nermine abbasova

Nərminə Abbasova: “Əgər davamlı qzdırma 39-u keçərsə və dərmanla düşməzsə…”

Baxış sayı: 314

Uşaqlara sistem köçürüləndən sonra vəziyyətinin ağırlaşması, hətta ölümlə nəticələnməsi halları ilə qarşılaşmışıq. Bəlkə də bu səbəbdəndir ki, son günlər uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunan xəstəliyin yayılması valideynlərin narahatlığına səbəb olub. Eyni zamanda, influenza ilə əlaqədar sistem köçürülən şəxslərin şoka düşməsi, böyüklər arasında da yüksək qızdırma nəticəsində ölüm hallarının olması barədə məlumatlar yayılır.

Mövzu ilə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirdi ki, yüksək qızdırmadan və sistemdən sonra şoka düşmək qorxusu ilə “qızdırmalı şəxsə sistem köçürmək olarmı” sualına cavab axtaran insanları başa düşmək olar, çünkü onlar demək olar ki, hər gün qızdırma ilə bağlı yaxşı olmayan xəbərlər eşidirlər.

Ailə həkimi deyir ki, ümumiyyətlə, “qızdırmalı uşağa, yaxud böyük adama sistem köçürmək olmaz” deyə bir qayda yoxdur:

 

 

“Təbii ki, sistemi köçürəndə onun temperaturuna və digər sual yaradan ehtimallara baxmaq lazımdır. Qeyd edim ki, sistem normal otaq temperaturunda olmalıdır. Bəzən sistem soyuq şəkildə köçürülə bilər, amma çox isti halda da olmaz. Digər tərəfdən, qızdırmaya nəyin səbəb olduğuna da baxmaq lazımdır. Misal üçün qripdirsə, xüsusi sistemlər deyilsə, problem yoxdur. Uzun müddət yüksək temperaturu olan xəstə çoxlu maye itirir və bu, ağırlaşmalara səbəb olur. Sistem də itirilən mayeni bərpa etmək üçün köçürülür”.

Qızdırmalı xəstələrin hansı halda sistemdən sonra şoka düşməsindən də bəhs edən Nərminə xanım bildirdi ki, əgər xəstənin dərmanın tərkibində olan maddələrdən hər hansı birinə qarşı həssaslığı, yəni allergiyası varsa, bu zaman ona sistem şəklində köçürüləndə o, allergiya verir:

“Bu allergiya bəzən kəskin, yəni sürətli olur və şoka düşmələr, yəni “allergik şok” baş verir. Belə olan halda xəstəyə təcili yardım göstərilməli, ona şok əleyhinə dərmanlar verilməli, iynə vurulmalıdır. Ümumiyyətlə isə sistem ev şəraitində köçürülməməlidir. Bu ona görə lazımdır ki, xəstə həm həkim və tibb bacılarının nəzarəti altında olsun, həm də lazım gələrsə anındaca şok əleyhinə dərman verilsin. Əslində qızdırma orqanizmin reaksiyasıdır və hər orqanizm onu müxtəlif şəkildə göstərir. Misal üçün, influenzaya yoluxan iki şəxsdən birində qızdırma 38, digərində 39.5-40 ola bilər. Bu o demək deyil ki, qızdırma yüksək olanda xəstəlik ağır keçir. Temperaturu hər daim salmağa ehtiyac yoxdur və düzgün deyil. Çünki qızdırma olanda həm orqanizmin immun sistemi aktivləşir, həm də virusların inkişafı zəifləyir. Buna görə əgər bədən temperaturu 38-ə qədərdirsə, onu salmağa ehtiyac yoxdur, amma 38-i keçir və xəstə özünü narahat, halsız hiss edirsə, qızdırmasalan dərmanlardan istifadə etmək olar”.

Həkim deyir ki, əgər davamlı qzdırma 39-u keçərsə və dərmanla düşməzsə, “smes”dən, yəni analgin, dimedrol, novokain qarışımından istifadə etmək olar. Onun sözlərinə görə, normal orqanizmdə yüksək temperatur heç bir fəsada səbəb olmur.

Qızdırmanın ölümlə nəticələnməsinə gəlincə, ailə həkimi bildirdi ki, qızdırma patoloji olmadıqca heç bir problem yaranmır və ölümlə nəticələnmir:

 

 

“Bəzi uşaqlarda qızdırma yüksələndə qıcolmalar müşahidə edilə bilir. Amma bu da ölümcül deyil. Qıcolma tutan şəxsin boğazına bir şey getməsə, onu düzgün tutmağı bilsək, boğulma olmasa, ölməz. Bəzi hallarda susuzlaşma uzunmüddətli qızdırmadan sonra fəsad törədə bilər. Çox yüksələn patoloji qızdırmalar isə “hipertermiya” adlanır və bu, nadir hallarda baş verir. Bu zaman beyindəki zülalların quruluşunun pozulması ölümcül ola bilir. Belə vəziyyət daha çox adi qripdə yox, günvurmalarda və qızdırmalı şəxsin isti şəraitdə saxlanması zamanı müşahidə oluna bilər. Məsələn, uşağın, yaxud böyüyün qızdırması varsa, onu yüngül geyindirməli, paltarını çıxarmalı, ev sərin edilməlidir. Amma bəzən valideynlər bilmədən üşüməsin deyə qızdırmalı adamın üstünü örtür, evi isti saxlayırlar. Bunu etsək, onun temperaturu daha da arta bilər. Sadaladığım elementar tibbi qaydalara riayət etsək, qızdırma ilə bağlı ciddi bir problem olmayacaq”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir