qumru eyvazova

Nənə və baba nəvəni övladlığa götürə bilərmi? – “VƏKİL BÜROSU”

Baxış sayı: 2. 427

Bir çox insanların anlayışında “övladlığa götürmək” yetim uşağı uşaq evindən götürmək deməkdir. Lakin hüquqi baxımdan hər şey o qədər də asan deyil. Bu gün Azərbaycanda uşaqların ailəyə verilməsi qaydası mövcuddur və bu qayda qanunla tənzimlənir.

Övladlığa götürmə – uşağın ailəyə verilməsinin prioritet formasıdır ki, bu zaman uşaqla onun bioloji atası və anası olmayan şəxs və ya şəxslər (ər-arvad) arasında qohumluq əlaqələri qanuni şəkildə təsdiqlənir. Övladlığa götürülmüş uşağın bütün hüquq və vəzifələri bioloji uşaqların hüquq və vəzifələri ilə bərabərdir.

Çox ailələr var ki, uşağın öz doğma ata və anası olduğu halda, uşağın nənəsi və babası öz nəvəsini çox istəməsi, nəvəsinə öz adının qoyması, uşaq doğulandan sonra onun yanında qalaraq ona baxması səbəbindən onu övladlığa götürmək niyyətində olurlar və buna görə də müvafiq qurumlara müraciət edərək uşağı “öz adlarına keçirtmək”, yəni rəsmi olaraq övladlığa götürmək istəyirlər. Lakin məhkəmə bu tip işlərə baxanda, nənə və babanın nəvəsinin övladlığa götürməsinin məqsədini tam olaraq bilməli və işi dərin araşdırdıqdan sonra qərar qəbul etməlidir.

nene

Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən aşağıdakı qanunverici aktlara nəzər salır:

  • Ailə Məcəlləsinin 117.1, 118.1, 118.4, 118.9,118,13-ci maddələri;
  • “Uşaq hüquqları” haqqında 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 32-ci maddəsi;
  • Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 29 oktyabr2009-cu il tarixli, 01/2009 nömrəli qərarının 24-cü bəndi;
  • BMT-nin “Uşaq hüquqları haqqında 20 noyabr 1989-cu il tarixli Konvensiyası;
  • “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” 29 may 1993-cü il tarixli Konvensiyasına.

nene-baba

Adları çəkilən qanunvericilik aktları onu göstərir ki, övladlığa götürmə sadə bir prosedurdan ibarət olan institut olmayıb, uşaq hüquqlarının həyata keçirilməsi çərçivəsində onların düzgün tərbiyə olunmasına, yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasına, uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlmişdir. Belə ki, uşağın övladlığa götürülməsi formal xarakter daşımamalı, burada əsas məqsəd uşağın normal inkişafının və tərbiyəsinin təmin olunmasından ibarət olmalıdır. Övladlığa götürən məhz övladlığa götürmək istədiyi uşaq barəsində onun valideyni kimi qayğısına qalması, tərbiyə olunması,təhsil alması, onun zəruri maddi və mənəvi ehtiyaclarının ödənilməsi, bir sözlə, şəxsiyyət kimi formalaşmasına zəruri şərait yaratmalı və bütün bu tələbləri təmin etməlidir. Başqa sözlə, övladlığa götürən uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Həmçinin, uşağın mənfəət əldə etmək məqsədilə övladlığa götürülməsinin qanunvericiliklə qadağan olunması imperativ norma şəklində nəzərdə tutulmuşdur.

Məhkəmə hər bir ərizəni araşdırarkən müəyyən etsə ki, məsələn, ərizəçinin öz nəvəsini övladlığa götürməkdə əsas məqsədi oğlunun gələcəkdə ailə həyatı qurmasına kömək etməkdən ibarətdirsə, və yaxud onu sadəcə çox istəyir və öz adını qoyub və istəyir ki onunla birgə yaşasın, bu kimi səbəblər məhkəmə tərəfindən tutarlı səbəb kimi qəbul edilmir və belə iddialar rədd edilir. Yəni, məhkəmə hesab edir ki, ərizəçinin öz nəvəsini övladlığa götürməklə bağlı olan məqsədi övladlığa götürmə institunun mahiyyətinə tamamilə zidd olmaqla, formal xarakter daşıyır. Belə ki, ərizəçi qeyd edilən məqsədə nəvəsini övladlığa götürmədən də nail ola bilər, yəni ərizəçinin nəvəsini övladlığa götürməkdə əsl niyyəti heç də uşaq barəsində bir valideyn kimi onun normal inkişafının və tərbiyəsinin təmin olunmasına yönəlməmişdir. Bu halda, məhkəmə qeydolunan halları əsas götürərək, hesab edicək ki, ərizə əsassız olmaqla, təmin edilməməlidir.

AR Ali Məhkəməsi Plenumunun 29.10.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır.

Hər bir halda, nənə və baba bu cür uzun və çətin proseduru başlamamışdan öncə qanunvericiliyin tələblərini öyrənməli və onları hansı maneələrin gözlədiyini bilməlidirlər. Çünki bu halda, vətəndaş və məhkəmə arasında anlaşılmazlıqlar aradan qaldırılacaq və məhkəmənin iş yükünün azalmasına səbəb olacaq.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir