“Əlimizdəki ilk 4 barmağın hissiyyaını və gücünü təmin edən, “Median Sinir” adlandırdığımız sinirin bilək kanalında sıxılması nəticəsində “karpal tunel sindromu” yaranır”.
Bunu oxucularımızı “median sinir”lə bağlı məlumatlandıran Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirib.
Ailə həkimimizin sözlərinə görə, Azərbaycanda da çox rast gəlinən bu sindromun əməliyyatsız müalicə imkanları var. Onun sözlərinə görə, bunun üçün elektromiqorafiya olunur, bəzi testlər aparılır, diaqnoz təsdiqləndikdən sonra ağrı mütəxəssisi tərəfindən xüsusi inyeksiyalar vurulur:
“Karpal tunel sindromu median sinirin eyniadlı kanalda sıxışması nəticəsində yaranan bir patalogiyadır. Əvvəlcə karpal tunelin anatomiyası ilə tanış olaq. Bu tunel və ya kanal çiyin qurşağının altından qollar boyunca biləyə doğru uzanan bir çuxurdur ki, bu kanalın da tərkibini median sinir və 9 flexor əzələ vətərləri təşkil etməkdədir. Median sinir kanalın yuxarı hissəsində biləyin köndələn bağının altından keçir. O, baş barmaq, göstərici, orta barmağın tam, 4-cü barmağın içəri hissəsinin bayır yarısının innervasiyasını təmin edir. Median sinirdən baş barmaq əzələlərini innervasiya edən sinir şaxələri xaric olur ki, bu şaxələr də baş barmağın hərəkət və hissi funksiyasını eləcə də onun digər barmaqlara toxunmasını təmin edir. Bizim barmaqlarla etdiyimiz incə hərəkətlər məhz onun sayəsində baş verir”.
Karpal tunel sindromunun necə yaranmasına gəlincə, Nərminə xanım qeyd etdi ki, kanalın daralmasını kanal daxilində təzyiqin artmasına səbəb olan istənilən amil yarada bilər. Məsələn, şəkərli diabet zamanı yaranan neyropatiyalar fonunda; Hipotireozlarda; Artritlər; Sinovial qatın iltihabi, zədələnməsi zamanı; Hamiləlik zamanı yaranan ödemlərdə; Piylənmələrdə; Əl-bilək yaralanmaları zamanı, bilək sınığında qırıntının kanala daxil olması, əzələ vətərlərinin anormal vəziyyət alması nəticəsində və sair.
Terapevt eyni zamanda 40-60 yaş arası qadınların yüksək risk qrupuna daxil olduğunu vurğuladı. Onun sözlərinə görə, daha sonra işlə bağlı saatlarla bilgisayar arxasında klaviatura ilə çalışanlar, avtomobil sürənlər, tennis oynayanlar və sair əl biləyini təkrar hərəkətlərlə işlədənlər arasında da bu sindroma rast gəlinir:
“Bütün bunların nəticəsində kanal ətrafında yaranan ödem və şişkinlik kanalın daralmasına, onun daxilində təzyiqin artmasına səbəb olur. Nəticədə kanal genişlənə bilmir, sinir sıxılır və sinirin xarici qabıq qatında qan axını zəifləyir və işemiya yaranır. Proses davam edərsə, işemiya daxili qata keçir. Zədələnmiş sinir hüceyrəsinin yerində fibroblast deyilən birləşdirici toxuma hüceyrələri əmələ gəlir. Bu da özünü ağrı və uyuşma ilə göstərir. Əgər maneə aradan qalxarsa və kanal daxilində təzyiq bərpa olunarsa, sinirin sıxılması da aradan qalxar və nəticədə şikayətlər də olmaz”.
Nərminə xanım karpal tunel sindromunun əlamətlərinə də diqqət çəkdi. Bildirdi ki, şikayətlərdən başlanğıc hallarda həmin əldə gücsüzlük, tez yorulma, əsasən ilk 3 barmaqda qarışqa gəzmə hissiyatı, ağrı və uyuşmanın olması, hətta bu hissiyyatların qollara da yayılması aid oluna bilər. Daha sonralar xəstələri narahat edən amillərdən biri də gecələri xəstəni yuxudan oyandıracaq qədər şiddətli ağrı və keyləşmədir, hansı ki, bu zaman xəstə əllərini sallamağa başlayır və əllərini hərəkət etdirdiyində ağrı azalır və uyuşma keçir:
“İrəliləmiş hallarda baş barmağın hərəkətləri zəifləyir və onun digər barmaqlara toxunmasında çətinliklər yaranır. Gecikmiş hallarda barmaqlarda hissiyatın azalması ilə ağrı da azaldığından xəstə əlini yandıra və ya kəsə də bilər”.
Bu sindroma məruz qalan hər kəsi təbii olaraq diaqnostikanın necə həyata keçirilməsi də maraqlandırır. Həkim qısaca onu qeyd etdi ki, karpal tunel sindromunun diaqnozu əsasən ilk növbədə xəstənin şikayətlərinə, daha sonra xəstəliyin klinikasına görə baxış zamanı dinanometr vasitəsilə əldə olan gücsüzlüyə və Elektroneyromioqrafiya etməklə sinir içərisində zəifləmiş elektrik siqnallarına əsasən qoyulur:
“Xəstə əsasən kiçik barmaqdan başqa digər barmaqlarda olan uyuşma, ağrı və hərəkət çətinliyindən şikayətlənir. Karpal tunel sindromunun müalicəsinə gəlincə, müasir müalicə tibbin və cərrahiyyənin sürətli inkişafı sayəsində xəstələrin daha tez sağalmasına kömək edir.
Oxucularımıza Medikamentoz müalicəsi haqqında bəhs etmək istəyirəm. Medikamentoz müalicə – iltihab əleyhinə ödemi aradan qaldırmaqla kanal daxilində təzyiqin azalmasına kömək edən preparatlar effekti qısa çəkir. Daha sonra yüksək dozada verilən B6 nəticədə qismən yaxşılaşma olur. Hal-hazırda daha çox steroid inyeksiyasından istifadə olunur ki, bununla da daha yüksək effekt alınır. Bu zaman steroid kanal daxilinə inyeksiya edilir, nəticədə ödem aradan qalxır, sinir keçiriciliyi bərpa olunur. 1-2 həftə ərzində effekt yaranır, lazım olarsa prosedur yenidən təkrarlanır. Steroid inyeksiyası həm də diaqnozu düzgün qoymağa imkan verir ki, əgər inyeksiyadan sonra yüngülləşmə yaranmazsa, bu zaman başqa bir xəstəlikdən şübhələnmək olar”.
Həkim bildirdi ki, cərrahi yolla – birinci metod açıq üsulla yerli anestetiklə keyləşdirilir və kəsik aparılaraq karpal kanala baxılır və neyrolizis vurularaq sinir keçiriciliyi bərpa olunur. İkinci metod isə endoskopik yolla icra edilir. Eyni zamanda, Fizioterapiya – elektroforez, fonoforez, parafin, maqnit lazer, masaj və sair yollardan istifadə olunur.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)