nene-baba

Nənə, baba adlarını uşaqlara verməyin fəsadları var? – Həqiqəti qulaqları ilə görürlər

Baxış sayı: 639

“Dövlətdə dəvə, övladda nəvə” deyib atalarımız. Nənələr, babalar nəvələrini sevdikləri üçün öz adlarını onlara qoymaqda maraqlıdırlar. Çox ailələrdə nənə və babaların öz istəyi ilə nəvəyə adının verilməsinin şahidi oluruq. Bundan əlavə valideynlər də hətta ölən ata-anasının ruhuna hörmət əlaməti olaraq öz övladlarına onların adını qoyurlar.

Bu ənənə illərdir davam edir və demək olar ki, bir çox ailələrdə adət halına çevrilib. Lakin sosial şəbəkələrdə bir psixoloq xanımın çıxışı hər kəsi təəccübləndirib. Onun sözlərinə görə, nənə, baba adlarının uşaqlara qoyulması düzgün deyil:

“Hər bir adın üzərində “karma” var. Nənə-babanın adı uşağa qoyulduqda onların şəxsi həyatındakı yaşadığı problemlər uşağa keçir. Hər birinin “karma”larını uşaq başlayır yaşamağa. Ona görə də, nənə, baba adını uşağa qoymaq olmaz”- deyə, psixoloq etirazını bildirib.

Maraqlıdır, görəsən həqiqətən də belədirmi? Nənə, baba adlarını uşaqlara qoymaq düzgündürmü? Ümumiyyətlə uşağa qoyulan ad onun gələcək həyatında nə kimi rol oynayır? Ad uşağın taleyini dəyişə bilirmi?

Tanınmış ilahiyyatçı Təyyar Hüseynli bildirdi ki, bu fikirlər əsassız bir yanaşmadır:

“Ümumiyyətlə ad seçimində insanlar diqqətli olmalıdır. Burada milli, ideoloji kriteriyalar var. Bunları düşünmək lazımdır ki, uşaq gələcəkdə öz adından razı qalsın. Hər bir milləti adı ilə tanıyırıq. Xüsusilə də adından, soyadından, onun təqdimatından bilirik ki, bu azərbaycanlıdır və yaxud da digər xarici vətəndaşdır, başqa millətə mənsub bir insandır. İslam dininə görə, Allah rəsulu övladlarla bağlı ən ciddi məsələlərdən ilk olaraq onlara düzgün ad seçmək olduğunu bildirmiş, bununla bağlı tövsiyələr, nəsihətlər etmişdir.

Ad mövzusu barədə çox danışmaq olar. Allahın özünün də 99 adı var. Qaldı ki, nənənin, babanın, dünyasını dəyişmiş insanların adını yaşatmaq, bununla bağlı heç bir qadağa yoxdur, əksinə bu bur sevgidir, duyğudur, qayğıdır. Ruhlara da xoş gedən çox gözəl bir xüsusiyyətdir. Qaldı ki, hansısa psixoloqun “adlarda karma var, başa nəsə var” deməsini bu mövzu ilə heç uyğunlaşdırmazdım. Mən bunu əsassız bir yanaşma hesab edirəm. Adın nə əhəmiyyəti var ki? Tutaq ki, hər hansı bir adı yeni doğulmuş körpəyə qoyaq və bunu test edək. Görərik ki, həmin psixoloqun dediyi versiya ilə irəli sürdüyü fikir, nəzəriyyə, yanaşma təbii ki, özünü doğrultmur. Yəni “nənənin, babanın həyatında nə baş veribsə, adını daşıyan nəvədə də özünü göstərəcək” fikrini düzgün hesab eləmirəm.

İlahiyyatçı uşaqlara verilən bəzi adlara da irad bildirdi:

“Elə insanlar ki, rəsmidə bir addır, deyilən ad başqa olur. Bunlara da iradım var. Mən təklif edərdim ki, valideynlər övladlarına çox özəl adlar seçsinlər, hərə bir ad seçməsin.

Gələcəkdə bu ad hər kəsə xoş olsun. Biz hər cürə adlara rast gəlirik. Uşağa elə ad qoyurlar ki, böyüyəndə bu ada qarışı kompleks yaranır və gedir adını dəyişir”.

Yuxarıdakı suallara aydınlıq gətirən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqlara ad qoyulan zaman onun mənasına diqqət etmək lazım olduğunu bildirdi:

“İnsan düşüncəsi sərhədsizdir. Düşüncənin sərhədi isə bilik və təcrübə ilə tənzimlənir. Uşaqlara nənə və baba adları qoymaq ona əlavə məsuliyyət verməkdir. Bu, gələcəkdə onun başqaları ilə münasibətinə təsir edəcəkdir. Çünki o, başqası kimi böyüdülüb, ona ailədə nənə və ya baba kimi yanaşılıb.

İnsanın adının onun taleyinə təsir etməsinin elmi əsası yoxdur, amma ədəbi meyardır. Ədəbiyyatda və digər yaradıcı sahələrdə obrazların xarakterləri ifadə olunanda adı da xarakterinə uyğun müəyyən edilir. Bütün ideoloji baxışlarda bu aspekt mövcuddur və müxtəlif tarixi hadisələrə bağlıdır. Elmi əsası olmayan düşüncələrdən danışmaq və insanlara istiqamət vermək xurafatdır.

Psixologiya elmdir. Psixologiya sahəsində istifadə olunan metodlar da elmidir. İnsanlar bəzən eşitmək istədiklərini eşitmək üçün elmi əsası olmayan “karma” və ya bu kimi anlayışlara sığınırlar. İnsanlar hər zaman mənəvi rahatlıq axtarırlar. Həqiqəti qulaqları ilə görürlər. Yəni tərsinə olan anlayışlar insanlara maraqlıdır. Mifologiya kimi sahələr tarix boyu saraylarda xüsusi idi. İnsanlar hər zaman mistikaya inanmaq istəyirlər. Sorğu-sualsız olan fikirlər insanın rahatlığını pozmur. Ona görə də reallıq olmayan düşüncələr insanları özünə cəlb edə bilir.

Uşaqlara ad qoyulan zaman onun mənasına diqqət etmək lazımdır. Ona görə yox ki, ad insanın taleyinə təsir edir, ona görə ki, ad insanın taleyini təsvir edir. Uşaqları şəxsiyyət kimi yetişdirmək üçün valideynlər şəxsi niyyətlərini ortaya qoymamalıdırlar. Uşaqları valideynlər öz dövrlərinə uyğun yox, gələcək üçün, yəni onların dövrlərinə uyğun hazırlamalıdırlar”.

 

Gülnar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir