“Qarında ağrı çox təsadüf olunan bir haldır. Adətən, bu ağrı uzun müddət davam etmir və çox zaman bağırsaq infeksiyası, ya da adi xırda narahatlıq səbəbindən əmələ gəlir. Lakin ağrıların bir çox digər mümkün səbəbləri ola bilər. Kəskin və uzun müddət keçməyən ağrılar zamanı həkimə müraciət etmək vacibdir”.
Bu sözləri mövzu ilə bağlı söhbətimizdə oxucularımızı məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova dedi. Həkim qarın ağrısının ən çox təsadüf olunan səbəblərindən də bəhs etdi. Bədənin qabırğa qövsü ilə çanaq arasındakı hissəsindəki ağrının qarın nahiyəsindəki ağrı adlandırıldığını vurğulayan Nərminə xanım bildirdi ki, adətən, bu nahiyədə hiss etdiyiniz ağrı mədə-bağırsaq traktındakı, yəni həzm sistemindəki problemlərlə bağlı olur:
“Bəzən də qarında ağrı digər orqanlarda yaranan problemlər səbəbindən meydana çıxa bilər. Çox kəskin xəncərvari, sancışəkilli və ya yayılmış küt ağrılar ola bilər. Sancı vaxtaşırı kəskinləşir, sonra keçib gedir. Bu, davamlı surətdə baş verə bilər. Pasiyenti maraqlandıran sual bu olur ki, həzm traktındakı ağrılar nə səbəbdən ola bilər? Deyim ki, bu siyahı ağrının bütün səbəblərini əhatə etmir. Lakin ağrının bəzi mühüm, çox təsadüf olunan səbəbləri var. Məsələn, həzmin pozulması, köp, qəbzlik, qıcıqlanmış bağırsaq sindromu, apendisit, böyrək daşı, sidik yollarının iltihabı, çanaq orqanlarının iltihabi xəstəlikləri, öd daşı, aybaşı ağrıları, qida zəhərlənmələri, mədə və onikibarmaq bağırsağın xoraları, kron xəstəliyi, qastrit.
Qeyd edim ki, həzmin pozulması insanlar tərəfindən müxtəlif cür qəbul olunur. Narahatlıq qarının yuxarı hissəsində və ya döş sümüyünün arxasında hiss oluna bilər. Bu ağrılar müəyyən qidaların qəbulundan sonra, qidanın miqdarı çox, ya da yağlı olduğundan meydana çıxa bilər. Bu zaman çoxsaylı gəyirmə və ağızda xoşagəlməz acı dad hiss oluna bilər. Bu, adətən, bir neçə saat davam edə bilər”.
Terapevtin sözlərinə görə, bəzən həzm pozulmasını stenokardiyadan, ya da infarktdan fərqləndirmək çox çətin olur:
“Çənəyə, çiyinə, sol qolun aşağısına yayılan ağrılar varsa, bu, stenokardiyanın əlaməti ola bilər. Ağrının tez keçməsinə baxmayaraq, bu vəziyyəti mütləq həkimlə bölüşmək lazımdır. Ağrı davam edərsə, təcili tibbi yardım xidmətinə müraciət edilməlidir.
Yeməkdən sonra qarında əmələ gələn yayılmış spastik ağrıların səbəbi isə köp ola bilər. Qarın nahiyəsində gərginlik, şişkinlik hissi əmələ gəlir. Qazlardan azad olmaqla və ya ayaqyoluna getdikdən sonra rahatlıq hissi yaranır. Bu şikayət aradan qalxmırsa, həkim ağrını azaltmaq üçün bəzi dərman vasitələri tövsiyə edə bilər.
Qəbizlik də çox rast gəlinən bir haldır. Bəzən qarının aşağısında spastik ağrılar müşahidə olunur”.
Qıcıqlanmış Bağırsaq Sindromundan da danışan həkim bildirdi ki, bu, geniş yayılmış mədə-bağırsaq patologiyasıdır. Həkimin sözlərinə görə, qızıqlanmış bağırsaq sindromunun səbəbi tam bəlli deyil:
“Simptomlar olduqca dəyişkən olur. Əsasən qarın nahiyəsində xronik ağrı ilə xarakterizə olunaraq, bağırsaq fəaliyyətinin pozulması, yəni köp, ishal və ya qəbizlik ilə özünü göstərir. Əlamətlər təkrarlanmağa meyllidir. Qıcıqlanmış bağırsaq sindromunu tamamilə müalicə etmək mümkün olmasa da, aparılan müalicə tədbirləri əlamətlərin şiddətini azaltmağa kömək edir”.
Apendisitə gəlincə, həkim bildirdi ki, Apendisit çox təsadüf olunan haldır. Əsas əlamətlərinə 6-24 saat ərzində getdikcə artan və ağırlaşan qarın ağrıları və qusma daxildir. Əvvəlcə ağrı qarının mərkəzindən başlayır və tədricən sağ qalça nahiyəsinə yığılır. Bəzi insanlarda əsas əlamətlər daha az olur.
“Gələk böyrək daşına. Beldən başlayaraq qarına, sonra da qasığa yayılan ağrı böyrək daşı sancısı ola bilər. Ağrılar çox kəskin və tutma xarakterlidir. Bu, böyrək sancısı adlanır. Ağrı daş düşdükdən sonra sakitləşir. Bəzən daş düşə bilmir və xəstəxanada xırdalanması tələb olunur. Sidikdə qan da görünə bilər.
Sidik yollarının iltihabı isə qadınlarda qarın boyu yayılan ağrıların əsas səbəblərindən biridir. Kişilərdə nisbətən az rast gəlinir. Ağrı ilə bərabər halsızlıq və tərləmə də hiss edilə bilər. Sidik ifrazı zamanı iti, kəsici ağrılar və sidikdə qan da ola bilər.
Çanaq orqanlarının iltihabi xəstəliklərinə gəlincə, bu xəstəliklərə uşaqlıq və uşaqlıq artımlarının iltihabı aiddir. Qarının aşağı hissəsində, yəni çanaqda ağrılarla müşayiət olunur. Zəif ağrılarla başlayaraq getdikcə güclənir. Cinsi əlaqə ağrılı olur. Qadınlarda həmçinin uşaqlıq yolunda ifrazat ola bilər”.
Nərminə xanım deyir ki, bir çox insanların özlərində öd daşlarının olduğundan belə xəbərləri olmur. Qarının sağ yuxarı nahiyəsində şiddətli ağrılarla başlayan hal – öd sancıları adlanır:
“Adətən, ağrı sağ ələ və qabırğadan aşağıya yayılır. Daş öd yollarına keçdikcə ağrı azalır və ya keçir, yaxud da geri – öd kisəsinə düşə bilər. Öd sancıları bir neçə dəqiqə çəkə bilər, ancaq çox zaman saatlarla davam edir. Kəskin ağrı həyatınızda bir dəfə müşahidə olunar və ya vaxtaşırı təkrarlana bilər. Bəzən küt göynədici ağrılar yağlı qida qəbulundan sonra, yəni öd kisəsinin maksimal yığıldığı zaman müşahidə olunur.
Qarında ağrıların bir səbəbi də qida zəhərlənmələrindən ola bilər. Qida zəhərlənmələri dedikdə, biz adi qastroenterit və bağırsaq infeksiyaları haqqında düşünürük. Bunlar çox zaman qusma ilə müşayiət olunan və yaxud da olunmayan ishalla özünü göstərir. Adətən, tutma şəkilli qarın ağrıları baş verir. Ağrılar vaxtaşırı ishal olduqca azalır.
Mədə və onikibarmaq bağırsağın xoralarında isə ağrıları tutmaşəkilli olur. Ağrılar bağırsaqların yuxarı şöbələrindən başlayır və tədricən bel nahiyəsinə yayılır. Ağrı gecə başlayır və xəstəni yuxudan oyadır. Qida qəbulu bəzi xoralarda ağrıların kəskinləşməsinə, digərlərində isə sakitləşməsinə səbəb olur”.
Kron və qastrit xəstəliklərindən də bəhs edən Nərminə xanım vurğuladı ki, Kron xəstəliyi bağırsaqlarda xoraların əmələ gəlməsinə səbəb olan xəstəlikdir. Xəstəliyin vaxtaşırı kəskinləşdiyini qeyd edən terapevt bildirdi ki, əlamətlər bağırsağın zədələnmə şöbəsindən və xəstəliyin kəskinləşmə dərəcəsindən asılı olaraq dəyişir:
“Əsas əlamətlər qanlı ishal, qarın nahiyəsində ağrı, ümumi halsızlıqdır. Qastrit, yəni mədə divarının daxili qatının iltihabı isə qarının yuxarı şöbələrində ağrı ilə müşayiət olunur. Ağrı mədədə yanma hissi kimi təsvir edilir. Digər simptomlardan ürəkbulanma, qusma və qida qəbulundan sonra mədənin dolma hissi kimi hallar da müşahidə olunur”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)