qoşub cümlələri oxuyur),  amma  tilavət  etmirsə, yəni düşünərək oxuyub mənasını  həyatına  köçürmürsə, demək, Qurana  qarşı  hələ də  biganə qalmışdır. Quran bu  durumu  “məhcur”  ifadəsi  ilə  bəyan edir. (və  qalərrəsulu  ya  rəbbi   innə  qəumittəxəzu hazal quranə  məhcurən) “Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək” (Furqan, 30). Göründüyü kimi ayədə  “tərk etmək”  kəlməsindən istifadə olunmur. Çünki bir  şeyi tərk  etmək  eyni mənanı  ifadə  etmir. Yəni  insan  nəyisə  və  ya  kimisə tərk  etdiyi  zaman bir-birindən  fasilə  saxlayıb  görməz. Amma ayədə istifadə olunan “məhcur”  kəlməsi   insanın  yanında  və  ixtiyarında  olan  bir  varlığı  görməməzliyə vurmasına  deyilir  ki,  ayədə  də  buna  işarə  olunur.  Yəni  mənadan  istifadə  edərək  ərəb   dilində  küsmək  üçün də  eyni  kəlmədən istifadə  olunur.  Məsələn, biri  digərindən küsdükdə  “həcərtu  ənkə” – mən səndən  küsdüm  deyər.

Dəyər  vermək

İnsan dəyər  verdiyini oxuyar (tanımağa çalışar)  və  eyni  zamanda  oxuduğundan dəyər  almaq  istəyər. Bəzən də oxuduğumuzu həyatımızda tətbiq  etmək  istər  və  qəhrəmanlarımızı  həyatımızda örnək  verərik. 15 əsrdir  müsəlman  dünyasının  Muhəmməd  (s)  adlı  dahi  şəxsiyyətinin həyatını oxuyub həyatının mənası  bilməsi bunun ən  bariz  nümunəsi  ola  bilər.  Tarix  boyu  yaşayıb  fəaliyyət  göstərən  bir  çox   rəhbərlərlə  qarşılaşırıq. Amma onların  həyatı  sadəcə  tarixi  məlumat  kimi  oxunur  və heç birinin həyatı örnək olaraq  qəbul edilmir. Bu  şərəfi  Allah  yalnız öz  peyğəmbərlərinə  və  ələlxüsus son dinin  təmsilçisi olan  Həzrət  Muhəmmədə (s)  nəsib etmişdir. Bəzən oxunulan örnək olmasa da  oxunar  və  insanın  həyatına  müsbət  təsir  göstərər. Oxuyaraq  əldə  etdiyimiz  təcrübələr  və  onların həyatda  tətbiq  olunması da buna misal ola  bilər.  Deməli  oxunanın  heç də hər  zaman örnək olması  şərt  deyil. Yetər  ki, öz  müsbət təsirini qoysun. Və  bəzən oxunan  pis  olsa da   yenə də  insan  üçün  faydalı  olur.  Çünki  insan  yaxşını tanımaq  üçün  pisin  hansı üzdən pis adlandırdığını bilməli  və Allahın  yaxşını  pislərlə  tanıtdırmasına  şükür  etməlidir. Demək, oxunan pis insan üçün  örnək  olmasa da  ibrət  ola  bilir. Quranın bir  çox  ayəsində pislərin  misal çəkildiyindən  sonra  “ibrət  alın,  ey  ağıl  sahibləri”  xitabı buna misal ola  bilər.   Demək,  oxumaq dəyər  vermək  və dəyər  əldə etməkdir.

 Nə üçün oxumalıyıq?

Bu  suala  qısaca “oxuduqlarımızla əlaqə  yaratmaq üçün” cavabını verə  bilərik.   Belə  ki,  oxuduğumuz insan olduğu  kimi ondan başqa  digər  canlı  və  cansız  varlıqlar, hətta  kainatın  özü də ola  bilər.  O, hətta Allahın  Özü  də ola  bilər.   Deməli  əlaqənin ilk  mərhələsi  oxumaqla başlanır. Bunun başqa bir  sirri də var.  Və  od  insanın oxuduğu  (tanıdığı) ilə oxumadığı (tanımadığı)  arasında  əlaqəni   görüb dərk  etməsidir.  Bunun  üçün də insan oxuyaraq  tanıdığı  varlıqlar  arasındakı  münasibətlər  oxuduqdan  sonra dəyişir  və  eyni vəziyyət  oxumadıqlarına  qarşıda  baş  verir.  İnsan oxuyaraq tanıdığı varlıqlarla  tam  fərqli  ünsiyyət  yaradır  və  sonrakı mərhələlərdə bu  ünsiyyəti daha da  təkmilləşdirir. Bunu  insanın gündəlik  geyindiyi  təzə  paltardan  başlayaraq ən qəliz  əlaqələrə  qədər  davam  etdirmək  olar.  Belə  ki, insan  təzə  paltar  geyindikdə ilk  günlər alışa  bilməsə də  sonradan  ona alışır  və  daha  rahat  istifadə  etməyə  başlayır. Yəni  insan geyindiyi  paltarla  belə  ünsiyyət qura  bilir. Çünki onda  artıq  ən  azından   öz  qoxumuz olur.  Bunun üçün də ünsiyyətdə olduğumuz və  vərdiş  etdiklərimizdən ayrı  düşdükdə (onlar  cansız olsalar belə)  darıxır,  boşluqlarını  hiss etməyə başlayırıq.  Və  bu boşluq  onları  əvəz  edən  başqa  bir  varlıqla  dolur. İlk  mərhələdə əlaqə  qurur, əlaqə qurduqdan sonra  isə  onunla  dialoqa  girmiş  oluruq.  Yəni  əlaqə  qurduğumuz  varlığı oxumaqla həm də  o  bizi  oxumağa  başlayır.   Başqa  sözlə  desək, oxuyub dəyərləndirdiyimiz  varlıq  eyni zamanda  bizim  özümüzü  də dəyərləndirmə  mərhələsinə qədəm  qoyur.  Sadə  desək,  biz  tanıdığımız  varlığa  maddə  gözü  ilə  baxsaq da  biz də  onun  gözündə  bizə məlum olmayan  formada  canlanmış oluruq.  Bunu  istifadə  etdiyimiz  əşyaların  sahibi  olmaq  əvəzinə onları  özümüzə  sahib  etməklə  başa  düşə  bilərik. Sahib  olmalı  olduqlarımız  bizə sahib olunca  bizim  onlara  hansı  gözlə  və  onların  bizə  hansı  gözlə  baxdığı   yaradılış  aləminin  ən müəmmalı  sirlərindəndir.  Beləcə  qarşılıqlı  əlaqə  qurmuş oluruq. Amma  bu  əlaqənin  nə ilə  nəticələndiyi bizim  özümüzdən  asılıdır.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir